Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:05

ZAUR "Bağışlanmış ömür" (Hekayə)


Görkəmli yazıçı, tarixi romanların müəllifi kimi tanınan Fərman Kərimzadənin övladı, mənim əziz dostum, müəllimim Yeganə Kərimzadəyə ithaf edirəm.


Hər tərəf insanla dolu idi. Kimi özü öz ayağı ilə dəhlizdə o yan, bu yana gedib gəlir, kimini isə də xərəkdə kimsə gəzdirirdi.

Hamının üzündə bir narahatlıq, nigarançılıq hiss olunurdu – ayaqlının da, ayaqsızın da. Hamı narahat idi burda.

Bəzi qapıların ardında ağ xalatlı həkimlə dayanıb, göz yaşı axıdan insanları da görmək olurdu.

Kimisi anasına, kimisi atasına, kimisi bacı – qardaşına, kimisi də yoldaşına görə narahat idi burada.

Bu narahatçılıq kədər dolu simalarda cığır açan göz yaşlarıyla əvəzlənirdi. Bu göz yaşları da kiminə təsəlliydi, kiminə dərd.

Yeganə məkan bura idi ki, hamının başı özünə qarışmışdı. Buranın özünəməxsus bir qoxusu da varıydı.

Dərmanların bir-birinə hopmuş iyləri dəhliz boyu ətrafa yayılırdı.

Qapıdan içəri girən kimi həmin qoxu burnundan dolub, ciyərlərinə sovrulurdu.

Elə bu üzdən də bura gələn böyüklərin əksəriyyəti özləri ilə uşaq gətirməzdilər.

Nədənsə, hamı burdan qorxurdu.

İndi Həmidə xanım da həkimin otağından çıxıb, ölüm qoxusu verən divara söykənmişdi. Həkimin: - “Xanım, biz əlimizdən gələni əsirgəmədik.

Nə yazıq ki, əli­mizdən başqa bir şey gəlmir. Xəstəniz son aylarını, bəlkə də son günlərini yaşayır.

Odur ki, evə götürməyiniz məs­ləhətdir. Burda qalamağının mənası yoxdur, - Sözləri qulaq­la­rın­da əks – səda verir, göz yaşlarının qarşısını ala bilmirdi.

O, ərinin onu belə görməsini isəmirdi. Odur ki dəhlizdə ürəyini boşaldandan sonra otağa daxil oldu.

O, əli ilə göz yaşlarını silsə də, göz yaşlarının üzündə açdığı cığır onun yanaqlarında aydınca sezilirdi.

Bunu görən oğlu Təhməz anasına yaxınlaşdı: - Ana, nə olub, ağlamısan?! – Dedi.

Həmidə xanım, Mahmud bir şey hiss etməsin deyə, gülümsədi:

- Nə ağlamaq, gözümdəki karandaşdır, yayılıb, sən elə bilirsən ağlamışam?

Həmidə xanım bu sözləri oğluna deyərkən, gözü ilə işarə etdi ki, daha bu barədə artıq sual verməsin.

Daha sonra o, çapayıda oturaraq, başını yerə dikmiş, hər zaman qürurlu, nə olursa olsun, dik dayanan, lakin indi görkəmindən məzlumluq, fağırlıq sezilən həyat yoldaşı Mahmuda yaxınlaşdı:

- Mahmud, doktor deyir ki, sənin bir şeyin yoxdu. Sadəcə, beyin təzyiqin qalxdığına görə, başında kiçicik problemin yaranıb.

Allaha şükürlər olsun ki, səni bizə çox görmədi. Artıq bu gündən evə çıxırsan.

Hazırlaş, gedirik. Həkim burda qalmağın mənasız olduğunu deyir.

Mahmud, bir aya yaxındı ki, bu özəl xəstəxanadaydı.

Bura ilk gəldiyi gündən həkimlərin onu müayinə edəndən sonra kənara çəkilib, pıçıldaşmaları Mahmudu çox qor­xutmuşdu.

Bu günə kimi Allahın, dinin, müsəl­man­çılığın və ölümün nə olduğunu belə bilməyən Mahmud gəlib buraları gördükdən sonra bütün bunların fərqinə vararaq, insanın həyatda müvəqqəti olduğunu anlamışdı.

