Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:20

Zərdüşt Şəfi "Nuhun tufanı" (Hekayə)


“Başqa adamlar” kitabından “Meşə-adam” və ya

NUHUN TUFANI

(hekayə)

***

Adamlardan uzaqda, Böyük Səhranın ilğımlı üfüqlərində Günəş yaz həsrətindən saralmış payız yarpağı kimi göylərin gözəgörünməz saplağından qopub qüruba düşürdü.

Günəşdən çox uzaqda, Böyük Səhranın ilğımlı çöllərində, Allahla ayrı-ayrı dünyalarda yaşayan adamlar bir anlıq da olsa işlərini saxlayır, başlarını qaldırıb üfüqdə parıldayan sarımtıl şəfəqlərə baxır, gözlərini qıyıb, əlləri qaşlarının üstündə bu möhtəşəm qürubu izləyirdilər.

O isə həm adamlardan, həm Günəşdən uzaq qalan, Böyük Səhranın ilğımlı çöllərinin sevimli varlığı, bax indi çevrilməli, adam olmalı idi, ancaq ola bilmirdi.

Onun əvvəlki bədənindən indi bircə gözləri qalmışdı- balaca bir qamacın körpə budaqlarında, xəfif yeldə titrəyən, həyat dolu yarpaqlar.

O yamyaşıl gözləri ilə batmaqda olan Günəşi izləyirdi.

Ümid edirdi: bir gün kökləri ilə ətraf torpaqları qucaqlayaraq özünü çoxaldacaq, qamac-qamac pöhrələyib artacaq, artdıqca bədəninin digər hissələrini bərpa edərək bir gün yenə adam ola biləcəkdi.

Bu onun nağılıdı.

1

O, Böyük Səhranın ilğımlı çöllərində vur-tut əlli-altmış qocaman ağacdan ibarət kiçik bir vahə idi.

Kövrək və cavan qamaclar, təpələrdə bitən kollar onun bu balaca ərazisini bəzəyir, ona sıx meşəlik görünüşü verirdi.

O meşə-adam idi, ancaq adamlar onu bu səhraların ən qorxulu ilğımı kimi tanıyırdılar.

O heç vaxt digər adamlar kimi ola bilmirdi. Günəş batan kimi güclü kökləri ilə qucaqladığı yeddi qat torpağı buraxıb adam olurdu.

Ağacların, kolların daşlı-kəsəkli kökləri, gövdələri, yenicə pöhrələmiş zoğları yığılıb onun bədəninin əzələ və damarlarına çevrilirdilər.

Torpağın altından sovrulub üzə çıxan, göz-göz qaynayan, qaynadıqca cənnət qoxuyan bulaqlar qıpqırmızı qana dönüb bu damarlarda dövrə vururdu.

Yarpaqlar onun gözlərinə, çiçəklər ürəyinə yığılır, onu tamamlayırdı.

Bax beləcə meşə çevrilib adam olurdu.

2

O bir qız sevirdi. Yaylığının altında, sarı-qızılı saçlarında payızı, baxarkən adamdan qaçırdığı göy gözlərində göyləri gizlədən, məhəbbət rəngli dodaqları olan bir qız.

Sinəsi süd, yanaqları yaş qoxulu odunçu qızı kəndin gözüydü.

Ağappaq dərisi və kəndçi qızına irad tutula biləcək incə bədəni vardı.

Pəncəsinin altında qalan qarışqa ölməz, tapdadığı ot qırılmaz, gecələri pəncərə önündə dayanıb həsrətli gözlərini üfüqə dikəndə Ay çıxmazdı- pəncərə arxasından yusyumru sifəti bulud arxasında Ay kimi işıq saçardı.

Hər axşam qız uzun günün yorğunluğunu soyunub yatağına girəndə torpağın ona bir qədər də yaxınlaşdığını sanardı.

Uzandığı yerdə, otağının dar nəfəsliyindən içəri girən kəskin qoxunun artdığını hiss edər, qorxardı. Ancaq evdə nə qardaşlarına, nə də atasına torpaqdan qorxduğunu izah edə bilməzdi.

Bütün günü qızmar günəş altda tarlada və həyətdə bel büküb torpağın nazını çəkəndə belə torpaqdan gələn bu ətiri hiss etmirdi.

Elə bil qoca dünyada nə torpaq vardı gecələr yığılıb onun pəncərəsi önünə gəlirdi. Neçə dəfə çıraq yandırıb artırmaya çıxmış, heç nə görməmişdi.

Ancaq hiss eləmişdi ki, çıraqdan düşən işığın qaranlığında nəsə gizlənir.

O yanılmamışdı. Hər gecə adam olan kimi, meşə-adam hansı uzaqlıqda olur olsun özünü kəndə yetirir, odunçu qızının artırmaya açılan qapısı qarşısında, divara söykənib sabaha kimi oturur, bəzən qalxıb dar nəfəslikdən qaranlıq otağa baxırdı.

Qız artırmaya çıxıb ətrafa baxanda isə həyəcandan ürəyi döyünür, özünü qaranlıq gecənin içində gizlədirdi.

Belə gecələrin sabahı, hələ dan yeri sökülməmiş meşə-adam var gücüylə qaçmağa başlayırdı.

Qaçıb evdən uzaqlaşmasaydı ev onun genişlənərək kol və ağaclara, onların köklərinə çevrilən, çevrildikcə budaq-budaq Allaha ucalan bədəninin altında qalıb əzilərdi.

O qaçırdı, qaçırdı, qaçdıqca hardasa uzaqlarda Günəşlə yüklənmiş ilk işıq zərrəsi torpağa toxunurdu və onun dabanları toxunduğu yerdə qalırdı, şişirdi, böyüyürdü, böyük bir təpəlik yaradır, bu təpədə xırda kollar bitirdi.

