Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:55

Seymur Baycan. Azərbaycanda ziyalı problemi


(Mənbə: adyazar.az)


Bəlkə də sovet şairləri pafosla şair obrazını həddən ziyadə şişirtdikləri üçün bu gün biz şeir yazan, roman qaralayan yazar tayfasından göstərə biləcəklərindən daha artıq cəsarət tələb edirik.

Tez-tez tənqid və təhqir olunurlar. Susurlar. Bu tip yazılar olsa-olsa adı hallanan adamların bir az qanın qaraldır. Vəssalam.

Artıq yazıya öyrəşiblər. İmmunitet yaranıb. Xalq dilində desəm, üzləri qaşınıb. Ən pisi də budur.

Mən bu yazını şəxsi münasibətləri unudub yazıram. Aşağıda, az sonra adı çəkiləcək bir neçə adamla şəxsi münasibətim var.

Azərbaycan balaca yerdir. Ya vəlvələdən, ya da zəlzələdən müxtəlif tədbirlərdə, şənliklərdə qarşılaşırıq.

Hətta vəziyyət ağır olanda bəzilərindən pul da alıram. Deməli, şəxsi münasibətləri unudub keçirik reallığa.

Şah Qacar və Vaqif

Mövzunu xatırlayaq. Sovet şairləri şair obrazını çox şişirtmişdi. Məsələn, çoxlarının əzbər bildiyi, Azərbaycan teatrının səhnələşdirdiyi “Vaqif” daramını götürək.

Bir sovet şairi kimi Səməd Vurğun pafoslu olmağa məcbur idi. Amma bu əsərdə o, əsl ustalıq nümayiş etdirdi. İroniyasız. Yəqin bu misraları xatırlayırsız.

- Şair, hökmdarın hüzurundasan.
- Bunu sizsiz belə düşünürəm mən.
- Bəs baş əymədiniz?
- Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli.

Bəli, tarixdən az çox xəbəri olanlar bilir ki, Tiflisin altını üstünə, üstünü altına çevirmiş Qacarla bu tonda danışmaq olmazdı.

Adamın yeddi arxa dönənin dirildib divar dibinə düzərdi. Və üstəlik Qacarın qarşısında kim baş əyməsə yaxşıdır? Vaqif. Kim? Vaqif.

Mən ona görə yuxarıda Səməd Vurğunun bu əsərdə əsl ustalıq nümayiş etdirdiyini qeyd elədim.

Əslində bu misralar Qacarı və Vaqifi tanıyan adamlarda gülüş doğurmalı idi.

Əksinə, Azərbaycan oxucusu və tamaşaçısı bu əsəri çox sevdi. Mən də çox sevmişəm bir vaxtlar.

Hətta o dərəcədə ki, Lorkanın güllələnən zaman ağlayıb yalvarmasını oxuyanda çox pis oldum.

Bu faktı, Lorkanın ağlamasını, yalvarmasını uzun müddət həzm edə bilmədim.

Şeyx Nəsrullah və İsgəndər

Azərbaycan camaatının ziyalıya münasibətini Mirzə Cəlil (qəbiri nurla dolsun) “Ölülər” əsərində çox mükəmməl qələmə alıb.

Şeyx Nəsrullah ölüləri diriltmək üçün şəhərə varid olanda həmin ziyalıları, oxumuş adamları xəbər alır.

Onun qorxusu yalnız elmli adamlardandır. Qalanları hər an diz çökməyə hazırdır. Şəhərin oxumuş adamlarından biri, teleqrafçı Heydər bəy Şeyx Nəsrullahın ölü dirildəcəyinə şəkk gətirmir. İnanır.

Aha, biri tam zərərsiz intilgentdir. Şeyx Nəsrullah büsbütün arxayın olmaq üçün bir daha oxumuş adam xəbər alır.

Xalq deyir ki, biri də var, Kefli İsgəndər. Amma avaranın, sərxoşun biridir, onu it yerinə qoyan yoxdur.

Daha sonra İsgəndərin Şeyx Nəsrullahla söhbətində maraqlı bir məqama toxunur Mirzə Cəlil: “Bizim oxumuşlar sizdən ölü diriltməyi öyrənib alim olacaqlar”.

Xalqın İsgəndərə münasibəti Şeyx Nəsrullahla Şeyx Əhmədin söhbətində lap gözəl alınır.

- Bu İsgəndərdən heç gözüm su içmir.
- Heç narahat olma. Onu burda it yerinə qoyan yoxdur. Avaranın biridir.

Satılanlar və içənlər

Ziyalını sıradan çıxarmağın iki klassik forması var. Birincisi, onu titulla, ordenlə, öləndə Fəxri Xiyabanda basdırılmağı vəd etməklə, təqaüdlə satın alırsan. İkincisi, onun avara, alkaş obrazını yaradıb tam zərərsizləşdirirsən.

