Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:32

Müsəlman kişi xristianla evlənə bilər, qadın yox?


Nəinki İslam, başqa dinlərdə də qarışıq nikahlara müsbət yanaşma yoxdur
Nəinki İslam, başqa dinlərdə də qarışıq nikahlara müsbət yanaşma yoxdur
7 il əvvəl Toğrul heç yerdə işləmir, vaxtını yeyib-içməklə keçirir, valideynlərinin hesabına dolanırmış. Elə həmin illərdə o, qonşuluqda Natalya adlı bir rus qızı ilə eşq macərası yaşayır. Bir gün məlum olur ki, Natalya 6 aylıq hamilədir. Amma Toğrul onunla evlənməyə razı olmur. Amma bir neçə il sonra İslama maraq göstərəndən sonra günah işlətdiyini düşünür. Və qız İslamı qəbul edəndən sona onunla evlənir.

Abbas Zahidi isə rumıniyalı pravoslav dininə məxsus olan nişanlısı Sorinadan İslamı qəbul etməsini istəməyib. İki il birlikdə yaşasalar da, onlar yaxşı yola gediblər. Çalışıblar ki, dini dəyərlərə toxunmadan digər məsələlərdə kompromisə getsinlər. Yalnız bir dəfə - Abbas kilsə zənginin səsinin ona mane olduğunu deyəndə, sevgililər arasında mübahisə yaranıb. Amma Abbas bunu böyük problem saymır:

«Dini baxışların mübahisələrlə əlaqəsi yoxdur. Elə iki azərbaycanlı, iki müsəlman arasında da fikir ayrılığı yarana bilər. Fikir ayrılığı yaranmırsa, o münasibətdə ya yalan var, ya da o insanlar bir-birilərinin veclərinə də deyillər».

AZƏRBAYCANLI AFRİKALI İLƏ DƏ AİLƏ QURA BİLƏR


AzadlıqRadiosunun «İnternyus Azərbaycan» təşkilatı ilə birlikdə hazırladığı «İslam və demokratiya» verilişində bu dəfə İslamın dinlərarası nikahlara münasibətinə dair müzakirə açılıb.

«Mənəvi Saflığa Dəvət» İctmai Birliyinin sədri Elşən Mustafaoğlu deyir ki, ayrı-ayrı konfessiyalara, fərqli etnoslara mənsub insanların ailə qurması arzuolunan deyil.

«Əgər evlənən insanların dünya görüşləri, həyata baxışları, yaşam tərzləri fərqlənirsə, onda onların ittifaq qurması tək dini baxımdan yox, həm də psixoloji baxımdan müşkül məsələdir. İki insan eyni mədəni-mənəvi dəyərləri bölüşür, vahid inancı paylaşırsa, onda milli mənsubiyyətin, hətta irqin də fərqi yoxdur. Bu baxımdan, azərbaycanlı afrikalı ilə ailə qura bilər».

MÜSƏLMAN QADIN BAŞQA DİNLƏ AİLƏ QURA BİLMƏZ


E. Mustafaoğlu deyir ki, nəinki İslam, digər dinlərdə də qarışıq nikahlara müsbət yanaşma yoxdur. Məsələn, xristian dinində evli olanların nəinki eyni din, hətta eyni məzhəbdən olması tələbi var. Yəni, katoliklərin pravoslavlarla evliliyi qadağandır.

Elşən Mustafaoğlu
«İslamda isə kişilərə Kitab əhli ilə ailə qurmağa izin verilir. Yəni, xristianlar və yəhudilərlə ailə qurmağa icazə verir. Amma qadınlar üçün belə güzəşt yoxdur. Çünki əksər hallarda ailədə kişilərin sözü daha keçərli olur. Etiqad məsələsində kişi öz xanımına təsir etmək gücünə malikdir. Ona görə də İslam kişinin əhli kitab nümayəndəsi olan qadınlarla nikahına imkan verir. Çünki əmin olmaq olar ki, qadının nüfuzu kişini üstələməyəcək, onu İslamdan uzaqlaşdırmayacaq».

ƏR ORUC TUTUR, ARVAD İSƏ SƏRXOŞLUQ EDİR

Ailədə fikir plüralizminə normal yanaşan E. Mustafaoğölu deyir ki, dini baxışların fərqliliyi problem yarada bilər. Məsələn, müsəlman kişi xristian qadınla evlənəndə onların həyat tərzlərində ciddi maneələr ortaya çıxa bilər:

«Müsəlman kişi Ramazanda oruc tutur, spirtli içkilər içmir, donuz əti yemir və s. Amma bir də görürsən, onun qadını sərxoş olur, əlini divardan əlini tuta-tuta gəlir… Bu, ailə dediyimiz müqəddəs ocağa yaraşmaz bir şeydir. Sonradan ailədə mübahisələr yaranmasın deyə, bunlar öncədən nəzərə alınmalıdır».

DİNLƏRARASI NİKAHDAN UŞAQ DA ZİYAN ÇƏKİR


Elşən Mustafaoğlu əminliklə bildirir ki, müxtəlif dinə mənsub insanların övladlarının tərbiyəsində də problem yaşanır. Əgər valideynlərdən biri uşağı Cümə günü məscidə aparmaq istəyirsə, digəri İstirahət günü onu kilsəyə aparır.

«Ailənin səmimi atmosferi pozur. Bu cür dəyişikliklər, dini zəmində mübahisələr uşağın da psixologiyasına pis təsir edir. Axı hər iki valideynini sevən uşaq ikisindən birini necə inkar etsin? Ona görə ailə quranda birinin digərinə dinini dəyişməsi üçün basqı etməyəcəyinə dair əminlik olmalıdır».

İslamşünas deyir ki, qadınların nikahı ilə bağlı qadağa digər dinlərdə də var. Elşən Mustafaoğlu hesab edir ki, Azərbaycanda kişilərin sayının az olmasını, həm də əksər gənclərin başqa ölkələrə işləməyə getdiyini nəzərə alsaq, onda azərbaycanlı qızlarımızın ətrafdakı müsəlman dövlətlərindən layiqi insanlarla ailə qurmasına normal yanaşmaq olar.

«Cəmiyyət bu istiqamətdə çalışmalıdır ki, başqa ölkələrə gedənlər orada evlənməsin, ailəsiz qalmasın. Gənclər qayıdıb gəlməli, öz müsəlman qızlarımızla evlənməlidirlər ki, bu ailələr xoşbəxt olsun».
XS
SM
MD
LG