Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:38

Məhərrəmlikdə Yeni İl bayramı


Belarusda Şaxtababaların yürüşü
Belarusda Şaxtababaların yürüşü
ALIŞIB YANAN MAĞAZALAR VƏ TƏLƏSMƏYƏN MÜŞTƏRİLƏR

Dekabrın 1-dən Bakıdakı bütün mağazalar Yeni İl bayramına köklənib. Vitrinlərdə çeşid-çeşid yolkalar, oyuncaqlar və bəzəklər göz oxşayır. Bayram bütün parıltısı və gözəlliyi ilə hiss olunur.
Əl-əlvan işıqların, bəzəklərin əhatəsində alışıb-yanan mağazalar «gəl-gəl» deyib müştəri səsləsə də, alıcılar bazarlığa, yolka almağa tələsmirlər. Alanlarsa bəzəməyə. Səbəb?

Əhalisinin böyük əksəriyyəti şiə müsəlmanları olan Azərbaycanda Məhərrəmlik ayında bir çoxları toy etməyə, bayram keçirməyə yaxşı baxmır. Ən azı bu ayın ilk on günlüyündə. Məsələ burasındadır ki, hicri təqvimindəki Məhərrəm ayının ilk günü də bu il dekabr ayının 16-na təsadüf etdi.

Milad təqvimi ilə 680-ci ildə Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn Kərbəlada öldürülüb. Bu hicri təqvimi ilə Məhərrəm ayına təsadüf etmişdi. Şiə məzhəbindən olan müsəlmanlar da hər Məhərrəmlik ayında Hüseynə yas saxlayırlar.

Buna görə də adətən dekabrın 15-də bəzənən yolkalar bu dəfə evlərdə çox da gözə dəymir.
Elə bunu mağaza satıcıları da deyir.

«Məhərrəmlikdir. Bəzi müştərilər nəzərə alır, imamın üçü, yeddisi çıxsın sonra deyirlər...».

Satıcı deyir ki, bu mağazada brend mal satılır. Elə qiymətlər də bundan xəbər verir. Ən ucuz yolka 86 manatdır. Ən bahalısı... Hər halda, satışda olanın qiyməti 1600 manat idi. O da endirimlə.

«YOLKA DA BƏZƏMƏRƏM, İÇKİ DƏ OLMAZ»

Məhərrəmlik bayram süfrəsinə də təsirsiz ötüşməyəcək. Bu il Azərbaycanda çoxları bayramı dəbdəbəsiz, musiqisiz keçirəcək. Sovet dönəmindən qalma, il-ildən zəifləyən bir adət – Yeni İl girəndə, saat 12-də şampan partladılması ənənəsini çoxları pozacaq.

Hər halda, Bakı küçələrində keçirdiyimiz sorğu zamanı belə qənaətə gəlmək olar.

- Əlbəttə fərq edəcək. Nə yolka bəzəyəcəm, nə içki olacaq. Hüzrüm düşəndə yolka bəzəmirəm ki, indi də imamız ölüb.

- Bir balaca yığıncaq edərik. Amma məhərrəmlik öz yerində, yadımızdadır.

- Bəs yolka bəzəmisiz?

Hüzrüm düşəndə yolka bəzəmirəm
- Uşaqlar üçün bəzəyərəm. Hələ bəzəməmişəm. İmamlarımızın yeddisi çıxsın sonra.

- Bəs süfrədə içki olacaqmı?

- Bizdə içki olmur. Nəvəm namaz qılır. Belə şeylərə fikir veririk.

- Görürəm uşaqlarınız var, yolka bəzəmisiz?

- Əlbəttə bəzəmişik.
- Bu il bayram Məhərrəmliklə üst-üstə düşür. Fərq edəcəkmi?

- Əlbəttə. Spirtli içkilər olmayacaq.

- Təmtəraqla qeyd etmərik.

