Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:30

Mətanət Vahidova "Bir günə yeddi qətl" (Hekayə)


(Gündə ən az bir nəfəri öldürmək istəyi gəlir ürəyimdən...)


Yox, Cavid bu gecə yenə yata bilməyəcəkdi. Yataqdan qalxmadan öncə Rənanın yanağından öpdü, yorğanla üstünü yaxşıca örtdü.

- Yenə niyə durdun? - yuxulu-yuxulu soruşan arvadına “Nəsə yuxum qaçdı, bir az televizora baxım, sən yat” cavabını verdi.

Uşaqların da otağına baş çəkdi. İlkin yenə həmişə olduğu kimi, yatanda dişlərini bir-birinə sürtüb xırçıldadırdı.

Əti ürpəndi, “İlkin, ay İlkin, dişlərini xırçıldatma, ata qurban” deyə əyilib oğlunun üzündən öpdü, qızının açıq qalmış qolunu adyalın altına salıb, saçını sığalladı, onun da alnından öpüb otaqdan çıxdı.

Televizorun kanallarını ələk-vələk etsə də, zövqünü oxşayan bir veriliş tapmadı. Gecəyarı efirlərini bəzəyən qorxulu və porno filmlər, müğənnilərin oxumaqdan çox bədənlərini nümayiş etdirdikləri açıq-saçıq kliplər, pul tələsi olan mənasız və məzmunsuz oyunlar onluq deyildi.

“Niyə görəsən bütün axmaq verilişləri gecəyə saxlayırlar?” deyə düşündü. Ardınca da gülümsünüb “Yəqin ona görə ki, ağlı başında olan adamlar gecələr yatırlar, televizora baxmırlar” fikri gəldi beyninə.

Yerli kanalların birində dünəndən bəri yüz dəfə verilmiş xəbəri təkrarən ingiliscə izlədi.

Düşmən ərazisində qəhrəmanlıqla həlak olmuş iki şəhidimizin cəsədini bir neçə aylıq danışıqlardan sonra nəhayət ki, Vətənə gətirirdilər.

Xalq sevinir, bu ağır işi həyata keçirə bilən insanlara minnətdarlığını bildirirdi. Cavid isə bu cəsədlərin qaytarılmasına sevinməkdən çox, millətin bu kimi şeylərə sevinməli olmasına kədərləndi, acıdı xalqının bu acınacaqlı halına.

Növbəti dəfə dilxor olub televizoru söndürdü. Onu hər şeydən çox yandıran bütün olub-bitənlər qarşısında aciz durumda olması idi.

Hər üzünü çevirib baxdığında başqalarının, ya da çoxlarının göz yumub keçdiyi haqsızlıqlar gözünə, ürəyinə batırdı.

Rastlaşdığı haqsız durumlarla mübarizə aparmağını heç kim birmənalı qarşılamırdı,

“Don Kixotluq eləmə, sən Allah, sal başını aşağı, işinlə məşgul ol, belə eləyəcəksən işdən atacaqlar səni, balaların qalacaq ac.

Onsuz da bir sənin mübarizənlə dünyanın işləri düzələsi deyil” - deyə məzəmmət edirdilər onu.

Dostları, həyat yoldaşı onu yaxşı başa düşürdülər, haqsızlıqlara göz yuma bilməyən vicdanlı adam kimi dəyərləndirirdilər də.

Amma yel dəyirmanlarına qarşı təkbaşına mübarizənin mənasız olduğunu hamısı qəbul etmək məcburiyyətində idi - yaşa dolduqca, uşaqları böyüdükcə elə Cavid özü də.

Bu da onu aqresivləşdirirdi.

Noutbuku açıb internetə qoşuldu. Hər gün olduğu kimi, yenə ədəbiyyat saytlarını bir-bir nəzərdən keçirdi, yeni yazıları birər-birər oxudu, bəzilərinə şərh də yazdı. Ədəbiyyat aləmindəki çəkişmə də zəhləsini tökmüşdü.