Bax beləcə o qaça-qaça, qaça bildiyi məsafəyə uzanan meşəlik olur, hissə-hissə, budaq-budaq, yarpaq-yarpaq bölünürdü.

3
Böyük Səhranın yeganə kəndinin adamları onu “sərxoş ilğım” adlandırır, onu sevmirdilər.

Onun hər gün səhranın bir başında meydana çıxması onları qeyri adi sehrli qüvvələrin mövcudluğu ilə qorxudur, hətta bəzən onların yollarının üstündə olsa da adamlar meşə-adamın torpaqlarına ayaq basmır, onun başına dolanaraq ondan yan keçirdilər.

Yalnız odunçu qızı ondan qorxmur, hardan-hara uzanır-uzansın, hər gün günortaya yaxın Böyük Səhranın ucsuz-bucaqsız çöllərində onu tapırdı.

Qız ağacların arasında gəzir, çiçək toplayır, yerə yatıb ibadət edən ağac budaqlarından sallanıb uçunur, meşə-adamın sinəsindən qaynayan, qaynadıqca da ətrafa sərinlik yayan sularından içirdi.

Bəzən hətta qoynunda uzanıb, başını ağacların köklərinə qoyub, saçlarını bulağın gözünə açıb yatırdı da.

Belə anlarda Meşənin sevinci Allahın altında dünyaya sığmırdı: yüksəlib-yüksəlib Ona toxunur, O da həmişəki kimi gülümsəyirdi.

Bax onda onun bütün bədəni sevgilisinə təmasından titrəyir, vüsaldan çat verən həsrətin dodaqlarından mamırlar və göbələklər, çiyələk və moruqlar bitir, qızın dörd bir tərəfini basır, onu qoruyur, yarpaq əlləri, qönçə barmaqları ilə yatmış gözəli əzizləyirdi.

Gözlərini açanda harda olduğunu unudan qız bir anlıq özünü itirir, sonra gülümsəyirdi. Həmişə bu meşə onun gəlşini bax belə bayram edirdi.

Qız evə qayıdanda ətrafındakı göbələkləri, çiyələk-moruqları, böyürtkənləri yığıb qurtara bilmirdi.

Heç kimin qorxudan getmədiyi meşədən qız beləcə həmişə əli dolu qayıdır, kəndin bütün uşaqlarına giləmeyvələr paylayırdı.

Bəzən böyüklər də onun gətirdiyi meyvələrin dadına baxır, hətta tərifləyirdilər də.

Ancaq o uzaqlaşan kimi bütün kənd onun qarasına danışırdı.

Onun sehrli qüvvələrlə əlaqəyə girdiyini iddia edir, o lənət meşədə cinlərlə görüşdüyünə dair əfsanələr uydururdular.

Meşə-adamınsa heç nədən xəbəri yoxdu.

O hər sabah qızın eşqi ilə ağac bitirir, çiçək açır, qamac yaradır, budaqlayır, yarpaq-yarpaq günəşə boylanır, torpağın lap dərinliklərindəki suyu sovurub yuxarı çıxarır, qidalanır, sevgidən yaranan küləklərinin əlinə yarpaqlarının və çiçəklərinin ətrini verərək kəndə göndərir, qızı səsləyirdi.

Hər axşamsa bütün varlığını bir balaca bədənə yığır, adam olurdu.

Qızın otağının qarşısına gəlir, onun yuxusuna girmək itəyir, onu görmək, ona bir insan kimi toxunmaq istəyirdi.

Eyni zamanda günəşdən kəndin uçuq-sökük evlərinin arxasına daldalanan qocalar və cavanlar gecələr kənddə dolaşan kabusdan danışırdılar.

Onu təsadüfən uzaqdan-yaxından görənlər, gördüyünü iddia edənlər onun haqqında bilib-bilmədikləri, uydurub-uydura bilmədiklərini danışır, kəndin canına vahimə salırdılar.

4

Məhəbbətin göylərdə Ay adlanan böyük və işıqlı dəlikdən axaraq yer üzünə töküldüyü bir gecə meşə-adam dayana bilmədi, pillələrlə artırmaya qalxdı, dar nəfəslikdən içəri süzülərək qızın otağında bir küncə çəkilib dayandı.

Həyəcandan xeyli müddət nəfəs də almağa çəkindi: o heç vaxt özünü qıza belə yaxın hiss etməmişdi.

Qız ondan iki addım aralıda yastığına sığınıb yatır, yuxuda onun işıldayan gözlərini görürdü.

Odunçu qızının yorğanın uclarından çölə çıxan, gündüzlər meşə-adamın sinəsində gəzən balaca pəncələri, dizlərinə qədər zərif ayaqları başını dumanlandırdı.

Az qalırdı qızın pəncəsini əlinə alıb ürəyinin üstünə bassın, az qalırdı dodaqlarını qızın işım-işım işılayan çiyirlərinə yapışdırsın.

Varlığının yeganə səbəbi buymuş kimi, içində bu qız boyda yer od tutub yanırmış kimi, hardasa lap dərin, özünə də sirr olaraq qalan qatlarında məhz bu çatmırmış kimi alıb qızı qəlbinin içinə qoymaq istəyirdi- elə bil nə vaxtsa bu qızı onun içindən çıxarmışdılar.

Eyni gecənin səhərisi bütün kənd ilk xoruz banıyla ayağa qalxıb qoyun-quzu, mal-davarını otlaqlara yollayanda gözlərinə inanmamışdı: kəndin düz qarşısında böyük iki təpə ucalmış, təpənin arxasında isə “sərxoş ilğım” heyrətamiz bir rayihə saçaraq Böyük Səhranın kəndi dövrəyə almış düzənlərinin yerinə uzanmışdı.

