Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

“Güneydəki türklərin yazılarını dünyaya çatdırmağa imkan hanı?”


Dünya Azərbaycanlı Yazarlar Qurumunun (DAYAQ) sədri Sayman Aruzun «Bizim yol» qəzetinə müsahibəsi (ədəbiyyatla bağlı bölümləri).


- DAYAQ güneyin türk yazarlarının səsini dünyaya çatdırmaq məqsədilə qurulan qurumdur.

Təzə fəaliyyətə başlayanda doğrudan da qurum güneyli yazarların bir neçə kitabının da ana dilimizdə nəşrinə nail oldu.

Amma elə bil bu məmləkətin suyumundandır, başqa qurumlar kimi sizin DAYAQ da tez parlayıb, tez də söndü.


- Biz bura çox böyük ümidlərlə gəldik. Amma burda ümidlərimizin doğrultmağa kömək edən olmadı.

Ən azından kitab məsələsinə toxunaq. Axı Güneydəki yazarların harayını dünyaya çatdırmaq gərəkdi.


"DAK-da toplaşanlar professorlar, iş adamlarıdır, hamısının geniş maddi imkanları var. Amma onların bir çoxu üçün Güneyin dərdi sanki şöhrətlənmək, özünə məqam qazanmaq üçün vasitədir".
Və bu missiyanı mən üzərimə götürdüm. Amma indiyə qədər işıq üzü görən 8 kitabın hamısını cibimin puluyla ərsəyə gətirdim.

Axı bu vəziyyətdə mübarizə aparmaq çox çətindi. Bu tısbağa yerişiylə məqsədə doğru çatmağımıza əsrlər gərək olacaq.

DAYAQ özü özünə dayaq dura bilmir. Güneydəki türklərin yazılarını biz dünyaya çatdırmaq istəyirik, amma hanı imkanımız?

Bir insanın gücü bu qədər işi təkbaşına etməyə çatmaz.

- Siz kimlərəsə kömək üçün müraciət etmisizmi?

- Güney Azərbaycanın problemiylə məşğul olan DAK-a və başqa qurumlara bu məsələylə bağlı dəfələrlə müraciət etmişəm.

Özü də DAK-da toplaşanlar professorlar, iş adamlarıdır, hamısının geniş maddi imkanları var. Amma onların bir çoxu üçün Güneyin dərdi sanki şöhrətlənmək, özünə məqam qazanmaq üçün vasitədir.

Yalnız P.Səbri Təbrizi üç kitbın çapına yardım etdi. Belə baxıram, Güney Azərbaycanın dərdini anlayan və bu dərdə yananlar çox azdır.

Bunun bir səbəbi var - iqtisadi durum. Arxasında iqtisadi güc dayanmayan ideologiya məhvə məhkumdur.

Bu gün Güney dərdinin üstündə biznesini quranlar var.

Belə insanlar DAK-da da var, başqa qurumlarda da. Azərbaycanlının dərdinə yanan azdır, amma bağıra-bağıra, pafosla vətənpərvərlikdən danışanlar çoxdur.

Bizim düşmənlərimiz belə təşkilatlara öz adamlarını yerləşdirirlər ki, istədiklərinə nail olsunlar. Belə pullu kölələr nə qədər desən var. İnqilabçı millətin haqqıyla alver etməz.

Belə qurumların tərkibində fəaliyyət göstərənlərin əksəriyyəti öz millətinin dərdinə cahil adamlardır.

Bu gün İran rejimi Əfqanıstandan, Pakistandan gəncləri təhsilə cəlb edir.

İranda təhsil alan bu gənclərə Turan mədəniyyətini fars mədəniyyəti, tarixi kimi öyrədirlər. Amma öz Azərbaycanımızda biz bu diqqəti, sevgini görmürük.

Hakim qüvvələr bu maraqda deyillər.

Niyə görə, ildə iyirmi-otuz nəfər güneyli gəncin təhsilini burda təşkil etmirlər. Amma burada gecə-gündüz fars filmləri nümayiş olunur.

Yavaş-yavaş Azərbaycanda farsca danışmaq bir səviyyə kimi görünür.

Fars müğənnisi Ququşun mahnısını oxumaq üçün müğənnilər elə bil yarışa giriblər.

- Hazırda AYB-nin Güney şöbəsində muşavir işləyirsiz. Fəaliyyətinizi necə qurmusuz?

- Vallah, doğrusu burda təzə başlamışam işə. Hər zaman AYB-də şair Fikrət Qocanın himayəsini duymuşam.

Amma bilirəm ki, AYB-dəki işim mənim arzularımın az faizini həyata keçirməyə imkan yaradacaq.

Çünki burda maddi imkan yoxdu. Eyni zamanda bilmədiyiniz problemlər də var.

Mən çalışacam ki Güneyli yazarları Güney şöbəsinin tərkibində bir araya gətirim ki ədəbi proseslərdə iştirak etsinlər

- Bəs Milli Kitab Mükafatına munasibətiniz necədir? Iştirak edəcəksizmı?

- Yox. Iştirak etməyəcəm. Doğrusu mənim bu ada etirazım var.

Bu musabiqə milli adını daşıya bilməz. Milli deyəndə bütöv Azərbaycan nəzərdə tutulmalıdı.

Yalnız Quzey Azərbaycanın iştirakı ilə keçirilən musabiqənin adının belə çağrılmasının özü anormallıqdı.

Bu yarışma, ya “Quzey Azərbaycan kitab mukafatı” adlanmalı idi, ya da hansısa bir dahinin adını daşımalıydı. Məncə tezliklə bu adı dəyişməlidirlər.

Özü də munsiflərin içində ədəbiyyatdan, sözdən kənar adamlar var. Mən öz əsərimi onların əlinə verə bilmərəm.

Mənim Şahbaz Xuduoğluna böyük hörmətim var. O, bir naşır kimi güclü işləyir və ədəbiyyata can yandırır.

Amma DAYAQ-ın “Qanun” nəşriyyatında çıxan kitablarında böyük səhvlərə yol verilmişdi.

Belə ki, güneyli xanım şairə Məlihə Əzizpurun şeiri mənim kitabımda çap olunmuşdu. Və bu mənə çox problemlər yaratdı.

Sizcə bu insafdan kənar bir addım deyildimi? Mən başa düşürəm, bu səhvlər ola bilər. Amma nəşriyyat daha diqqətli olmalıdır.

- Qabaqalar yalandan da olsa, “Təbrizim” deyib, “Arazım” deyib özünü “yandıran, öldürən” şairlər, yazarlar var idi. Amma getdikcə bu çağrışlar da eşidilməz olur. Buna baxmayaraq, o taydakı zindanlarda milli fəalların sayı artır.

- Siz şeir ilə real həyatı bir tutmayın.

Bunlar xəyallarında olan Təbrizə yazırdılar. Ayda yuzlərcə manat təqaudu alıb, isti yerdə oturub Təbrizdən yazmağa nə var ki?

Amma Güneydəki soydaşlarımız, həqiqi Təbrizlə, onun bütün sıxıntıları və zindanlarıyla birgə yaşayırlar. Onlar ana dilini yazıb-oxuya bilmirlər.

Yazanda da çap etmək olmur. Milli kimliklərini axtara bilmirlər. Təbrizim, Arazım deyəndə də adlarını mürtəd (dinə qarşı çıxan) qoyub öldürürlər, zindana salırlar.

Sonra isə zindanda oturub, göz tikirlər bu pafoslu çıxış edənlərə. Yazıqlar elə bilirlər bunlar, onlara nicat verəcəklər.

Bəhram Sürgün
XS
SM
MD
LG