Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:39

Məlahət Yusifqızı (Qaramuradlı). Bizə gəlmişdi Xocalı
















BİZƏ GƏLMİŞDİ XOCALI

Başına yığıb ölü şəhərlərin ruhunu,
“Ölüm gününü”
bizdə keçirməyə gəlmişdi Xocalı.

Yumağa dönmüş canımla:
-Xoş gəldin!-dedim ulu ruhlara.
-Xoş gəldin!-dedim ölü ruhlara.

Ürətimdən çox şey keçdi,
əlimdən bir şey gəlmədi.
Bir qazan xörək bağladım adına
bu cümə günü.
Nə o yedi dövrəsinin ruhlarıyla,
nə mən daddım yanmış dilimlə.

Biz hələ də
dünyanı topa qoyası dərdimizlə
hansısa bir çarxın
başına fırlanmaqdaydıq.

...Məni tək buraxma!
Dişlərim şaqqıldayır,
üşüyürəm, Xocalı!
Novruza nə qədər qalıb?

26.02.2000


QARABAĞ QANDAN SONRASI

Heç qəza, qədər bilmədik,
Nə çəkdik hədər bilmədik.
Ölümə qədər bilmədik,
Nə bildik ondan sonrası.

Bu canla indi soy daşı,
Bir soyuq, bir də soy daşı.
Görmədik yarı, soydaşı,
Görsək də bundan sonrası.

Nə verdi bu sabah adı?!
Qadalar bundan dahadı.
Qanımız candan bahadı,
Qarabağ qandan sonrası.

Qaraya dözdük birtəhər,
Ağ günlər vermir bar-bəhər.
Geyindik, donu qan, qəhər,
Kəfəndi dondan sonrası.

Haqqa çək, ey tövbə bizi!
Qıçdan edib gövdə bizi.
Gözləyirik növbəmizi;
Bizimdi sondan sonrası.

08.12.1999


Pozuldu alnımın yazıları

Yad-yad sözlər üzdü alnımı,
Yad ayaqlar gəzdi alnımı,
yad izlər düşdü alnıma –
Pozuldu alnımın yazıları.

Eninə, uzununa,
tərsinə, düzünə,
min bir minnətlə,
dərdlə, möhnətlə yazılan alnım
bir çəkimdə yalandı.
Deyirlər «yazıya pozu yoxdu»,-
yalandı!...
Sürüşdü qaytanından bölük-bölük,
qırıq-qırıq.
Çırpıldı daşlara, düzlərə…
İlişdi çopur bənizlərə,
çəp-çəp gözlərə-
Pozuldu alnımın yazıları.

Dolandı ilan-ilan
iynələrin üzünə.
Jorab toxutdurdu yetən özünə
kələf-kələf,
yumaq-yumaq
alın yazılarımdan…
Pozuldu alnımın yazıları,
yaman pozuldu…

Bakı, 05.01.1982


Nə umacaqsan

Gündə, hər dəfə dönüb, başından çıxan huşam.
Demə, göz yumacaqsan.
Dağılmış yuvasının üstündən uçan quşam.
Məndən nə umacaqsan?!

Qanad çala bilmirəm bir səmtə, bir tərəfə,
Bircə can daşısam da, gəlirəm çox hədəfə.
Yuvam balalarım tək dağılanda hər dəfə,
Tanrıya qaçacaqsan.

Ümidin anasını düşmən ağladıb çoxdan.
Varmı yaradacaqsan hər var olmayan yoxdan?!
Boynun kəndirdən tutur, əl-ayağın çarmıxdan,
Sən də unudacaqsan.

Susmur,dayanıb, doymur yıxılan da, yıxan da.
Haqqına asi olma, haqqın əldən çıxanda.
Bir havalı daş gəlib, ocağını yaxanda,
Hey de ki, pir, ocaqsan.

Nə torpağa, nə suya, nə bu havaya əyil.
Haqqa döyülmək olmur, di dur, Şeytana döyül!
Get, uzaq dolan məndən, göylər də azad deyil,
Yollarda batacaqsan?!

29.03.2008.


Kişi əlləri

Bu kişi əli,-
Babamın əli.
Tumarı saçımdadı.

Bu kişi əli,-
Atamın əli.
Qabarı hələ də yadımdadı.

Bu kişi əli,-
Ərimin əli.
Barmaqları gözümdə,
izi boğazımdadı.

Bu kişi əli,-
Qardaşımın əli.
Parça-parça düşmənə ötürür Vətəni.
Ojağımızın başında düşmən gözəli.

Bu kişi əli,-
Oğlumun əli.
Böyüyənədək yaxamda,
böyüdümü uzaqlarda.
«İgid oğul dayısına oxşayar».

Bu kişi əlləri,-
Təklənmiş əllər.
Həyatdan aldılar məni.

Bu kişi əlləri
Uzandı tabutuma sarı
üzü qəbirliyə kişi karvanı.
(Eləmədiyinə yanan başların, ürəklərin)
Tabutuma uzanan əllərin
birliyi havasına öldüyüm gün
və ya öldürüldüyüm gün.
Karvanınız xeyir, kişi əlləri!
Sabahkı unutqanlığınız mübarək!

23.06.1999
XS
SM
MD
LG