Qız yerindən qalxıb pəncərəyə baxanda sevindiyindən necə qışqırmışdısa, arxaya çevilib donunu geyinmək istəyəndə o qədər qorxmuşdu: otağın uzaq küncündə bir sıxım torpaq səpələnmişdi.

Torpağın tozu ta nəfəsliyə qədər uzanıb, ordan artırmaya, artırmadan yerə süzülürdü.

Gecə Ay doğana kimi qız yerinin içində, balışına qısılıb, qorxudan titrəyən bədənini qucaqlayaraq gözlədi, ancaq Ayın gümüşü işığı evə yayılıb, onun ruhunu oxşayan kimi qızı yuxu apardı.

Ona görə də qız Ay işığı ilə birgə evə süzülən meşə-adamı görmədi, onun qaranlıq küncdə dayanıb ona baxması, baxıb vəcdə gəlməsini bilmədi.

Səhərisi də qız meşənin heç yerə getmədiyini, əksinə daha da qol-budaq açaraq böyüdüyünü, çiçəklərinin ətrinin çoxaldığını, ətrafında kəpənəklərin və quşların uçuşduğunu, bulaqların qaynayaraq ta evlərə kimi axdığını görəndə bütün bunların səbəbinin məhz özü olduğunu bilmədi.

Bircə sabah-sabah oyanan kimi gözlərini zillədiyi küncdə yenə bir ovuc torpaq gördü.

5

Artıq onun üçün hər gecənin biy ayrı həsrəti, hər sabahın bir başqa ləzzəti vardı.
Indi artıq hər sabah kənddən qaçmırdı.

Dan yeri sökülən kimi beş on addım kənddən aralanıb, suya kəllə vurub çimmək istəyən kənd uşaqlarını yamsılayaraq çığıra-çığıra özünü torpağa çırpır, torpağın lap dərinliklərinə enirdi.

İçindəki həsrətdən dəli olmamaq üçün var gücüylə çalışır, yerin yeddi qat dərinliyində vurnuxur, ordan əlinə ağacları və kolları, bitkiləri və heyvanları üçün faydalı ola biləcək nə keçdi sovurub yerin üstünə çəkirdi.

Onun odunçu qızına olan sevgisi bununla bitmir, bitib tükənmir, ağaclarına bəhrə, heyvanlarına nəsil verir, o bu sevgidən vəcdə gəldikcə ətrafdakı mənzərəni daha da gözəlləşdirirdi.

Artıq meşə-adamın ağacları bir gecəyə çiçəkləyir, bir saatın içində çiçəklər toxum tutur, şirələnir və başına yığışan arıların səsi sabah tezdən kəndin əvvəl uşaqlarını, sonra da qalan camaatını meşəyə çəkirdi.

Indi kənd üçün onun varlığı yeni bir möcüzə olmuşdu.

Kəndin adamları bir gün qaynayan bulaqların səsinə yığışır, bir gün yenicə yaranmış gölə vəhşi qaz ovuna gəlirdilər.

Işlərini-güclərini unudan adamlar Böyük Səhrada görmədikləri günləri görürdülər: bütün günü meşəni gəzir, ov edir, yeyib-içir, onun qocaman ağaclarının kölgəsində yıxılıb yatırdılar.

O günlərdə kənddə sanki bayram vardı. Meyvələri, giləmeyvələri necə gəldi qoparıb yığan, evə daşımağa çalışan camaat onu çox incitsələr də gözünə heç nə görsənmir, qırılmış budağını, əzilmiş çiçəyini özündən saymırdı.

Bircə odunçu qızı meşəyə gəlmirdi. Qız daha meşəni sevmirdi. Bütün gün ərzində kəndin bütün camaatı orda olurdu.

Hər sabah heyrətin ağzı açılırdı və axşama kimi hər gün yenilənən və dəyişən meşədən danışırdılar.

Danışanların hər biri gecələr meşənin yoxa çıxdığını bilsələr də bundan bir kəlmə də demir, hamının bildiyini özlərindən gizlədirdilər.

6

Odunçu qızı bir axşam, işdən yorğun-arğın gəlmiş qardaşlarına və atasına çay-çörək verib, onların yataqlarını hazır edəndən sonra mətbəxdən götürdüyü duz-bıçaqla otağına çəkildi, qapınının rəzəsini çəkdi.

Bıçaqla baş barmağını kəsdi, sonra da barmağını duzluğa basdı: bu gecə çağırılmamış qonağı görməliydi.

Lampanın işığını söndürüb yerinə uzandı. Gözlərini başının üstündəki nəfəsliyə dikdi. Həyəcandan ürəyi elə döyünürdü ki, kəsilib-duzlanmış barmağının acısını belə unutmuşdu.

Torpağın iysi kəskinləşməyə başladı. Yaz olmasına baxmayaraq qulaqlarına xəzəl küləklərindən çıxan səs gəldi.

Həyəcandan gözlərini yumub, yorğanın altında gizlətdiyi bıçağı ovcunda bərk-bərk sıxdı. Bir neçə dəqiqə keçdi, səs kəsildi.

Gözlərini açdı. Həmişəki küncdə kimsə dayanmışdı.

Yatağının yanında hazır etdiyi çaxmağı çaxıb çırağı yandırdı, çırağın işığını artırdı.

Gözlərini böyüdərək küncdə dayanan bu yaraşıqlı oğlana baxdı, ətrafdakı torpağı, yerdə ondan qalan izi görüb gizli pərəstişkarını tanıdı.

