Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:57

İsmayıl İsmayılov "Şeytan əməli" (Hekayə)


Yerimdə eşələnməkdən lap bezmişəm. Köhnə divanımın cırıltısı başımı ağrıdır. Yatmağı çox sevirəm.

Hərdən mənə elə gəlir ki, elə əsil həyat yuxuda keçir. Ara-sıra beynimdə əmələ gələn ciddi fikirlər isə yuxumu pozur.

Deyərsiz ki, ay zalımın oğlu, fikir nədi, zad nədi?

O boş başda heç nə əmələ gələ bilməz.

Əlbəttə mən başımın boş olduğunu inkar etmirəm, amma mütəfəkkir olmaq üçün bəzən ağıllı olmaq da gərək deyil.

Diogenin tanınmış olması onun məhşur çəlləyinin hesabına baş verib. Tanrı Diogenə çəllək yetirib, mənə də bir köhnə divan…

Öz köhnə divanımda heç də Diogendən geri qalmayan dahiyanə düşüncələrə dalıram. Sonuncu fikir yığnağı sol və sağ əllərin qarşılıqlı təmasından ibarətdi.

Deyərsiz ki, a kişi, o divanda uzana-uzana belə dərin fəlsəfi ideya sənin ağlına necə gəlib?

Boynuma almalıyam ki, hərdənbir divanımı tərk edib adam arasına çıxıram ki, fikirlərimi camaata çatdırım.

Nəsə iş elə gətirdi ki, bir yas məclisinə düşdüm. Məclisi aparan molla yaman xoşuma gəldi.

Hər yerdən vurdu çıxdı, nəysə yetişdi sol və sağ məsələsinə. O sağ əlin sol əldən üstünlüyü barədə uzun-uzadı söylədiyi sözləri təsdiqləmək üçün çoxlu əşyayi-dəlil gətirdi: sağ əl Allah-taalaya yaxındı, sol əl isə şeytan əməlidi.

Molla hətta elə bir misal çəkdi ki, bütün məclisdəkilər və mən özüm də buna qarşı heç nə deyə bilmədim.

Onun sözləri indiyə kimi qulağımdadı: “ Ay camaat, süfrədən iraq, heç ayaqyoluna necə getdiyinizi yada salırsınızmı? Aftafanı hansı əllə götürürsünüz?

Əlbəttə ki, sağla. Bəs qalan işi necə görürsüz? Belə nəlayiq işlə məşğul olan sol əllə heç salavat çevirməkmi olar? “

Elə o gündən sol əl gözümdən düşüb. Mən məclis əhlinə öz dahiyanə fikirlərimi heç cür çatdıra bilmədim, çünki sağ və sol problemi məni təbdən çıxartdı.

Axı bu şeytan əməli niyə belə nəlayiq iş tutur? Əhvalım elə pisləşib ki, özümün gözəl köhnə divanımın cırıltısı da mənə pis təsir edir.

Sol əlimi bilmirəm necə saxlayım ki, gözümə sataşmasın.

Yuxum da pozulub. Belə görkəmli adamın belə xırda məsələ ilə məşğul olması bütün millətə dəyən mənəvi zərbədi.

Üstəlik də bu problemi qabardan başqa bir dərd əmələ gəlib.

Düz 10 gündü ki, bizim məhəlləmiz susuz qalıb. Hər hansı ərəb ölkəsində suyun olmamağı olmağından təbii görünərdi.

Susuzluqdan əzab çəkən ərəblər aylarla çimməməyi qəbahət saymırlar. 1 litr su 1 neçə litr benzindən baha olur.

Su yoxdu, vəssalam. İndi bizdə də su qıtlaşıb gecələr gəlirdi. Birdən birə isə tam kəsildi.

Beynimdə ildırım sürətilə hərəkət edən zərrəciklər susuzluq kimi xırda məişət problemi ilə toqquşaraq həlli olmayan ziddiyət yaradıb.

Yerli camaat qorxu vəziyyətindədi. Özü də ki, elə bil hamı bir-biriylə mehribanlaşıb.

İllərlə öz qonşuları ilə müharibə vəziyyətində olan qadınlar ümumi bəlanın ləğvi üçün sülhə gəliblər. Bu vəziyyətə baxanda milli inkişaf konsepsiyası yaratmaq üçün böyük imkanlar hiss edirəm.

Nə edirlər etsinlər, bircə mənlə və divanımla işləri olmasın. İmkan versinlər ki, solumuz və sağımızla məşğul olaq.

Yenə bir iki gün nisbətən sakit keçdi.Sonra isə məhəlləni səs bürüdü.Xüsusilə arvadların hay-küyü mənim rahatlığımı pozdu.

Əşi, o su idarəsi, o da siz. Məndə işiniz olmasın. Heç su zad da istəmirəm, ayaqyoluna da getmirəm.

Birtəhər keçinərəm. Arvadlar bir yana qalsın, məhəllənin avara kişiləri də fəallaşıblar.

Biri deyir ki, təxribatdı, seçkiləri pozmaq istəyirlər. O birisi deyir ki, suyu kəsiblər ki, bizi burdan köçürtsünlər.

