Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:05

SABUTAY "Vətəndaş Ruzbeh" (Hekayə)


Ən azı 30 il əvvəlin sovet istehsalı olduğu halından bilinən, içindən Teymur əminin muğamatının və arvadların hər səhər rayon bazarına daşıdığı toyuq-cücənin iyi qoxuyan kənd taksisinə əyləşdi.

- Rayona? - muğamata qulaq asaraq uymuş sürücü üzünü ona sarı turşutdu. - Seçki vaxtı səni maşına otuzdurmaqdan adam qorxur e...

- Sən nədən qorxursan ki...

- Bah, sənə görə məndə bilirsən nə qədər "çp" taparlar. Elə "Qai" ilişsə bəsdir. Bilmirsən insanın qiyməti 70 qəpikdir?

- Birincisi onu əsgərliydə deyiblər. İkincisi də 3 manat verəcəm, - sürücüyə 5 km-lik yolun iki qat qiymətini boyun aldı, - Onsuz da rüşvət alnımıza yazılıb.

- Elə belə sözlərinə görə yerin yoxdur də... Yaxşı, getdik, qabağımıza "itlər" çıxsa, sən allah başu sal aşağı, görməsinlər, hamısı səni iyindən tanıyır...

Kənddən girişinə iri hərflərlə "2003-cü il seçki ilidir" yazılı plakat asılmış rayon mərkəzinə çatana qədər düşdüyü müşkül vəziyyətindən yeganə çıxış yolunu tapdı.

Hər halda tapdığını fikirləşdi.

"Bir ölümə çarə yoxdur" deyibən yəqin ki, sovetin ilk vaxtlarında tikilmiş, dam örtüyündən üzərindəki əhəngli suvağa qədər bozarmış birmərtəbəli binanın qarşısında maşından endi.

Manatları sürücüyə uzatdı.

- Ruzbeh, Allah haqqı, seçki qurtarsın səni havayı aparacam. Kənddə söyüş qoyublar səni maşınında aparanı, özün bilirsən də kimlər. Day dedim... Öz aramızdı, bir manata o cür söyüşü peysər götürmür axı...

Sürücünün üzürxahlığı ardınca səslənirdi.

Dönüb əlini yellədi. Kənd rəhbərinin ataman oğlundan başqa kim söyəcəkdi ki...

"Amip Rayon Şöbəsi" yazılmış qapını сırıltıyla açanda otaqdakı yeganə adamın səsi gurladı.

- Сırdılar?

Başını soxub boylandığı otağa bütün cismiylə daxil olub
təsdiqedici tərzdə boynunu burdu.

- Əclaflar... - sədr necə qışqırdısa altındakı sınıq-sökük kreslo bu qəzəbə сırıltısıyla əks-səda verdi.

- Eybi yoxdur, lap az qalıb. Bu gün сırarlar sabah başlarının üstünə asarlar. Bizdə həmişə belə olub, bizim dəyərlər sistemimiz bundan ibarətdir. Heykəl qoyub-sökməyə heykəltaraşımız da çatmır. Hələ baxarsan, sən kənd nümayəndəsi olanda bu plakatdakı şəklin qarşısında gör necə əyiləcəklər.

- Artıq 30-cu plakatdır ki, qoparıb aparırlar. Qopmayanı da cırırlar. Bəlkə partiyamızın adından bəyanat verək bu haqda? - Ruzbeh sədrə təklif verdi və əlavəsini də etdi. - Lap elə Amerika da bilsin.

Yerindən qalxmış sədr pəncərəsiz və kiçik otaqda iki addım irəli bir addım geri gedərək qəti fikrini söylədi.

- Bəyanatla donuz darıdan çıxmaz. Bu gün apar yenilərini yapışdır. Seçkinin ən gur vaxtıdır, təbliğatı zəiflətmək olmaz.

- Axı, cıracaqlar... Bələdiyyə sədrindən turmuş məktəbin kassirinə kimi hamısı oğul-uşaqlarını da toplayıb bu işnən məşğuldurlar... Kənd icra nümayəndəsinin avtoş oğlu hər plakatı cıranda şəkildəkinin bığını da qəttəzə söyüşlərnən bəzəyir.

- Geri çəkilmək olmaz, etibarlı gələcək etibarlı mübarizlərlə qurulur.