Tez ayaqlarını yığdı, lampa işığında bıçaq kimi parıldayan çiyinlərini yorğanın altına çəkdi, büzüşüb balışına sığındı.
Meşə-adam sakitcə dayanmışdı.

Yaxalandığını, özünü ələ verdiyini anlamış, artıq heç nəyin əvvəlki kimi olmayacağını hiss edərək divara qısılmışdı.

Getmək yaxud qalmaq lazım olduğunu bilmir, həyəcandan titrəyirdi. Odunçu qızı gözlərini ondan çəkmirdi. Qız çığıra bilərdi, ağlaya bilərdi.

O getmək istəyirdi ancaq indi qızın önündən necə keçsin, onu fikirləşirdi.

O tərpənmək istədi, bir addım atdı, ancaq onun neyləmək istədiyini bilməyən qız yorğanın altından bıçaq çıxardı. Meşə-adam geri çəkilkdi, yerə çökdü, dizlərini büküb divara söykəndi.

***

Çöldə yağış yağmağa başladı. Evin kirəmit damına dəyən damcıların səsi çardağa əks-səda salıb,tavandan keçərək qızın da qulağına çatdı.

Damcılar quraqlıqdan çat vermiş yerə düşdükcə aylarla suya həsrət qalan torpaqda suyun udulma səsi- xışıltısı bütün kəndi ağzına aldı. Sanki, torpaq dərindən bir ah çəkdi.

Yağış damcı-damcı artdı, yerin səsi bütün kəndə yayıldı, adamar başlarını pəncərədən çölə çıxararaq bir göyə baxdılar- appaçıqdı, bir yerə baxdılar- susuzdu, gözlərinə inanmadılar, sevindilər, kəndin şamanı bu günü hətta öz təqvimində də qeyd etdi- evinin bir otağını təqvimə həsr etmiş, evin torpaq döşəməsində ayları çəkmiş, günləri saymışdı və bu günü orada elə islatmaq lazım idi ki, həmişə islaq qalsın, hər dəfə o günü yağışlı gün kimi yadına salsın- o sabaha kimi bunu necə etməyi düşündü.

Bu arada yağış da leysana çevrilmişdi.

Dayanıb yağışa baxan adamlara elə gəlirdi ki, göydən yerə uzanan xəttləri saymaq olar və kəndin ən yaşlı, ahıl kişisi yuxusuzluqdan evin artırmasında kətil qoyub oturduğundan o yağış xəttlərini saymışdı da: deyəsən qırx dənəydi, ya 39, ya 40; sabah yenə günəşdən qorunmaq üçün bir evin arxasına sığınanda bunu hamıya deyəcək, ağsaqqallarla və şamanla birgə bunun sirli mənasını axtaracaqdılar.

Ancaq artıq torpaq suyu udub çatdırmır, yağışsa dayanmadan yağırdı.

***

Odunçu qızə hələ də heç nə anlamadan əlindəki bıçağı bərk-bərk sıxaraq ona baxırdı.

***
Həyətə yağan, yağdıqca artan yağışın selə dönüb kəndin küçələrini basdığını, evlərin həyətlərində dövrə vuraraq oturub, yavaş-yavaş pəncərələrə qalxdığını ahıl kişi gördü, başını qaldırıb göylərə baxdı, “vaxtı çatdı deyəsən,- öz-özünə pıçıldadı- deyəsən Şaman Babanın dedikləri olur, deyəsən dünyanı dağıdan Tufan budu.”

Şaman Baba ildə bir dəfə, yağışlı bir gecə gördüyü yuxunu kənd camaatına çox danışmışdı- o tufan olanda hər heyvandan bir cüt götürüləcəkmiş, bir gəmiyə doldurulacaqmış, ərzaq toplanacaqmış və bütün bunlar Nuh adlı birinə tapşırılacaqmış, o da seçdiyi insanları mindirəcəkmiş gəmiyə, qalan hamı Tanrının yerə aşırdığı bir kuzə suda boğulacaqmış.

Ona görə də bu kənddə heç kim oğluna Nuh adı vermək istəmirdi.

***

Su pəncərədən daşıb evə tökülməmiş qız onun ağladığını başa düşdü: bu yersiz və zamansız yağan yağış onun göz yaşlarıydı.

Başa düşdü ki, nəsə etməlidi, yoxsa bütün kənd bu gecə yatağındaca boğulacaq.

Yerinin içində dikəldi, bıçağı kənara qoydu. Ədyalına bürünüb başı ilə ona işarə elədi, ancaq heç özü də bilmədi ki, bu hərkətlə nə demək istəyir.

Yağış birdən-birə, xırp deyə kəsildi.

Maşə-adam ayağa qalxdı. Üzünü divara çevirib yavaş-yavaş divarın dibiylə getməyə başladı.

Qız başa düşdü ki, çağırılmamış qonaq bunu onu qorxutmamaq üçün edir. Əlini yerə vurdu, onu saxladı.

O dayandı, yavaşca yerə çökdü, qıza baxdı, baxdı.

Bayırda isti yellər əsməyə başladı.

Odunçu qızı özü də başa düşmədi, necə oldu ki, onun yanında çox rahat bir şəkildə özünün də xəbəri olmadan yuxladı, sanki onda bir sehr vardı.

Yuxuda meşədə yatdığını gördü, yatıb yuxuya daldığını gördü, gördü yenə çiçəklər onu dövrələyib, yerdən zoğlar uzanaraq onu qucaqlayıb, yenə moruq, çiyələk kolları onun ətrafına yamyaşıl bir hasar çəkib.

Meşə adam sabaha kimi qızın yatağının ayaq tərəfində oturdu.

