Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:47

Dayandur Sevgin. Allaha sual, Adamı...


Allaha sual


Burnumun ucunda ölüm qoxusu,
Olan günahımı yuya bilmirəm.
Canımda yurd salıb bəndə qorxusu,
Mən sənin qorxunu duya bilmirəm.
Mən insandan qorxum,
ya səndən Allah?

Nə var ki, salmağa, mərdi kəməndə,
Adalətin gözü yuxuludursa.
Allahın kölgəsi sayılan bəndə,
Allahın özündən qorxuludursa,
Mən insandan qorxum,
ya səndən Allah?

Daşı doğrayırsa tamahın dişi,
Bəndənin gözündə dünya zərdisə.
Əllidə baş kəsib qan tökən kişi,
Yetmişdə əməli peyğəmbərdisə,
Mən insandan qorxum,
ya səndən Allah?

Qəlbimdə qalıbsa quruca adın,
Bəndənin qorxusu mənə dağdısa.
Edam otağından çıxan cəlladın,
Əlləri qırmızı, üzü ağdısa,
Mən insandan qorxum,
ya səndən Allah?

Qulağın almırsa atılan topu,
Xayalın başında boş fırlanırsa.
Sənin hökmün ilə açılan qapı,
Bəndənin əliylə qıfıllanırsa,
Mən insandan qorxum,
ya səndən Allah?

Allahın qorxusu, insan qoxusu,
Yüz qara qorxular bir ağa düşüb.
İnsan cilidində şeytan qorxusu,
Allah qorxusundan qabağa düşüb,

Yolumu gözləyən dar ağacı var,
Külək yellədikcə kəndiri əsir.
Sən mənim hayıma gəlib çatınca,
Bəndənin qılıncı başımı kəsir.

İlahi, nə olar bir qorxu göndər,
Bəndə qoxusundan mən azad olum.
Yada ki, əbədi bir yuxu göndər,
Sənin o yuxunla bəlkə şad olum.

Bu yad qoxuları çıxar canımdan,
Sənin varlığını duyum İlahi!
Sənin varlığını duyum İlahi!


Adamı

İlahi, nə imiş dünya dediyin,
Didib, parçalayır adam, adamı.
Öz adı adam var, göylə əlləşir,
Yerisə yandırır adam, adamı.

Tac əhli olmayan bil, taca çatmaz,
Min bir hikmət söylə söz aca çatmaz,
Hər saya gələnlər sayğaca çatmaz,
Var çeviz adamı, badam adamı.

Bir azca sevinc ver gülüm İlahi,
Tanınsın közümlə, külüm İlahi,
Elə adiləşib ölüm İlahi,
Daha qorxutmyır edam adamı.

Olmayıb heç zaman ehtiyacları,
Harınlar anlamaz qarnı acları,
İndi muzeylikdir dar ağacları,
İndi sözdən asır adam, adamı.

Nə günüm bir gündür, nə gecəm gecə,
Verdiyin dərdlərə dözüm mən necə,
Gərək qız qalaydı “Həvva” eləce,
Gərək əkməyəydi “Adəm” adamı.


***


Rəqəmlə qoşa yazılanda
Sıfır olur adı,
Rəqəmsiz boş dairə.
Rəqəmin solunda beli bükülmüş
kasıba bənzəyir.
Onda birdən onda doqquza
Gedən yolda nələr çəkir sıfır.
Vergül qarmağıyla can atır sağa,
Elə ki, keçdi sağa,
Düzəldir belinin sıfır qağa,
Qohumlarını yığır başına,
On olur, yüz olur, min olur.
Doymur gözləri.
Təpik atır solundakı rəqəmə,
Düşünmür ki, rəqəm olmasa,
adına sıfır deyilməz,
HALQA deyilər.

"Körpü" jurnalı
XS
SM
MD
LG