AYO AYB-ni bəyənmir, Samid Seyrçi Rza Yanarın bostanını daşlayır, təsisçilər ədəbiyyatda brend davası edir, nə bilim, nə... Hamısını oxuyub

“Bunlar da ədəbiyyatı şou-biznesə çeviriblər” deyə düşünərək internetdən çıxdı. Bir-iki saat özünün yarımçıq qalmış məqaləsi üzərində çalışıb yoruldu.

Əsnədi, gərnəşdi, oturmaqdan beli ağrıdı, saat 7-yə işləyir, artıq səhər açılırdı.

Bu gün universitetdə dərsi saat 11-də başlayırdı, o vaxta kimi bir-iki saat yatıb yuxusunu ala bilərdi.

Onsuz da qar yağandan bəri tələbələr üç gündür dərsə gəlmirdilər, yollar buz bağlamışdı.

Yatmazdan əvvəl bir stəkan kəkotu çayı içmək pis olmazdı. Mətbəxə keçib süzülmüş sudan çaynikə doldurub qaz plitəsinin üstünə qoydu.

Divanın üstündən Rənanın yun jaketini götürüb çiyninə ataraq eyvana çıxdı. İsti evdən soyuq havaya çıxmağın da öz ləzzəti var.

Düzdür, evin belə istilənməsi Cavidə baha başa gəlir, elektrik qızdırıcı ayda otuz-qırx manata qədər “pul yazır”, amma neyləməli, uşaqları xəstələndirməyəcək ki.

Dan yerinin sökülməsini seyr etməyi uşaqlıqdan sevir, hələ qar yağanda bu, adama bambaşqa bir zövq verir.

Hər tərəf bəmbəyaz qar, eyvanların damlarından sallanan sırsıralar, donmuş yolda hərəkət etməyə çalışan tək-tük gözə dəyən maşınlar...

“Şəhər noyabr ayından qışa hazırlaşır, amma yenə fevralın əvvəli yağan ilk qar şəhəri üç gündür ki, iflic edib. Bəxtimiz gətirib ki, bizdə ildə cəmi bir, ya iki dəfə qar yağır, Allahın yazığı gəlir bizlərə, vallah.”

Bütün problemlərə baxmayaraq, ətrafın bəmbəyaz gözəlliyi ruhunu oxşadı, ürəyində Allahın yaratdığı gözəlliklərə şükr etdi.

Düşündü ki, görəsən bu binadan ilk çıxan, bu gəlinlik donu kimi bəmbəyaz qarın bağrına ilk ayaq basan kim olacaq?

Onunla olsa, heç gəzməz qarın üstü ilə, ayaqlamaz bu gözəlliyi. Aşağıdakı eyvandan qab-qacaq səsi gəldi, sonra qonşudakı tibb bacısı Sara xanımın iri yun şalla sarınmış başı göründü, ”şaaart” deyə bir səs gəldi və qonşunun başı çəkildi eyvandan.

Cavid gördüklərinə inana bilmədi. Ağappaq qar üstündəki narıncı şorba qalıqları, əyri-üyrü vermişellərlə ləkələnmiş bəyaz gəlinliyə oxşayırdı.

Cavid elə bildi o şorbanı qarın üstünə yox, onun başına tökdülər. Bir göz qırpımında əlini uzadıb üçüncü mərtəbədəki Sara xanımın xirtdəyini əlinə keçirdi, boğazı sıxıldıqca “burax, neyləyirsən, burax” deyə yalvaran qonşunun sözlərinə fikir vermədi.

O qədər sıxdı ki, arvadın canı çıxdı. Yalnız bu vaxt əlləri boşalan Cavidin hirsi soyudu. İçəri keçib nə edəcəyini bilmədi.

Bir az var-gəldən sonra tez-tələsik əynini dəyişib, paltosunu geyərək astaca qapını açıb evdən çıxdı.

