Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:41

Mustafa, biz buralarda niyə yoxuq?


Azadlıq Radiosunun Türkiyə təmsilçisi


Futbolla başlayıb futbolla bitirəcəyik


Türkiyənin ən böyük yarmarka mərkəzinin nəzarət nöqtəsini mətbuat vəsiqəmizin sayəsində pulsuz keçməyimizlə yaraşıqlı bir qızın “Hayır!” adlı tək yarpaqlı qəzeti əlimizə sıxışdırması bir olur: “AKP İstanbulu satır”.

Birinci dəqiqədə bir qol.

Hər halda, Türkiyə Kommunist Partiyasının ən rahat təbliğat apara bildiyi yerlərdən biri - elə bu yarmarka mərkəzidir.

Nə təhər olsa da, söhbət kitabdan, rəsmdən gedir və digər tərəfdən, polisin yarmarkanın keçirildiyi yerdə “protestçilərə” müdaxiləsi - işin ağını çıxarmaq olardı.

Bir də ki, hansı rejim olursa-olsun, kommunistlər kitab və sənətlə ən çox “can-ciyər” olan siyasət ləşkəridir axı?

Bəlkə ona görə də məhz burada - Türkiyənin ən böyük kitab və rəsm yarmarkasının açılışında iqtidar partiyasının “İstanbulu satmasını” aləmə car çəkməyi komunistlər özlərinin ən böyük haqlarından biri sayır?

Adı TÜYAP olan sərgi və yarmarka mərkəzində 29-cu beynəlxalq kitab yarmarkasının ən böyük iki salonundan birinə kommunistlərin “protesti”nin əhvali-ruhiyyəsi altında giririk.

Sizcə, günlərin bir günündə “Dərya kənarında yerləşən o şöhrətli məkanda” biz də buna oxşayan bir yarmarka keçirmə şərəfinə nail olsaq, iqtidarı bəyənməyən müxalifət partiyası o yarmarkanın girişində “protest listovka”sı paylaya bilərmi?

Axı, deyəsən, 20 il əvvəl biz sosializmdən çıxmışdıq, ən ucqar kəndlərimizdəki vətəndaşlarımızın oxuyub-yazması ilə qürrələnirdik və kitab ən dəyərli nemətimiz idi?

Bəs necə oldu ki, 20 ildə bizdə kitaba, oxuyub-yazmağa bu qədər ögey münasibət yarandı?

Anarın “Sizi deyib gəlmişəm” komediyasında Xudayar bəyi oynayan mərhum Səməndər Rzayevin səsi qulağımda cingildəyir : “Bə bu nə təəəəər olur əəəəə?”

Nə isə, TÜYAP-a girməyinə girmişik, ordan danışaq.

“İçəridəkilər”in kitablarına rəğbət daha çoxdur

550 nəşriyyatın iştirak etdiyi TÜYAP beynəlxalq kitab və rəsm yarmarkasının bu ilki Şərəf qonağı İspaniya idi.

Açılış mərasimində Türkiyənin mədəniyyət naziri İspaniyalı həmkarına Orhan Pamukun “Məsumiyyət muzeyi” kitabını hədiyyə verdi.

İspaniya mədəniyyət naziri də Ərtuğrul Günaya ispan rəssamların 3 kitabını təqdim etdi.

Türkiyənin güclü nəşriyyatlarının stendləri diqqəti uzaqdan cəlb edir.

Bankların və media qruplarının yayın evləri yeni məhsulları stendlərə səliqəli şəkildə düzərək müştərilərə yaxşı endirimlər təklif edirlər.

Atatürk mədəniyyət mərkəzi, Türk dil qurumu, Türk tarix qurumu kimi dövlətin maliyyələşridiyi idarələrin nəşrləri elmi yönləri ilə diqqəti cəlb etsə də, o qurumlara bağlı nəşriyyatların zəmanənin tələblərinə cavab verdiyini söyləyə bilərik.

(Türk tarix qurumunun stendindən Fahri Sakalın Ağaoğlu Əhməd bəy kitabını yarı qiymətinə almaq fürsətini də əldən vermirik).

Doğan Media holdinqinin başının üstündə 3 milyard dollarlıq vergi borcu Domokl qılıncı kimi asılsa da, Doğan kitab yenə də oxucularının qarşısına təxminən 300 adda yeni kitabla çıxa bilib.

Yapı və kredi bankı yayınları dünya və Türk klassiklərinin əsərlərini seriyalar halında yayınlamağa davam edir.

Bankın bu il bazara çıxardığı ən önəmli kitablar arasında Yaşar Kamalın 36 cildliyi göstərilməlidir.

İş bankı isə XİX əsrin birinci yarısından bu tərəfə keçmir: qədim yunan filosoflarından başlamış XVİİİ əsr fransız materialistlərinə qədər hər cür bədii və fəlsəfi əsəri İş bankı yayınlarının stendində görə bilərsiniz.

