Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:32

Sovetdən qalma bağçalar


30 saylı uşaq bağçası
30 saylı uşaq bağçası
Gəncədəki dövlət məktəbəqədər müəssisələrində uşaqlar şer də öyrənirlər, mahnı da oxuyurlar. Lakin soyuq və şəraitsiz otaqlar, köhnə sınıq avadanlıqlar valideynlərin də, elə müəllimlərin də qayğılarını artırır. Əksər bağçalarda otaqlar rütubətli, döşəmələr sınıq, yataqlar belə köhnədir.

Nailə Nəbiyevanın qızı 44 saylı dövlət bağçasına gedir:

«Şəraiti yaxşı deyil. Təmir olunmayıb. Bir tərəfində qaçqınlar qalır. Özəl bağçaların ayda pulu çox olur. Dövlət bağçasıdır, dövlət özü kömək etməlidir ki, bağça düzəlsin».

RÜTUBƏTLİ YERDƏ UŞAQ SAXLAMAQ OLMUR


Valideyn Vüsal Məmmədov deyir ki, bağçalar uşaqların dünyagörüşünə böyük təsir edir. Deyir arzusudur ki, qızı yaxşı bağçada tərbiyə alsın. Ancaq Gəncədəki dövlət məktəbəqədər müəssisələrində şərait olmadığından özəl bağçalara üz tutur. Lakin burda da ödəniş cibinə uyğun deyil.

«Dövlət bağçalarında demək olar ki, yemək yoxdur, dam örtüyü, döşəməsi pis gündədir. Belə rütubətli yerdə uşaq saxlamaq mümkün deyil. Ona görə də indi çalışıram ki, özəl bağçaların birinə verim. Çünki orda vəziyyət bir qədər yaxşıdır. Yəni dövlət bağçaları bu gündədirsə, onları saxlamağın nə mənası var? Ya bunları özəlləşdirsinlər və nəzarət etsinlər ki, sonra da bağça istiqamətində işləsinlər. Əvvəl özəlləşən bağçalar bağça kimi işləmir. Gəncədə cəmi 2 özəl bağça var, biri 150 manatdır biri də 80 manat».

«İmkan yoxdur. 100 manatdır»
Sahib Vəliyev:

«Dövlət bağçasına gedir, elə bir şəraiti yoxdur. Uşaqları salırlar içəri başlarını qatmaq üçün nə yelləncək var, nə karusel. Şəraiti pisdir köhnə evlərdir.
- Niyə özəl bağçaya göndərmirsiz?
- İmkan yoxdur. 100 manatdır».

MÜƏLLİMLƏR DƏ VALİDEYNLƏRİN DEDİYİNİ DEYİR


Valideynlər kimi müəssisələrin müəllimləri də təsdiqləyirlər ki, işlədikləri bağçalarda şərait əlverişli deyil, birtəhər təmizlik yaratmağa çalışırlar, uçuq otaqları isitmək də elə asan deyil. 30 saylı dövlət məktəbəqədər təhsil müəssisəsinin müəlliməsi Sahibə Zeynalova və həmkarları problemlərdən gileylənirlər:

«40 ildir bu mebeli saxlayırıq burda. Hamısı sovetdən qalmadır. Stol, stul, oyuncaqlar hamısı...»

«Qane eləmir. Yaxşı avadanlıqlar olsa yaxşıdır. əyani vəsaitlər almışıq amma avadanlıqlar sovetin dövründən qalan köhnə avadanlıqlardır».

TƏMİRƏ UZUN İLLƏRDİR VƏSAİT AYRILMIR

30 saylı bağçanın direktoru Cəmilə İsmayılova deyir ki, müəssisənin akt zalı ümumiyyətlə işləməyə yararlı deyil, neçə ildir ki, tədbirləri tərbiyə otaqlarında keçirlər. Deyir ki, uzun illərdir maliyyə ayrılmır. Valideynlərin köməyi ilə bir az təmir işləri aparırlar.

Cəmilə İsmayılova
«Maliyyə ayıra bilmirlər, ancaq özümüz valideynlərin köməyi ilə edirik.
Ehtiyacımız çoxdur, zal işləmir. Üstdən su axır. Döşəmə xarabdır. Qoy görək axırımız harada qalır».

ÖZƏLLƏŞƏN DÖVLƏT BAĞÇALARI ÖZ PROFİLİ ÜZRƏ İŞLƏMİR

Artıq 4 ildir ki, prezidentin fərmanı ilə Gəncədəki 15 məktəbəqədər müəssisə özəlləşməyə çıxarılıb. Müəssisənin direktoru da ümid edir ki, bağça özəlləşsə, problemlər aradan qalxar. Amma valideynləri də narahat edən budur ki, bağçalar özəlləşəndən sonra öz profili üzrə işləsin. Elə Gəncə Şəhər təhsil idarəsində məktəbəqədər müəssisələr üzrə baş məsləhətçi Nəcabət Kalayeva da deyir ki, 12 müəssisə özəlləşsə də öz profili üzrə işləmir. Əslində isə özəlləşən müəssisə sərəncama əsasən 3 il öz profili üzrə işləməlidir.

Məktəbəqədər təhsil müəssisəmizin böyük əksəriyyəti günün tələblərinə cavab vermir. Əsaslı təmir işləri aparılmayıb. 2013-cü ilədək məktəbəqədər təhsil müəssisələrində təmir işlərini gözləyirik. Təhsil Nazirliyinə məktub göndərmişik.

«DÖVLƏT NƏZARƏTİ LAZIMDIR»

«Ümidli Gələcək» Gənclər Təşkilatının sədri Dadaş Əhmədov deyir ki, bağçaların özəlləşdikdən sonra bağça kimi işləməməsi ciddi problemlər yaradır. Dadaş Əhmədov deyir ki, tək çıxış yolu bu prosesə ciddi nəzarət olunmasıdır.

«Şərt var idi ki, özəlləşdiriləndən sonra bağça kimi mütləq fəaliyyət göstərməlidirlər. Amma böyük bir qismi bağça kimi fəaliyyət göstərmir. Gözləyir vaxtı keçsin, bildikləri kimi istifadə etsinlər. Əhalinin böyük bir qismi o imkana sahib deyil ki, uşağını özəl bağçaya yerləşdirsin. Bu məsələni bir qədər ciddiləşdirir».

Hazırda Gəncə Təhsil müəssisəsinin balansında 42 məktəbəqədər təhsil müəssisəsi var ki, onların əksəriyyəti şəraitsiz və istifadəyə yararsızdır.
XS
SM
MD
LG