Sadəcə o, Tanrıya yalvararaq, xeyirli işlər görüb, bu günə qədər olan günahlarını yuyub, Allah dərgahına pak getsin deyə, möhlət istəmişdi.

Məhz bu üzdən də xəstəxanda olduğu üçüncü gündə kiçik oğlu İlqardan Azərbaycan dilinə tərcümə olunan “Qurani- Kərim” və namaz öyrədən kitab istəmişdi.

Atasının bu istəyinə təəccüb­lənən oğul, ona bir sual vermədən dərhal gedib, dedik­lərini alıb, gətirmişdi.

Mahmud burdakı günlərini “Qurani – Kərim”i oxumaq, namazı öyrənməklə keçirmişdi.

O, gecələri yatmır, səhərə qədər “Qurani – Kərim” oxuyur, gözlərindən süzülən ya­şa əhəmiyyət vermirdi.

Bu günə qədər işlədiyi günahlara görə Allah qarşısında tövbə etmiş, burdan qurtulub, evə dönəndən sonra namaz da qılacağına söz vermişdi.

Onun yanında qulluq üçün qalan yoldaşı Həmidə xanım da Mahmuda məəttəl qalmışdı.

Lakin o, xəstə olduğundan bir kəlmə də olsun, söz demirdi.

Həmidə xanımın təəccübünün səbəbi o idi ki, onlar ailə qurduqları ərəfədə Həmidə xanım namaz qılır, Allaha ibadət edirdi.

Gözünü açandan ailəsində nənə - babasını, ata – anasını belə görmüşdü.

Lakin Mahmuda ərə gələndən Allaha olan ibadətlərini namazla yox, gecələr yerində yatarkən, gizli – gizli yalvarmaqla davam edirdi.

Çünki Mahmud onunla ailə quran günün səhərsi: - Siz cahil insanlarsınız. Gör­mədiyiniz, boş – boş şeylərə inanırsınız.

Nə varsa, hamısı bu dünyadadır, nə o dünya, nə də ki, Allah – filan yoxdu.

Hamısı pulun əlindədir, – deyərək, onun namaz qılmasını yasaqlamışdı.

Amma o, indi özü də həmin fikirlərinin yanlış olduğunu, həyatda can sağlığını heç bir vəchlə əldə etməyin mümkünsüz olduğunu anlamışdı.

Hətta bir gün o zamanlar Həmidə xanıma qarşı haqsızlıq edərək, böyük günaha batdığını, həyat yoldaşına etiraf etdi. İlk dəfə ondan üzür də istədi.

Həmidə xanımın onun xəstəliyi ilə bağlı “xoş xəbər” verməsi onu sevindirmədi. Çünki o, həyatın müvəqqəti olduğunu artıq bilirdi.

Ona sadəcə azacıq ömür günahlarını yumaq, haqq yoluna qayıtmaq üçün lazım idi.

Onlar hazırlaşıb, xəstəxananı tərk etdilər.

***

Mahmudun evdə olmasından üç gün ötmüşdü.

Hə­midə xanım Mahmudun beynində xərçəng olduğunu, ömrünün son günlərini yaşadığı xəbərini saxlaya bil­məmiş, bütün qohum – qonşuya demişdi.

O, sanki bu pis xəbəri başqalarına deməklə yüngülləşir, dərdin bölməyə adam axtarırdı.

Hər gün evlərinə qohum – qardaş axını var idi. Mahmud elə zənn edirdi ki, xəstəxanadan yenicə çıxdığına görə hamı ona baş çəkməyə, “həmişə ayaq üstə!..” - deməyə gəlir.

Əslində isə Mahmud özü də bilmədən hamı onunla vidalaşmaq, halal­laşmaq üçün bu evə baş çəkirdi.

Həmidə xanım hər gün vaxtlı – vaxtında onun dəva – dərmanına nəzarət edirdi ki, ağrıları şid­dət­lən­məsin.

Bu üzdən də Mahmud xəstəliyinin ciddi, müalicəsi olmayan bir mərəz olduğundan xəbər­siz­di. Amma buna baxma­ya­raq, evdə hamının ona qarşı olan qeyri – adi dav­ra­nış­larını, baxışlarını gö­rüb, şübhələnsə də, şübhələri özün­dən qovmağa ça­lı­şır: - Yəqin namaz qılır, ibadət edirəm deyənə, ha­mı mənə məəttəl qalıb, – deyərək, əvvəlki gün­lərindən də daha çox Yaradanına şükürlər edirdi.