Bu mübarizəni sənli-mənli bütün istiqlalçı partiyadaşlar aparmalıdır. Özü də rayonda liderimizin mitinqi olacaq.

- Mən qorxmuram - Ruzbeh zarıdı və qəfildən canlanmış səslə maşında olarkən fikirləşdiyi planı xatırladı.

- Bəlkə onu mənə verəsiniz...

Sədrdə dönüb onun kimi otaqdakı portretə baxdı.

- Bu mitinqlər üçün nəzərdə tutulub.

- Nə olsun, onu elə yerdən asacağam ki, heç kim qopara bilməsin. Məndən başqa heç kim ora çıxa bilməz.

Belə iş olar, onlar dağ kimi portretlər ucaldırlar, biz əl boyda plakat...

Ay sədr, sən də deyirsən platformamızı oxusunlar. Bizdə kimin plakatı yekədirsə hər şeyi onnan ölçülər.

Mitinqə başqa portret taparsız, onu mənə verin. Həm də kəndimiz yol üstündə olduğundan Bakıdan gələnlər də bunu görəcəklər.

Sədr kresloya oxşayan oturacağa çöküb əli ilə başını dövrələdi.

- Bütün rayon üzrə təkcə bizim partiyanın 700 plakatını cırıblar... Rəhmətliyin şeiri lap atalar sözümüzə çevrilib. Davam edir 37...

Baxışlarını yenidən Ruzbehə yönəldən sədrin nəzərləri onun ayaqqabısın sol tayına ilişdi. Köhnəlmiş ayaqqabının bu tayının ağzı görünəcək qədər açılmışdı.

- Neçə razmer geyirsən?

Nəzərlərin məhz ayaqqabısına yönəldiyini görən Ruzbeh zarafat etmək istədi.

- Hər halda 37 deyil...

Sədr yenidən əlləri ilə başını tutdu.

- Cırığ şalvarla kommunizm qurduq, cırıq ayaqqabı ilə onu dağıtdıq, amma yenə də heç nə dəyişmədi. Gəl indi bu ayaqqabı ilə seçkidə qələbə qazan.

Ruzbeh yenə zarafata saldı.

- Elə buna görədir də, hər mitinqdə meydanı polis tutanda orda elə qaçan mitinqçilərin ayaqqabıları düşüb qalır. 42 razmer geyirəm.

- Sabah gəl ayaqqabı məsələni həll edim. Sənin ayaqqabın xatirələrimi oyatdı, ay Ruzbeh.

1988-in ilk mitinqində tələbə idim. Ruslar üstümüzə gələndə gördüm bu ölüm-dirimdə bir qız ayyaqqabısının tayını axtarır.

İnan sənin ayaqqabın onun əlində tutduğu ayaqqabı tayından min dəfə abırlı idi.

Rus gəlir, bu da ayaqqabısın tapmadan getmək istəmir. Birtəhər mühasirədən çıxardım. O, da tələbə idi.

Elə meydan tanışlığımız sevgiyə çevrildi. Əşşi, onda tələbə qızlar adamı meydana getdiyinə görə sevirdi, indi mobil telefonun markasına görə.

Ruzbeh onun meydan sevgisinin axırını soruşmaq istəyirdi ki, sədr xatirəsinin şirinliyindən ayıldı.

- Əşşi, mən icranı, məmuru başa düşürəm, bəs bu adi müəllimə nə düşüb axı... Sabah bunun maaşını kəsib əlindən alanda durub üstümüzə qaçacaq. Bu millətin nəyinə qurban verəsən özünü...

Monoloqunun bu yerində sədr qəfil ayağa qalxıb göstəriş verdi

- Götür liderin portretini bildiyini elə, etibarlı gələcək...
-... etibarla gələcək - Ruzbeh şüarın ardını söyləyərək portretə sarı atıldı.

Portreti aparmağa razı sala bildiyi sürücü dingildədi.

- Babovun şəklidi, Ruzbeh?

- Yox, 3 ay qabağ maşınua polislər nəşə atanda rəisin qapısında dom... nənövün. Bazarın yanında saxla, kəndir alacam.

- Bura bax, kəndə girən kimi tez düşərsən, bilsələr portret mənim maşınımda gəlib bu dəfə sənin nənəni də polisə aparsam, xeyri olmayacaq...

