Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:53

Xatirələr niyə yazılır: büt, yoxsa insan yaratmaq üçün?


"Yazmaq istəyirdim, çox istəyirdim yazmaq”.

Qabriel Qarsia Markesin xatirələri, hər şeydən əvvəl, insana Cəlil Məmmədquluzadənin “Xatiratım” əsərindəki bu sözləri xatırladır.

Xatirələr nə üçün yazılır: insanı yaratmağa sürükləyən məqamların oxucularla bölüşülməsi üçün, yoxsa büt yaratmaq üçün?

“Xatiratım” da Cəlil Məmmədquluzadənin, “Anlatmaq üçün yaşamaq”da isə Qarsia Markesin “Yazmadan yaşaya bilmədiklərini” görürük.

Məmmədquluzadə Tiflisə Çar Dumasının deputatı Məhəmməd ağa Şahtaxtinskinin qapısına getmişdi və yazmaq üçün orda qaldı. Markes isə atasının qarşı çıxmasına baxmayaraq, yazmaq barədə qəti qərar verəndən sonra bu işə həyatın ta dibindən başlayıb.

Onun xatirələri bədii üslubda yazılıb – “Anlatmaq üçün yaşamaq” roman kimi oxunur. Bu baxımdan kitab mənə Əkrəm Əylislinin “Adamlar və ağaclar” romanını da xatırladır.

Əsərin doğurduğu təsir İsa Hüseynovun 1972-ci ildə Azərnəşrdə çıxan seçilmiş əsərlərinə yazdığı ön sözə də yaxındır.

Burda Anarın “Sizsiz”indən də izlər görə biləcəksiniz, Əkrəm Əylisli haqqında çəkilən sənədli filmdən də.

“Biri siyasəti sevdi, o biri diplomatlığı ; mən isə yazmağı sevdim” – diplomatiya məktəbindən məzun olan Çətin Altan bunu deyir.

“Anlatmaq üçün yaşamaq” – bizi yazmağa olan sevginin anatomiyası ilə ən səmimi şəkildə tanış edir.

Romanlarındakı vizual, təfərrüatlı və ləngərli üslubuna xatirələrində də sadiq qalan Markesi oxuyanda onunla həmyaşıd olan İsa Hüseynovu “necə xatırlamaya bilərsən?” (sual İsa Hüseynova aiddir- 1972-ci ildə çıxan kitabına ön sözdən götürülüb).

Dünya oxucusu 83 yaşlı xərçəng xəstəsi Markesin yeni romanını oxumaq üçün gözdə- qulaqdadır.

“İllərin uzaqlığından bir sehr gəldi, Səmədin ürəyini ovcuna alıb apardı.

Bu sehr “Zarıncı” idi.

O “Zarıncı” ki, hamının, o cümlədən, Səmədin də pislədiyi “Gəzəyən Şənbə”nin barmaqlarından çıxmışdı, qara geyimli, göy örtüklü gəlinləri ağlatmışdı.

O “Zarıncı” indi Çürük aşıqla Xızr Abının barmaqlarından çıxırdı.

Aşxana, kababxana künclərində lotu- potu üçün çalan, “gündə bir kişinin altında uzanan” o bədnam Gəzəyən bu sehri hardan alırdı?

Bir ayaqları gorda olan bu quru- taqqanaq qocalar bu sehri hardan alırdılar?” (“İdeal”dan)

Dilimizin ən böyük təhkiyə ustalarından birinin, “Saz”ın, “Tütək səsi”nin, “Teleqram”ın müəllifinin bu günkü fəaliyyətini izləyirsinizmi?

Onunla bağlı gələn xəbərlər mənim üçün həmişə bu sualı da özü ilə gətirib- gəlir: “Biz niyə beləyik?”

“Anlatmaq üçün yaşamaq” və “Mənim kədərli fahişələrim" 2004-də Türkiyədə dünya ilə eyni gündə çıxmışdı. O vaxt oxuduğum bu kitabları rəssam Mahinur Dönməz aparıb bir daha gətirmədi...