- İçki olmayacaq. Biz tərəfdə içki olmur. Amma şənliyimizi keçirəcəyik. Bayram elə bayramdır...

«DİNDƏ MƏCBURİYYƏT YOXDUR»

Qafqaz Müsəlmanları İdarəsində şöbə müdiri Müqəddəs Payızov da deyir ki, hər kəs seçimində azaddır. Azərbaycan dünyəvi dövlətdir və heç kimə bayramı necə keçirməklə bağlı göstəriş verilmir:

«Dində məcburiyyət yoxdur. Bununla bağlı Quran ayəsi də var. Zorla məcbur etmək olmaz. Baxır insanın əqidəsinə, imanına. Durub onu danlamayacaqsan ki... Prinsipcə, matəm ayında şadyanalıq etmək, toy-bayram eləmək olmur. Bu, artıq adətdir. Şübhəsiz uşaqlar da var. Yeni ildə Şaxtababa, Qar Qız elə məsələdir ki... Dində qəti şəkildə olmaz və ya olar yoxdur. Hər halda, bizdə dünyəvi dövlətdir də...»

PAYTAXT YOLKASI ÇOXDAN QURULUB

Dünyəvi dövlət olan Azərbaycanın paytaxtındakı küçə və meydanlardasa Yeni il yolkaları çoxdan qurulub. Baş yolka - ən hündür yolka Hökumət Evinin qarşısında – Azadlıq Meydanında ucalır. Uzunluğu 20 metrdir. Onun möhkəmliyini qorumaq üçün Rusiyadan xüsusi avadanlıqlar gətirilib.

Bu haqda AzadlıqRadiosuna Bakı şəhər Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

LİSENZİYALI ŞAXTA BABALAR DA HAZIR

Yolka ola, onun yanında Şaxtababa olmaya? Bakıda artıq otuza qədər lisenziyalı Şaxtababa və Qar Qız uşaqların-böyüklərin xidmətindədir.
Baş yolka - ən hündür yolka Hökumət Evinin qarşısında – Azadlıq Meydanında ucalır
Onlar balacaları əyləndirir, şəkil çəkdirir, mahnı oxuyurlar.

«Şəhərin bütün iri meydanlarında, parklarında, Heydər Parklarında şaxta babaların fəaliyyəti üçün yolkalar qurulub. Dövlət rüsumu üçün 60 manat müəyyən olunub. Həmin yolkaların qurulması üçün bizə müraciət edənlər 60 manat ödəməlidirlər. Onların lisenziya müddəti dekabrın 20-dən yanvarın 14-ə kimidir».

Əlabbas Bağırov deyir ki, onlar qiymətə müdaxilə etmirlər. Yəni Şaxtababa ilə şəkil çəkdirməyin qiymətini hər kəs öz istədiyi kimi müəyyənləşdirə bilər.

BAYRAMI MEYDANDA KEÇİRƏNLƏR OLACAQ

Dekabrın 31-də isə paytaxt əhli Baş yolkanın ətrafına yığışacaq. Bu son illərdə formalaşan ənənədir. Moskvada Qırmızı Meydanda, Londonda Biq-Benin, Parisdə Eyfelin ətrafında Yeni il qarşılanırsa, Bakıda Azadlıq Meydanında saat 12-dək canlı konsert və daha sonra atəşfəşanlıq olur. Bu il də həmçinin. Tədbirə şəhər rəhbərliyi ilə yanaşı yüksək vəzifəli məmurlar da qatılacaq.
«Yəqin 12-dən sonra gənclər davam edəcəklər. Onların istəyindən asılı olacaq».

BAYRAMDA QAÇANLAR DA OLACAQ


Amma son illər bir ənənə də yaranmaqdadır. Yeni il tətillərində ailələr ölkədən, ən azından şəhərdən çıxmağa çalışırlar. Azərbaycan Dəmiryolları on gün qabaqdan dekabrın 31-nə biletləri satıb qurtarıb. Məcbur qalıb iki xəttə əlavə qatar buraxacaq: Bakı-Böyük Kəsik və Bakı-Tbilisi istiqamətində.