Beləcə, Mahmud gün – gündən özünü daha rahat, ağrısız hiss edirdi.

Gündə beş vaxt namaz qılıb, cümə günləri isə camaat namazına gedərək, ibadət etməklə kifayətlənməyib, şəxsi dükan­larından gələn gəlirin də çox hissəsini kasıblara paylayır, hamıya yaxşılıq etməyə çalışırdı.

Bu günə qədər bir nəfərin əlindən tutmayan Mahmud ətrafındakı insanları da çox təəccübləndirmişdi.

Amma buna baxmayaraq, hamı ürəkdən ona dualar edir, Allahdan bağışlanmasını istəyirdilər.

***

Yenə də həmin məkandaydılar. Adamla dolu, can bazarı olan xəstəxanada...

Həmidə xanım ürəyindəki təlaşla, həkimin müayinə kağızlarını oxuyub, danışmasını göz­ləyirdi. Sanki bu bir neçə dəqiqə onun üçün illər idi. Nəhayət ki, həkim dilləndi:

- Bu ola bilməz! Görünməmiş hadisədir. İki aparatın ikisi də tər – təmiz rəy verib. O boyda şişdən əsər - əla­mət qalmayıb. Elə bil, əməliyyat olunub, şişi yerli - dibli kəsib, götürüblər. Mən iyirmi illik peşə fəaliyyətimdə ilk dəfədir ki, belə bir möcüzə ilə qarşılaşıram.

Həmidə xanım həkimin inanılmaz sözlərini dinlə­dikcə, göz yaşlarına hakim kəsilə bilmirdi. O, sakitcə:

- Əkbər doktor, doğrumu deyirsiniz? Axı bu necə ola bilər? Düz, ay yarım bundan qabaq, elə bu otaqda siz hər şeyin gec olduğunu mənə deyib, xəstəni evə aparmağı, barı, son günlərini evdə keçirməyi bildirmişdiniz. Bəlkə yazdığın iynə - dərmanların təsirindəndir, hə?.. – Deyərək, həkimin gözlərinə baxdı.

- Həmidə xanım, mənim özüm üçün də bu çox tə­əc­cüb­lüdür. Həqiqətən də Mahmudun başında heç bir şiş – filan yoxdu, heç elə bil, olmayıb da. İynə - dərmana gəl­dikdə isə o zibil elə xəstəlikdir ki, onun nə müalicəsi, nə də ki, dərmanı yoxdur. Mən həmin dərmanları ömrünün son günlərini ağrısız keçirsin deyənə, yazmışdım.

Həmidə xanım bu sözləri eşitdikcə, sevincindən hönkürdü o, tələsik həkimlə xudahifzləşib, dəhlizdə onu gözləyən, Mahmudun yanına tələsdi.

Mahmud yoldaşının hıçqıra – hıçqıra ağladığını görüb: “Nə olub, niyə ağlayırsan?” – deyə, soruşmaq istədi, lakin Həmidə xanım dəhlizdəki xəstələrə baxmayaraq, həyat yoldaşının boynuna sarılıb, daha da bərkdən hönkürməyə başladı.

Mahmud vəziyyətinin yaxşı olmadığını düşünüb, yoldaşı ilə baş – başa verib, ağlamağa başladı.

Həmidə xanım, onun ağlamağına fikir vermədi. Elə zənn etdi ki, bu xoş xəbərdən xəbəri olduğu üçün o, da ağlayır.

Mahmudun ağlaması artıq hamı üçün adiləşmişdi. O, hər namaz qılanda, Allaha dua edərkən də ağlayıb, ondan bağışlanmasını istəyirdi.

Onlar xəstəxanadan çıxıb, evə gəlincəyə qədər yolda bir kəlmə də olsa danışmadılar. Aralarına ətürpədici sü­kut çökmüşdü.

Mahmuda elə gəlirdi ki, həkim onun səh­hətində ciddi bir xəstəlik olduğunu Həmidə xanıma deyib deyənə, o ağlayır.

Məhz bu üzdən də Mahmud həyat yoldaşından bir kəlmə də olsun söz soruşmurdu və bu “pis xəbəri” almağa tələsmirdi.

