Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:26

Saxtakarlığı sübut edənin özü ittiham oluna bilər


Respublika Prokurorluğu
Respublika Prokurorluğu
SEÇKİ POZUNTULARI İLƏ BAĞLI CİNAYƏT İŞİ

Göyçay Rayon Prokurorluğu seçkiyə müdaxilə faktı ilə bağlı cinayət işi qaldırıb. Bu haqda AzadlıqRadiosuna rayon prokurorunun köməkçisi Qabil Səfərov məlumat verib.

Onun sözlərinə görə, cinayət işi 89 saylı Göyçay-Ağdaş seçki dairəsindəki məntəqə sədrlərinin müraciətindən sonra başlanıb. Məntəqə seçki komissiyasının sədrləri noyabrın 7-də deputatlığa namizəd Vidadi İsgəndərov və onun müşahidəçilərinin məntəqələrdə qanunu pozduqlarını bildiriblər. Buna görə də Cinayət Məcəlləsinin 159 (seçki hüquqlarının həyata keçirilməsinə mane olma), 160-cı (seçki komissiyalarının işinə müdaxilə və təsir göstərmə) maddələri ilə cinayət işinə başlanıb.

İşi Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi aparır.

ŞİKAYƏTÇİ DSK SƏDRİ OLUB

89 saylı Göyçay-Ağdaş seçki dairəsinin sədri Nizam Məhərrəmovun sözlərinə görə, seçkilər günü Vidadi İsgəndərov və müşahidəçiləri məntəqələrə hücum ediblər. Buna görə də o baş verənlərlə bağlı rayon prokurorluğuna müraciət edib:

«Ona görə ki, məntəqə komissiyalarından çoxsaylı aktlar göndərilmişdi ki, Vidadi İsgəndərov və onun tərəfdaşları məntəqələrə girir, kobud söyüşlər söyür, komissiya sədrlərini, üzvləri təhqir edirlər, əl-qol atırlar. Mən də məcburiyyət qarşısında qaldım getdim, şikayət verdim. Məntəqə sədrləri mənə dedilər ki, əgər sən bizim bu haqlı iradımızı qəbul etməsən, sənin özündən şikayət edəcəyik. Mən neyləməliyəm ki?».

«GUYA MƏN KİMİNSƏ PALTARINI CIRMIŞAM, ÜRƏYİ GEDƏN OLUB»

Vidadi İsgəndərov
Bu həmin dairədir ki, seçkidən az sonra sosial şəbəkələrdə bu dairədəki məntəqələrdən birindəki saxtakarlıqla bağlı videogörüntü yayıldı. Həmin çəkilişdə aydınca görünür ki, məntəqə sədri seyfdən bülletenləri çıxarıb, komissiya üzvlərinə saymağa verir.

Amma dediyimiz kimi cinayət işi bu videogörüntüdəki saxtakarlığı araşdırmaq məqsədilə açılmayıb.

Yeri gəlmişkən, bu dairədən seçkiyə qatılan altı namizəd, o cümlədən Vidadi İsgəndərov səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirirlər. Noyabrın 10-da onlar bununla bağlı mətbuat konfransı da keçiriblər. Vidadi İsgəndərov dörd məntəqədən əldə etdiyi 200 saxta bülleteni nümayiş etdirib. Vidadi İsgəndərov:

«Mən dörd məntəqədən 200-dən çox bülleten götürmüşəm, nümayiş etdirmişəm ki, qulağı kəsilib, saxtadır. Qabaqcadan hazırlanmış bülletenlərdir. Qanuna görə onlar bir-bir kəsilməlidir, amma iki yüz-iki yüz kəsiblər. Sizcə, bu nə deməkdir? Mənə qarşı iddia qaldırırlar ki, guya mən basqı göstərmişəm. Halbuki məntəqələri gəzərkən yanımda dörd deputatlığa namizəd və altı-yeddi müşahidəçi olub. Guya mən məntəqələrə hücum etmişəm. Məntəqə sədrlərinə zor tətbiq etmişəm. Guya xəsarət yetirmişəm. Ürəyi gedən, paltarı cırılan olub. Bu, cəfəngiyatdır. Boş şeydir. Məni qorxutmaq istəyirlər. Mənim əlimdə 200-dən artıq saxta bülleten, şəxsiyyət vəsiqələri və başqa sənədlər var...».