Ölkədəki turizm agentlikləri deyirlər ki, son illər azərbaycanlılar Yeni ili Avropada, Türkiyədə qarşılamağa çalışırlar. Amma üstünlüyü Dubaya və Gürcüstana verənlər də çoxdur. Niyə? Sualımızı «Viktory tour» şirkətinin meneceri Nigar Cavadova belə cavablandırır:

«Gürcüstan Azərbaycanla vizasız rejimdə işləyir. Dubay isə daha rahat və ucuzdur. Viza alınması ucuzdur və iki-üç günə verilir. Ən çox ailəylə, uşaqla gedirlər».

Menecerin dediyinə görə, Dubaya bir nəfərin səfəri 300-400 manatdan başlayır. Amma bu başlanğıc qiymətdir.

«Baxır hansı oteldir, baxır neçə günlük gedirlər. Biletlərin qiyməti də müxtəlifdir, biletlərin qiyməti 180-190 manatdan başlayır. Ora və qayıdış. O da ən minimal klassdır. Otellərin qiyməti də müxtəlifdir. Gürcüstanda beşgünlük istirahət bir nəfərə 300 manata başa gəlir. Amma bu da başlanğıc qiymətdir».

Son illər azərbaycanlılar Yeni ili Avropada, Türkiyədə qarşılamağa çalışırlar
Menecer deyir ki, bölgələrə də səfər təşkil edirlər: Qəbələ, Quba, İsmayıllı, Şəki. Amma azərbaycanlılar bölgələrdən çox xaricə getməyə üstünlük verirlər. Bunu da Nigar Cavadova deyir və sirrini açır: qiymətlər az qala eynidir.

«Biri var başqa ölkədə eyni qiymətə istirahət edirsən, yüksək xidmət görürsən. Biri var bölgədə. Amma xaricilərdən də bölgələrə gedən olur...»

252 MANATA ŞƏNLİK


Bayram axşamı Bakını tərk etməyənlər də çoxdur. Onlar da üz tuturlar Bakıdakı istirahət mərkəzlərinə, restoranlara. Artıq internetdə, televiziyada belə şənliklərin anonsları yerləşdirilib. Dənizqırağında yerləşən istirahət mərkəzlərisə indidən unudulmaz əyləncə vəd edirlər. Yerli və xarici ulduzların iştirakı ilə. Qiymətlər 50, 80, 150, 200, 300 manatadır.

Məsələn, istirahət mərkəzlərindən biri «Eurovision»un qalibi, Ukraynadan olan Ruslananı dəvət edib. Onun çıxışı təxminən 30 dəqiqə davam edəcək. Proqramda Ukraynada başqa sənətçilərin çıxışı da vəd olunur. Menyuda isə müxtəlif salatlar və kabablar var. Tək bir nəfərin bu mərkəzdə şənlənməsi 252 manatdır.

«Şou 21:30-dan səhər altıya kimi davam edəcək. 618 nəfərlik yer var. Yer çatmasa, artırıla bilər».

Nərminə xalasa bayramı ailəsi ilə elə öz evində keçirəcək. «Yaxşı keçirəcəyik» deyir. Plov dəmləyəcək, dolma bükəcək. Həmişə olduğu kimi paytaxt salatı hazırlayacaq. Gəlini şirniyyat bişirəcək. Axşam da nəvələriylə Yeni ili televizorun qabağında qarşılayacaq. Sonra da qohumlara zəng edəcək:

«Ailəmizlə bir yerdə. Restorana zada gedən deyilik. Elə evdə oturacağıq. Kasıb adamlarıq, dövlətli deyilik».

Nərminə xala deyir ki, əsas könül xoşluğu olsun. Olsun.

Dekabrın 31-i təkcə il təzələnmir, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bayramlarınız mübarək!
XS
SM
MD
LG