Nə biləydik ki, Mahi-Yeganəmiz çıxacaq, canımızı alıb bir daha gətirməyəcək?.......


Qabriel Qarsia Markes

“Anlatmaq üçün yaşamaq” kitabından parçalar

Mən bandamızın ən kimsəsizi idim; buna görə də Roma qəhvəxanasına sığınıb səhər dan yeri sökülənə qədər bir küncdə az yazı yazmamışam.

Çünki, nədənsə, gördüyüm hər iki işin də həm önəmli olmaq, həm də kifayət qədər pul qazanmağıma səbəb olacaq bir dilemması vardı.

Şəfəq məni orada kitab oxuyarkən mərhəmətsizcə yaxalayırdı; acından kürəyim mədəmə yapışanda qatı bir isti şokolad qəhvəsi ilə yaxşı ispan donuz budundan düzəldilmiş sadndviç yeyər, günün ilk işıqları ilə birlikdə Bolivar yolundakı matarraton ağaclarının altına gedərdim.

Təzə gəldiyim həftələrdə gecə yarısına qədər qəzetdəki otağımda yazar, sonra da bir neçə boş otağın birində və ya qəzetin skamyalarının üzərində çimir vurardım; ancaq vaxt keçdikcə özümü bu qədər sərbəst olmayan bir yer tapmaq məcburiyyətində hiss etdim.

Məsələni, gələcəkdə bir çox dəfə örnəyinə rastlayacağım şəkildə, Bulvar yolunun üstündəki kef-damaqlı taksi şoferləri həll etdi.

Mənə kilsədən bir bina aralıda, 1.5 pesoya tək və ya bir nəfərlə yata biləcəyim bir motel göstərdilər.

Bina çox köhnə idi, ancaq axşam saat 6-dan başlayaraq Bulvar yolunda nakam aşiqlərin yolunu gözləyən əzabkeş fahişələrin sayəsində təmiz qalırdı.

Qapıçının adı Lacides idi. Şüşə gözünün baxış bucağı sürüşmüşdü, utancaqlıqdan kəkələyən bu adamı oraya getdiyim ilk gecədən bəri həmişə minnətdarlıqla yada salaram.1.5 pesoyu piştaxtanın altındakı axşamın erkən saatlarının xırda pulları və bürüşmüş əskinasları ilə onsuz da dolu olan siyirməyə atdı; mənə 6 nömrəli otağın açarını verdi.

Mən heç bir yerdə ordakı kimi rahat olmadım.

Eşidilən yeganə səs- asta addımlar, anlaşıla bilməyən hənirti və arabir paslı çarpayı yayının narahat cırıltısı olurdu.

Nə bir nəfəs alma, nə də bir nəfəs vermə: heç bir şey.

Yeganə problem- pəncərələr bir-birinə çarpaz şəkildə pərçimlənmiş taxtalarla örtüldüyünə görə, içərinin çörək bişirmə sobası kimi isti olması idi.

Buna baxmayaraq, ilk gecə dan yeri sökülənə qədər böyük ləzzətlə William İrish oxumuşdum.

Həyatlarımızın mərkəzi yenə də günorta saat 12-də, axşam üstü isə saat 6-da San Bias prospektinin ən gur yerindəki Mundo kitab mağazası idi.

Qısa müddətdə jurnaistlərin, yazarların və siyasətçi gənclərin görüş yeri halına gələn bu yeri açma ideyasını onun sahibi Don Jorge Rondona verən və onu razı salan adam- bizim German Vargas idi.

Əslində Rondonun belə bir yeri idarə etməyə təcrübəsi yox imiş, ancaq işi çox tez öyrəndiyini görürdük; o qədər həyəcanlı və sadə bir adam idi ki, qısa müddətdə elmin və sənətin haqqı verilə bilməyəcək qoruyucu mələyi kimi meydana çıxdı.