Hər şey plan üzrə gedirdi.

Kəndin mərkəzinə yaxın yerdə, uca, betonu uçub tökülmiş, armatur skeleti görünən dirəyin yanında maşından düşdü.

Dərhal uzaqlaşan maşına fikir verməyərək əvvəldən planlaşdırdığı kimi işə başladı.

Bir ucunu portretə bağladığı kəndiri ciyinlərinə alıb dirəyi çıxmağa tələsdi.

Azacıq qalxmışdı ki, dirəyin titrədiyini hiss etdi.

Tərəddüd edib dayandı. Bu dirək kənddə ikinci dünya müharibəsindəki fəaliyyəti ilə məşhur idi.

Elə indi də onun üzərində sağ-salamat qurumuş radio-meqafon ağzı üzü göyə elə dayanmışdı ki, sanki bu dəqiqə ərləri Hitleri əzişdirməyə aparılmış kənd arvadlarına yenə cəbhə xəbərlərini çatdıracaqdı.

Əslində, radio sonuncu dəfə yarım əsr bundan əvvəl Stalinin ölüm xəbərini verib informasiya xidmətini başa vurmuşdu.

Arvadlar Stalinin yasını müsəlmansayağı 40 gün saxlayandan sonra kəndə məlum olmuşdu ki, radio cihazı xarab olub.

Yəni, bu kənd Stalinin ölüm xəbərini verən radiodan rəhbərin 37-ci il repressiyalarının ssenaristi olduğunu və ölümündən sonra ona qarşı irəli sürülən şəxsiyyətə pərəstiş ittihamından da xəbərsiz qalmışdı.

O illərdə bəraət alaraq Qazaxıstan sürgünündən qayıtmış müəllim də nə qədər bundan danışıb, xalq düşməni olmadığını sübut etmək istəmişsə də, kənd ona inanmamışdı, hətta sürgünün 19 ilinə dözmüş " xalq düşməni" qayıdışının bir ay sonrası dözməyib intihar nəticəsində öləndə də cəmi 3 adam onun dəfnində olmuşdu.

Kənd qorxmuşdu ki, meqafon-radio yoldaş Stalinin adı ilə dilə gəlib sürgündən qazanılmış yeganə immunitetlə - oturduğu yerdə sidiyini saxlaya bilməmək keyfiyyəti ilə qayıtmış bu mənfur xalq düşməninin dəfninə gələnləri sürgün siyahısında adbaad elan edər.

Daha sonra isə bu tipli radio-xəbərçiyə ehtiyac olmadığından o, maraq dairəsindən çıxmışdı.

Elə unudulmuşdu ki, bu dirəyi ləğv etmək də yada düşməmişdi.

Bu dirək sonuncu dəfə o vaxt gündəmə gəlmişdi ki, təhlükəli vəziyyətdə olmasına baxmayaraq 9 yaşlı bir oğlan məktəb direktorunun silləsindən qaçıb etiraz olaraq düz ora dırmaşmışdı.

Şagirdinin burdan aşağı enib öləcəyindən qorxan direktorun yalvar-yaxarından sonra məsələ həll olunmuşdu, uşaq tərs bir sillə payından özünü xilas etmişdi.

Bəlkə də bu hadisə uşaq hüquqları baxımından yeganə qazanılmış qələbə faktı idi ki, indi heç yada da düşmürdü.

Sonralar heç kimin yalın ayaqla çıxmağa ürək eləmədiyi uca boy dirəyi bu oğlan su yoluna döndərmişdi.

Atasının qəzəbindən, məktəb direktorunun silləsindən tutmuş sevdiyi qıza uzaqdan-uzağa boylanmağa qədər bu dirək Ruzbehin əməlli-başlı köməkşisinə çevrilmişdi.

Onun nə vaxtsa burdan yıxılacağından qorxub dirəyi ləğv istəyi də olmuşdu.

İndi budur, son zəng günündən keçən 15 ildə, Ruzbeh bu sevimli dirəyinə dırmanmamışdı.

Sonuncu dəfə bura dırmaşıb uzaqdan görünən məktəbi süzmüşdü, əslində ayırd eləməyə çalışmışdı ki, bu məktəb illərində nə qazanıb.

