Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:07

Sevinc Pərvanə. Ülkərin xətrinə, Sənin əsirinəm...


Ülkərin xətrinə

yenə hamilə qaldım
Ülkəri xatırladım yenə
tələbəlik dostumu
evlənmədən uşaqları olsun istəyirdi
mümkün deyil, bilirdi
ərə getmək istəmirdi
bir balerona vurulmuşdu amma
sevgisini içində çəkirdi

baleron onu sevməyəcəkdi
əlinin içi kimi əmindi
sevməsini də istəmirdi
atası balerona verməzdi

kənddən gəlmişdi Ülkər
ciddi tapşırıq almışdı
başını aşağı salıb
dərslərini oxumalı
başıaşağı evinə dönməliydi
belə də elədi Ülkər
evinə döndü
getdi ərə
uşaqları oldu
baleronu unutdu
Ülkərin içində çəkdiyi sevgi
çıxmadı yadımdan nədənsə

efirlərdə görürəm hərdən
bir rus qızıyla evlənmiş
qız da balerinaymış
Ülkərin qıvrım saçlarını
sağ yanağındakı çuxuru
yadıma salır baleron

oğlumu balet məktəbinə verəcəm
onu da Ülkər kimi bir qız sevəcək
onlar evlənəcəklər
deyirəm öz-özümə
saçlarını uzadacaq
rus dilində danışacaq
gitarada çalacaq
vurduğu ətrin qoxusu
on metrdən duyulacaq
baleron oğlumun
deyirəm öz-özümə
hamısı Ülkərin xətrinə...


Sənin əsərinəm

ana,
mən bətnindəykən
döyüb səni atam
qarnını döymüsən sən də
acığından
üzü üstə döşəməyə uzanmısan
onda əzilmişəm ilk dəfə
onda qorxmuşam
abort otağınadək getmisən
ölümün hədəsiylə rastlaşmışam
yazığın gəlib mənə
mərhəmətinə sığınmışam

ac qalmısan
aclığı görmüşəm
susuz qalmışam
keçmisən qürurundan
qürurumdan keçmişəm
ağlamısan
ağlamışam
az gülmüsən
qaraqabaq olmuşam
mən sənin əsərinəm, ana...

azadlığa möhtac
bir gözü tox
bir gözü ac
bir az qorxaq
bir az dəli
asi, hikkəli
sənin əsərinəm, ana...
XS
SM
MD
LG