İqtidarnı hərarətli dəstəkçisi “Zaman” qəzetinin nəşrlərinə marağın o qədər də yüksək olduğunu deyə bilməyəcəm.

Bunun əksinə “silahlı terror təşkilatı quraraq iqtidarı devirməyə cəhd etməkdə” günahlandırılan və 2-3 ildən bəri Silivri həbsxanasının müdavimləri arasında yer alan yazarların kitablarına oxucular həvəslə kapital qoyurlar.

Misal istəyirsinizmi? Kanaltürk TV-nin keçmiş sahibi Tuncay Özkanın Silivridə yazdığı “Ergenekon: çox gizli təşkilat necə qurulur?”, “Bir casusun böhtanları: Tuncay Güney haqqında hər şey” kitabları və “Cümhuriyyət” qəzetinin Ankara təmsilçisi Mustafa Balbayın yazdığı və “Silivri əsir düşərgəsi: zülümxana” adını verdiyi kitab.

“Ergenekon” adı verilən istintaq və məhkəmə prosesinin bir çox iclasında Tuncay Özkan və Mustafa Balbay, həmçinin, tanınmış professor Mehmet Haberal həbsdə olmalarının səbəbini öyrənmək üçün ərizə versələr də, indiyə qədər onlara heç bir cavab verilməyib.

Silivri həbsxanasındakı jurnalist, yazar və alimlərin çoxu “Terror təşkilatı qurmaq, idarə etmək və hökuməti devirmək”də günahlandırılır.

Özkan və Balbayın kitablarını nəşr edən Cumhuriyet yayınlarının TÜYAP yarmarkasındakı təmsilçisindən öyrənirik ki, jurnalistlər kitablarını əllə yazmaq məcburiyyətində qalıblar.

Çünki Silivri həbsxanasındakı şübhəli şəxslərə günün müəyyən saatlarında ümumi otaqdakı bilgisayardan istifadə etməyə icazə verilir.

Hər iki jurnalistin bilgisayara qeyd etdikləri kitablar ordan silindiyinə görə, onlar əllə yazmaq məcburiyyətində qaldıqları kitablarını gizli yolla nəşriyyata çatdıra biliblər.

40-cı illərdə Bursa həbsxanasında Nazim Hikmətə yazı makinası verildiyini tez-tez məhkəmə sədrinə xatırladan Balbay və Özkan, sağ əlləri iflic durumuna gəldiyinə görə, əllə yazmağı öyrəniblər.

Sizi inandırıram ki, Mustafa Balbay və Tuncay Özkan TÜYAp yarmarkasında iştirak edə bilsəydilər, oxucular onlara kitab imzalatdırmaq üçün uzun növbələrə girəcəkdilər.

Yarmarkanın “bazar və tədavül dəyəri” ən yüksək olan kitablarından biri də polis rəisi Hanefi Avcının “Haliçdə yaşayan Simonlar: dünən dövlət, bu gün təriqət” əsəridir.

Kitab çapdan çıxar-çıxmaz Əskişəhər polis idarəsinin rəisi vəzifəsindən istefa verən Hanefi Avcı sentyabrın axırında “İnqilabçı qərargah” adlı sol görüşlü təşkilata “yardım etmək” iddiası ilə həbs edilib.

“Haliçdə yaşayan simonlar: dünən dövlət, bu gün təriqət” kitabının naşiri Arkadaş yayınevinin yarmarkadakı təmsilçisinin bizə verdiyi məlumata görə, indiyə qədər 570 min tirajla çap edilən kitabın təxminən 500 mini satılıb.

Nəşriyyat nümayəndəsi dedi ki, Hanefi Avcının kitabından sonra ən çox satdıqları əsər Leonardo da Vinçinin “Deyimlər”idir...

Bukinistlər

Türkiyənin ən böyük kitab və rəsm yarmarkasının spesifik cəhətlərindən biri - orada “kitab” məfhumunun bütün yönləri ilə oxuculara “sunulması”dır.

Bu baxımdan yarmarkanın “Bukinistlər” bölümü kitaba dəyər verən hər kəsin məmnuniyyətlə vaxt keçirə biləcəyi yerdir.

Yarmarkada təxminən 30 bukinist mağazası iştirak edir.

Onların stendlərinə baxarkən Türkiyənin 200 illik keçmişinin “çap qalareyası” ilə üz-üzə gəlirsiniz.

Jurnalları vərəqləyərkən “Molla Nəsrəddin”in ilk karikaturaçısı, Cəlil Məmmədquluzadənin “Şmerlinq nəqqaşımız” dediyi Otto Şmerlinqin, jurnalın sonrakı rəssamı Əzim Əzimzadənin yaradıcılığı ilə müqayisə edilə biləcək o qədər şey görürsünüz ki.