Və özünə aydınlaşdırmışdı, bu kəndin məktəbində forma geymək hələ insan kimi formalaşmaq deyil, ondan əvvəlkilər necə olmuşdusa o da elə olacaq.

Özünün nə istədiyini bu uca dirəkdən məktəbi süzməklə də aydınlaşdıra bilməyən yeniyetməyə bircə şeyi bilirdi.

Məktəb yalnız üstəgəl və ya hərfləri öyrənmək yeri deyil. Ruzbeh məktəb kitablarından tarixi qəhrəmanların, sürgün edilən dekabiristlərin şanlı həyatlarını oxumuşdu.

Amma bu məktəbdən niyə bircə onlara oxşayan adam da çıxmadığına məttəl idi.

Özünə də qəribə gələn qatmaqarışıq fikirlərinə isə uca yerdən kəndin içinə düşməklə son vermişdi.

O vaxtdan isə dirək əməlli-başlı qocalmışdı. Dirək onsuz qalmışdı.

Hətta payızın ilk günlərinə məxsus zəif mehində belə dirəyin sağ-sol vurduğunu Ruzbeh yuxarı qalxdıqca aydınca hiss edirdi.

Ortada dayanıb tərəddüd edəndə isə dirəyin ayaq tərəfinə yaxınlaşan kənd sagə müvəkkilini gördü.

- Polis seçkiyə qarışa bilməz - Ruzbeh sədrindən eşitdiyi doqmanı qışqıraraq söylədi.

- Necə yəni -sallanan qarnını sol əlilə tutub qaldıran sahə müvəkkili başı yuxarı bağırdı - Bəs həmişə mitinqin axırinda sizinkiləri biz döyüb qovmuruq?

- O, axırda olur - Ruzbeh qışqırdı - İndi televizorda nazirin də deyib ki, biz seçki-plakat işinə qarışmırıq.

- Amma ordan plakat asmaq olmaz.

- Kim deyib ki... - Hirsə düşmüş Ruzbeh yuxarı çıxmaq üçün özünü topladı. Artıq geriyə yol qalmırdı.

Aşağıda sahə müvəkkilinin hədələri və səsi artdıqca daha sürətlə hərəkət etməyə çalışırdı.

Yuxarı qalxdıqca müvəkkilin də səsindən uzaqlaşırdı.

Meqafonun yanına çatıb portreti bir azacıq bərkitmişdi ki, bu dəfə kənd icra nümayəndəsi öz səsi ilə peyda oldu.

-Düş...-amiranə səs dirəyin ucalığına çatdı.

-...mirəm. İstəyirsən vur sal.

Kənd adamları dirəyin ətrafını tam dövrələyib cəm olanda rayon mərkəzindən gələn xüsusi şəxs peyda oldu.

Əvvəlcə kənd rəhbərləri, sonra müvəkkil izahat verdilər. Mötəbər şəxs isə ilk göstərişini verdi.

- Bir az ehtiyatlı olun , düşüb eləyər, seçki ilidir, kim bilir necə olacaq, bərkgedənlərə nə var oğul-uşağları xaricə qaçırıblar, bir də ki, nəsə olsa arada bizi işdən çıxaracaqlar.

Muxalifətdir, bir də gördün meyidin atdılar bellərinə çıxdılar mitinqə. Dilə tutmaq lazımdır...

Torpaqdan-zaddan istəyirsə boyun olun... Ya da, arvaddan-uşaqdan nəyi var gətirin mələşsinlər, bəlkə düşdü.

Kənd nümayəndəsi mərkəzdən gələn təlimatçıya tələsik izahat verdi.

- Gülləni gözünə sıxsan düşən deyil, ailə də bezib bundan.

Rəhmətlik dədəsi qapaz vurmuşdu uşaq olan bəndə, çıx bura, meqafondan qışqır ki, kəndə faşistlər girib...

Hələ keçən seçkidə dedim torpaq verim, ək-becər. Nə desə yaxşıdı, guya Tolstoy deyib ki, nə qədr dövrə vura bilirsənsə torpaq götür, adam dilində desək ölüyə iki metrə torpaq lazımdır.

Tolstoy da bunun kimi dirəyə çıxan olub. Bu ağlın yiyəsinə nəyi başa salasan. Qohumunu çağıtdırmışıq, yas yerindən çıxıb gəlir.