Həmidə xanım isə bu şad xəbəri Mahmuda necə açıqlayacağı barədə düşünürdü.

Axı, Mahmud beynində xərçəng xəstəliyinin olmasından xəbərsizdi.

Mahmud evə daxil olan kimi hamama keçib, dəstə­maz alaraq, namaz qılmaq üçün öz otağına çəkilmiş,

Hə­mi­də xanım isə susub, ondan həkimin cavabını gözləyən övladları İlqar və Təhməzlə eyni otaqda qalmışdı.

O, özünü birtəhər toparlayıb, oğlanlarına bir kəlmə də söz deməyib, o da namaz qılmaq üçün öz otağına getdi.

Bir neçə dəqiqədən sonra öz otağından çölə çıxan Həmidə xanım, Mahmudun qoltuqda otu­raraq, saqqalına tumar çəkdiyini (Mahmud əvvəllər saqqal saxlamazdı. Saqqal saxlayanlara da pis baxardı.

Lakin Allahın kişiyə saqqal saxlamağı buyurduğunu biləndən sonra xətt saqqal saxlamağa başlamışdı.) görüb, gəlib, onunla üz – üzə əyləşdi. Həmidə xanım artıq qərara almışdı ki, hər şeyi açıb, ona danışsın:

Bundan öncə Mahmudun necə olduğunu, indi necə olduğunu, bir sözlə hər şeyi danışacaqdı.

Çünki artıq qorxusu yox idi.

Mahmud təhlükəni dəf etmişdi. Elə Həmidə xanım ağzını açıb, danışmaq istəyirdi ki, Mahmud ondan qabaq dilləndi:

- Həmidə, əzizim, mən bilirəm ki, həkim səhətim haqqında yaxşı söz deməyib. Bunu məndən gizləməyin mənasızdır. Mən ölümdən qorxmuram. Onsuzda hamı öz vaxtı çatanda öləcək. Sadəcə...

O, sözünü tamamlaya bilməyərək, gözləri dol­du.

Həmidə xanım, Mahmudun səhv düşündüyünü görüb, gülümsünərək, onun əllərindən tutub, sakitləşdirməyə çalışdı və nəhayət ki, bütün olub – bitənləri ərinə açıb, danışdı.

Analarının sözlərindən İlqarla Təhməz donub, yerlərində qalmış, bir kəlmə də olsa dillənmirdilər.

Amma Mahmud Həmidə xanımın danışdıqlarını çox sakit qarşılayıb, sonacan dinləyəndən sonra dedi:

- Əzizlərim, sizə bir şey danışacam, bəlkə də, inanmayacaqsınız. Amma bu həqiqətdir.

Mahmud iki gün bundan öncə səhər yuxudan oyanıb, sübh namazını qılandan sonra ye­rinə uzanıb, yatmaq üçün gözlərini yumduqda, elə bil, havaya qaldırıldığını, birdən başının üstündə üzlərini görə bilmədiyi, ağ geyimli, üzərlərindən işıq saçan insanların ona: - “İndi biz səni əməliyyat edəcəyik, bir şeyin qal­ma­yacaq!” - deyərək, əllərini onun başına sürt­dük­lərini, həmin an başının içində həqiqətən də nəsə əllər gəzdiyini, başından nəyisə çıxartdıqdan sonra qeyb olduqlarını, göz­lərini aç­dıq­dan sonra bədənin tər – suyun içində, saçlarının qarışıq, beynində isə yüngüllük hiss etdiyini danışdı.

Mahmud olanları danışa – danışa övlad­larının və yoldaşının gözlərindən yaş axırdı.

Onların evində namaz qılmayanlar İlqarla Təhməz də bu möcüzədən sonra haqqın yolunu – Allahın yolunu tutdular.

Namaz qılıb, xeyirli işlər görərək, qazanclarının əksəriyyətini də Allah yolunda sədəqə verdilər.

İndi Mahmudun bir arzusu vardı.

On nəfər mömünə köməklik göstərib, onları Hacc ziyarətinə yola salsın, daha sonra isə Allahın izni ilə ailəsiylə birgə Kəbə evini ziyarət etsinlər...

20 Noyabr 2008,
Bakı şəhəri
XS
SM
MD
LG