TÜYAP yarmarkasının “Bukinistlər” bölümü, eyni zamanda, kitab bazarının tələblərinin müəyyənləşdirilməsi baxımından da həssas bir barometr rolunu oynayır.

Əntiqə kitablar arasında qərq olmağın gətirib-gəldiyi zövqə görə, 29-cu TÜYAP kitab və rəsm yarmarkasının təşkilatçılarına “dübarə” təşəkkür düşür.

Qısa müddət əvvəl Oxu zalımızda məmləkətimizin son bukinistinib zirzəmiyə pənah apardığını oxumuşdum – TÜYAP-da iştirak edən 30 “varlı” bukinisti görəndən sonra “bukinist” adının yaşadığı o məkana rəğbətim bir az da artdı....

“İmzasını qoymuş miləl övraqi-həyata”

TÜYAP yarmarkasını dinamik qılan iki önəmli faktordan da bəhs etmək lazımdır: 1) İmza günləri; 2) Tanınmış yazar və jurnalistlərin iştirakı ilə keçirilən diskussiyalar.

İmza mərasimlərini nəşriyyatlar təşkil edir.

Bu ilki mərasimlər arasında diqqəti ən çox cəlb edən- bir neçə ay qabaq 36 cildliyi çapdan çıxmış Yaşar Kamal üçün Yapı və kredit bankı nəşriyyatının təşkil etdiyi imza mərasimidir.

Yazar və jurnalistlərin iştirakı ilə keçirilən diskussiyalar Türkiyə və dünyadakı aktual mövzuları ehtiva edir və orada oxucuların fəal olmasına çalışılır.

Noyabrın 6-da azərbaycanlı yazar Yunus Oğuz “İleri” nəşriyyatında çapdan çıxan “Nadir Şah” kitabını oxucuları üçün imzalayacaq.

“Türk solu” adlı hərəkatın nəşriyyatı olan “İleri” yayınları bu ilki TÜYAP yarmarkasında Mustafa Kamal Atatürk, Çe Gevara, Dəniz Gəzmiş kimi “imperializmə qarşı mübarizə aparmış solçular”ın kitablarını və o mövzuda yazılmış əsərləri nümayiş etdirir.

Bu baxımdan mərhum Əziz Mirəhmədovun sevdiyi təbirlə desək, nəşriyyatın çap siyasətinə “diametralnı protivopoljnı” olan tema ilə oxucuların qarşısına çıxan azərbaycanlı yazarın imza mərasimi bəndəniz üçün indidən böyük marağa səbəb olub- mərasimdə iştirak edib ədibimizə “Nadir Şah” kitabını imzalatdırmaq niyyətindəyəm...

“Yox millətimin xətti bu imzalar içində”

Futbolla bitirək

1996-da Türkiyə yığma komandasını ilk dəfə Avropa çempionatında oynadandan sonra istefa verən Fatih Terimin yerinə Mustafa Dənizli keçdi.

1998-də Fransada keçirilən dünya çempionatına Türkiyə gedə bilməyəndə Parisdən verilən canlı TV yayınında futbol şərhçisi Ərman Toroğlu yığma komandanın baş məşqçisi Dənizlidən soruşurdu: “Mustafa, biz buralarda niyə yoxuq?”

O vaxt Ərmanın bu “dik” sualı təcrübəli məşqçi Dənizlini əməlli-başlı tərlətsə də, bu sorğu-suallar 2000-ci ildəki Avropa çempionatında Türkiyənin yüksək yer tutmasında önəmli impuls oldu.

Və o sorğu-suallar 2002-ci ildə Türkiyənin dünyada 3-cü olmasına doğru gedən yolu açdı.

“Firidun bəy Köçərlinin 1895-də “Nadanlıq”ı çubuqlaması 4 ildən sonra “Nadir Şah”ın yaranmasına səbəb oldu” (N.Nərimanov).

Yarmarkanı gəzərkən məmləkətimin bu işə məsul olan şəxslərinin “Biz burda niyə yoxuq?” sualını özlərinə verdiyi anları görməyin pis olmayacağını hiss etdim.

TÜYAP yarmarkasının açılışından bir həftə əvvəl Bakıdan gələn bir əhli-qələm qəhərlənərək demişdi :”Ölkədə cəmi-cümlətanı 10 kitab mağazası var. Xalqın kitab oxumağını istəmirlər”.

TÜYAP yarmarkasını gəzərkən ölkəmdə cəmi-cümlətanı 10 kitab mağazası olmasının verdiyi hüznlü atmosferi heç cür üzərimdən ata bilmədik.

Və qulağımızda Xudayar bəyi oynayan mərhum Səməndər Rzayevin o sözləri cingildəyib durdu: “Bə bu nə təəəəər olur əəəəəəə?”

Bu əhval-ruhiyyə ilə çayçı Siyavuşa səsləndik:

“Haydi oğlum, Siyavuş, çayları gətir”

Çaylarrrrrr.....
XS
SM
MD
LG