Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:21

CAVİDAN "Namə" (Romandan parça)


10-CU MƏKTUB
(Cavidanın "Namə" romanından)

İndi tez-tez dinlədiyim rok musiqisi kimi keçdi həyat.

Eləcə yanımdan keçdi.

Məni tanımadan, məni sevməyə macal tapmadan, məni dəyərləndirməyə gücü olmadan keçdi.

Haylı-küylü bir romantika – tam bir türk roku.

Hərdən mənə elə gəldi ki, var-gücümlə qaçıram, saçlarım qəfildən gözümə-üzümə toxunsa, kəsəcək qədər sürətlidir qaçışım, hərdən də eləcə yerlərə çöküb saçlarımla torpağı çırpır, dağıdır, ağrıdıram, sonra sürünüb sadəcə üzü göylərə çevrilmək, qollarımı yana açıb da gözlərimi yummaq, yağışları, yağışları, yalnız yağışları qəbul etmək qədər oldu dadı-tamı dünyanın.

Və hər səhər Günəşi salamlamaq, və hər axşam ürək dolusu sevgi yollamaq onunla dünyanın o tayındakı adamlar üçün...

Zaman – biz onu hiss elədiyimiz anlarda hakimdir sadəcə.

Onu duymadığımız vaxtlarda acizdi, ömrümüzdən, ruhumuzdan, hətta bədənimizdən qoparıb da aparmağa gücü yoxdu.

Zamanın necə keçdiyini bilməyənlər ona qalib gələnlərdi, inanıram.

Hətta Sən də darıxırsan, hətta Sən də Sənin olub Səndən gedənlərin bir gün mütləq
Sənə qayıdacağını gözləyirsən.

Bax, mən gəlsəm, bax, mən gələsi olsam yanına, bax, mən son versəm Sənsizliyimə, dönsəm də dərgahına, Allah qonağıyam desəm də qapının astanasında eşidəcəyim “kimsən?” sualına...qalxmazmısan oturduğun taxtından, adlamazmısan mənə uzanan yolların ən uzununu, keçməzmisən Cənnətin də, Cəhənnəmin də odundan-suyundan, basmazmısan bağrına ruhumu, ağlamazmısan xoşbəxtliyindən, sarılmazmısan zamanların həsrətlisi kimi, sevinməzmisən, sevinməzmisən, sevinməzmisən, de....

Orda, Sənə qayıtdığım anlarda dayanmazmı Zaman, durmazmı dünyaların məhvərləri, susmazmı Kainat???

Susursan...

Amma burada yağış yağacaq bir azdan, əminəm...
Mənim də gözlərim səmanın qaranlığındakı buludlar kimi doldu, ehh...

***

Anamın son zəngindən neçə gün keçmişdi, indi dəqiq yadımda deyil, amma Sən xatırlayırsan, mən Masyanın qapını döyəcləyən adama:

- Nə lazımdı? Kimsiz? Kim lazımdı? Nahidə kimdi? Nə Nahidə? – deyə yuxulu-yuxulu deyinməsinə oyandım.

- Nə olub orda?

- Nə bilim, deyir Nahidə lazımdı, debilin biridi.

Mən saçım-başım tökülə-səpilə birtəhər gözlərimi yarı-yarımçıq açıb qapıya
getdim, gözlükdən baxdım, uzun, arıq, qarayanız bir oğlandı, əsəbi və səbrsiz halda qapını təkrar-təkrar döyür, açmağımızı tələb edirdi.

- Ay xanım, mən bu evə pul vermişəm, vaxtımdan gedir, küçələrdə qalımmı indi? – deyə bağırdığı zaman ikimzin də yuxusu qaçdı və məncə, o anda biz ikimiz də eyni andaca eyni gözlükdəncə eyni bir gözlə baxıb hər şeyi anladıq.

O idi - iranlı tələbə!

Anamın dediyi kirayənişin...

Masya əsl orta statistik azərbaycanlı kişi vərdişiylə məni həmən yan otağa basdı və qapını açdı:

- Buyurun, Yusif, hə?

- Salam, - oğlanın da səsi gələndə mən artıq cins şalvarımın dəmir düyməsinə ilişən saçımın ucunu da hörüb qurtarmışdım.

- Deyirəm axı, sifət tanış gəlir, mən sizi görmüşdüm burda, indi yuxuluyduq, gərək başa düşəsiz, elə tezdən gəlibsiz ki, həm də xəbər eləmədən, - Masya yenə də tam bir azərbaycanlı kişi kimi əlini atıb oğlanın çantalarını, çemodanını içəri yığmağa başladı.

- Xoş gördük, - mən də dəhlizə çıxıb nəhayət ki, Mahsun Qırmızıgül adlı türk müğənnisinin oxşarını qarşıladım.

- Sən Aydəmisən? – gülümsədi.

- Aha, - mən də gülümsədim, amma ona yox, Masyanın üzündən dammağa başlayan zəhrimara.

