Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

Rəşadət Axundov 5 sutkalıq cəza aldı


Martın 8-də saxlanan gənc fəal Rəşadət Axundov Xətai rayon məhkəməsinin qərarı ilə 5 sutkalıq inzibati cəza alıb. Onu Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasında aparıblar. Bu haqda AzadlıqRadiosuna Rəşadət Axundovun atası Fikrət Axundov məlumat verib:

Müsavat partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı da martın 8-də həbs olunub. Onu Qaradağ rayon 11-ci polis bölməsinin əməkdaşları saxlayıb. O avtoxuliqanlıqda ittiham olunaraq Qaradağ rayon məhkəməsinə aparılıb. Qardaşı Qədim Soltanlı deyir ki, bundan sonra onun haqqında hər hansı məlumat əldə edə bilməyib. Qaradağ rayon məhkəməsindən də məlumat verilmədi.


POLİS DAHA İKİ FƏALI SAXLAYIB


Müsavat fəalı Səxavət Soltanlı Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi tərəfindən saxlanılıb. Rəşadət Axundov isə Bakı Əyləncə Mərkəzinin qarşısında ata və anası ilə birlikdə olduğu vaxt saxlanılıb.

Səxavət Soltanlının qardaşı Qədim Soltanlı deyir ki, qardaşı 11-ci polis bölməsindədir. Bölmədən deyiblər ki, o, avtoxuliqanlıq edib.

Rəşadət Axundovun ailə üzvləri isə onun kimlər tərəfindən saxlandığını müəyyən edə bilmirlər. O, qara rəngli avtomobillə aparılıb. Mülki geyimli şəxslər valideynlərinin avtomobilinin açarlarını zorla alıb ki, onları təqib edə bilməsinlər.

Saat 16 radələrində Rəşadət Axundov 37-ci polis bölməsinə gətirilib.

POLİS RƏŞADƏT AXUNDOVU SAXLAYIB

Martın 8-i saat 14.00 radələrində 10-a yaxın mülki geyimli şəxs gənc fəal Rəşadət Axundovu saxlayıb.

Xəbəri AzadlıqRadiosuna onun nişanlısı Türkan Hüseynova verib:

«10 nəfər mülki geyimli şəxs Rəşadəti Bakı Əyləncə Mərkəzinin yanından götürüb aparıblar. Ailə üzvləri də onun yanında olubmuş. Onlardan maşının açarını alıblar ki, arxasınca gedə bilməsinlər».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə isə bildirib ki, məlumatı araşdıracaq.

SƏXAVƏT SOLTANLI DA SAXLANIB

Martın 8-i səhər 10 radələrində Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlını polis saxlayıb.

Xəbəri AzadlıqRadiosuna Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Tural Abbaslı verib.

O deyib ki, Səxavət Soltanlını polislər yolda tutub Qaradağ rayon 11-ci polis bölməsinə aparıblar.

Səxavət Soltanlı
Qaradağ rayon 11-ci polis bölməsinin növbətçi hissəsindən isə AzadlıqRadiosuna bildiriblər ki, onlar Səxavət Soltanlı adlı şəxsi saxlamayıblar.

Səxavət Soltanlının qardaşı Qədim Soltanlı isə deyir ki, qardaşının saxlanma xəbərini eşidəndən sonra 11-ci polis bölməsinə gedib:

«Növbətçi hissədən soruşdum, dedilər burdadır. Əvvəlcə dedilər izahat alıb buraxacaqlar, sonra isə dedilər ki, buraxmaq fikirləri yoxdur. Mülki geyimlilər üç gün idi ki, evimizin ətrafında fırlanırdılar».

Qədim Soltanlı deyir ki, qardaşının saxlanma səbəbləri haqqında ona heç bir məlumat verməyiblər.

Bundan əvvəl - martın 4-də polis AXCP Gənclər Təşkilatının üzvü Dəyanət Babayevi saxlayıb. Ona 10 sutka cəza verilib.

Gənclərin saxlanmasının partiyanın martın 12-ə planlaşdırdığı mitinqlə bağlı olduğunu bildirir.
XS
SM
MD
LG