...Ruzbeh portreti etibarlı bərkitdiyini bir daha yoxlayıb, burda qala bilmək üçün kəndirin qalan hissəsi ilə də özünü dirəyə pərçim etdi.

Əsas axşam düşüncə idi. Burdan enəndən sonra isə çətin ki, kimsə ürək eləyib portreti düşürmək üçün dirəyə çıxaydı. Ən azı texnika-filan tədarükü görüncə sabahın 4-5 saatını da itirəcəkdilər.

O vaxt ərzində isə bu portret bütün seçki materiallarını öz əzəməti ilə üstələyəcəkdi.

Onun istədiyi yalnız bu idi.

- Əh, kopoyoğlunu nazıynan oynayacağıq... Ya alllah... Salam-məlleykum...

- Gəl çıx də, ağsaqqal, gör qohumun neyləyir. Başçının yanında biabır olmuşuq-kənd mümayəndəsi ilk əvvəl rayondan gələnlə, sonra onunla ikiəlli görüşən mollaya narazılıq etdi.

Molla hirslə təsbehini tək barmağında hərlədi.

- Ədə, düş aşağı, Ruzbeh, sən öl baxmaram tarıya, bu yaşımda çıxaram dalınca, ordan səni plakatın qarışığ ataram yerə.

- Çıx-çıx... O qədər ölünün bozbaşını mən yesəydim lap Aya uşardım.

Dirək ətrafına toplaşmış caamatdan yayılan xəfif gülüşmə Ruzbehin kefini əməllicə durultdu.

- Əlivə Quran götürüb düşəksən seçki günündə ki, gedin filankəsə səs verin. Çıx allaha yaxın olasan. Başa salsınlar ki, müqəddəs kitab sənin dolanacağın üçün nazil olmayıb.

Molla eyni hirslə təsbehli əlini dirəyin ucalığına uzatdı.

- Bu adam 30 yaşına çatıb bir qram ağlı yoxdursa bundan sonra heç olmaz.

Qohumun sözləri təlimatçının səbrini daşdırdı:

- Rayon rəhbərliyi sizə etimad göstərib, amma neçə ildir bir adamın öhdəsindən gələ bilmirsiniz. Hər mollaya ölü basdırmağ icazəsi verilmir. Bu kənddə sizə imkan yaradılıb. Amma siz...

Bu tənədən öz payını götürən kənd nümayəndəsi tutuldu.

- Vallah keçən seçkidən sonra, elə molla da şahid, tövbə elətdirdik, bədbəxt oğlunun hamamı da yoxdur, bizim hamamda qüsulladıq, dedi day müxalifət-zad tərəfə getməyəcək.

Hələ buna qız da vermirdilər. Dedik evlənər tam ağıllanar, mollaynan gedib elçiliyini də elədik. Yoxsa buna kim qız verərdi...

- Bəsdirin-təlimatçı əsəbləşdi - Bunlara tövbə nədir, kislotaya da salsan müxalifət qanı təmizlənməz... Bunları elə tanıyıram a... Cammatın toplaşmağı elə buna sərf edir. Əlac tapmalıyıq.

Rayondan gələn səlahiyyət sahibi nə fikirləşdisə səsinə şirinlik qatdı.

- Ruzbeh müəllim...

Ruzbeh qarışıq kənd sakinləri bu müraciətə qəhqəhə çəkdi.

Çünki, hamı bilirdi ki, Ruzbeh 10-cu sinifə qədər ölüm-dirim çatmışdı.

Yəni, kənd üçün Ruzbeh elə Ruzbeh idi.

Uzaqbaşı bütün müxalifətçiləri adlandırdıqları kimi "cəbbhəçi Ruzbeh" idi.

Bu ayama isə yada ancaq seçiki illərində düşərdi, vəssalam.

Gülüşmədən pərt olan təlimatçı yenə səsləndi.

- Yaxşı, ay Ruzbeh, sənin liderinə bizim də hörmətimiz var, işini qurtarıbsan düş, yıxılıb eləyərsən.

Ruzbeh əvvəlcə əli ilə yox işarəsi verdi, sonra üzü aşağı bağırdı.

- O tülkiyə de ki, oğul-uşağıyla geçələr qopardığı plakatları indi yerinə yapışdırsın sonra danışarıq.

