Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:49

Elçin Hüseynbəylinin yeni romanının müzakirəsi başlandı


"Oxu zalı"nda müzakirəyə çıxardığımız növbəti roman Elçin Hüseynbəylinin "Yolayrıcında qaçış" əsəridir. Ənənəmizə uyğun olaraq müzakirənin əvvəlində romandan bir parçanı dərc edirik.



Elçin Hüseynbəyli

YOLAYRICINDA QAÇIŞ

(romandan parça)

...Məhəmməd poçtdan çıxanda qarşısında xalasını gördü. Züleyxa xanım bacısı oğlunu görcək yüyürüb onu qucaqladı:

- Səndən nigaran idim, dedi, ağlamsındı, bu partlayışlar çox günahsızın qanını tökdü.

- Nigaran qalmağına dəyməz. Mən iki gündür ki, şəhərə çıxmıram.

- Gedək, - deyə xalası onun qolundan tutub küçə qapısına tərəf çəkdi.

Məhəmməd xalasının ondan yana rahatsız olmasından, uşaq kimi kövrəlməsindən mütəəssir olmuşdu.

Ona görə də xalasının ərkyana hərəkətinə etiraz etmədi və taleyini həyatın axarına, daha doğrusu, xalasının zərif əllərinin ixtiyarına verdi.

Maşına oturdular. Qırmızı "Volsvagen"i xalası özü sürürdü. Yolboyu bir kəlmə də kəsmədilər. Yalnız bircə dəfə Züleyxa danışdı.

Boğaziçindən yuxarı Züleyxa Göyçəyin malikanəsinə gedən yolda xalası nəhri göstərib:

- Çox cansıxıcı mənzərədir, sanki balıqlar yasa batıblar, günəş də görünmür, dedi, mən Boğaziçini yayda xoşlayıram. Onda burda ağ yelkənli gəmilər üzür. Günəşin fonunda.

Maşın Nişantaşıdakı varlı malikanələrin dolanbaclarından keçərək, bir dəmir darvazanın qarşısında dayandı. "Bahar çiçəkləri" məhəllənin o biri üzündə qaldığından onu görmədilər.

Qapını açıb içəri keçdilər. Malikanənən geniş, amma cansıxıcı həyəti vardı. Sanki bura qara buludların kölgəsi düşürdü.

- Nə durmusan, keçsənə, deyə xalası əlindən tutub onu içəri çəkdi.

Malikanənin geniş dəhlizi vardı, dəhlizdən yuxarı mərtəbələrə pilləkənlər qalxırdı. Dəhlizdən o yanda böyük zal idi. Onlar zala keçdilər.

- Sən otur, mən bu saat gəlirəm, xalası dedi və mətbəxə keçdi.

Məhəmməd zala göz gəzdirdi. Otaq elə də zəngin deyildi: ortada böyük stolstul dəsti, onun üstündə güldan və gül, küncdə bar, barın qarşısında döşəmədə bəbir dərisi, divarda "Bahar çiçəkləri"ndə gördüyü "Boğaziçində günəş" rəsminin reproduksiyası.

Mətbəxdən xalasının səsi gəldi:

- Darıxmırsan ki? Xidmətçiləri bu gün evlərinə göndərmişəm, istəyirəm ki, özüm sənə qulluq edəm.

O darıxmırdı. Amma nigaran və həyəcanlıydı.

Xalası kim idi? Onun uşaqlıqda gördüyü gözəl Züleyxa, yoxsa İstanbulda hamının tanıdığı kimi Göyçək Züleyxa? Xalası mələk idi, yoxsa şeytan? Əməlisaleh insan idi, yoxsa fahişə, qız satan?

Və indi burda, xalasının zahirən dəbdəbəli, amma sadə evində onun nə işi vardı? İndi o, xalasının boynuna sarılsınmı, yoxsa anası dediyi kimi eləsin?

- Qəhvəmi, kofemi, şirəmi? - xalası soruşdu.

- Fərq eləməz, - cavabını verdi.

Xalası hər üçündən gətirdi:

- Hansını istəyirsən, seç.

Yuxarı mərtəbədən səs gəldi. Kimlərsə pillələrlə aşağı düşürdü. Bu, cavan bir kişiylə yaraşıqlı bir xanımıydı.

Məhəmmədə elə gəldi ki, həmin xanımı hardasa görüb, bəlkə də xalasının gözəllik salonunda.

Züleyxa Göyçək ayağa durdu və həmin adamlardan:

- Gedirsinizmi? - deyə soruşdu.

- Gedəsi olduq, bizdə heç nə alınmadı, - deyə cavan kişi mızıldandı.

Züleyxa xanım təəccübləndi:

- Necə yəni alınmadı?

Bu dəfə yaraşıqlı xanım cavab verdi:

- Telefon zəngləri onu rahat buraxmır. Məqamında kimsə kefimizə soğan doğrayır.

Cavan kişi:

- Biz yenə də gələcəyik, dedi, bəlkə gələn dəfə yaxşı oldu.

Züleyxa xanım onları darvazaya kimi ötürüb qayıtdı.

