Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:41

Əsəd Qaraqaplan. AYO-nun sonu


Əsəd Qaraqaplan


AYO nədi..
.

Bir neçə il bundan qabaq bir neçə AYB-çi (Rasim Qaraca, Həmid Herisçi, Murad Köhnəqala və s.) ortaya belə bir fikir atdılar ki, guya onlar Azad Yazarlar Ocağı (AYO) adlı bir təşkilat yaradıblar.

Sonra bu adamlar Azərbaycan Yazıçılar Birliyindən – AYB-dən çıxdılar, ətraflarına özləri kimi bir neçə gənc və qoca da toplamağı bacardılar. Qəzetlərdə çap olundular, jurnalı, saytları oldu.

Daha çox Qərbə meyl eləyən bu adamlar, ağına-bozuna baxmadan, hər şeyi söyüb-batırmağa, heç bir əsas qoymadan, heç bir dəyərə tapınmadan, kor-koranə hərəkət etməyə başladılar.

60-70-cilərə söyə-söyə, yüz illərinin sınağından çıxmış uğursuz metodlara əl atdılar, içlərində pərəstiş, çöllərində qərəz, kin, nifrət oldu. Təbii bunlar şəxslərə görə də dəyişirdi, amma sonuc olaraq bu belədi.

AYO-nun “boz kardinal”ı Rasim Qaracanın əl atmadığı axırıncı yol qalmadı.

Ondan-bundan köçürüb “şeir” kitabları, ağzına gələni yazıb “nəsr” kitabı buraxdı. Hətta bunlardan qabaq “dünya ədəbiyyatında yenilik” eləyib, söyüşlərdən, arqo deyimlərdən ibarət bir “Türkün məsəli” də dedi. Özünü ədəbiyyatın təssübkeşi və təşkilatçısı kimi göstərdi.

Qısacası, bu adam ədəbiyyatdakı bütün uğursuzluqlarının qisasını ətrafdakı bir neçə sadəlövh adamdan istifadə etməklə almağa çalışdı. Bu adamlar da inanmaq istəmədilər. Necə ki, indiyə kimi də buna inanmaq istəmirlər.

Əslinə baxsan, bu, AYO dedikləri təşkilat Rasim Qaracadan ibarətdi, Rasim Qaraca AYO-dan. Yəni olmayan bir yazarın olmayan təşkilatı.

AYO uğursuzluğu

AYO-nu bir təşkilat halına gətirməyə çalışan birinci Murad Köhnəqala oldu. Amma o da həm təşkilati bacarığı olmadığından, həm də tez bir zamanda həqiqəti dərk elədiyindən uzaqlaşıb, çıxıb getdi.

Həmid Herisçidən, ümumiyyətlə, danışmağa dəyməz. Çünki burda ən çox oyun oynayan, ən çox öz adını tanıtmağa çalışam Həmid oldu.

Qalanları da ya oyun yolunu tutdular, ya sadəlövhcəsinə inandılar, ya da çıxıb getdilər.
İndi də yeni bir şou düzəldib, aləmi bir-birinə qatıblar ki, guya bəziləri AYO-nu parçalamağa çalışırlar.

Rasim Qaraca üzünü o adamlara tutub ki, onlar da özü kimi şou adamı, yalançı səs-küy sala bilən adamlardı. Ama məsələ bundadı ki, nədən söhbət etdiklərini özləri də bilmirlər.

Son olaraq sədr Aqşin Yenisey də bir yazı yazıb AYO-nun “gizli tərəf”lərindən bəhs etməyə çalışdı.

Bütün bu naratlıqlar birmənalı olaraq AYO-nun uğursuzluğunu göstərmirmi?.

AYO niyə olmayıb..

Əslində AYO AYB-in özü idi, daha doğrusu, AYB-in nəzdində yaranan bir filial, kiçik bir AYB idi.

Birinci, AYO-nu yaratdıqlarını deyənlər AYB-dən çıxmışdılar, həmin sistemin daşıyıcısıydılar. Halbuki adında “azad” sözü işlədən bir ədəbi təşkilat bütün bunlardan uzaq olmalıydı.

Bu, Türkiyə Cümhuriyyəti təzə yarananda Atatürkün Əhməd bəy Ağaoğluna öz hakimiyyətinə qarşı bir müxalifət partiyası yaratmağı tapşırmasına bənzəyir.