Xırçıldayan qarın üstü ilə addımladıqca nə edəcəyini götür-qoy etməyə çalışırdı. Adam öldürmüşdü, amma qəribəsi bu idi ki, heç peşman da deyildi. Baş alıb gedirdi pay-piyada, hara olduğunun fərqi yox idi – yetər ki, cinayət yerindən mümkün qədər uzaqlaşsın.

Evindən bir-iki saatlıq məsafəni uzaqlaşmışdı artıq.

Üstündə “50% endirim” sözü yazılmış ayaqqabı mağazasının yanından ötüb keçmək istəyərkən ayağına su keçdiyinin fərqinə vardı.

Qeyri-ixtiyari mağazaya daxil oldu. 22-23 yaşlarındakı satıcı oğlan nəzakətlə ona yanaşıb “buyurun” dedi.

- Sabahınız xeyir.

- Salam. Buyurun, eşidirəm sizi. Nə isə almaq istəyirdiniz?

Cavid gəncə cavab verməzdən öncə ayaqqabıların qiymətini sürətlə gözdən keçirdi.

Heç də ucuz olmayan ayaqqabıların qiyməti onun cibindəki pula və ümumən qazancına uyğun deyildi.

Yenə özünü tox tutaraq “hə, baxmaq istəyirəm, bəlkə xoşuma gələn bir çəkmə oldu”,- deyə cavab verdi. Vitrinə yanaşıb malları nəzərdən keçirdi.

Gözünün tutduğu ayaqqabını əlinə götürərkən satıcı oğlan malını təriflədi: ”Bu, türk malıdır, üstü timsah dərisindəndir, altı da çox dözümlü materialdandır, götürsəniz, peşman olmazsınız.”

Oğlan bu sözləri elə mədəni, elə mülayim söyləyirdi ki, imkanı olsaydı, Cavid dərhal pulunu verib çəkməni alardı.

Amma 95 manat onunçun çox baha idi. Bir neçə ayaqqabıya baxandan sonra üstündə 50 manat qiyməti olan bir çəkməni götürdü: ”Bu çəkmələr endirimlidir?”

- Hə, endirimlə 25 manat edir. Alırsınız?

Cavid çəkməni ayağına geyinib yoxladı, pis deyildi, “götürürəm” dedi.

Satıcı oğlan ayaqqabını əvvəlcə qutusuna, sonra sellofan torbaya qoydu. Cavid 25 manatı ona uzadarkən içəridən müdir gəldi.

“Hə, süfdə sənnən” deyə alıcının üzünə gülümsünüb oğlana uzanan pulu özü aldı, pulları vitrindəki ayaqqabıların üstü ilə gəzdirib “sifdəmiz bərəkətdi olsun” dedi. Onun bu hərəkəti Cavidə gülünc gəldiyindən istehza ilə “Bərəkəti Allahdan gözləmək lazımdır” cavabını verdi.

Ayyaqqabını götürüb çıxmaq istərkən müdir satıcısından acıqla “nə aldı bu?” deyə soruşdu. Oğlan Cavidin aldığı ayaqqabı modelini müdirinə göstərdi.

- Alə, sənün başun xərəb oluub? Xəstəsən, aləə? Bu ayaqqabının qiymeti igirmi beş manatdu, çoban?

Cavid qeyri-ixtiyari geri dönüb baxdı. Satıcı asta səslə endirimlə satdığını deyəndə müdiri üstünə şığıdı.

- Nə endirim, alə? Endirimlə ancaq astatkaları verirüg. Başuva at təpiib? Çobansan, alə?

Satıcı oğlan susub başını yerə dikmişdi.

- Buna bax ey, nə qoyun kimi başını salıb aşağı.

- Bağışlayın, səhv etmişəm.

- Nə bağışduyun, alə, ubıtqamı sən ödiceysən? Mən begəm burda atonçun xeyrat verirəm?

Cavidi müdirin kobudluğundan çox bəlkə də, satıcı oğlanın acizliyi əsəbiləşdirirdi – özünü müdafiə edə bilməyən adamdan zəhləsi gedirdi. Qəzəbini basıb sakitcə
onlara yanaşdı:

- Yaxşı, götürün ayaqqabını, mənə əlli manata sərf eləmir, pulunu qaytarın gedim.