- Fotonu maman görsətmişdi mənə, ondan bildim, - dedi, - Nahidə xanım gecə gələcək, mənə zəng eləmişdi, dedi “hökmən köç evə, yığış otağa, mən də çatdıraram özümü”. Mənim otağım hansıdı?

***

Düzü evimizin divarlarında keçmişlərin və indilərin müsəlman liderlərinin saqqallı-əmmaməli fotolarını görəcəyimi heç vaxt ağlıma-təsəvvürümə sığışdıra bilməzdim, amma budur, indi onlar buradaydılar və anamın otağındakı ikonaları düşünürkən, vaxtilə atamla birgə yaşadığımız evdəki divarlardan Leninin, Marksın, Engelsin, Stalinin saçlı, bığlı, saqqallı fotolarını da xatırlamaya bilmədim.

Yusif otağın palazını da yığıb səliqəylə bükərək balkona çıxarandan sonra öz əlləriylə döşəməni, divarları, pəncərə qıraqlarını, masanı, bir sözlə, otaqda onsuz da təmizliyindən par-par yanan hər şeyin hər yerini dodaqaltı nələrsə pıçıldaya-pıçıldaya sildi və daha sonra bir azdan gələcəyini söyləyib getdi.

Qayıdanda tək deyildi.

Özü kimi daha iki iranlı tələbənin köməyi ilə bir otaqboyu ağır xalçanı və bir sandığı gətirib dəhlizdə qoydu.

Sonra xalçanı otağa sərib, daşınmasından ağır olduğu görünən sandığı da bir tərəfdə yerləşdirdilər və oğlanlar getdilər.

Yusif isə üstündə yamyaşıl çəmənlik şəkli olan və bayaqdan boşaldılan, içindən paltarlar, kitablar, dəftərlər, canamaz, İran istehsalı olan yarımfabrikat kotlet qutuları çıxan saysız-hesabsız sellofanlardan sonuncusunu da açdı və qırmızı plastmas aftafanı götürüb mənim və Masyanın heyrətdən gipgirdə olan gözlərimizin qabağından keçib ayaqyoluna qoydu.

- Orda duş var daa, - Masya dözmədi, mən pıqqıldadım.

- Görürəm ki var, amma bu aftafanı hələ birinci kursa gələndə anam alıb qoyub şeylərimin arasına, yeddinci ildi Bakıdayam, hələ də saxlamışam, inşallah, gedəndə də aparacam özümlə, - Yusif gülümsəyib davam etdi, - bu xalçanı da gələndə gətirmişəm, hardan hara kirayəniş köçsəm də, daşımışam özümlə, ayağım altda öz xalçamız olsun demişəm, bu şəkilləri də...

- Bəs bu? – Masya sandığın üstünə oturub soruşdu.

- Dur! Dur tez! Tez dur, qız! – deyib Yusif Masyanı yəqin ki tutub sandıqdan uzaqlaşdırmaq üçün irəli getdi və çox yəqin ki ona toxunmaq istəmədiyi üçün havadaca əl-qol ataraq bağırdı.

- Noolub? Aaaa! – Masya altında yanan ocaq varmış kimi yerindən hoppandı, - noolub e?

- Bərəkət var orda, çörək var, başa düşürsən?

- Nəə? – ikimiz də ağzımızı nə boyda mümkündüsə, o boyda da açdıq.

- Lavaş var, lavaş bilmirsiz nədi? Anam qoyub, ordan gətirmişəm.

- Sən İrandan birbaşa bura gəlibsən? – Masya nəhayət ki, ağzını yığıb soruşdu, mən də dodaqlarım bir-birinə yapışan kimi udqundum.

- İrandan avqustda gəlmişəm, avqustun ortası olardı.

- A bala, indi oktyabrdı e, - Masyanın ağzı yenə açıldı, mən əlimlə qapadım dodaqlarımı.

***

Həmin gecə anam də gəldi tapıldı.

Səhərə kimi otağında Eyyub Yaqubovun “Azəri torpağının hamımız övladıyıq” mahnısına oynadı, axşam namazını qılıb sonra gəzməyə çıxan Yusifin gecə gəlib bizimlə “Titanik” filminə baxandan həmən sonra sakitcə otağına çəkilməsini həzm eləyə bilmirdi deyəsən, arada səsi gəldi, ucadan söyüş söyə-söyə Sevanı lənətləyib sonra ağlayaraq da bu gecə mütləq bura gəlməsini istəyib yalvardı.

Sonra Seva gəldi çantalarıyla, çemodanıyla və anamla qucaqlaşıb o ki var ağladılar, sonra da mətbəxə keçib içməyə başladılar.

