Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

Eynulla Fətullayev haqqında qərarın icra vəziyyəti müzakirə edilib


Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin məhbus jurnalist Eynulla Fətullayev haqda çıxardığı qərarın icra vəziyyətini müzakirə edib.

Məlumatı jurnalistin vəkili Elçin Sadıqov verib.

Vəkilin sözlərinə görə, müzakirələr beynəlxalq insan hüquqları müdafiə təşkilatlarının, jurnalist qurumlarının Nazirlər Komitəsinə müraciəti əsasında baş tutub. Komitə qərarını bir neçə gündən sonra açıqlayacaq.

Noyabrın 11-də Ali Məhkəmənin Plenumu Avropa İnsan Haqları Məhkəməsinin 2007-ci ildə iki iş üzrə - böhtan və terrorla hədələmə və milli ayrı-seçkilik salma ittihamları üzrə Eynulla Fətullayev barəsində hökm çıxarılması zamanı onun hüquqlarının pozulması haqqında qərarını təsdiq edib.

Ali Məhkəmə ikinci işdə vergi ödənişindən yayınma hissəsi istisna olmaqla, bu cinayət işlərinə xitam verilməsi haqqında qərar qəbul edib. Bundan başqa, plenum bu ittiham üzrə onun cəzasını 1 ay da artıraraq, 2 il üç ay edib. Lakin bu cəza Fətullayevin artıq çəkdiyi həbs cəzasından çıxılıb.

Eynulla Fətullayev 2009-cu ildə ona qarşı qanunsuz narkotik saxlamaq ittihamı ilə açılmış yeni cinayət işi ilə bağlı həbsdədir.

2010-cu il iyulun 6-da Qarabağ rayon məhkəməsi jurnalisti narkotik saxlamaq ittihamı ilə iki il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
XS
SM
MD
LG