Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:59

Mətanət Vahidova "Sınıq güzgü" (Hekayə)


Onun bu məhəllədə nə vaxtdan yaşadığını bilən yox idi; burada yaşayan hər kəs bu qadını hər zaman küçələrdə görür, tanıyır, amma həm də haqqında heç nə bilmirdi, hətta heç adını da.

Səhər nə vaxt dursan, onu küçədə görmək mümkün idi; əlində bir topa cır-cındır, üz-gözü kirli, özü isə üfunət qoxuyardı.

Çox vaxt deyinər, söyüş söyər, kiminsə qarasınca qarğıyardı.

Küçədən ötən hər kəs onun üçün düşmən idi, xüsusən də, gənc, gözəl qızlar, qadınlar.

Bu dəli qadın onları özünə rəqib kimi görürdü, bəzəkli-düzəkli cazibədar xanımları mütləq ən ağlasığmaz küçə söyüşləri ilə mükafatlandırardı.

Ona elə gəlirdi ki, özü bu gəlincik kimi bəzənmiş xanımların hamısından qəşəngdir, cazibəlidir.

Nə vaxtsa zibillikdən tapıb çirkdən rəngi bilinməyən donunun qolu ilə təmizlədiyi sınıq güzgü parçası həmişə xüsusi əşyalarını qoruyub saxladığı cırıq-sökük torbanın içərisində olurdu.

Küçədən keçən gözəl xanımları “bəzəyəndən” sonra mütləq o xırdaca sınıq güzgünü çıxarıb baxar, üzünə gülümsəyər, heç vaxt daraq görməyən pırtlaşıq saçlarına sığal çəkər və ürəkdən inanardı ki, özü bu gəlincik qızlardan min kərə gözəldir.

Bütün dəlilər kimi, o da ümumən xoşbəxt idi (adam yalnız dəli olana kimi özünü bədbəxt hiss edir), bircə dərdi vardı ki, sevgilisi yoxdur.

Yoldan ötən cavanların bəzilərinin ona acıyaraq, başqalarının lağla, gülərək baxmasının səbəbini anlaya bilmirdi.

Bəzən üzünə gülən oğlanların onu bəyəndiyini düşünərək dallarınca düşər, “Al da məni, al da məni” deməsi ilə daha da gülünc görünməsinə səbəb olardı.

O heç öz yaşını da bilmirdi, bircə onu bilirdi ki, ərə getmək istəyir.

Başa düşürdü ki, bu səadətə çatmaq üçün mütləq özünə baxmaq lazımdır.

Əlinə keçən atılmış sancaqlarla saçını, donunu “bəzəyir”, zibillikdən tapdığı yarıqurumuş pomada ilə dodaqlarını, yanaqlarını, gözlərinin üstünü qızardıb “gözəlliyinə” bir az da rəng qatır və sınıq güzgüsündəki simasına baxıb özü ilə fəxr edirdi.

Yaxınlıqdakı polis idarəsinin yaşlı bir işçisi qadının bu ərə getmək həvəsini duyub onunla zarafatlaşır, “Özünü yaxşı aparsan, alaram səni” deyə şitlik edirdi.

Dəli qadın bu şit münasibətləri sevər, ona da həqiqətən dəyər verən birinin olduğuna sevinərdi.

Yeni il axşamı növbədə olan polis bir az içib keflənmişdi.

Hamının kefdə-damaqda olduğu vaxt növbədə olması ona lap dilxorluq gətirirdi.

Öz-özünə deyinirdi: ”Allah kəssin belə həyatı, belə pul qazanmağı.

Sən bayram bilmə, istirahət günü bilmə, işlə, qazan, arvad da sənin pulunla kef eləsin.”

İşlədiyi iyirmi üç ildə baş leytenantdan yuxarı pilləyə yüksələ bilməyən polis məmuru bu bayram günündə elə bil öz bacarıqsızlığına, uğursuzluğuna səbəbkar, günahkar axtarır, kiminsə qarasınca deyinir, içindəki zəhəri tökməyə bir məqam arayırdı.

Küçəyə çıxıb geninə-boluna gərnəşdi, bir siqaret çıxardı. Tüstünü canına çəkdikcə, deyəsən, əsəbləri bir az soyudu.

O yan-bu yana baxıb zarafatlaşmağa, baş qatmağa bir adam axtardı.

Üzbəüz səkidə cır-cındırını qabağına töküb öz-özünə danışan, güzgüsünə baxıb özünə bacardığı kimi sığal verən dəli qadını görüncə kefi duruldu.

Əvvəlcə onu fitlə səslədi, qadın ətrafa boylananda isə çağırdı:

- Aaz, mənəm, burdayam, gəlsənə bura.

Dəli qadın ayağa qalxıb taxtalara bükdüyü ağır cındır topasını da özü ilə dartmağa çalışdı, büdrəyib yıxıldı.

- Eee, at onları bir tərəfə, hara gətirirsən o iylənmiş cır-cındırı?

Əlindəki güzgünü torbasında gizlədən qadın maşın yolunu keçib bu taya gəlsə də, gözü “xəzinə”sində qalmışdı, kiminsə onu oğurlayacağından qorxurdu.Yekəqarın polis məmuru:

- Gəl, a gözəl, gəl, - deyə qadına xoş gələn sözlər deməyə başladı, - mənə sən lazımsan, sən.

Dəli qadın bu kəlmələrdən çox xoşlandı, gülə-gülə nəsə deməyə başladı, amma sözlərini anlamaq mümkün olmadı.

Əslində onun nə dediyinin polis üçün fərqi də yox idi. Qadının üfunət qoxumasına baxmayaraq, onu dartıb içəriyə - iş otağına apardı, içəridən qapını bağladı.

Vəhşi ehtiras hər şeyə üstün gəlirdi, başqa vaxt bu qadına bir metrdən yaxın durmayan, “aaz, hərdənbir yuyunsana, iy verirsən” deyə onu məzəmmət edən elə bil heç o deyildi.

Bir az öncə bayram münasibətilə təkbaşına içdiyi bir iri stəkan araq və başına vuran ehtiras sözünü deyirdi.

Qadın bədənində heç vaxt duymadığı xoş bir üşənti duydu, uçundu, bununla belə yolun o tayındakı cır-cındırı da fikrindən çıxmırdı, hələ də kiminsə onları oğurlaya biləcəyindən qorxurdu.

Polisin onu oxşayacaq halı yox idi, nə qədər kefli olsa da, qarşısındakının bütün günü küçələrdə veyil-veyil gəzən, çirkli, üfunət qoxuyan bir dəli olması onunla qadın kimi davranmağa imkan vermirdi.

Beşcə dəqiqə sonra kəmərini düzəldərkən ağrıdan, yoxsa zövqdən keyiyib qaldığını anlamadığı qadına acıqlandı:

- Yaxşı, daha, dur get.

Qadın heç nə başa düşmədi, niyə bayaq onunla xoş danışan, gülə-gülə “mənə sən lazımsan” deyən adam indi ona acıqla “dur get” deyirdi?

Bəyəm daha ona lazım deyil?

Qadına sarı dönüb mümkün qədər mülayim səslə dedi:

- Sən çox yaxşısan, amma mən indi işdəyəm, sənə burda qalmaq olmaz. Al bu pulu, özünə bir şey alarsan, - beşliyi onun ovcuna basdı, - qadının uçmağa qanadı yox idi.

Payızın ilk ayında qucağında körpəsi vardı.

İllərlə övlad yolu gözləyən, bu arzusunun yerinə yetməsi üçün üz tutmadığı həkim, qapısını döymədiyi falçı, ayağına getmədiyi pir qoymayan ailələr onu qucağında körpə ilə görəndə dəhşətə gəlirdilər:

”Allaha qurban olum, gözü birinə verir, işığı başqasına.”

İndi o, küçələri tək gəzmirdi artıq, körpəsi də qucağında olurdu həmişə, onu əlindən qoymurdu heç, daim möhkəm-möhkəm bağrına basırdı.

Yanından ötüb keçənlər onun halına acıyırdılar, bəlkə lap kömək etmək də istəyirdilər, amma üfunət qoxusundan yaxına gedə bilmirdilər.

Məhəllənin ağbirçəyi daha dözmədi bu hala, “hər halda uşaq yazıqdır” deyə düşünüb uşağın xətrinə kömək etmək istədi ona.

Yaxınlaşıb “A bala, bu uşaq yazıqdı axı, onu yedirtmək, yuyundurmaq, əyin-başını dəyişmək lazımdı...” demişdi ki, sözü ağzında qaldı.

Dəli qadın yağlı bir söyüş söyüb ağbirçəyi “hörmət-izzətlə” yola saldı. Daha heç kəs yaxın getmədi ona, heç kim ağrısız başına yaylıq bağlamaq istəmədi.

8-10 gün sonra onun nəinki yanından, heç yüz metr aralıdan da üfunət qoxusunu hiss etmədən keçmək olmurdu.

Camaat düşünürdü ki, uşaq yəqin altını isladır, bulayır, o üzdən belə iylənir.

Heç olmasa gündə bir dəfə də olsun təmizlənməyən uşaq, təbii ki, iylənməliydi.

