Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:00

Beynəlxalq müşahidəçilər sərt suallarla üzləşdilər


Beynəlxalq müşahidəçilər
Beynəlxalq müşahidəçilər
«7 noyabr seçkiləri demokratiyanın inkişafında mənalı tərəqqi yaratmayıb. Baxmayaraq ki, seçkilər texniki baxımdan yaxşı təşkil olunub, ancaq bir sıra ciddi qanun pozuntuları ilə müşayiət olunub».

Parlament seçkilərindən bir gün sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamentinin yaydığı birgə bəyanatında belə deyilir.

Noyabrın 8-də KİV, diplomatik korpus, dövlət və ictimaiyyət rəsmiləri qarşısında öz bəyanatlarını açıqlayan müşahidəçilər jurnalistlərin çətin sualları ilə qarşılaşıblar. Bu barədə bir azdan.

Avropalı müşahidəçilər seçkilərin sakit şəraitdə keçdiyini, müxalifət partiyalarının hamısının bu siyasi prosesə qatıldığını müsbət qarşılasalar da, nöqsanların da az olmadığı qənaətindədirlər.

«BELƏ ÖLKƏ ÜÇÜN ƏDALƏTİ TƏMİN ETMƏK ASAN OLMAYIB»


ATƏT-in qısa müddətli müşahidəçilərinin və ATƏT-in Parlament Assambleyasının rəhbəri Volfqanq Qrossruk bildirib ki, xüsusilə çətin şəraitdə demokratik institutlarını inkişaf etdirən ölkə üçün ədaləti təmin etmək heç vaxt asan olmayıb. Və ölkə «həqiqi plüralist demokratiyanın inkişafı üçün daha çox səy göstərməlidir»:
Avropalı müşahidəçilər seçkilərin sakit şəraitdə keçdiyi qənaətindədirlər
- 7 noyabr parlament seçkilərinin dinc şəraitdə keçməsinə və bütün müxalifət partiyalarının siyasi prosesdə iştirak etməsinə baxmayaraq, seçkilərin keçirilməsi ölkənin demokratik inkişafına heç bir önəmli töhfə verməyib.

Avropa Parlamentini nümayəndə heyətinin rəhbəri Anneli Yaatteenmaki isə seçki günü onlara müxalifət müşahidəçilərinə hücumların olması və seçki qutularına topa bülletenlərin atılması barədə məlumatların daxil olduğunu bildirib:

«TƏƏSSÜF Kİ...»


- Seçkilər texniki cəhətdən dinc şəraitdə keçib, seçki yaxşı təşkil olunub. Təəssüflər olsun ki, müstəqil müşahidəçilərdən səslərin hesablanmasında pozuntuların olduğunu, müxalif müşahidəçilərə təzyiqlər olduğunu və bülletenlərin qutulara doldurulması faktlarının baş verdiyini eşitmişik. Azərbaycan demokratiyanın daha da inkişaf etməsi üçün növbəti mərhələdə daha çox cəhd göstərməlidir.

Beynəlxalq müşahidəçilər 1100 səsvermə məntəqəsində olduqlarını, həmin məntəqələrin 90 faizində seçki prosesinin müsbət, 10 faizində isə ciddi problemlərin olduğunu qeyd ediblər. Gəldikləri qənaət belədir ki, hakim partiya ilə əlaqəli namizədlərin təşviqatının işıqlandırılması geniş aparılsa da, müstəqil və müxalif namizədlərə polis və icra hakimiyyətləri məhdudiyyətlər yaradıb, seçkilərdə bir partiyanın dominantlığı hiss olunub.
Hakimiyyətyönlü millət vəkilləri
Həmçinin elektron mətbuatda alternativ fikirlər olmayıb, qərəzsiz və balanslı xəbər çatışmazlığı olub.

AŞ PA nümayəndə heyətinin rəhbəri Poll Vill də digər qurum rəsmiləri kimi seçkilərin sakit şəraitdə keçdiyini, müxalifətin seçkiyə getməyi boykotdan üstün tutduğunu müsbət qarşıladıqlarını bildirsə də, o, da nöqsanların olduğunu qeyd edib:

«BİZ BUNLARI ARAŞDIRMAĞA ÇAĞIRIRIQ»


- Siyasi aksiyaların məhdudlaşdırılması davam edir, ictimai debat yoxdur, mətbuatın partiyaları, blokları və namizədləri işıqlandırması balanslı deyil. Namizəd, jurnalist və seçicilərə təzyiqlər olduğu barədə məlumatlar var, belə təsirlər qəbul edilməzdir və biz bunları araşdırmağa çağırırıq.

Avropalı müşahidəçilərin bəyanatında tənqidi çalarlar olsa da, bu tədbirə qatılan bəzi insanlar onlardan narazılıq dilə gətirdilər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, bəzi müşahidəçilərin fəaliyyətinin araşdırılmasına ehtiyac var:

«ONLARIN FƏALİYYƏTİ ARAŞDIRILMALIDIR»

İlqar Məmmədov zalı tərk etdi
- AŞPA və AP-nin Azərbaycanda seçki müşahidəçiliyi ilə bağlı fəaliyyəti araşdırılmalıdır. Bu insanlar peşəkarlıqdan və ATƏT-in metodologiyasından uzaq idi. Mən istərdim ki, gələcəkdə belə birgə missiyalar olmasın. Ən azından bu ATƏT-in də adına kölgə salır. Çıxışda səsləndi ki, ATƏT-in mövqeyi ilə parlamentarilərin mövqeyi arasında mütənasiblik yoxdur. Bu, yalnız Azərbaycan kimi ölkələrdə olur.

«UTANIN»


Beynəlxalq müşahidəçilərin bəyanatına etiraz edənlərdən biri də seçkilərə müstəqil namizəd olaraq qatılmış Respublikaçı Alternativ Vətəndaş Birliyinin təsisçilərindən biri İlqar Məmmədov oldu. Seçkilərin «sülh şəraitində keçirildiyini» eşidən eks-namizəd «utanın, bu seçkilər deyil» deyərək zalı tərk etdi.

«BİZİ TƏHQİR ETMƏYİN»


Seçkilərin gedişatı ilə bağlı müşahidəçilərə bir çox suallar da verildi. Suallardan biri də müxalifət mətbuatının iddiasını əks etdirdi ki, məruzəçilər hökumətdən müəyyən vəsait aldığına görə seçkilərə real qiymət vermir.

AŞ PA nümayəndə heyətinin rəhbəri Poll Vill jurnalistləri onları təhqir etməkdən çəkinməyə dəvət etdi. Tədbirə qatılan bəzi hakimiyyətyönlü millət vəkilləri isə bununla bağlı hər hansı fikir dilə gətirmədilər.

AŞ PA seçkilərlə bağlı öz hesabatını 2011-ci il yanvar sessiyasında, Avropa Parlamenti noyabrda Xarici İşlər Komitəsində, ATƏT-in PA-sı isə noyabrın 30-da keçiriləcək Büro Görüşü zamanı təqdim etməlidir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu isə seçki prosesinin başa çatmasından 8 həftə sonra gələcək təkmilləşdirmə üçün tövsiyələr paketinin də daxil olduğu ətraflı yekun hesabat hazırlayacaq.
XS
SM
MD
LG