Hamısını yığıb xarabasına, deyirdi ki, qışda odun altına qoyacaq.

Göy üzündən gələn tələb yerdəki rəhbərlərin qısa müzakirəsindən keçdi.

Bu arada təlimatçı yenə də kənd rəhbərinə əsəbləşdi.

- Əşşi, gərək hamısını qoparaydın, sənə deyirlər əli kəs, sən qolu dibindən kəsirsən... Tələbi eşitdiz də?

...Bir saat sonra kəndin mərkəzini bəzəyən plakatlardakı sözlər tələbi yerinə yetirən rəhbərlərin ardınca düşmüş bir dəstə kənd uşaqlarının dil əzbərinə çevrildi.

- Etibarlı gələcək, etibarla gələcək...

Ruzbehin və portretin pərçimləndiyi dirəyə yaxınlaşanda bu şüar daha bərkdən səslənməyə başladı.

Ruzbehin aşağıdan güclə görünən yumruğu havada yelləndi, dərhal da yıxlamamq üçün dirəyi yenidən qucaqladı.

Təlimatçı istehza ilə məktəb direktoruna baxdı

- Bu da məktəbliləriniz...

Onsuz da səbrsizləşmiş sahə müvəkkili, kənd bələdiyyəsinin sədri, məktəb direktoru bağrışan uşaqları dirək səmtindən dağıtmaq üçün hücuma keçdilər.

Uşaqlar əvvəlcə pərən-pərən düşdülər.

Sonra dallarınca qaçan yekəqarınlıların yorulduğunu görüb bir arada birləşdilər. Bu dəfə həm şüar dəyişdi, həm də uşaq əllərinə yığılmış daşlar "düşmənə" atıldı.

- Fəlstinə azadlıq...azadlıq...

Axır ki, uşaqları evlərinə qovmağa nail olan dəstə qayıtdı və məktəb direktoru üzt-başının tozunu çırparaq deyindi.

- Bu xarici televiziyalar uşaqları lap pozub. Tərbiyələri çətinləşib.

Təlimatçı isə yalnız dirəyin başındakı Ruzbehə sarı boylanırdı. Var-gücü ilə bağırdı.

- Hə, indi nə deyirsən?

Uca dirək başından gələn cavab özünü çox gözlətmədi. Ruzbeh yumruğunu meqfona çırpıb aşağıya sarı nota göndərdi.

- Bir, kəndə ən azı gün ərzində 18 saat işıq verilsin... İki, kənd nümayəndəsinin oğlundan hökumət maşını alınsın ki, dövlət maşını ilə avtoşluq etməsin...

Üç, bələdiyyəmiz heç olmasa bircə yola asfalt döşəsin, dörd, naməlum adamlara verilmiş kəndin əkin sahələri özümüzə qaytarılsın...Torpaq namusdu, torpaqdan pay olmaz...

Ruzbeh hər tələbi əlini meqfona çırparaq səsləndirirdi.

Təlimatçının böyründəki dəstədə yer almış bələdiyyə sədri acıqla münasibət bildirdi.

- Elə bilir o meqafon Azadlıq radiosudur, bu da Mirzə Xəzərdi, nazıyla çox oynadıq.

Səbrsizləşmiş təlimatçı isə nəhayət qərarını verdi.

- Hava qaralır. İndi düşənə oxşamır. Bir azdan allah bilir hansı tələb qoyacaq. Sabah tezdən o zəhirmarı necə olsa qoparıb atarsınız.

Lazım olsa dirəyi burdan rədd edin. Sonra plakatları da üsulluca yox edərsiniz.

Bu terrorçunun da haqqında görək rayonda hansı qərarı verəcəklər...

Təlimatçı üzünü sonuncu dəfə üzü göyə tutdu.

- Sağ ol, Ruzbeh müəllim, sabah görüşərik...

Ruzbeh səsdəki istehzaya əhəmiyyət vermədi...

...Qaranlıq qatılaşdıqca dirəyin ətrafında durub mənzərəni hələ də maraqla izləyənlərin sayı azalırdı.

Dirəyin yanından o yan-bu yana gedən inəklərin də silueti tövlələrə sarı yoxa çıxırdı...