Hələ məndən də yapışıblar ki, bir ərizə yaz, çünki sənin imzan olsa bu işə tez baxılar.

Bu camaata imkan versən deyərlər ki,su olmamağının günahı ya qaçqınlardadı, ya da göy əkənlərdə.

Bircə boynuma almalıyam ki, susuzluq işlərimə əngəldi. Odu ki, istər-istəməz bu işlə məşğul olmalıyam.

Qoy elə düşünməsinlər ki, divanda otura-otura heç nədən xəbərim yoxdu. Küçəmizin bütün işlərini bilirəm.

Məhəlləmizə su təşkilatlarının bütün mötəbər şəxsləri gəliblər. Orada-burada da eşələniblər, amma heç bir izah verə bilməyiblər. Nə olsun ki, vəzifədə oturublar? Bəlkə də su xətti haradasa partlayıb.

Sabah da gələcəklər ki, pul ver, təzə xətt çəkirik.Mənim kimi görkəmli şəxsiyyətdən də pul istəyərlər? Arvadların mitinq keçirtmək fikrindən də xəbərim var.

Ay allahın yazıq bəndələri, bəyəm bilmirdiniz ki, gecə-gündüz suyu boş yerə axıdanda, kranı bağlamağa tənbəllik edəndə bir gün susuz qalacaqsız?

Bu susuzluq Allah-taaladan gələn bəladı. Sizə görə mən də əzab çəkirəm, yoxsa suyu neyləyirəm ki?

Gündə uzağı bir-iki dəfə divanımdan düşüb azacıq sudan istifadə edirəm. Kranı da bərk-bərk bağlayıram ki, birdən gecə axmağa başlayar və yuxumu pozar.

Heç eybi yox, bir qədər səbrli olmaq gərəkdi. Mənə görə Tanrı sizi də bağışlayar.

Bu nə fısıltıdı? Səsi mətbəxi bürüyüb. Yoxsa krandan gəlmək istəyən suyun xəbəridi? Məhəlləmizi çığırtı başına alıb.

Yox, deyəsən məni rahat düşünməyə qoymayacaqlar. İndicə həyət qapısına çıxıb bütün xəbərləri öyrənəcəyəm.

Əşi, əməlli-başlı mitinqə bənzəyir. Bu cür dahini narahat edən və onu öz divanından ayıran səbəb aydındı.”

Yaxşı oğlanlardan” birisi bizim məhəllədə ev alır. Görür ki, həyətindən yekə bir su borusu keçir.

O öz rahatçılığını itirir. Ürəyində fikirləşir ki, iti görüm, qurdu görüm, o borunu görməyim.

Özü kimi bir “ağıllını” çağırır(qonşudan qaynaqçını) və borunun ağzını bağlatdırır.

Bir şirvanı da basır cibinə ki, ondan razı olsun və bu sirri qorusun. Ay-hay, ölmüşdü xankişi.

Bəyəm İsgəndərin buynuzu gizli qaldı? Onun da xəbəri yayıldı. Biz bəyəm divanda oturub çörəyi burnumuza yeyirik?

Bunun bağladığı boru bu boyda camaatın səs-küyünə səbəb olub. Heç qoyarlar ki, rahat yaşasın? Mitinq də həmin “yaxşı oğlanın” qapısı qarşısında idi. Onu daha bir şirvan tərləməyə məcbur etdilər.

Qaynaqçı öz apparatı ilə gəlib borunu bərpa etdi və sevinə-sevinə pulu aldı. Aha, su artıq axmağa başlayır. Bəs bu kimdi?

Vallah, a kişilər, bizim məhəllə bir balaca mikrokosmosdu. Hər cür insan var. Bax, o qabaqda əlində boru parçası olan və “Ay camaat, suyu kəsən bu idi bu!”- deyə çığıran şəxs, bəlkə məndən də güclü mütəfəkkirdi.

Bircə yazığın köhnə divanı yoxdu. Ona görə də inkişaf edə bilmir. Ürəyimdə fikirləşirəm ki, biz insanlar pisin və ya yaxşının nə olduğunu bilmirik.

Düşmüşük kiminsə üstünə ki, bizim suyumuzu özümüzə qaytar. Heç qaynaqçını fikirləşmirik .

Bu iş olmasaydı, o yazıq, 2 şirvanı haradan qazanardı?

Onun uşaqları bütün məhəllənin qəzəbinə səbəb olan şəxsə dua oxuyurlar, çünki bir neçə gün qarnıtox gəzə biləcəklər.

Siz elə bilməyin ki, belə dərin fikirlər küçə qapısında əmələ gəlib. Xeyr, mən artıq öz divanımdayam. Səs-küy də azalıb.

Başımın ağrısı da kəsilib. Nəzərlərim ya tavanı, ya da divarları gəzir.

Gözdən düşmüş sol əlimi sığallayıram. Əsil həyata qayıdaraq bərk-bərk yuxulayıram...

Mediaforum
XS
SM
MD
LG