İnanmış adam Ağaoğlu da bunu yaradır – “Sərbəst Firqə Partiyası”nı. Ama sonralar öz səhvini başa düşüb, hər şeydən əl götürəndə də iş işdən keçmiş, Atatürk istəyinə çatmışdı. Yəni hakimiyyətə müxalif bir partiya yox, hakimiyyətin müxalifəti.

İkinci, başlanğıcdan bugünədək bu adamların hər biri bir havada idi.

Biri nə istədiyini, nə yazdığını bilməyən, qərəzli, kinli (Rasim Qaraca), biri solçu, millətçi, dinçi, ateist, kommunist, simvolist, surrealist, modernist, postmodernist (Həmid Herisçi), biri irfan düşüncəli (Murad Köhnəqala), biri “tamam ayrı” düşüncəyə sahib, biri də başqa.

Üçüncü, Rasim Qaracanın “həyat və yaradıcılığına” həsr olunmuş bu “təşkilat” qərəzə, kinə, nifrətə hesablanmışdı.

Dördücü, ortada çığır-bağırdan başqa heç nə yox idi. Yarandığını dediklərindən bəri, çox xırda istisnalarla, heç bir ciddi mətn ortaya qoya bilmədilər. Gözə az-çox dəyənlər də (məsələn, Rafiq Tağının yazdıqları) AYO-dan çox-çox qabaq var idi.

Beşinci, AYO AYB-nin kiçik modeli olduğundan, bütün “mübarizəsini” AYB-yə hesablamışdı. Hətta hər sözdə, hər əməldə o, AYB-ni reklam edirdi. O.Uayld demiş: “sən özün ol, başqalarından onsuz da var”. Yəni AYO özü deyildi.

Altıncı, bəziləri istedadlı olsa da, AYO-nun “yaradıcıları” və “üzvləri” porensial tükənmiş və ya tükənməyə meyilli adamlar idi.

Yeddinci, AYB kimi AYO da heç bir inanc sisteminə söykənməyib, kor-koranə, özünü belə tanımayan Qərbə qucaq açmasıdı.

AYO-nun “sonu”

Hər şey qarmaqarışıq, tərs adda olan bir ölkədə, əslində AYO-nun “var olması” heç də təəccüblü deyildi. Ama nə qədər olsa da, bu ölkədə hələ də gözü, beyni, hissiyyatı açıq olan adamlar var.

Sözü başa düşənlər, mətni bilənlər, həqiqi mücadiləni öz içində daşıyanlar qısa zamanda bu uğursuz adamları yerində oturtdular. Əslində nəyin necə olduğunu zaman (“40 gün”) özü göstərdi.

Son günlər də, yenə başda sayın Rasim olmaqla, yeni bir şou düzəldiblər ki, guya hər kəs işini-gücünü atıb, AYO-nu parçalamağa çalışır. Nə var, nə var, guya AYO-nun “qərarına” zidd olaraq Qan Turalı Milli Kitab Mükafatının ekspertlərindən olub, Həmid Herisçi həmişəki kimi tərəddüddədi və çəkişmələr, söyüşmələr və bu kimi bir neçə xırda səbəb.

Təbii olaraq ən çox narahat olan Rasim Qaracadı. Yazıq sədr Aqşin Yenisey qalıb qıraqda, Rasim düşüb ortaya, onu söyür-yamanlayır, bunu ittiham edir, günahlandırır və daha nələr... nələr...

Adama sual verərlər, əgər AYO var idisə, onunla bağlı çətin durum yaranıbsa, onda sıravi bir üzv (Rasim Qaraca) yox, sədr (Aqşin Yenisey) daha çox narahat olmalı, ortaya birinci çıxmalı deyildimi?

Ama Rasim bəy çox gözəl bilir ki, özündən ibarət olan AYO fikri dağılsa, onun da “bazarı bağlandı”. Aqşinə nə var, yenə gedib öz işiylə məşğul olacaq.

Bütün bunlar belə deməyə tam əsas verir ki, AYO yoxdu! AYO heç vaxt olmayıb, ola da bilməzdi! Sadəcə, AYO adı və başda Rasim Qaraca olmaqla, bir neçə tükənmiş və ya tükənməyə meyilli adamın yalançı çığır-bağırı var idi. Yel vurdu, yelkən apardı.

Vəssalam.
XS
SM
MD
LG