Reklam rolikində snikers yeyib üzü qalibiyyət ifadəsi alan oğlan kimi Ruzbeh də portretdəki liderin qaranlıqda belə sezilən qalın bığlarına baxıb məmunlluqla gülümsədi.

"Gecən xeyrə qalsın, mən öz vəzifəmi yerinə yetirdim. Qalanı sənlikdir. Düşüm qaçım evə. Kim bilir sabah nə olacaq..."

Ehtiyatla enirdi. Yerə atılmağa az qalırdı ki, qaranlığı gur işığı ilə yaran maşın dirəyin yanında tormoz verdi. Ruzbeh dərhal bir-neçə metr yuxarı qalxdı.

Maşından əvvəlcə zəhmli ovçarka atıldı sonra isə 3 şəxs düşdü.

"İşkilidirlər köpəy uşaqları."

Ehtiyatlanıb bir az da yuxarı qalxdı.

- Ruzbeh, sənin... -kənd rəhbərinin oğlunun söyüşünə içkili dostları da qəh-qəhə çəkdi. Ovçarka isə zəhmli hürüşlə həmrəyliyini bildirdi.

Elə hürməkdə olan itin uzun xaltasından tutub dirəyə bağlayan rəhbər oğlu itə əmr etdi.

-Sadis.

Sonra isə üzünü üzüyuxarı tutaraq:

- Düş aşağı görüm indi necə düşəcəksən. Plakat yapışdırmağa göndərəndə bilmirdin əvəzini çıxacam.

Əlimin yapışqanını güclə təmizləmişəm. Maşını əlimdən almaq istəyirsən, almayanın da bunun canını qurtarmağa kömək edənin ....

Rəhbər oğlu kənddə peysər götürməyən ən bahalı söyüşü işlətdi.

Bu isə elə söyüş idi, mütləq ev-ev yayılacaqdı, arvadlar heyrətdən quruyacaq, balacalar mənasını soruşduqları üçün atalarından qapaz qazanacaqdılar, kişilərin türkün sözü leksionu zənginləşəcəkdi.

...Payız günün üşüdücü gecə soyuğu başlayanda özünü dirəyə, meqafonun yanına pərçimləmiş Ruzbehin yadına düşdü ki, plakatların halından necə hirsə qapanıbsa səhərdən çörək yeməyib.

Əslində bunu yaddaşın səsi yox, ulamaqda olan mədə yada salırdı. Bir əl boyda təndir çörəyi olsaydı, bir baş soğan olsaydı...

Ucalıqda olmasına baxmayaraq mexaniki ehtiyatla aşağı, kənd sədrinin oğlunun yekəqarın atasındanda zəhmli fiziki göstəricilərə malik itə boylandı.

" İtə bax ey, elə bil dnivalni dayanıb. Deyən lazım ay it sənin arvadın, küçüyün yoxdu, istəsə bir dartıma xaltasın qoparar.

Yiyəsinə itaətdə lap bizim millətə çəkib. Çıx getdə...Ay it oğlu it, iki yaşlı oğlum evdə dədəsini soruşur e..."

Ruzbehi eşidirmiş kimi it başını yuxarı qaldırıb qaranlığı yaran iri gözləri ilə dirəy boyu baxdı.

Zəhmli it baxışlarını hiss edib udqunsada birdən Ruzbehə qəzəbli məzələnmək istəyi hakim kəsildi.

- Bizim arvad kimi nə baxırsan. Heç düşmürəm, onsuz da bu gün evə getsəm arvad ət almamağımın davasını edəcək.

Evdə göy-göyərtidən başqa heç nə yoxdu, sən öl. Gözlərini sənin kimi bərəldib düz üstümə gələcək. O, da sənin kimi ət yeməsə bağrı çatlayar.

Ət olmayanda bizim arvad elə hürür, sənin səsin abırlıdır onun yanında...

Sənə nə var e, sahibin ət nədi, şkoladla bəsləyir.

İt anlamış kimi qəzəblə hürdü.

" Səsiniz oxşayır"

Bunu isə Ruzbeh ürəyində söylədi. Kəndin elektriki isə həmişəki kimi eyni vaxtda kəsildi.

