Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

«Avropa Məhkəməsinin qərarını gözləyirik»


Emin Milli
Emin Milli
“Bu, ədalətsiz məhkəmə idi. Mən bunun məntiqini indiyə qədər də başa düşə bilmirəm. Bu, sadəcə bir ədalətsizlik idi”.

17 aylıq məhbəs həyatından sonra azadlığa çıxan bloqqer Emin Milli öz evində jurnalistlərə verdiyi ilk müsahibədə belə dedi.

Noyabrın 19-da Salyan Rayon Məhkəməsi E.Millinin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxıb və onun azad edilməsinə dair qərar verib.

“İSTƏRDİM Kİ, BÜTÜN ƏDALƏTSİZLİKLƏRLƏ BAĞLI BELƏ REAKSIYALAR OLSUN”

Həm Adnan, həm də özü ilə bağlı baş verənlərin daim diqqət mərkəzində saxlandığını deyən bloqqerə görə, yaxşı olardı ki, bütün ədalətsizliklər belə işıqlandırlsın:

“Mən istərdim ki, bütün ədalətsizliklərlə bağlı belə reaksiyalar olsun, bu insanları düşündürsün. Çünki ədalətsizlik barəsində düşünə-düşünə həm bu ədalətsizliyi edənlər, həm ona baxanlar, həm də bütün cəmiyyət və dünya dəyişə bilər”.

Emin Milli ümid edir ki, onların həbsi gənclərin geri çəkilməsinə yox, öz güclərinə inanmasına səbəb olacaq:

“Ümid edirəm ki, bizim bu proses Azərbaycanda insan hüquqlarının daha da yaxşı qorunmasına, gənclərin öz gücünə inanmasına gətirib çıxaracaq”.

“O QƏDƏR KİTAB OXUMUŞAM, ARTIQ SAYINI DA İTİRMİŞƏM”

Emin Milli evində
Emin Milli deyir ki, günahsız yerə həbsxanada olmaqla yaxınlarından uzaq düşüb və bu onun üçün çox ağır və çətin bir dövr olub. Amma həbsxanada qazandıqları da var:

“Mənə elə gəlir ki, həbsxanada ən böyük qazanc kitablardır, düşünməyə lazım olan vaxtın çoxluğudur”.

Bir gün əvvəl digər bloqqer Adnan Hacızadə zarafatla həbsdən tez buraxıldığını və Lev Tolstoyun “Hərb və sülh” romanını oxuyub başa çatdırmadığını bildirmişdi. Emin Milli isə deyir ki, həbsdə olduğu müddətdə mütaliə üçün xeyli vaxtı olub, darıxmamaq və vaxtın gec keçdiyini hiss etməmək üçün eyni vaxtda bir neçə kitab oxuyurmuş:

“Bir neçə kitab var ki, mən hələ onları oxuyub başa vurmamışam. İslam haqqında, sivilizasiya haqqında, Vaslav Havel (Çexiyanın sabiq prezidenti) haqqında çoxlu kitablar oxumuşam, inkişafla bağlı bir çox kitabları oxuyub bitirmişəm. O qədər kitab oxumuşam, artıq sayını da itirmişəm”.

"SORUŞDUM, HARDAN ZƏNG EDİRSƏN, DEDİ, AZADLIQDAN!"


New York-da yaşayan xanımı Leyla Kərmli AzadliqRadiosuna bildirir ki, əri azadlığa çıxan kimi dərhal ona zəng edib. Soruşdum, hardan zənd edirsən, dedi, azadlıqdan!

O ki qaldı, bloqerlərin işi ilə bağlı ədalətin bərpa olmasına, Leyla Kərmli düşünür ki, ola bilər bu, Strasburqdan – Avropa İnsan Haqları Məhkəməsinin qərarından asılı olacaq:

- Əgər biz ədalətin bərpa olunmasından danışırıqsa, Emin və Adnanın hüquqları Avropa Məhkəməsinin qərarı ilə bərpa olunacaq. O zaman ki, həmin məhkəmə onların cinayətkar olmadıqları, bu işin saxta ittihamlarla qurulduğu, heç nədən bir illərini həbsdə keçirmələri barədə qərar çıxarılacaq.