Sabaha kimi isti yellər bütün suyu buxarlandırıb apardı, ömründə su üzü görməyən həsrətli torpaqlara o gecənin sabahı bir dünya yağış yağdı, yerin çatlamış dodaqları bitişdi: Böyük Səhranın quma çevrilmiş torpaqları bir ah çəkdi, oduna Tanrı da diksindi.

Sabah səhər ətrafda bir damcı da su tapmayan insanlar axşamkı suyun hara getdiyini bilmədilər, axşamkı selin-yağışın yuxu olduğunu düşündülər.

Ancaq bu yuxudan hinlərdə ölü toyuqlar, tövlələrdə içəri dolmuş sudan boğulmuş inəklər, qoyun-quzular qaldı.

Bir də, evinin qarşısında, artırmada, kətilin üstündə, özünü qucaqlayıb ölmüş ahıl kişi- su onun sinəsinə qədər qalxıbmış, ona görə də üstü başı ölü soxulcanlarla doluydu.

Isti yellər onları qupquru qurutmuş, sarmaşıq kimi qocanın bədəninə sarımışdı.

Ancaq bu yuxu uzandıqca-uzandı. O gecədən sonra hər gecə yağış yeri-göyü yuyub adamların kəndinə tökürdü.

Kənd camaatı başını itirdi. Tər-təmiz, ay işıqlı, cırcırama səsli gecələrdə birdən-birlə leysan başlayır, appaçıq havadan yağış yağırdı.

Bütün əkənəkləri, bostan və tərəvəzləri, meyvə bağlarını, taxıl zəmilərini, anbar və tövlələri, hətta bəzi evləri də su basır, kəndi nəmişlik başına alıb gedirdi.

Bir yandan da başabaş bataqlığa çevrilmiş “sərxoş ilğım”dan qaçıb kəndə daraşan heyvanlar, quşlar, həşəratlar camaatı bezdirmişdi.

Ancaq heç kim bilmirdi ki, bütün bunların baiskarı odunçu qızıdı. Hər axşam meşə-adam gələn kimi yorğanına bürünür, yanına da bıçaq qoyub otururdu.

Meşə-adam ona toxunmaq istədikcə geri çəkilir, onun əlini rədd edir, heyrətlə ondan tökülən palçığa baxırdı.

Meşə-adamın içi-içini yeyirdi. Geriyə addım atmaq, çıxıb buralardan getmək haqqında düşünürdü.

7

Son bir ay ərzində ilk gecəydi ki, yağış yağmırdı və isti yellər nəmişliyi sovurub aparır, Böyük Səhranın çöllərinə tökürdü. Adamlar heyran-heyran başlarını pəncərələrdən çıxarır, yusyumru hilala baxır, yağışın yağmadığına sevinərək heyrətlənirdilər.

O gecə meşə-adam ilk dəfə odunçu qızına toxuna bilmişdi.

Qız ilk dəfə cəsarətini toplayaraq oğlanın daima ona can atan əllərinə öz əllərini tutmağa imkan vermişdi.

Qızın əlində hərarət- damarlarında dövr eləyən bəşəri qanın istiliyi, bir də izaholunmaz bir incəlik, çiçək qoxusu kimi bir şey vardı.

Bu ətir hardan gəlirdi, necə gəlirdi, anlaya bilmirdi.

O çiçəkdən onun torpaq bədənində bitmirdi. Ancaq o ətirin təsirindən içində nələrisə tərpədiyini, qırılıb yığıldığını, sovrulub oyandığını hiss edirdi.

Hiss edirdi ki, içində yavaş-yavaş nə isə tapılır, oyanır, günəş kimi dan yerini parçalayır, qabığında oyanmış cücə kimi pərdəni cırmaqlayır, baramasında yatmış tırtıl kimi, çevrilir və baramasını dağıdır.

Odunçu qızı ilk o gecə oğlana qarşı nə isə hiss elədi- oğlanın əllərində qərq olan əllərinin məhz onun üçün yarandığını anladı, anladı niyə bu dilsiz-ağılsız oğlan çıxıb gedə bilmir, ağladı niyə o hər axşam küncə sıxılıb dünyanın su ehtiyatını tükədir.

Gözlərini yumub əllərini onun əllərinin içində hiss etmək o qədər xoş idi ki, zamanı unutdu.

Birdən bütünlüklə bu torpaq qoxulu bədəndə, bax beləcə, zərrəciklərlə qarışaraq, birdəfəlik itmək istədi.

Bu qədər vaxt onu anlamadığndan utandı, ona sarılmaq, “bağışla” demək istədi. Gözlrini açdı.

Ancaq o getmişdi- onu bu ləzzətdən ayırmamaq üçün əllərini bir ovuc torpaq kimi onun əllərində buraxıb getmişdi.

Içindən dəli bir ağlamaq keçdi- ilk dəfə idi ki, ona toxunmaq, onu hiss etmək istəmişdi.

Hətta nəinki istəmişdi- bütün bədəni gərilərək onun torpaq qoxulu, qumlu bədəninə sarılmaz üçün hazırlaşmışdı və indi onun bu sakit-səssiz gedişiylə barışa bilmir, etiraz edirdi.

Qız çığırmamaq üçün özünü güclə saxlayırdı.

Qaçıb artırmaya çıxdı- uzaqda bir kölgə qaçırdı. Qışqırmaq istəyib tez də susdu- bayaqdan bəri bir qulağı ilə eşitdiyi və fikir vermədiyi səsi indi anladı, ancaq bunun oğlanın qaçmağıyla nə əlaqəsi ola biləri ki: atası yatmamış, evin o biri üzündə, artırmada oturmuş, yəqin ki damağında çubuğu baltanı yeyələyir, xartla sürtüb itiləyirdi.