Qaranlığın və ilk payız günlərinin üşüdücülüyün hiss etdi.
"İşıqlar söndüsə, deməli on ikidir"

O, adətən bu vaxt, məcburən televizordan ayrılanda yatardı. Düz, ANS-in 24.00 xəbərlər buraxılışı başlayıb, efirdə ölkə xəritəsi görünəndə işıqlar keçirdi, qaranlıq başlayırdı.

Əvvəlcə lampa yandırılırdı, sonra adətən arvadının Turalın "Günəbaxan" verlişindən əxz etdikləri eşidilirdi və bir də ayılırdı ki, xoruz banlayır...

...Kənd evlərini pəncərəsindən neft lampalrının solğun işığı ona baxırdı...

...Yumulan gözlərinin qapanmasına çalışdı...

...Aşağıdakı it arxasını dirəyə söykəyib oturdu...

...Ruzbeh liderinin portretini bağladığı ipin digər ucu ilə dirəyə daha etibarlı bağlanmağa çalışdı...

...Qaranlıqda lider də görünməz olmuşdu...

Şirinləşən yuxu istəyi, mədədən qopan acılıq, kəndin tük saldığı itin qorxusu yeni bir Ruzbeh yoğururdu...

Gözlərini son gücünü toplayıb aşdı. Aşağı nifrətini göndərdi.

"Burdan yıxılıb, sənin üçün ehsanlıq olmayacam, it oğlu it"
Sakit oturmuş it hissiyatla yerindən qalxaraq qaranlığı iri gözləri ilə yarıb Ruzbehi nişanladı.

"Nə baxırsan, köpəyoğlu. Hamı yatsa da yatan deyiləm, sən hələ məni tanımırsan, tanımırsan"

İtin hirsli mırıltısı Ruzbehə ləzzət verdi. Yorulmuş bədəninə yeni güc vermək üçün əllərini hələ Stalinin vaxtında möhkəm bərkidilmiş meqfona xaçvari keçirdi.

Ağzını isə meqafonun içinə tutub var-gücü ilə qışqırdı.

- Diqqət, diqqət! Danışır Azadlıq radiosu! Azərbaycan dilində verlişlərimizə başlayırıq. Mən Vaşinqtondan, Praqadan, Tehrandan, Moskvadan yox bu kənddən danışıram... Hamınız bilin, mən bu itə yem olmayacam..

Aşağıdan hürüşün səsi meqafon boyu ucaldı. Ruzbeh bu qəzəbə qəhqəhə çəkdi.

- Deməyin it hürər karvan keçər, əziz dinləyicilər. Karvanın sarvanı olsa tutub itin yiyəsini...

Ruzbeh dərindən köks ötürdü.

"Başımı bir az qarışdırdım."

Yenə yuxu gəldi.

"Mən yatmayacam, yatmayacam...Şirin yuxu istəmirəm, aldadıcı şirinlik istəmirəm, şirin yuxu istəmirəm. Səsimin eşidiləcəyi sözümün deyiləcəyi Azadlıq yox, azad radio istəyirəm... Mən yatmayacam... İstədiklərimi, arzuladıqlarımızı yuxuda görüb aldanmaq istəmirəm, istəmirəm..."

...Qarnı üzərindən keçirdiyi ip qarışıq bir az aşağı sürüşdü...

İtin bərəli zəhmli gözləri Ruzbehin yuxu qovmaqdan şişən gözlərinə dikilmişdi. Hər ikisi qorxunclaşmış gözlərini ayırmırdı.

Xoruzlar bir banladı...

Yaxın evlərin pəncərəsində lampalar sönürdü...

Alatoranın işığında dirəyə pərçimlənmiş Ruzbeh ağarırdı.

Qarnından keçən kəndr onu zorla saxlayırdı...

Əlləri aşağı düşmüşdü...

Seçkiyə qarışan başının uzanmış tükləri sallanırdı...

42 ölşülü ayaqqabısın ağzı daha da açılaraq ayaq barmaqlarının ikisini kənd üzərinə tuşlamışdı...

Gözləri qıyılıq dərəcədə açıq idi. Eyni gözlər isə aşağıda idi.

"Yəqin ki, lap Rasim Balayev kimi asılıb qalmışam" - "Nəsimi" filimindən doğan bənzətməsinə güclə də olsa gülümsədi.

Gözlər isə üz-üzə dayanmışdı.
XS
SM
MD
LG