“İNANMADIM, DEDİM GÖRƏSƏN ONA YENƏ HANSI İTTİHAM İRƏLİ SÜRƏCƏKLƏR”

Emin Milli və anası Natella Abdullayeva
Emin Milli hər an hər şey gözlədiyini desə də, anası Natella Abdullayeva hətta oğlunun azadlığa buraxılması xəbərini eşidəndən sonra belə deyilənlərə inanmayıb:

“İnanmırdım. Vəkil mənə dedi ki, biz gedirik Xələcə, Allah qoysa Emini gətirəcəyik. (Emin Milli Salyan rayonunun Xələc qəsəbəsindəki 5 saylı həbsxanada cəza şəkirdi-M.Ç.) Mən yenə də düşündüm ki, görəsən, bu dəfə Eminə hansı ittihamı irəli sürəcəklər. Hələ də gözlərimə inanmıram”.

“AVROPA MƏHKƏMƏSİNİN QƏRARINI GÖZLƏYİRİK”

Emin Milli deyir ki, bundan sonra gözlədikləri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarıdır:

“Burdakı məhkəmələrdən qurtardıq, indi yəqin ki, Avropa Məhkəməsinin qərarı olacaq, onu gözləyəcəyik. Hər bir insanın arzusudur ki, günahsızlığını hamı bilsin və bu sübut olunsun”.

Qaldı ki, gələcək fəaliyyətinə, Emin Milli deyir ki, həbsdən əvvəl hansı fəaliyyətlə məşğul idisə, bundan sonra da həmin işini davam etdirəcək.

Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Bakıda restoranlardan birində baş verən insidentdən sonra tutulmuşdular. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib. Beynəlxalq ictimaiyyət bloqqerlərin hakimiyyətin xaricdən bir neçə min avroya eşşək almasını tənqid edən video-çarxa görə tutulduğunu deyib, bu həbsi pisləyib.

Adnan Hacızadə noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.

BLOQERLƏR BURAXILDI, AMMA GÖRÜLƏSİ İŞ HƏLƏ ÇOXDUR

Xarici ölkə rəsmiləri və insan haqları qrupları bloqerlərin azadlığa buraxılmasını alqışlayıblar, amma həm də hakimiyyəti onlara bəraət verməyə çağırıblar.
Human Rights Watch təşkilatının Cənubi Qafqqz üzrə eksperti Qiorqi Qoqia AzadliqRadiosuna bildirir ki, hakimiyyət insan haqları sahəsində öhdəliklərini yerinə yetirmək üçün hələ daha çox iş görməlidir:

- Biz bloqerlər – Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılmasına çox sevinirik. Əlbəttə, elə ilk başdan həbs edilməməli idilər. Əgər hökumət özünün insan haqları sahəsində öhdəliklərini yerinə yetirmək fikrincə ciddidirsə, hələ daha çox iş görməlidir. Qalan jurnalistlərin də həbsdə azad olunması çox önəmlidir.

Amma başqa bir vacib addım da odur ki, hökumət böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan qanuni normanı ləğv etməlidir. Çünki qanunun bu maddəsindən hökumət onun onunla fikir ayrılığında olan jurnalistlərə qarşı qisasçılıq üçün istifadə edir.

ATƏT də bu gün yaydığı bəyantda bloqerləin həbsini alqışlayıb və Bakını “bu tendensiyanı davam etdirib” tanınmış jurnalist Eynulla Fətullayevi də azad etməyə çağırır.

Beynəlxalq çağırışlara və Avropa İnsan Haqları Məhkəməsinin onun lehinə olan qərarına baxmayaraq, Eynulla Fətullayev həbsdən buraxılmır.

Ali Məhkəmə Avropa Məhkəməsinin qərarını icra edərək keçən həftə onun haqqında bəzi ittihamları ləğv etsə də üstündən narkotik maddə tapılması barədə ittihamı saxlayıb.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG