Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:41

Azərbaycanın iki obyekti ABŞ üçün həyati əhəmiyyətlidir


Bunlardan biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir
Bunlardan biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir
WikiLeaks cızığı keçdi - bunu Amerikanın təhlükəsizlik rəsmiləri deyirlər.

Söhbət WikiLeaks-in açıqladığı dünyanın ən vacib infrastruktur obyektləri siyahısından gedir.

Rəsmilərin iddiasına görə, bununla terrorçu qruplara hədəf siyahısı verilmiş olur.

Bu siyahıda Azərbaycanın da iki obyektinin adı var - təbii ki, bunlardan biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir, ikincisi də ağlagələndir - Səngəçal Terminalı.

BAŞIBƏLALI MƏKTUB

WikiLeaks 2009-cu ilin fevralında yazılmış bir diplomatik məktubu açıqlayıb. Orda siyahı verilir və xaricdəki Amerika diplomatik missiyalarından xahiş olunur ki, bu siyahını detallarla tamamlasınlar.

Siyahıda olan obyektlər haqda deyilir ki, “bunların itirilməsi Amerikanın ictimai həyatında sağlamlıq, iqtisadiyyat və eləcə də ölkənin təhlükəsizliyi kimi məsələlərə həlledici təsir göstərə bilər”.

WIKILEAKS TƏNQİDÇİLƏRİNİN ƏLİNƏ BƏHANƏ KEÇDİ?

WikiLeaks-in bu siyahını açıqlaması onun son açıqlamaları arasında ən çox mübahisə doğuranıdır.

Julian Assange
Onsuz da Wikileaks və onun yaradıcısı Julian Assange haqda Amerikada cinayət işi açılıb. Amerikanı maraqlandırır ki, WikiLeaks 250 min diplomatik məktubu, teleqramı necə əldə edib və bu, qanun pozuntusudur yoxsa yox.

Mühüm obyektlər siyahısı açıqlanandan sonra WikiLeaks-in tənqidçiləri iddia edirlər ki, bu saytın terroru müdafiə etməsi ittihamı ilə cinayət işi açmaq olar.

Belə təınqidçilərdən biri Britaniyanın keçmiş müdafiə və xarici işlər naziri Malcolm Rifkinddir. Onun fikrincə, açıqlanan siyahı WikiLeaks-in “məsuliyyətsizliyini sübut edir. Bu məsuliyyətsizlik cinayətlə sərhəddir”.

Britaniyanın baş naziri David Cameronun ofisi bu gün bəyanat yayıb ki, “icazəsiz açıqlama” “Birləşmiş Ştatların, Britaniyanın və başqalarının milli təhlükəsizliyinə ziyanlıdır”.

Bəyanatda deyilir ki, “hökumətlərin informasiyanın məxfiliyi şəraitində işləyə bilməsi həyati əhəmiyyətlidir”.

AVSTRALİYA ÖZ VƏTƏNDAŞINI MÜDAFİƏ EDƏCƏK

Rusiyadan Mərkəzi Avropaya gedən Drujba neft kəmərinin adı çəkilir
Avstraliyanın baş prokuroru Robert McClelland deyib ki, “hər hansı bir ölkədə Assanga qarşı cinayət işi açılsa, Avstraliya vətəndaşı kimi Avstraliya ona konsul yardımı göstərəcək. Avstraliya çalışacaq ki, ona qarşı ittihamlar ədalətlə araşdırılsın”.

Eyni zamanda baş prokuror Amerika, Britaniya ilə əməkdaşlıq edəcəklərini bildirir:

“Onun Avstraliya vətəndaşı kimi Avstraliyaya qayıtmaq hüququ var. Eyni zamanda o bilməlidir ki, Avstraliyanın imzaladığı beynəlxalq sazişlər var. Bizim hüquq-mühafizə məsələlərində o biri ölkələrə qarşılıqlı yardım göstərmək öhdəliyimiz var”.

SİYAHIDAKI OBYEKTLƏR


WikiLeaks-in açıqladığı siyahıya başqa ölkələrin obyektlərinin düşməsi maraqlıdır. Məsələn, dünyanın ən uzun kəməri - Rusiyadan Mərkəzi Avropaya gedən Drujba neft kəmərinin adı çəkilir.

Bu kəmərlə Rusiya neft satır. Ancaq kəmərin siyahıya salınması o deməkdir ki, ona zərbə Amerikaya mənfi təsir göstərəcək.

Sibirdən gələn Nadım qaz kəməri haqda isə deyilir ki, bu, “dünyanın ən vacib qaz obyektidir”.

İran körfəzindəki terminallar da siyahıdadır. O cümlədən İranın Xərq adasındakı terminal.

İraqdakı Bəsrə terminalından kəmərlərə vurulan neft isə İraqın daxili məhsulunun 80 faizini verir.

Aralıq dənizi ilə Hind okeanını birləşdirən yükdaşımalar zolağını isə Dövlət Departamenti Amerikanın milli təhlükəsizliyində həyati əhəmiyyətli hesab edir.

Siyahıya Qazaxıstanda xrom istehsal edən Xromtau kompleksi də daxildir.
XS
SM
MD
LG