- Mənim arkadaşlarımdır. Müsafirim idilər. Yola getmirlər, istəyirdim ki, onları barışdırım.

Xalasının bu sözlərinin nə dərəcədə səmimi olduğunu anlamadı.

- Mən sənin şəkillərini tez-tez "Hürriyyət+"də görürəm, Məhəmməd qəfildən dilləndi.

- Şəkillərimimi?

- Hə. Müsahibələrini də oxumuşam.

- Onlar çoxdan olub. Son vaxtlar, mən o qəzetə nə şəkil vermişəm, nə də müsahibə. Yazarlarını da görməmişəm.

- Çoxdankı qəzetləri də görmüşəm, - Məhəmməd təmkinlə dedi.

- O, keçmişdə qaldı. İndi mən tamam başqa bir insanam, özümün də erkəyim var. Biz onunla evlənməyə hazırlaşırıq.

"Özümüm də erkəyim var". Bu söz Məhəmməddə qəribə assosiasiya yaratdı. Xalası hər dəfə "erkək" sözünü vurğulayanda Məhəmmədin qarşısında, sanki müəmmalı bir sirrin üstü açılırdı.

- Mənim çox ağır həyatım olub. Sən bunları bilmirsən. Elə bilməsən yaxşıdır. Yaxşısı budur, başqa şeydən danışaq. Məsələn, səndən. Sevgilin varmı? - Məhəmmməd başını buladı. - Burası yaxşı olmadı. Erkəyin sevgilisi olmalıdır. İstəsən, mən sənə əylənmək üçün rəfiqələrimdən birini verərəm.

- İstəmirəm. Mənimçün belə yaxşıdır.

Bir müddət dinməz oturdular. Məhəmməd həyəcandan barmaqlarının "quluncunu qırırdı".

- Barmaqlarına heyfin gəlsin, onları çox incitsən, qocalanda əsəcək...

Bu sözləri deyəndən sonra Züleyxa xanım mətbəxə keçdi və bir azdan əlində məcməyi qayıtdı.

- Sürpriz, deyə o, əlindəki paxlava və şəkərburanı stolun üstünə düzdü. - Onu dünən hazırlamışıq, sabah üçün, axı sabah bazardır və sən bizə gəlməliydin.

Züleyxa xanım dübarə mətbəxə qayıtdı və təzə çay gətirdi.

Bu zaman qapının zəngi çalındı.

Istanbul

- Kim ola bu? - deyə o, özözünə sual verirmiş kimi dedi və qapını açmağa getdi. Bir azdan Züleyxanın etiraz notları yüklənmiş səsi eşidildi.

- Yox, yox! Bu gün olmaz... Qonağım var... Bacım oğludur.

Züleyxa qapını döyən adamı evə buraxmaq istəmirdi. Amma, görünür, o, israr edirdi:

- Yalnız bir neçə dəqiqəliyə.

Nəhayət, çağırılmamış qonaq özünü içəri dürtdü. Bu, Mehmet bəy idi. Məhəmməd onu xalası ilə ilk görüşündə görmüşdü. Mehmet bəylə birgə içəri siqar və spirt iyi də doldu.

Xalasının erkəyi, yəqin, bu kişiymiş. Onlar yuxarı mərtəbəyə çıxdılar. Bir müddət onlardan səs çıxmadı. İçəridə nə baş verdiyini başa düşmək elə də çətin deyildi.

Qapalı otaqdan qadınla kişinin səsi gəlmirsə, deməli, başları özlərinə qarışıb.

Məhəmməd stolun üstündəkilərə əl də vurmamışdı. O, bura nahaq gəldiyini düşünürdü. Başqasının həyatına, hətta xalası da olsa belə, qarışmağa haqqı yox idi.

Amma bəs iman-din nə olsun? Ailəsinin namusunu, ləyaqətini kim qoruyacaqdı?! Hətta doğma evindən yüzlərlə kilometr uzaq olsa da.

Namus namusdur, onu hər yerdə qorumaq lazımdır. Anasını xatırladı. Onun daim qayğı və təlaş içində olan sifəti, hikkədən irilmiş gözləri xəyalından keçdi.

Anasının doğma bacısına qarşı qəzəbinin kökünü araşdırmaq istədi. Görəsən, bu qəzəb, hikkənin səbəbi doğrudan da Züleyxanın yüngül əxlaqıydımı, yoxsa başqa əsaslar vardı?

Bəlkə elə anası Məhəmmədi öz xalasını öldürmək üçün böyüdüb, onu İstanbula oxumağa göndərib.

Çünki Türkiyədə, özü də ilahiyyat fakültəsində təhsil almaq məqsədi və istəyi anasına məxsus idi...

Xalası da az aşın duzu deyildi. Bəlkə də anasına tez-tez zəng edib cırnadan, bacısının Türkiyədəki hoqqalarından danışan, Züleyxa Göyçək televizorda göstərilən zaman Fatimə xanımı xəbərdar edən də elə doğmaca bacısıymış, Züleyxaymış. Amma onun məqsədi nəydi?

Məhəmməd bütün bunları anlamırdı.

