Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:10

Dayandur Sevgin. Qırx yaşın məhəbbəti, Alatoran, Sıfır...


Alatoran


Alatoran: şər əməllərin və
şər əməllilərin fəaliyyət dövrü.
Cinin, şeyatının gələn vədəsi,
Yarasaların səbirsizliklə gözlədiyi
uçuş maqamı,
Qurbağaların zəhlə tökən qurultusu.

Dan yeri qızarınca,
Günəş üfüqdən boy verincə
Şər əməllər çəkilər
öz hücrəsinə.
Cin, şəyatın gözə görünməz,
Yarasalar divar deşiyi axtarar,
Dəcəl bir uşağın atdığı daş,
Kəsər qurbağaların
Zəhlə tökən səsini.
Nə yaxşı ki, işıqlı səhərlər var,
İşıqlı adamlar var İlahi!


Sıfır

Sıfırdan başlanır sıfırdan həyat,
Sıfırdan gedirik milyona doğru,
Zirvəyə yol gəzir hamı zirvəyə,
Yüz minə can atır, bir ona doğru.

Məni sevəcəksən öləndən sonra
Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən sonra.

Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən sonra.

Tellərin siləcək alın tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın gözündə çiçək açacaq.
Məni sevəcəksən öləndən sonra.

İllər gətirəcək yaş üstə yaşı,
Bu sirri qəlbində saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən sonra

Yandıran hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından
Məni sevəcəksən öləndən sonra.

Hələ ki, ömür elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim taleyim yazılıb belə,
Mən diri bədbəxtəm ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.


Mən “Kərəm” olmasam...

Naləsi qarsıyır dağı-dərəni,
Xayalım yol alıb uzaq keçmişə.
Telli saz yandırır “Yanıq Kərəmi”
Lənət oxuyuram “Qara Keşişə”.

Çal aşıq sazından qala boylanır,
Çal özün atəşə bələsin Kərəm.
Ərzuruma gedən yola boylanır,
Deyəsən itirib “Lələ”sin “Kərəm”.

“Kərəm” də bir oğul ola bilməyib,
Guya sevənlərə tale kəm baxır.
Keşişdən bir qızı ala bilməyib,
Min ildi milləti yandırıb, yaxır.

Qanmamaq dərd deyil, istəsən qanmaq,
Qanmaz qana bilər, qandıran olsa.
Nə böyük iş imiş, “Kərəm” tək, yanmaq,
“Əsli” tək od vurub yandıran olsa.

Alışan bax mənəm, say ulduzları,
Boylansın, sinəmdə dağlar görərsən.
“Yanıq Kərəmi”yə süzən qızları,
Sevgin yanğısına ağlar görərsən.

Tellərin qıvrılsın günəş üzündə,
Gözəllik önündə naşı deyiləm,
“Əsli” sevgisini sən tap özündə,
Mən “Kərəm” olmasam kişi deyiləm.


Qırx yaşın məhəbbəti

Yaman gecikmisən, yaman əzizim,
Daha alışmağa odum qalmayıb.
Həsrət gözlərimi pərdələyibi,
Dilimdə, ağzımda dadım qalmayıb.

İl olar sevənin hər keçən günü,
Sevgin məşəl olar, hicranın çəksən.
Gözümün odunda qızdırsam səni,
Saçımın qarında üşüyəcəksən.

Bəlkə əfsanəvi qız qalasısan,
Sevgiyə yeni bir ad gətirmisən.
Yoxsa sən zerdüştün qız balasısan,
Mənə alışmağa od gətirmisən?

Odlu baxışında qorxu-səksəkə,
Əridib içimi muma döndərib.
Göylərdən zühur edən mələksən bəlkə,
Tanrı səni mənə cəza göndərib?

Qırx yaşda gülübdür, de baxtı kimin?
Qayıda mənim də baharım, yazım.
Bəlkə sən ruhusan ölən sevgimin,
Yenidən dünyaya gelmisən quzum?

Mənim arzularım söz şəklində,
Mənim arzu sözüm özümə qənim.
Bəlkə “Əzrayıl”san qız şəklində,
Canımı almağa gəlmisən mənim?

Tanrıdan töhvəsən qara baxtıma,
Bəlkə də yolunda öləsiyəm mən.
Nə vaxtan sahibsiz sevgi taxtıma,
Sən sultanlıq elə, köləsiyəm mən.

Ömrün payızında nə yaxşı gəldin,
Vallah unutmuşdum bu şən dünyanı.
Yenidən gözümə qaldırdım gülüm,
Gözümdən sürüşüb düşən dünyanı.

"Körpü" jurnalı
XS
SM
MD
LG