Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:29

Həbsxanada insan haqları?


Məhbəs həyatı suçlu insanların tam islah olunmasına xidmət edirmi? Məhbuslar öz hüquqlarından tam istifadə edə bilirlərmi? Niyə işgəncə hallarına dair çox iddialar səslənsə də, təsdiqlənmiş faktlar az olur? AzadlıqRadiosunun “İnternews Azərbaycan” təşkilatı ilə birgə hazırladığı “Hər kəsin haqqı var” proqramının budəfəki buraxılışı məhz azadlıqdan məhrum edilənlərin hüquqlarına həsr edilib.

Cəzaçəkmə müəssisələrinin monitorinqini həyata keçirən ictimai komitənin üzvü Nazir Quliyev deyir ki, həbsxanalardakı vəziyyət təkcə Azərbaycanda yox, inkişaf etmiş ölkələrdə də daim müzakirə obyektidir:

“Bu gün cəzaçəkmə müəssisələrinin çoxunda oxşar şərait var. İndi məhbəslərdəki vəziyyətdən yox, daha çox məhkumların ordan çıxdıqdan sonra adaptasiyası haqqında danışılır. Yaxud belə suallar verilir ki, ağır cinayət törədən insanları cəmiyyətdən təcrid etməklə doğrudanmı onu cəzalandırırlar? Axı hər insan üçün azadlıqdan məhrum olunmaq cəzalanmaq demək deyil”.

HƏBSXANADA PULU OLANIN YERİ YAXŞIDIR
Mehman Sadıqov

Ömürlük məhbus Şakir Rzaxanovun anası Müslümət Rzaxanova iddia edir ki, Qobustan həbsxanasında hansı məhbusun imkanı, pulu varsa həmin məhbuslara xüsusi şərait yaradılır, qalanlar isə tez-tez həbsxana rəhbərliyinin təzyiqləri ilə üzləşir, hətta müxtəlif işgəncələrə məruz qalırlar. O, oğlunun 4 ildir təkadamlı kamerada saxlanıldığını, ona yazışmaların, hətta telefonun da qadağan edildiyini söyləyir. Səbəb də Ş.Rzaxanovun həbsxanadakı saxlama rejimi ilə bağlı məlumatları yuxarı çatdırmasındadır.

“Ancaq imkanlı məhbuslara gözəl şərait yaradılır, onların saxlandığı kameralar “avro-remont” olunur, onların otağında kondisioner var. Onlara noutbuk və telefonlar verilir. İmkanlı məhbuslardan başqa bütün məhbuslar işgəncələrə məruz qalır”.

SİTUASİYA TAM NƏZARƏTDƏDİR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə əminliklə bildirir ki, həbsxanalarda qanunvericiliklə təsbit olunmuş qayda-qanunlar hökm sürür. Ordakı situasiya tam nəzarət altındadır və məhbus anasının dedikləri həqiqətə uyğun deyil.

“SSRİ vaxtında məhkumlara münasibət tamam başqa cür idi. Cəzanı insan şəxsiyyətindən üstün tuturdular. İndi isə tamamilə fərqli yanaşma var. Məhbusun yeməyindən tutmuş onunla davranış qaydalarına kimi hər şey fərqli və daha yüksək səviyyədədir”.

İŞGƏNCƏ YOLU İLƏ ÖLÜM HALLARI TƏSDİQLƏNMƏYİB

Məhkumların hüquqlarının qorunduğunu bildirən Mehman Sadıqov hazırda cəza siyasətinin də maksimum humanistləşdirildiyi deyir. Onun sözlərinə görə, müntəzəm olaraq Avropa İşgəncə Əleyhinə Komitənin nümayəndələri şəxsən məhkumlarla təklikdə görüşüb onların şikayətlərini dinləyirlər. Həmçinin, şəraitə də özləri baxıb hesabat hazırlayırlar. Və indiyə kimi hansısa işgəncə hallarından ölümlə bağlı fakt təsdiqlənməyib.

SABİQ NAZİRLƏRİN YATDIĞI ÇARPAYILARA DA BAXMIŞAM

Nazir Quliyev də ictimai komitə üzvü kimi məhkumlarla fərdi görüşlər keçirdiyini, yerindəcə akt tərtib edib həbsxana rəhbərliyinə verdiklərini söyləyir. N. Quliyev həmçinin hansısa məhkuma xüsusi şərait yaradılmasının şahidi olmadığını da deyir:

“Buna inanmıram. Çox böyük maliyyə imkanları, məhkumluqdan əvvəl yüksək vəzifə tutan məhkumların yatdıqları çarpayılara qədər gedib baxmışam. Heç bir cəzaçəkmə müəssisəsində təmtəraqlı kamera-filan görməmişəm. Yalnız bəzi məhkumlar üçün valideynləri müəyyən dövr
Nazir Quliyev
üçün ərzaqlar gətirirlər .Amma saxlanma şəraitinin digər məhkumlardan fərqləndirilməsinə rast gəlməmişik”.

ANA OĞLUNA BİŞİRDİYİ TORTUN İÇİNƏ NARKOTİK QOYUB


Mehman Sadıqov hazırda cəzaçəkmə müəssisələrində mövcud olan problemlərindən birinin - məhkumların qohumlarının onlara narkotik vasitə keçirməsi ilə əlaqədar olduğunu söyləyir. Onun dediyinə görə, bu ilin 11 ayı ərzində cəzaçəkmə müəssisələrinə 76 nəfər mobil telefon, 36 nəfər isə narkotik maddə keçirməyə cəhd göstərilib.

“Elə olub ki, ana övladı üçün bişirdiyi dolmanın içinə heroin doldurub. Yaxud, qardaşına tortun içində mobil telefon keçirtmək istəyən olub. Taxta kötüyün içində heroin götürürlər. Bunlar hələ aşkar olunan faktlardır”.

HƏBSXANALARDA VƏRƏM ARTIQ PROBLEM DEYİL

Həbsxanada olanların səhhəti ilə bağlı məsələyə gəlincə, Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin baş inspektoru İftixar Qurbanov deyir ki, onlar öz işlərini Avropa standartlarına uyğun aparırlar:

“Hər bir məhbus cəzaçəkmə müəssisəsinə daxil olan kimi onu dərhal tibbi müayinədən keçirirlər. Məhbusun səhhəti barədə ətraflı məlumat onun adına açılmış xüsusi tibbi kitabçada qeyd olunur. Əgər məhbus cəzaçəkmə müddətində başqa müəssisəyə köçürülərsə, həmin məlumat onun şəxsi işi ilə yanaşı aparılır. Odur ki, bütün həkimlər penitensiar müəssisəyə daxil olan məhbusun sağlamlıq vəziyyəti haqqında məlumatlı olurlar”.

İftixar Qurbanovun sözlərinə görə, Tibb baş idarəsi əsasən narkomaniya, vərəm, həmçinin HİV/AİDS infeksiyasını yayılması ilə mübarizə istiqamətində işini gücləndirir. Bu istiqamətlərdə beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirilir. Nəticədə hazırda vərəm penitensiar xidmətdə problem deyil.
XS
SM
MD
LG