Müdir əlini cibinə atıb əsəbi halda 25 manatı ona uzatdı. Cavid aralanarkən qəzəbi daha da kükrəyən müdir satıcının üstünə şığıdı:

- Baax, sənün ucbatunnan süfdəmiz korrandı, hindi gəl bu gün alver elə görüm necə eliyirsən, qazan görüm necə qazanırsan.

Müdir satıcının çənəsinin altına girib “Çobansan da, çoban,- deyə bağırırdı, - denən ki, mən çobanam”. Cavid mağazadan çıxmaq istəsə də, qapının ağzında ayaq saxladı.

- Eşitmirsən, alə, denən ki, mən çobanam.

Satıcı oğlanın gözləri doldu, bu rəzaləti qüruruna yedirə bilməsə də, illərdir yataq düşkünü olan xəstə anasını göz önünə gətirdi, yaş damlası yanağı ilə yuvarlandı.

- Eşitmirsən, alə, arvad kimi zırıldama, denən ki, mən çobanam.

- Mən... mən ço... çobanam – deyə satıcı oğlanın kəkələyərək pıçıldaması ilə Cavidin yumruğunun müdiri aşırması bir oldu. Cavid ona yerdən qalxmağa imkan vermədi, bir təpik, daha bir yumruq, daha bir təpik...

Hirsi-hikkəsi soyumurdu. Vurduğu hər yerdən qan fışqırsa da, döyülən dil boğaza qoymurdu, “sənin .....” deməsi ilə Cavid onun başını tutub yerə çırpdı, bir də, bir də çırpdı... ta müdir son dəfə xırıldayana kimi.

Ətrafında qan gölməçəsi yaranmış cəsədin yanından qalxdı, dəhşətdən bərəlmiş gözlərilə onlara baxan satıcı oğlana yaxınlaşarkən o qorxub geri çəkildi.

Cavid üzbəüz dayanıb məzəmmətlə onun düz gözlərinin içinə baxdı. Satıcı qorxaqlığına görə qınandığını başa düşüb “bu işə çox ehtiyacım var” deyə pıçıldadı.

- “Məzlum ən böyük zalımdır” – bilirsən bunu kim deyib? Satıcı mat-mat gözlərini döyürdü. – Hardan biləsən, ay yazıq, - baxdı, baxdı və təəssüflə başını bulayıb getdi.

Sübhdən bəri bir adam öldürməsinin dərdini çəkirdi, indi ikinci qətli törətmişdi. Amma indi səhər olduğu qədər məyus deyildi, artıq onunçun fərqi yox idi, bir, iki, üç və ya daha çox.

İslanmışın yağışdan nə qorxusu? Daha qorxmurdu. Artıq olan olub.

Gün ərzində gəzdi, dolaşdı. Deyəsən, ömrünün bu günkü səhifəsinə iri hərflərlə “QƏTL” sözü yazılmışdı.

Hara gedirdisə, ancaq dözüb davam gətirə bilmədiyi və sonu ölümlə nəticələnən hadisələrlə rastlaşırdı.

Bu gedişlə axşama kimi daha bir neçə qətl törətdi: sərnişinlərin xahişinə baxmayaraq, dinlədiyi bayağı mahnılara yüksək səs verən, “əcəb eliyirəm, kimin xoşuna gəlmir, düşüb başqa avtobusa minsin” deyə yekəxanalıq edən marşrut sürücüsü; dənizkənarı bulvarda qazlı su içəndən sonra şüşəsini dənizə atan cavan oğlan; kafedə çörək yeyənlərin “yanımızda arvad-uşaq var, zəhmət olmasa, siqareti söndürün” deməsindən sonra da qəhqəhə çəkərək “alə, pul verirəm, nə istəyirəm, onu da eləyirəm” deyə kobudluq edən dazbaş kişi; metroda qadının çantasından telefonunu oğurlayıb qaçan cibgir; zibil torbasını zibil yeşiyinin içinə yox, yaxınlığına tullayan cavan oğlan üçün bu gün əcəl Cavidin timsalında gəlmişdi.