DSK SƏDRİ: «FAKT VARSA, YAXŞI ORQANLAR ARAŞDIRAR»

89 saylı dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov isə Vidadi İsgəndərovun dediklərini təkzib edir və deyir ki, namizədlərin əlində saxtakarlıqla bağlı fakt varsa ortaya qoysunlar:

«Əlində fakt varsa, versin yaxşı orqanlar var, prokuratura var, araşdırarlar. Müəyyənləşdirsinlər ki, cinayətkar kimdir».

«SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏ QAÇIB»

Şəmsəddin Hacıyev
Vidadi İsgəndərov iddia edir ki, o seçkiqabağı debatda televiziya çıxışında rayonun icra başçısı və rayon prokurorunun işini tənqid etdiyinə görə cinayət işi qaldırılıb. İndi də ona və müşahidəçilərinə təzyiq edilir. Səlahiyyətli nümayəndəsi və müşahidəçiləri prokurorluğa çağırılır, onlara hədə-qoxu gəlinir:

«Nümayəndəm iki gündür Göyçaydan qaçıb. Basqı var. Mənim özümü hələ dəvət etməyiblər. Amma müşahidəçilərimdən ifadə alıblar. Belə deyək də mənə qarşı bunlar saxtalaşdırma aparıblar. Ekspertiza rəyi alıblar, paltar cırıblar, nə bilim...».

SEÇİLƏN YAP-ÇI DA NARAZI

MSK-nın ilkin nəticələrinə görə, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən YAP-ın namizədi, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev seçilib. Rəsmi nəticələrə görə, o 54 faiz səs toplayıb.

Şəmsəddin Hacıyev AzadlıqRadiosuna bildirir ki, Göyçayda, Ağdaşda reytinqi hədsiz yüksəkdir:

«Əgər saxtakarlıq olubsa, onların xeyrinə olub. Bizim ziyanımıza, onların xeyrinə... Amma mən hesab edirəm ki, seçkilər ümumilikdə obyektiv keçib. Göyçay, Ağdaş seçicilərinin əksəriyyəti məni dəstəkləyirlər».

«SAXTAKARLIĞI SÜBUT ETDİYİN HALDA ÖZÜNÜ İTTİHAM EDƏRLƏR»

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə cinayət işinin qaldırılmasını namizədə təzyiq kimi qiymətləndirir.

O bir məqama diqqət çəkir ki, cinayət işinin maraqlı tərəf – seçki komissiyalarının iddiası ilə qaldırılması şübhəli görünür və bunun sifariş olduğunu göstərir:

Hafiz Həsənov
«Görünür, Vidadi İsgəndərovun əlində tutarlı faktlar var və seçki prosesindəki saxtakarlıqları hüquqi baxımdan düzgün aktlaşdırılıb. Bu da var ki, həmin dairədən hakimiyyət İqtisad Universitetinin rektorunu müdafiə edir. Görünür, bu yolla namizədi şantaj edib susdurmağa çalışırlar».

Hafiz Həsənova görə, vətəndaş təşkilatları və hətta ATƏT-in Müşahidə Missiyası da bu məsələyə qarışmalıdır. Çünki deputatlığa namizədə qarşı cinayət işinin qaldırılması gələcəkdə presedentə çevrilə bilər:

«Yəni, saxtakarlığı sübut etdiyin halda sənin özünü saxtakar kimi ittiham edərlər. Belə presedent yaransa, tək Vidadi İsgəndərovla bağlı olmayacaq. Gələcəkdə bundan başqalarına qarşı da təzyiq və ya xof kimi istifadə edə bilərlər».

Seçkiyə müdaxilə edənlər üçün ən ağır cəza iki ildən üç ilə qədər azadlıqdan məhrum etmədir. Ən yaxşı halda isə onlar cərimələnə bilərlər.
XS
SM
MD
LG