Yaxud elə şərait yaradırsan ki, o, çıxış yolunu içməkdə görür. Məsələn, İsgəndər kiçik qardaşının “sən niyə içirsən?” sualına belə cavab verir:

“Sən də mənim kimi oxusaydın, araq küplərinin dibində yatardın”. Azərbaycanda birinci formadan daha geniş istifadə olunur.

Daha dəqiqi, Azərbaycanda ziyalılar satın alınırlar, özləri özlərini satışa çıxarırlar. Özü də daha ibdar formada.

Elələri də var ki, həm satışa çıxırlar, həm də içirlər. Həm qəhrəman, həm də burjua kimi yaşamağı bacaranlar var.

Məsələn, az qala yarım əsrdir dar ağacına salam verən Rüstəm Behrudi. Dəbdəbənin içində Kefli İsgəndər olmağa cəhd etməyin özü belə qarşısında baş əyiləsi istedaddır.

Həqiqətən xalq Rüstəm Behrudinin əndirabadi münasibətlərini, şeytan və mələk mövzusunda binar söhbətlərini, intihar etmək istədiyi haqda nağıllarını sevir.

İndiki zaman-bic uşaq

Diktafonu qoy Azərbaycan ziyalısının qarşısına, sənə nədən deyirsən danışsın. 37-ci il repressiya qurbanlarından (Əkrəm Əylisli), Mirzə Cəlildən (Anar), Abşeronun ağ və qara şanısından (Elçin), Cavad xandan (Sabir Rüstəmxanlı), Qədir Rüstəmovdan, Rəmişdən, Üzeyir Hacıbəyovdan (Aqil Abbas), Hindarxına şəhər statusu verilməsindən (Rəşad Məcid), İrəvan xanlığından (Yaqub Mahmudov), yaralı Arazdan, Dəli Kürdən, Təbriz həsrətindən, xaç yürüşlərindən, Nobel mükafatından, “Molla Nəsrəddin” jurnalından, akvariumdan, okean balıqlarından, Qız qalasından…

Keçmiş və gələcəkdən danışmaq Azərbaycan ziyalısı üçün ilham mənbəyidir.

Elə ki, siz söhbəti günümüzə, indiki zamana fırlatsanız, onlar susacaqlar. İndiki zaman sanki, Azərbaycan ziyalısının bic övladıdır. İndiki zamanın Azərbaycan ziyalısının timsalında soyadı və atasının adı yoxdur.

Bütün yaxşılıqlara ölüm

Əlbəttə, söhbət Azərbaycan ziyalısının siyasi mənsubiyyətindən, hər hansı siyasi liderə simpatiya göstərməsindən getmir.

Məsələni bu qədər bəsitləşdirmək olmaz. Problem ondadır ki, Azərbaycan ziyalısı Fəxri Xiyabanda basdırılmaq, fəxri ad, “Şöhrət” ordeni və müxtəlif titullar almaq üçün özü, yaradıcılığı ilə bərabər həm də Üzeyir bəy Hacıbəyovu, cümlə Azərbaycan klassiklərini, Cavad xanı, Təbrizi, yaralı Arazı, Dəli Kürü, ümumiyyətlə, o taylı-bu taylı Azərbaycanı satışa çıxarır. Maqsud İbrahimbəyovun “Bütün yaxşılıqlara ölüm” adlı bir əsəri var.

Oxusanız da olar, oxumasanız da. Azərbaycanda şəhər və şəhər mədəniyyəti, dəniz ədəbiyyatı, dəniz mətbəxi, dəniz mifologiyası yoxdur.

Ona görə İbrahimbəyov qardaşlarının nə yaradıcılığı, nə də məlum hərəkətləri bizdə nə hiss oyadır, nə də qıcıq.

Biz onlardan heç nə ummuruq. Ummağa da haqqımız çatmır. Amma Cavad xandan film çəkən, bir vaxtlar meydanda başı sarıqlı nitq söyləyən, kitabı 200 min tirajla satılan Sabir Rüstəmxanlıdan nəsə ummağa, gözləməyə haqqımız çatır.

Çünki yazıçı, şair, publisist tirajdandıqca həm də başqalarının olur.

Və əgər sən xalqın hissləri ilə oynayırsansa, onun qəhrəmanları haqqında poema yazıb, film çəkirsənsə, bu məsuliyyət daha da artır.

Əgər Sabir Rüstəmxanlı Cavad xan haqqında yox, Gəncənin icra başçısı Eldar Əzizov haqqında film çəksəydi, ona qarşı münasibət də müsbət yöndə dəyişərdi. Mən müşahidə aparmışam.