8

O səhər qız həmişəki kimi obaşdan oyanıb həyətə çıxanda sərxoş-ilğımın kənddən xeyli uzaqlaşdığını gördü.

Onunla bərabər bir çox adam həyətlərinin qarşısında dayanıb uzağa, son bir ay ərzində kənddən uzaqlaşmayan meşəyə baxır, onun birdən-birə yenidən hərəkətə gəlmə səbəbini düşünür, eyni zamanda da ordan gələn balta səslərini dinşəyirdilər.

Bir anın içində qızın gözləri önünə Onun torpaq əlləri, torpaq tökən bədəni, axşamkı qəfil qaçışı və atasının baltaları yeyələməsi gəldi.

Qız dərindən, dərindən nəfəs aldı və birdən çığırıb dəli kimi ağlamağa başladı.

Başının üstən keçən qara quş onun çığırtısını dimdiyinə alıb apardı.

Ətrafdan qızlar qaçıb gəldilər, onu qucaqladılar, sakitləşdirmək istədilər, ona qoşulub ürəyiyanmışlıq edərək ağladılar da- ancaq nə onu sakitləşdirə bildilər, nə də ağzından bir söz ala bildilər.

Zaman-zaman qız yenidən və yenidən güc topladıqca çığırır və evin divarına qısılırdı. Ətrafdasa adamlar bir- birlərinə eyhamlı baxışlar atır, dinib-danışmasalar da gözləri ilə guya ki, nə isə başa düşdüklərini eyham vururdular.

Qız otağına çəkilərək axşam düşənə kimi ağladı. Atası və qardaşları üst başları qan içində evə qayıdanda da onları qarşılamağa çıxmadı; onlar camaata ağaclardan daman qandan danışdıqca onları qarğadı, qapının rəzəsini çəkərək özünü evə qapatdı.

Gecə meşə-adam sonuncu dəfə onun otağına gəldi. Onun sol çiynindən aşağısı yoxdu.

Qız ona baxaraq hönkürüb ağlayır, ayaqlarını yerə çırpır, qapının o üzündən qışqıran və qapını açmağını tələb edən ata və qardaşlarına isə ancaq çığırtıları ilə cavab verirdi.
Onlar qapını sındırıb içəri girəndə o artıq getmişdi.

Qız yerə səpələnmiş rəngi qandan qızarmış torpağı qardaşlarının və atasının sifətinə çırparaq ağlayırdı.

Bu heç nəyi dəyişmədi. Səhər erkəndən kəndin digər odunçuları da onlara qoşulub getdilər. Səhərdən axşama kimi kəsə bildikləri qədər ağac kəsib, bata bildikləri qədər qana batdılar.

Artıq bütün kənd camaatı hiss etmişdi ki, dayanmadan yağan, yağdıqca ərzaqlarını tükədib, heyvanlarını sularda boğan, əkinlərini bataqlığa çevirən yağışların səbəbi bu gecələr yoxa çıxan, ərşə çəkilən meşədədi və onu buralardan qovub didərgin salmaq, mümkünsə qırıb axırına çıxmaq istəyirdilər.

Hər ağacdan qan fışqırdıca daha inamla balta vururdular.

Meşənin qırmağa başladıqları ikinci gün qardaşları qızı evdə tapmadılar. Nə onlar üçün çörək rahatlamışdı, nə hara getdiyini qonşulara demişdi. Eləcə çıxıb getmişdi.

***

Elə indicə kəsilmiş ağaclardan qan damırdı, sanki kötüklər qan ağlayırdı. Ətrafda qan gölməçələnir, harda gəldi açan çöl çiçəkləri qəribə qırmızı rəng alırdılar. Indicə burdan uzaqlaşmış odunçuların özlərindən qoyduqları iz hava qaraldıqca itirdi.

Qız son iki gündə kəsilmiş onlarla ağacın kötükləri, elə oraca uşaq kimi yıxılmış gövdələri arasında dayanmış, nə edəcəyini bilmirdi. Birdən ayağının altında yerin hərəkətə gəldiyini görüb qaçmağa başladı, amma qaçıb qurtula bilmədi.

Nəfəsi kəsilənə qədər qaçdı, bacardığı qədər sürətlə qaçarkən hərəkətə gələrək ucalan, ucaldıqca yığılan torpaqların başına fırlanıb yan keçdi, ancaq sonda yıxıldı.

Get-gedə ucalıb-yığılan torpağın ətəklərinə yumalandı- yumalandıqca yaylığı başından açıldı, donu cırıldı. Dirsəkləri və dizlərindən qan açıldı.

Qorxusundan və ağrıdan ağlamağa başladı.
Ağlaya-ağlaya ağacların, yarpaqların, çiçəklərin, budaqların, bulaqların insana çevrilməsinə, bir adamın içinə yığılmasına gözlərini böyüdüb baxdı, Tanrının böyüklüyünə heyran oldu.

Baxıb gördü ki, bu meşədə nə qədər gül varsa, Onun ürəyidi; nə qədər su varsa damarlarındakı qandı; nə qədər yarpaq varsa gözləridi. Ona görə də Onun gözləri yamyaşıl, ürəyi təmiz, əlləri və bədəni isə qapqara palçıq qoxuludu.

Qız həm də gördü ki, gəzərkən yalın ayaqlarının torpaqda buraxdığı izlər Onun alın yazısıdı.

Meşə-adam ondan bir az aralı oturmuşdu- bir əli, bir ayağı yoxdu, digər əli də çiyindən yaralıydı, bədəni qıpqırmızı qızarmış, yaraşıqlı sifəti indi qırış-qırış qırışmış, bircə gözlərindəki yaşıllıq eyni qalmışdı.