Abrına sığınan, söyülmək istəməyən məhəllə sakinləri dəli qadına yaxınlaşmağa risk etməsə də, artıq küçəni bürüyən bu üfunət qoxusuna da dözə bilmirdilər.

Qonşular yığılıb MİS-in rəisinə şikayətə getdilər.

O da düşünüb-daşınıb belə qərara gəldi ki, polis idarəsindən bir nəfər ilə gedib bu dəli qadının gözünü qorxutsun, o da sözə qulaq assın; ya uşağı körpələr evinə verməyə razı olsun, ya da təmizliyinə fikir versin.

Bir neçə qonşu qadın və MİS-in rəisi yaşlı polislə birgə dəli qadına yaxınlaşanda o, yenə körpəsini bağrına basıb nəsə danışırdı, amma daha hirs-hikkə ilə yox.

Bu vəziyyətdə o, gəlinciklə oynayan uşağa oxşayırdı.

Yanaşdıqca pis qoxudan ürəyi bulanan camaat burnunu tutur, “üfff, bu nə iydir, ay Allah!” deyə şikayətlənirdilər.

- Ay qız, bu nə işdir? – deyə burnunu tutaraq ona yanaşan polis işçisini görəndə qadının üzündə güllər açdı, özünə sığal vermək üçün tez əlini güzgüsünə atdı. MİS rəisinin işarəsilə qadınlardan biri uşağı almaq üçün yaxınlaşda o gah uşağa, gah yaşlı polisə baxdı, qeyri-ixtiyari qolları boşaldı, qucağındakı körpə bir topa əsgi bükülüsü kimi yerə düşdü.

Ona ən yaxın olan qadının qəfil qışqırtısı hamını çaşdırdı.

Yaxınlaşınca “vay-vay, yazıq uşaq!” nidaları ilə başını bulayan, vaysınan qadınları görəndə yaşlı polis şaşqınlıqla əyilib uşağa toxundu.

O, uşaq deyildi; bəlkə də artıq neçə günlərdir ölüb iylənmiş, əsgilərə bükülü bir ət parçasıydı.

Polisin əti çimçəşdi, bir yandan üfunət qoxusu, bir yandan körpə cəsədinin iyrənc görüntüsü onu ürpətdi.

Neçə illərdir polis karyerasında çox cəsəd görmüşdü, amma belə hisslər keçirdyi heç olmamışdı.

Neçə ay öncəki Yeni il gecəsi gəldi xatirinə. Dəli qadının onu görəndən bəri xoşbəxtlikdən alışıb-yanan çöhrəsindəki təbəssüm hələ də silinməmişdi.

Polis çaşqınlıqla baxır, nə edəcəyini, nə deyəcəyini bilmirdi.

Bu arada MİS-in həmişə tədbirli olan diribaş rəisi “Gəl, gəl, qoy bunu zibil torbasına, uzaqlaşdır burdan” deyə qonşu həyətdən çağırıb gətirdiyi süpürgəçi qarıya göstəriş verdi.

Qarı ətrafa toplaşan adamları aralayıb irəli keçdi, əyilib uşağı qaldıranda dəli qadın vəhşi pələng kimi bir anda üstünə şığıdı. O qışqırır, deyinir, söyür, tüpürürdü.

Tam olaraq nə dediyini heç kim anlamasa da, “mənim balamdı” ifadəsini hamı aydın eşidirdi. “Ay Allah, bu da bala nə olduğunu bilir. Qurban olum sənə, ay Allah, bu bədbəxt neynirdi bu körpəni axı?!” nidaları çıxırdı qadınların dilindən.

Uşağı əlindən almaq istəyəndə MİS rəisinin üzünə tüpürdü. “Axx, sənin beləə!..” deyə söyən rəis uşağı onun əlindən var qüvvəsi ilə dartanda balasını buraxmaq istəməyən ana körpə ilə birgə yerə yıxıldı.

Dərhal cəsədi götürüb zibil torbasına qoyaraq uzaqlaşdırdılar. Qadın var səsi ilə bağırır, hönkürür, özünü yerə çırpır, saç-başını yolurdu.

O, anaydı, övladını itirmiş dərdli ana. Yaşlı polis işçisi isə halsızca quruyub qalmışdı, deyəsən ürəyi sancırdı.

Üç gün ərzində körpəsi “əlindən alındığı” yerdən tərpənmədən saatlarla oturub ağlayır, hıçqırır, bəzən canavar ulartısına bənzər səslər çıxarır, eşidənlərin ürəyini parçalayırdı. Amma sonralar onu bu yerlərdə bir daha görən olmadı.

Təkcə əvvəllər tez-tez baxıb özünə sığal verdiyi sınıq güzgüsünü övladını həmişəlik itirdiyi yerdə buraxıb getmişdi.
XS
SM
MD
LG