Daha sonra da Eyyubun kaseti gəldi ortalığa, anam dedi qatarda birgə gəldiyi bir azərbaycanlı kişi bağışlayıb kaseti ona, çox yaxşı mahnılar var içində, elə kişi də çox yaxşı adammış, lap ilk baxışdanca anam oxşadıbmış onu kiməsə, sonra isə söhbət elədikcə anlayıblar ki, Sankt-Peterburqdan tanıyırmışlar bir-birlərini hələ, adam atamla dost imiş, amma sonra atam anama olmazın zülmlər eləməyə başlayanda bir qadına bu qədər əzab verməzlər deyə, illər boyu kəsdikləri duz-çörəyi belə gözünə almayıb atamdan incimiş, bir daha qapımızın kandarından içəri basmayıbmış ayağını, hətta daha sonralar anam atamın ona laqeyd münasibətindən, nə bir geyim, nə bir yemək almayıb hər şeyini qızı yaşında olacaq məşuqələrinə xərclədiyi günlərdə anam kimsənin yox, məhz həmin o ailə dostunun evinə getmiş, qulluqçusu olmuş, hər gün unitazını yumuş, arvadının ayaqqabılarını təmizləmiş, uşağının əskilərini dəyişibmiş.

Kişi də anama necə lazımdı hörmət eləyirmiş, pulu pul, geyimi geyim, ərzağı ərzaq...

Anamdı da!

Analar nağıl danışmazmı?

Bu da mənim anamın nağıllarından biri idi danışırdı...

***

Səhər dərsə getmədim.

Solçu gənclərin Qız qalası ətrafında keçirəcəkləri etiraz aksiyasına qatılmağı qərar vermişdim.

Nəyə və kimə etiraz etməkləri vecimə də deyildi, mənə bu aksiyada ola biləcək bircə insan maraqlıydı – İslam.

Onun da təşkilatçılardan biri olduğunu eşitdim, son vaxtlar barəsində deyilən “Dəyişib, ağlını-başını itirib, sektantlara qoşulub, jurnalistikanı da, rəssamlığı da tullayıb bir kənara, heç daha qızlarla da maraqlanmır, dostlarıyla da oturub-durmur...” kimi sözlərdən və son dəfə xəstəxanada halsız uzanmış halda gördüyümdən bəri ilk dəfə gözlərimə işıq, canıma taqət gəldi sanki.

Masya mənimlə gəlmədi, nə var e orda dedi, uzağı yenə polislər gəlib döyəcəklər tələbələri, bir-iki jurnalisti tutacaqlar, bir-iki avaranı saxlayacaqlar üzə, bir-iki dalı-qabağı bilinməyən süjet də göstərəcəklər xəbərlərdə-zadda, bir-iki də deyingən yazar söyəcək onu-bunu qəzetlərdə, vəssalam...

Getdi Tofiqi axtarmağa.

Mənsə İslamı...

***

Üstünə “Qarışqa həyatına yox!”, “Qara rəngə yox!”, “Ağır yüklərə etiraz edirik!”, “Susmağa yox!”, “Mütiliyə yox!”, “Miskinliyə qarşı çıxırıq!”, “Biz – insanıq, bizi yükləməyə, bizi tapdalamağa kimsənin haqqı yoxdur!” kimi şüarlar yazılmış plakatları daşıyan qırmızı köynəkli, qırmızı kepkalı oğlanlar, qızlar şəhərin hər tərəfindən birdəncə peyda olub səkiləri, divarları, daha sonra Qız qalasını qıpqırmızı rəngə boyamağa başladılar.

Adamlar başlarını bulayır, tüpürür, söyür, ya da sakitcə və maraqla seyr edirdilər.
Birdən bütün bu çığırtının, bağırtının içərisindən tükürpədici qadın qışqırığı eşidildi.

Bütün dünya susdu sanki o anlarda.

Hamı səsin gəldiyi səmtə baxdı, mən də.

İlahi!

Başından ayağınadək qıpqırmızı rəngə boyanmış arıq, uzun bir qadın çılpaq haldaca adamlara sürtünə-sürtünə qaçırdı.

Qadın başını tamam itirmişdi deyəsən, nə eləyəcəyini bilmədən qaçıb-qaçıb qalanı qucaqlamaq istəyirmiş kimi qollarını yanlara açaraq bütün bədəni ilə divara qısıldı.

Hər tərəfdən ona sarı axışan qırmızı kepkalı,qırmızı köynəkli oğlanlara, qızlara gözlərinin bir ucuyla baxınca da çevrilib üzü şəhərə sarı dayandı, birdən də tükürpədici səslə qışqırmağa başladı...

Səsindən bütün şəhər yerindəcə donmuşdu. Ona ən yaxın məsafədə Qırmızı aksiya iştirakçıları idi.

Onlardan sonrakı dalğa ardımızca maraq xatirinə qaçıb toplaşan şəhər camaatı idi – üsyançıların Qara qarışqalar dedikləri yəni.

Üçüncü dalğa isə qara geyimliləri aksiyaçıların, aksiyaçıları isə qadının üzərinə sıxışdıran polislər idi – qara-bozumtul rəngdə...
XS
SM
MD
LG