Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:25

WikiLeaks-in təsisçisi təzminatla azad edildi


Britaniya məhkəməsi WikiLeaks saytının təsisçisi Julian Assange-ı təzminatla azadlığa buraxıb. Onun vəkili, tanınmış insan haqları fəalı Geoffrey Robertson məhkəmədə bildirib ki, dünyaca məşhur olan bir neçə adam Assange-ın zaminə buraxılması üçün 2000 min funt (təxminən 315 min dollar) pul ödəməyə razıdırlar.

Hakim təzminat şərtlərinə əməl olunmaqla azad edilməsi barədə qərar çıxarıb. Amma hakim şərtlər də irəli sürüb. Belə ki, Assange bu iş üzrə yekun qərar qəbul edilənə qədər elektron etiket taxmalı, yaşadığı yeri qeyd etdirməli, hər axşam polisə məlumat verməlidir. Həmçinin Assange-ın pasportu polisdə qalmalıdır.

İsveç prokurorlar bu hökmdən dərhal sonra şikayət verdiklərindən Assange yenə həbsdə qalıb. İndi 48 saat ərzində hakim isveç prokuroların arqumentlərini də araşdırıb onun bu ölkəyə təhvil verilməsi, ya da Britaniyada nəzarətd saxlanması barədə qərar verəcək.

Əslən Avstraliyadan olan 39 yaşlı Julian Assange-ı İsveçdə zorlamada ittiham edirlər. İsveç Britaniyadan onun geri verilməsini tələb edir.

WikiLeaks saytı ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən göndərdikləri gizli məktublar olduğunu iddia etdiyi sənədləri yayır. Həmin sənədlərdə diplomatların işlədikləri ölkələrin rəhbərləri haqqında tənqidləri, bəzən ittihamları da əskini tapır. Vaşinqton bu sənədlərin yayılmasının qanunsuz olduğunu bildirib.

Julian Assange da ona qarşı zorlama ittihamının əsassız olduğunu, həmin sənədləri yaydığı üçün belə təzyiqlərlə üzləşdiyini deyir.
XS
SM
MD
LG