Daha ayağa dura bilmədiyindən elə yerlə sürünərək ondan və onların kəndindən uzaqlaşmaq istəyirdi. Gözlərini yerə dikərək, ağır-ağır hərəkət edirdi.

Əli ilə özünü dartır, ayağıyla itələyir, sürünürdü. Başını qaldırmır, ona qətiyyən baxmırdı: deyəsən acizliyindən, bu baltalı adamların əlindən qaçmaq istədiyindən utanırdı.

Qız qaçıb onun qarşısını kəsdi, yerə çökdü. Dizlərini onun başının altına qoydu, əli ilə üzündən tutmaq istədi: Meşə-adam hələ də onun üzünə baxmırdı.

Üzünü yan çevirmişdi.

Ətrafda bircə-bircə əlində Onun göz yaşlarını daşıyan balaca yağış mələkləri gözə dəyməyə başladılar. Ancaq qız ancaq damcıları gördü, başını qaldırıb göylərə baxdı.

9

O qızın əlindən çıxıb getmək istəyirdi, gecə keçirdi. Nə qədər ki, fürsət var uzaqdan görünən kənddən mümkün qədər uzaqlaşmaq, Böyük Səhranın sonsuzluğunda itmək lazımdı.

“Hara..hara gedirsən? -soruşdu qız- axı hara gedirsən?”

Tərpənmədi. Eləcə qaldı. Başını da qaldırmadı. Parçalanmış çiynindən torpaq çatladı, içindən rəngsiz bir zoğ uzandı, dərhal bir yarpaq da açdı, böyüdü, böyüdükcə xətləndi, hər xətt minlərlə damara, damarcığa çevrildi. Yarpaq yaşıllandı, ucu sivrildi.

Qız gözlərini onun bədənindəki dəyişiklikdən çəkmədən danışırdı: “Axı hara gedirsən, gəl, gəl gedək bizə, mən ağama deyərəm, mən onlara deyərəm...”

Yavaş-yavaş rəngi özünə gələn zoğun ucundan bir yarpaq da açıldı, sonra biri də. Sonra elə qız danışa-danışa birdən zoğun ucu şişdi, böyüdü.

Qız danışıb, sayıqladıqca böyüyən qönçə birdən elə açıldı ki, qız səsini kəsib susdu, gözlərini böyüdüb baxdı: qönçənin içindən ləçəklər göründü, sanki gözləri vardı, sanki ona baxırdılar- bayaq yumalananda cırılan paltarını, küləklərin əlində əsir saçlarını görüb ləçəklər qıpqırmızı qızardılar və başlarını uzadaraq boyunlarını bükdülər, dartındılar və böyük, qıpqırmızı bir qırxyarpaq oldular.

Bir neçə saniyənin içində bütün bunları görən, gördükcə də vəcdə gələrək məntiqsiz və mənasız nə gəldi danışan qız daha dayana bilmədi, onu sinəsinə sıxdı, bu əlsiz-ayaqsız gövdəni qucaqlayıb bağrına basmaq istədi, ancaq sinəsinə sancılan tikanlardan çığırıb geri çəkildi- qırxyarpağın zoğu başdan-başa, sıralanmış əskər kimi tikana bürünmüşdü.
Qızınsa sinəsindən, boynundan qan damırdı.

Yağış gücləndikcə o qanı yuyub bədəninə və səhranın sarımtıl torpağına axıdır, torpaq qızarırdı.

Qızaran torpaqda sürətlə gözlər açılır, milyonlarla çiçək və ot toxumu çatlayır, başlarını qaldırıb onlara baxırdılar.

Meşə adam elə bayaqkı kimi dayanmışdı.

Qızın üzünə belə baxmırdı. Qızsa hələ də dil boğaza qoymadan danışırdı. Bilmirdi neyləsin.

Yerdə oturub onu dartışdırmaqdan dizlərindən qan axır, yel vurduqca oynayan saçları oğlanın çiynində bitən qırxyarpağın tikanlarına ilişirdi.

Odunçu qızı, onun boynundan tutaraq, başını dizlərinə sıxaraq: “Getmə- deyirdi,- ağama deyərəm- deyirdi, toxunmazlar -deyirdi”, yağışsa güclənirdi.

***

O öz göz yaşlarının altında qalmışdı. Bütün bədəni yağış yağdıqca çatlayır, ordan rəngsiz, ruhsuz bir zoğ çıxır, uzanıb bir yarpaq böyüdür, yarpağın cizgiləri yazılır, sonra bir qönçə şişir, şişib partlayırdı.

O qədər gözəl partlayırdı ki, qönçələr, qız hər dəfə onun üstünə tullanır, ancaq o dəqiqə bitkini basan tikanlar onu yaralayırdı.

Qız dəli kimi ağlayır, başa düşüşrdü ki, belə getsə ondan heç nə qalmayacaq, ancaq heç nə edə bilmirdi.

Neyləyə bilərdi ki, o ağlamasın, yağış yağmasın, yağış yağdıqca Onun bədənində çoxalan bu güllər açmasın, belə gözəl açmasın...
0
Qızaran dan yerini görüb qız onu yerə qoydu. Özü də yerə çökdü. Daha dizlərində taqət qalmamışdı.

Daha qollarında hey qalmamışdı. Bütün gecəni onu qucağında aparmış, çiyninə girib yeriməsinə kömək etmiş, halsızlaşıb özündən gedəndə isə bir əlindən tutub sürümüşdü.

Sürüdükcə onun bədəninin zərrə-zərrə parçalanaraq yollara töküldüyünü, onun ovulub-ovulub yoxa çıxdığını gözləri ilə görmüşdü.

Üstü başı Onun toz-torpağına bulaşmış, saçalarının arası və bütün bədəni yel əsdikcə onun bədənindən tökülən qanlı torpaqdan qızarmış, sinəsindəki qanla Onun qanı qarışmışdı.

