Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:22

Seymur Baycan. 40 qəpik - 2


Ötən həftə yaxın dostlardan biri ilə mübahisə etdim. Qəzet mövzusunda. Xaricdə təhsil alıb.

Münasibətimiz əladır.

Ölkədə dəyişiklik istəyən adamlardan biridir. Adam deyir ki, sən qəzet almağı təbliğ edirsən, amma qəzetlər maraqsızdır.

Hətta Vaqif Mustafayevin "Fransız" filmindən bir epizodla paralel də apardı:

"Millətimə qurban olum, amma millət də millət olmalıdır".

Bu dost məni bərk əsəbləşdirdi. Nədən ki, bu mövzuda iki böyük yazı yazmışam. Biri "Reytinq", biri də "Azadlıq" qəzetində dərc olunub. "40 qəpik" və "Səviyyəsizlərin səviyyə söhbəti" adlı yazıları nəzərdə tuturam.

Belə münasibətlə tez-tez rastlaşıram. Hardan başlayaq, kimdən başlayaq, nədən başlayaq?

Min dəfə adamları başa salmışıq hansı şərtlər altında yaşadığımızı.

Hansı şərtlər altında işlədiyimizi. Hətta bir ağıllı demişdi ki, qəzet reklamla yaşamalıdır.

Bilmirdik, çox sağ ol. Hansı ölkədə yaşayır bu cənab?!

Kimdir reklam verən? Bunlar ya bizi dolayırlar, ya da ənənəvi söhbət, 40 qəpik verib qəzet almamaq üçün min bir bəhanə uydururlar.

Toya gülə-gülə 100 manat pul yazdıran adamlar qəzetdən elə yüksək səviyyə tələb edirlər ki, onlar bu tələbi başqa sahələrdə tamam unudurlar.

Hər şeyə pul tapırlar, hər şeyə.

Toya, müğənnilərə, SMS göndərməyə, gəzməyə, bayramlara.

Söhbət qəzetə çatanda yüksək tələblər ortaya qoyulur. Guya qəzetlər bunların səviyyəsinə uyğun deyil.

Bəs, nədir sizin səviyyənizə uyğun olan?

Adam xahiş edir ki, uşağının ad gününü təbrik edəsən. Etdin.

Sonra da deyir ki, o qəzetdən beş-altısını vur qoltuğuna gətir filan yerə.

Deyirsən ki, qardaş, köşklərdə var. Deyir, yox, özün gətir, mənim köşkdən başım çıxmır.

Şikayət məktubu dərc edirsən. Adam gəlir redaksiyadan qəzet götürməyə.

Halbuki yola da pul xərcləyir. Hələ vaxt da itirir. Nə bilim, bu əcaib bir sirdir.

Qəzetə qarşı Azərbaycan insanında bu qədər rişxənd, bu qədər həqarət, bu qədər inamsızlığın mənbəyini tapmaq lazımdır.

Bununla sosioloqlar, psixoloqlar, tarixçilər məşğul olmalıdır.

Bizim adamlar qəzetə qarşı çox qəddar münasibət nümayiş etdirirlər.

Bu qədər danlaqdan sonra üzə düşüb qəzet alanlar deyir ki, qəzet başqa cür olmalıdır. Necə? Cavab yoxdu.

Qəzet bir mədəniyyətdi. Vərəqlədin, bir yazarın yazısını oxudun, səhifələrə göz atdın, vəssalam.

Bu, səhər kofe içmək, duş qəbul etmək, səhər acqarnına alma yemək kimi bir şeydir.

Amma bizim adamlar istəyirlər ki, qəzetin hər sayında Kommunist Partiyasının manifesti dərc olunsun. Nə bilim, qəzet hər sayında bir elmi kəşfdən yazsın.

Belə ağır mövzularda yazılar oxumaq istəyən gedib elmi jurnallar ala bilər. Onu da almırlar. Bəhanədir hamısı.

Mən tam qəti bu qərara gəlmişəm. Azərbaycan insanının qəzetə qarşı ciddi nifrəti var. Adamlar 40 qəpik verib qəzet almağı özlərinə ar bilirlər. Azərbaycanın ən varlı adamlarından biri səhər köşkdən götürdüyü qəzetləri axşam köşkə qaytarır.

Dəhşətdir. Adamın bir neçə rayonu var. Heç olmasa bir-iki qəzetin pulunu vermir. Bu, biabırçılıqdır. Başqasından eşitsəydim, inanmazdım. Bu qədər də cılızlıq olmaz. Köşkdə satıcı işləyən adam özü mənə danışıb. Oniki ildir həmin satıcını tanıyıram.