“Əslində mənim günahım yoxdur, - deyə düşünürdü, - hər kəs səhvini boynuna alıb üzr istəsə idi, başqalarıyla insan kimi mədəni, alicənab, nəvazişli davransaydı, gözəllikləri yıxıb-dağıtmağa yox, qoruyub-saxlamağa çalışsaydı, mənim kimlə nə işim olardı ki.”

Çox yorulmuşdu Cavid, lap çox. Üst-başı da qan içindəydi, heç işə də gedə bilməmişdi bu gün.

Evə necə gəlib çıxdığını bilmədi, yaxşı ki, arvadı, uşaqları yoxuydular evdə, harada olduqları indi ona heç maraqlı da deyildi. Keçib divanın üstündə elə paş-paltarlı yatdı.

Ertəsi gün arvadı Rənanın səsinə ayıldı:

- Cavid, ay Cavid, dur canım, dur. Səhərə kimi oturub yazıb-oxuyursan, səhər açılanda da yuxu aparır səni. Barı yatanda gəl öz yerində yat da, divanda niyə yatırsan? Sonra da deyirsən belim ağrıyır.

Cavid gözlərini döyürdü, dünən yeddi haqsız adamın qanına bulanmış əllərinə baxdı – tərtəmiz idi, elə paltarları da həmçinin. Daha doğrusu əynində dünən yatmazdan öncə geyindiyi qış pijaması vardı. Heç nə başa düşmədi, kim yudu əllərini, kim dəyişdi üst-başını?

- Bəs?.. – nəsə soruşmaq istədi, amma ardını gətirə bilmədi.

- Həə, işdən qalmağını deyirsən? Səhər çox çalışdım səni oyadam, ayılmadın. Mən də götürüb dekanınıza zəng vurdum, Hacı müəllimə dedim ki, Cavid xəstələnib, bu gün gələ bilməyəcək. Neyləyim, daha deməyəcəkdim ki, yuxudan oyada bilmirəm. Hacı müəllim də sağ olsun, dedi ki, narahat olmayasan, biri səni bu günlük əvəz edər.

Cavid hələ də heç nə başa düşə bilmirdi. Rənasa üst-üstə xahiş edirdi:

- Nooolar, Cavid, get içəridə yat da. Bu gün axırıncı iynəmdir, indi arvad gələcək axı.

Sözün ağzından çıxması ilə qapının zənginin çalınması bir oldu, Rəna “dur, əzizim, dur” deyə dəhlizə keçdi.

- Hə, gəlin, Sara xala, salam, gəlin.

Cavid yerindən qalxıb mat-mat dəhlizə sarı baxdı. Rəna ilə birgə otağa daxil olan

Sara xanım həmişəki ədasıyla salamlaşdı:

- Salam, ay qonşu. Xəstələnmisiniz deyəsən, rənginiz solub.

- Hə, əşi, bu Cavidin işi heç deyiləsi deyil, - qonşu arvadın Cavidi pijama ilə görməsindən utanan Rəna gülümsündü, - yatıb qalıb divanda, özü də üstü açıq, indi də soyuqlayıb. Gecələr o qədər oxuyur ki, özünə heç yazığı gəlmir.

Cavidsə Sara xanıma cavab vermək əvəzinə, ehmalca başı ilə salamlaşdı, heç nə anlaya bilmirdi, nəfəsi çatmırdı.

Yataq otağına deyil, eyvana çıxdı, qış günəşi gözünü qamaşdırdı. Əyilib binanın qarşısına baxdı. Artıq səhərki bəyazlığından, saflığından əsər qalmayan, əriyib palçığa qarışmış qarın üstündə narıncı rəngli vermişellər olduqca iyrənc görüntü yaradırdı.

yanvar.2011
XS
SM
MD
LG