Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

Fəzail Ağamalı: «Mitinqi, nümayişi hörmətdən salırlar!»


Fəzail Ağamalı
«Xalq günü»nün böyüyü, kiçiyi, ortası olmur. O necə böyük xalq günüdür ki, səsləndirilən şüarlar AXCP və Müsavatın niyyətlərindən ibarətdir».

Bunlar Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, iqtidaryönlü AVP sədri Fəzail Ağamalının fikirləridir. O hesab edir ki, sosial şəbəkələrdə haqqında yazılan və bir qrup gəncin təşəbbüs göstərdiyi «11 mart - Böyük Xalq Günü» aksiyası əslində müxalifət partiyalarının mətbəxində hazırlanan layihədir:

«Sürətlə tarixin arxivinə getməkdə olan AXCP və Müsavat bir-biri ilə rəqabət apararaq belə layihələrlə status kvonu saxlamağa çalışırlar. Təəssüf ki, ölkə miqyasında və beynəlxalq səviyyədə özlərinə diqqət çəkmək üçün hazırlanan bu layihələrin arxasında dövlətin, xalqın maraqları dayanmır . Burada önə çıxmaq, donor təşkilatlardan qrantlar almaq uğrunda yarış, korporativ maraqlar güdülür».

Fəzail Ağamalı deyir ki, həmin gənclər öz potensiallarını işğalçılara qarşı mübarizəyə yönəltsələr, bu, daha effektli, daha böyük vətənpərvərlik aksiyası olar:

«Qaldı ki, Azərbaycan demokratik dövlətdir. Onlar bu və digər aksiyalarda iştirak etmək istəyirlərsə, bunu ayrı –ayrı sosial şəbəkələrin arxasında gizlənməklə etməsinlər. Fikirlərini mənsub olduqları partiyaların sıralarında açıq şəkildə aksiyalarda iştirak etməklə desinlər».

«MİTİNQİ, NÜMAYİŞİ HÖRMƏTDƏN SALIRLAR»


Fəzail Ağamalı hesab edir ki, ərəb ölkələrində baş verən siyasi proseslərin, kataklizmlərin və inqilabların dalğasını korkoranə şəkildə, heç bir əsas olmadan Azərbaycana transfer etmək istəyi effektli olmayacaq:

«Sadəcə olaraq gənclər hüquq-mühafizə orqanlarını, BŞİH-ni haradasa aksiya keçirməklə bağlı xəbərdar etməli idilər. Onların təhlükəsizliyi təmin olunmaqla bərabər, ərazidə yaşayan və orada hərəkət edən digər insanların da hüquqları qorunmaqla onlara cavab verilə bilərdi. Bunu etmirlərsə, sadəcə, hərəkətlərini gizli saxlayaraq metro giriş və çıxışlarında aksiya keçirdib diqqət çəkməyə çalışırlarsa, mitinqi, nümayişi hörmətdən salırlar».

Deputat deyir ki, bununla belə gənclərə hər hansı bir təzyiq göstərilmir. Sadəcə, hüquq-mühafizə orqanları qanuna uyğun olaraq müvafiq addımlar atır:

«Onlar saxlanılır, aparılıb heç bir zor tətbiq edilmədən başqa insanların da hüququnun olduğu anladılır, sonra da buraxılırlar. Azərbaycan sivil dövlətdir. Onlarla davranış Yunanıstanda, Fransada mitinqçilərə və küçə yürüşçülərinə edilən davranışlardan hədsiz dərəcədə sivildir. Və bundan onlar nəticə çıxartsınlar».

Fəzail Ağamalı gənclərə tövsiyə edir ki, hansısa xarici qüvvənin laboratoriyasında hazırlanan və bəzi partiyalar vasitəsilə Azərbaycana transfer edilən belə layihələrdən uzaq olsunlar:

«Çünki həmin layihələrin Azərbaycanda gerçəkləşməsi üçün heç bir zəmin və ilkin şərtlər yoxdur».
XS
SM
MD
LG