Odunçu qızı bu qırmızılı-qaralı, torpaq qoxan tozun bədəninə hopduğunu, hopduqca da onu sakitləşdirdiyini, rahatlaşdırdığını hiss edirdi.

Elə bil onun bütün bu əzab-iztirabı bu tozmuş, sanki o bu oğlanda elə bunu axtarırmış.

O toz zərrəcikləri dərisinə hoparaq qanına, canına işləyir, içində hərəkət edərək qarnının altına yığılır, onu ağırlaşdırır, həm da ona maraqlı bir rahatlıq hissi verirdi.

Uzaqda günəşdən qaçıb uzaqlaşaraq özünü torpağa çırpan ilk işıq şüası görünəndə qız başını çevirib kəndə sarı baxdı: kənd gözdən itmişdi.

Oğlanın başdan-başa qırxyarpağa bələnmiş bədəni hərəkətə gəldikdə, o qaçıb oğlandan uzaqlaşdı.

Arxaya baxan bir gözüylə oğlanın biləyinin nəhəng bir palıda necə çevrildiyini, bədəninin hissə-hissə şişib ucalaraq ağaclaşdığını gördü.

Onun bir ayağının dabanı ucaldı, böyüdü, səthini kollar basdı və onu meşə-adamın bədənindən ayrı saldı.

O qaça-qaça təpəyə qalxdı. Artıq o məşhur “sərxoş ilğım”dan on-onbeş ağac, bir də bu təpə qalmışdı.

Başını yenə kənd tərəfə çevirəndə gün işığında parıldayan baltaları da gördü. Yenə gəlirlər. Yorulmayıblar, bezməyiblər, əl çəkməyəcəklər.

Onu dinləməyəcəklər.

Sağa-sola çarəsiz baxışlar atdı- Böyük Səhra susur, xırda qum zərrəciklərini belədən-elə, elədən- belə qovurdu.

“Nə susursan –çığırmaq istədi- elə susursan elə bil öldürülən sənin balan deyil, sənin oğlun deyilmi bu meşə, bu ağaclar, nə susursan elə bil heç nə olmayıb?”
Başının üstən keçən qara quş içindəki çığırtısını aldı-apardı.

Qaça-qaça meşəyə endi. Bir cavan qamac tapdı- özü boyda, dartmaq, dartıb kökündən çıxarmaq istədi, datmadı.

Yerə çökdü. Ağladıqca göz yaşları ağacın dibində quyulandı, barmaqları ilə ağacın dibini eşdi, qazdı, bir-bir kökləri torpaqdan ayırdı, qamacı əlinə alıb təpəyə qayıdanda artıq onu görəcək qədər meşəyə yaxınlaşmış adamları gördü.

Ən öndə atası, qardaşları və şaman gəlirdi.

Qaçıb təpəni endi, ağlaya-ağlaya meşənin içərilərinə qaçdı, qaçdıqca ağacları qucaqladı, çiçəkləri öpdü, dodaqlarını bulağın gözünə dayayıb su içdi; qaçdıqca əlindəki qamacın köklərini də torpaqladı, suda islatdı, qaça-qaça meşədən uzaqlaşdı.

Başının üstündən keçən qara quş ilk balta səsini gətirdi ona. Gözləri qaraldı, yerə çökdü. Ayağa qalxa bilmədi.

Balta səsləri çoxaldı və ardıcıl olaraq eşidilməyə başladı. Sonra bir ağac yıxıldı- nəriltisini qara quş onun başı üstən keçəndə dimdiyindən saldı.

Daha onun ağlamağa, çığırmağa heyi yoxdu. Içində nələrsə onu haldan salırdı.

Hiss edirdi ki, gün qalxdıqca, şüaları onun üzərinə düşdükcə qarnında qəribə ağrılar yaranır və o ağrılar o qədər hərarətli və isti olurdu ki, o artıq başqa heç nə haqqında düşünə bilmirdi.

Yenə bir ağacın nəriltisi və yerə çırpılışı eşidildi.

Ancaq odunçu qızı ağlaya bilmirdi. Qarnındakı ağrı bütün bu acıyla bərabər ona qəribə bir rahatlıq və sakitlik verirdi.

O hələ də tərpənə bilmir, üzərinə düşən günün qızmar işığından da qaça bilmirdi.

Ondan tökülən tər ətrafında böyük bir nəmişlik yaradır, dört yanından buxar üzü Tanrıya qalxırdı. “Yəqin ölüm budu”-deyə düşündü.

Gün batanda Böyük Səhranın ucsuz bucaqsız çöllərində uzun bir sərgərdanlıqdan sonra, gözləri şişmiş, saçları ağarmış, qarnı böyümüş halda evə qayıtdı.

Artırmanın dirəyindən tutub bir neçə dəqiqə dayandı, nəfəsini dərdi.

Birdən elə bil onu ildrım vurdu, əlini dirəkdən çəkdi: bu onun istilyi, bu onun ətri idi.

Deyəsən qardaşları dünən çoxdan çürüyüb putlamış dirəyi yenicə kəsdikləri ağacla dəyişmişdilər.

O dirəyi qucaqlayıb susdu. Elə oturduğu yerdəncə torpağı qazımağa başladı.

Özüylə bayaqdan bəri sürüdüyü qamacı ora əkdi.

Uzaqdan görünən qardaşlarının və atasının kögələrini görüb otağına çəkildi, qapını bağladı və körpə doğulana kimi də otaqdan çıxmamaq qərarına gəldi- oğlunun adını Nuh qoyacaqdı.

son

May-İyun, 2010
XS
SM
MD
LG