Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:07

ABŞ səfirliyi B.Hacıyevin həbsi ilə bağlı bəyanat verir


Martın 7-də ABŞ-ın Azərbaycandakı səfirliyi Bəxtiyar Hacıyevin və digər gənc fəalların həbsi ilə bağlı bəyanatla çıxış edib.

Yayılan açıqlamada qeyd edilir ki, səfir Matthew Bryza və ABŞ-ın Azərbaycandakı səfirliyi martın 4-də Bəxtiyar Hacıyevin Gəncədə həbs olunması, xüsusilə də onun zorakılığa məruz qalması, hüquqi yardım almasına imkan verilməməsinə dair məlumatları yaxından izləyir.

“Biz Azərbaycan hökumətini proses zamanı qanunun icrasına, Azərbaycan qanunverciliyi ilə cənab Hacıyevin hüquqlarının qorunmasına, o cümlədən, ehtiyac varsa, ona hüquqi və tibbi yardım almağa imkan verilməsinə çağırırıq. Səfirlik cənab Hacıyevin işi və saxlanma şəraiti ilə bağlı məlumat əldə etmək üçün müvafiq dövlət qurumları ilə əlaqə saxlayıb. Biz bu və son vaxtlar həbs olunmuş başqa gənclərin işini yaxından izləməkdə davam edəcəyik” – deyə sənəddə qeyd edilir.

Azərbaycan rəsmiləri Bəxtiyar Hacıyevin saxlanarkən işgəncələrə məruz qalması barədə xəbərləri inkar edirlər.

Amma vəkili Elçin Namazov bildirir ki, o, martın 7-də tibb işçilərinin də iştirakı ilə Bəxtiyarın bədənində xəsarət yerlərini aktlaşdırıb. Vəkil həm də bildirib ki, B.Hacıyevin ona işgəncə verməkdə ittiham etdiyi şəxslərin məsuliyyətə cəlb edilməsi barədə şikayət verib.

Bəxtiyar Hacıyev Facebook şəbəkəsində “11 mart – Xalq Günü” adlı qrupunun yaradıcılarındadır. Bu qrup 30-dən çox internet istifadəçisinə dəvətnamə göndərərək onları martın 11-də Azərbaycan hakimiyyətinin fəaliyyəti ilə bağlı internetdə müzakirələrə dəvət edib.

ABŞ-ın Harward Universitetinin məzunu B.Hacıyev sonuncu parlament seçkisində deputatlığa namizəd idi. Seçkidən dərhal sonra onu hərbi xidmətdən yayınmaq ittihamı ilə iki dəfə saxlamışdılar. Bu iş üzrə cinayət işinə görə onun Gəncəni tərk etməsinə qadağa qoyulmuşdu. Polis Bəxtiyarın keçən həftə həmin qadağanı pozduğu üçün saxlandığını iddia edir.

Amma vəkilləri və ailəsi əslində Bəxtiyar Hacıyevin siyasi baxışlarına görə həbs olunduğunu bildirirlər.

Martın 7-də Amnesty International da Azərbaycanda gənc fəalların həbsini pisləyərək, Azərbaycan hakimiyyətini onların 11 marta təyin etdikləri dinc etiraz aksiyasına mane olmamağa çağırıb.
XS
SM
MD
LG