Adamların Aqil Abbasa, Sabir Rüstəmxanlıya qarşı münasibəti Zəlimxan Yaqubla müqayisədə daha qəzəblidir.

Niyə? Səbəbi çox sadədir. Zəlimxan Yaqub dağdan, dərədən, güldən, çiçəkdən, məhəbbət dastanlarından, Aşıq Ələsgərdən, Kərəm yanğısından danışıb günün keçirir.

Onun Cavad xanla, Üzeyir Hacıbəyovla, Babəklə, Nəsiminin Hələbdə soyulmasıyla heç bir işi yoxdur. Savadı az, səmimiyyəti adlarını yuxarıda çəkdiklərimdən çoxdur.

Aqil Abbas isə “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” adlı roman yazır, amma Azərbaycan akademik musiqisinin banisi Üzeyir bəyin adı Musiqi Akademiyasından götürüləndə susur. Məntiqlə çadırda Üzeyir Hacıbəyov axtaran Aqil Abbas Musiqi Akademiyasından Üzeyir bəyin adı götürüləndə ən azı dükandan bir ülgüc alıb damarlarını doğramalı idi. İnanın, günü səhər Üzeyir bəyin heykəlini bulduzerin qabağına verib uçursalar, yenə də susacaq.

Çünki, danışmaq sərf eləmir. Danışsan, adama deputat mandatı verməzlər.

Şam əgər yanmırsa?

Bu sualın çox sadə, həm də orijinal cavabı var. Şam əgər yanmırsa, deməli, ya deputat təyin olunub, ya da oğlu vəzifədədir. Biz şamdan işıq sönəndə istifadə edirik.

Normal adamlar isə sevgi dolu görüşlərdə gözəl atmosfer, ələverişli şərait yaratmaq üçün şam yandırırlar.

Ürəkləri istədikləri zaman üfürüb söndürərlər. Məsələn, Şərqdə ilk demokratik respublikanın qurulmasıyla fəxr edənlər Rəsulzadənin abidəsi ucaldılacaq yerdə göbələk formasında fontan tikilməsini görmədilər və görəməyəcəklər.

Qəzalar

Pis çıxmasın, hərdən düşünürəm ki, nə yaxşı bir-iki adam vaxtında avtomobil, vertolyot qəzasına düşüb bizi tərk etdilər.

Nə bilmək olar, bəlkə də yaşasaydılar Rəfael Hüseynovdan, Nizami Cəfərovdan, Yaqub Mahmudovdan, Əkrəm Əylislidən daha betər günə düşəcəkdilər.

Məgər ən cığal adam Əkrəm Əylisli 70 yaşında “Prezident Aparatından zəng vurub məni təbrik etmədilər”, deyərək göz yaşı töküb hönkür-hönkür ağlamadımı?

Biz Anardan dissidentlik gözləyirdik, o, isə “Qalib gəldi, qalib getdi” adlı məqalə yazdı. Məgər Məmməd Araz, Xəlil Rza Ulutürk ulu öndərə şeir həsr etmədilərmi.

Yeri gəlmişkən, Ramiz Rövşən də Əbülfəz Elçibəyə şeir həsr etmişdi. Bu mənada Rüstəm Behrudi çox bacarıqlı, istedadlı, vəziyyəti dəyərləndirən şairdir. Adam həm Elçibəyə, həm də nə qədər qəribə olsa da Əli İnsanova şeir həsr etmişdi.

Aprımov

Aprımov soyadlı bir qazax rejissoru var. Nazarbəyov rejimindən baş götürüb Avropaya qaçıb.

Müxtəlif şəhərlərdə yaşayır. Qəzetlərdə tez-tez müsahibələr verib Nazarbəyovu kəskin tənqid edir.

Bu vaxta qədər Nazarbəyovu xeyli xərcə salıb. Aprımov müsahibələrindən birində jurnalistin “siz niyə Avropaya mühacirət etdiniz?

Məgər Qazaxstanda qalıb mübarizə aparmaq olmazdı?” sualına belə cavab vermişdi: “Mən Qazaxstanda qalsaydım Nazarbəyovun ya silahı, ya da pulu qarşısında susmalı olacaqdım.

Ona görə, Avropaya qaçmalı oldum. Qoy, qazax xalqı görsün ki, onun ziyalılarından biri satılmadı.

Mən həmən Aprımovam”. Ey, yuxarıda adı çəkilənlər, utanın. Əslində açıq danışsaq, bütün bu ittihamların bir cümləlik cavabı var.

Həmin cümləni, inşallah, özüm “Şöhrət” ordeni alanda deyərəm.

XS
SM
MD
LG