Yaxın münasibətimiz var. Təsəvvür edirsinizmi, əlində bir neçə rayonu olan adam - Azərbaycanın ən varlı adamı köşkdən səhər götürdüyü qəzetləri axşam köşkə qaytarır.

Bu, qanqaraldan mövzudur. Çalışacam, bundan sonra bu mövzunu özümə qadağan edim. Sadəcə, neçə gündür, bu haqda düşünürəm.

Bizim necə yaşadığımızı bilənlər belə bizi başa düşmürlər. O birilərini necə başa salasan. Daha mənim sözüm yoxdu. Heç kimə heç nə başa salmaq olmur.

Başa düşənlər də guya başa düşmək istəmirlər. Bəhanələr uydururlar. Halbuki səmimi olaraq deyə bilərlər ki, bəli, biz qəzetə 40 qəpik verəndə əzab çəkirik.

Guya mentaliteti bəyənməyənlər toya gülə-gülə 100 manat yazdırırlar, amma 40 qəpiyi xərcləmək faciədir onlar üçün. Belə axmaq bir vəziyyət.

40 qəpik bir "Dirol" saqqızının qiymətidir.

Qəzetin hər nömrəsində Kommunist Partiyasının manifestini oxumaq istəyənlər, məntiqlə belə çıxır ki, "Dirol" saqqızı çeynəyib sonra çeynənmiş saqqızı yadigar saxlamalıdırlar.

Yaxud çeynənmiş saqqızı şkafın, nə bilim, masanın üstünə düzməlidirlər.

Yaxşı, qəzet alıb qəzeti bəyənməyənləri başa düşdük. Qəzet almaq istəyib guya səviyyəsinə uyğun qəzet tapmayanları da başa düşmək olar hardasa.

Elə admlar var ki, başqalarının qəzet oxuması onları əsəbləşdirir. Ќeçən dəfə metroda, avtobusda eşitmişəm.

Qəzeti açıram oxumağa. Adam həyasızcasına qəzetə tərəf boylanır. Sonra da deyir ki, qəzet oxuma, hamısı yalandır. Tfu, lənət şeytana! Sənə bunun istisi-soyuğu nədir? Rədd ol get, işinlə məşğul ol. Guya bunun cibindən oğurladığım pulla qəzet almışam.

Çox həyasız, əxlaqsız adamlar var dünyada. Daha bilmirəm nə yazım. Azərbaycan insanının qəzetə qarşı bu cür amansız münasibətinin mənbəyini, kökünü araşdırmaq lazımdı.

Axı, Zərdabi qəzetin adını "Əkinçi" qoymuşdu. Bu, o qədər də yad söz deyil. Elə bil qəzet bizim camaatın rahat həyatın pozubdur.

Ya da bizim adamların qəzetlə bağlı dəhşətli travması var. Adamlar elə bil qəzet görəndə o travmanı yada salırlar və halları pisləşir. Ağlıma daha bundan başqa bir fikir gəlmir.

Elə bil bizim adamların başına qəzetin üstündə çox pis bir iş gəlibdir, onlar qəzet görəndə vəziyyətləri ağırlaşır.

1 May


Qəzet məsələsini bitirək. Yazının bu hissəsi 1 May bayramını görənlər, paradda iştirak edənlər üçündür. Bir az gənc nəsil bu söhbəti başa düşməz.

Bildiyiniz kimi, 1 May ərəfəsində bizlərə təzə paltar alırdılar. Mən bayram günü görməmişcəsinə səhər saat altıda təzə paltarlarımı geyinib özümə baxırdım.

Deyəsən, dördüncü sinifdə oxuyurdum. Atam dedi ki, hara gedirsənb səhər obaşdan?

Dedim, parada. Dedi, get yat, Əhmədzadə hələ yuxudan oyanmayıb. Əhmədzadə o vaxt bizim rayonun birinci katibi idi. Və rayonlarda o vaxtlar paradı birinci katiblər qəbul edirdi.

Sovet imperiyası dağılıb, 1 May paradı yoxdur, mənim 34 yaşım var, Əhmədzadə isə... O, indi də rəhbər vəzifədədir. "Meolarasiya və su təsərrüfatı" ASC-nin rəhbəridir.

Yəni su həyat mənbəyi olaraq qalmaqdadır.

MİA
XS
SM
MD
LG