Anlamağa ehtiyac da yoxuydu. İndi onun sevimli xalası Züleyxa Göyçək qonşu otaqda cinsəl oyunlara baş vururdu...

O, pörtmüşdü, həyəcandan qıpqırmızı qızarmışdı. Neyləməli? Getmək istəyirdi, amma getməyə üzü gəlmirdi. "Niyə gəlmişdin və niyə gedirsən?" Düzdü, o, özü gəlməmişdi, onu gətirmişdilər.

Zorla olmasa da, gətirmişdilər...

Nəhayət, xalası pillələrlə aşağı düşdü. İndi onun əynində mavi xalat vardı, sinəsi yarıaçıq idi.

Azca qızarmışdı, yanaqları allanmışdı. Saçları dağılsa da, onu yenidən yığıb, arxadan bağlamışdı. Züleyxa çox gözəl idi.

O, erkəyinin gücünü ilk dəfə dadmış və bundan qürurlanan dişi canavarlara bənzəyirdi.

Məhəmmədə çatanda onun bu ovqatı yox oldu, daha doğrusu, bacısı oğlunun tutulduğunu görüb gərginliyi yumşaltmaq istədi:

- Ona fikir vermə, bir az içəndən sonra özünüsözünü bilmir. Erkəklərin hamısı belədir.

"Erkəklərin hamısı belədir". Yenə də "erkək?!" "Görən, onlar nə qədərdir?" Məhəmməd ürəyində fikirləşdi.

Bir azdan xalasının məlahətli və mülayim səsi qulaqlarını oxşadı, lap uşaqlıqdakı kimi:

- Amma sən bir dənəsən. Sən mənim şahzadəmsən, balaca şahzadəm. Gəl bura, gəl. Məhəmməd yerindən tərpənmədi. Gəl dedim, axı.

Xalası gəlib onun əlindən tutdu və ehmalca dartdı. O, qeyriixtiyari ayağa durdu, sanki kimsə onun yerindən qalxmağına kömək elədi.

Məhəmməd indi ruh kimiydi. Xalası onu yan otağa dartırdı. İçəri keçdilər. Bura geniş yataq otağıydı. Xalası çarpayıya uzandı.

- Sən də uzan.

Məhəmməd dartınmaq istədi, yəni dartınmaq ürəyindən keçdi. Amma dayandı. O yenə də kimlərəsə tabe olurdu. Xalası həminki gözəl idi. Uşaqlıqda ona ərə gedəcəyini vəd eləmişdi.

Züleyxanın sinəsi tamam açılmışdı, ağappaq budları mavi xalatının arasından görünürdü.

Şeytan Məhəmmədin başının üstündə durmuşdu və "uzan" deyirdi. Sonra həmin qüvvə ona hökm elədi: "Uzan!"

- Uzan böyrümdə, - xalası yarıpıçıltılı səslə onu səslədi. Və ehmalca qolundan dartdı.

O, xalasının böyründə uzandı. Züleyxa Məhəmmədin başını sinəsinə sıxdı.

- Mən çoxdandır ki, səni bağrıma basıb, öz doğma uşağım kimi yatızdırmaq istəmişəm. Axı mənim də uşağım ola bilərdi və sənə oxşayardı. Bəzən mənə elə gəlir ki, sən mənim oğlumsan.

Bəs Məhəmməd? Məhəmməd xalasının oğlu olmaq istəyirdimi?

Xalası onun saçlarını tumarlayırdı, üzündən, gözündən öpürdü, əlini onun təzəcə tüklənməyə başlayan sinəsində gəzdirirdi.

- Mənim erkəyim, mənim erkəyim sənsən. Kişilərin hamısı sənin bir dırnağına da dəyməz, - deyirdi.
Məhəmməd özü də bilmədən xalasını bərkbərk qucaqlayırdı, ona sarılırdı...

Hardansa düşən işıq yavaşyavaş yox olurdu... Onlar dərin və qaranlıq bir tuneldə ələlə gəzirdilər, dolanbaclarda dolanırdılar...

Birdən anası onların qarşısına çıxdı. Fatimənin saçı dağılmış, gözləri hədəqəsindən çıxmışdı... Əlində qanlı bıçaq vardı...

* * *

Məhəmməd qan iyinə oyandı. Gözlərinə inanmadı. Xalası alqan içindəydi.

Sıçrayıb ayağa duranda nəsə onun əlindən yerə düşdü. Bu, mətbəx bıçağıydı. O, xalasını öldürmüşdü?! Ola bilməzdi! O, xalasını öldürmədi.

Sadəcə onun böyründə uzanıb uşaq kimi yuxuya getdi... Bəlkə də huş apardı. Bu müəmmalıydı. Key kimi olmuşdu. Heç nə barədə düşünə bilmirdi.

Bir müddət özünə gələ bilmədi. Çarpayının ayaq tərəfində oturdu. Fikirləşdi. Polisə zəng eləmək olmazdı. Hamı ondan şübhələnəcəkdi. Dəlilsübut göz qabağındaydı...

"Azərbaycan" jurnalı
ROMANI TAM ŞƏKİLDƏ OXU

XS
SM
MD
LG