German, Alfonso və Alvaro kitab sifariş vermək üzrə müşavirlər idilər.

Xüsusilə də, İkinci dünya müharibəsindən sonra bütün dünyanın ədəbi yeniliklərini tərcümə etdirən, çap edən və satan Buenos-Ayres nəşriyyatlarını izləyərdilər.

Onları tam vaxtında oxuyardıq. Naşirlər də müştərini şövqə gətirməyi bacardılar; beləliklə, Don Ramonun tarixi kitab mağazası bağlanıb bu şöhrətini itirməzdən əvvəl olduğu kimi, Barranquilla yenidən bir qiraət mərkəzi halına gəldi.

Şəhərə gəlib bizim bandaya qoşulandan qısa müddət sonra mən də Argentinaya gedən satıcıları cənnətin elçiləri kimi gözləməyə başladım.

Onların sayəsində erkən dönəmlərdə Jorge Luis Borgesin, Julio Cortazarın, Felisberto Hernandezin əsərlərini oxuduq;Victoria Ocamponun qrupu tərəfindən uğurla İspan dilinə tərcümə edilən İngilis və Şimali Amerika yazıçılarının əsərlərindən zövq aldıq.


Ciddi səbəblər olmayanda mərkəzdən uzaqda yaşayan dostlarımız Roma qəhvəxanasına gəlməzdilər.

Mənim üçün isə ora- sahib ola bilmədiyim ev idi. Səhərlər El Heraldonun sakit ofisində işləyər, harda və necə tapa bilsəm, bir şey yeyərək qarnımı doyurar, demək olar ki, həmişə əlaqədar siyasətçilər və ya yaxşı dostlarımın biri tərəfindən oraya dəvət edilərdim.

Nahardan sonra “La Jirafa” adlı köşəmə yazımı və ya məndən tələb edilən başqa yazını yazardım.

Günorta 12-də və axşam 6-da saat kimi dəqiq şəkildə nəfəsimi Mondo kitab mağazasında dərərdim.

Axşamüstü dostlarla birlikdə Colombia qəhvəxanasında bir az içki içər, oradan Japy”ye gedər, San Biasın ən şən-şaqraq və “bazburutlu” yeri olan qabaq səkidə oturardıq.

Bu qəhvəxanadan görüşlər üçün, ofis kimi, iş müzakirələri edərkən, müsahibə alarkən istifadə edərdik; həm də ora bir-birimizi asan tapa biləcəyimiz bir yer idi.

Don Ramonun Japy”dəki masasının adət-ənənə halına gəlmiş və pozula bilməyəcək qanunları vardı.

Bu masaya ən axırda qatılan mən idim və haqqım olmasa da, Alvaro Cepeda Nyu-Yorkda olduğuna görə, onun stulunda otururdum.

Mən Don Ramon üçün sadəcə bir tələbə idim; El-Espectadorda çıxan hekayələrimi oxumuşdu.

Anamla Aracatacaya səfərim üçün ondan borc istəyəcək qədər ona yaxınlaşacağım heç ağlıma da gəlməzdi.

Səfərdən qısa mddət sonra 6 peso borcumu vermək üçün heç kim görməsin deyə, gizli ödəmək məqsədi ilə hamıdan əvvəl yanına gedəndə, ağıla gəlməyəcək bir təsadüflə ilk və yeganə üzbəüz söhbətimizi etdik.

“Nə xəbər, dahi”- deyərək, həmişəki kimi məni salamladı; ancaq, deyəsən üzümdəki bir şey onu həyəcanlandırmışdı ki, “Xəstəsənmi?” – deyə soruşdu.

“Zənn etmirəm, Senyor. Niyə soruşdunuz?”

“Çox zəif gördüm səni, ancaq fikir vermə. İndilərdə hamımız ruh düşkünlüyü vəziyyətindəyik”

Həmçinin oxu
Markesin xatirələri (1)
XS
SM
MD
LG