Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:33

Zəka Vilayətoğlu "Gürcü qızı Maiko" (Hekayə)


-Hə. Bu başqa məsələ. Bura xoşuma gəldi. Əgər yeməkləri də keyfiyyətlisə, onda mənimçün də, bunların özləri üçün də ikiqat yaxşı. Hər şeydən öncə də bu xanıma görə bura tez-tez baş çəkib, ən azı bir fincan kofe içməyə dəyər,-kafedəki səliqə-səhmanlı stollardan birinin ətrafında üz-üzə əyləşərək, gürcü mətbəxinin ləziz xörəklərindən olan xəngəl və kupatinin gəlişini intizarla və sonsuz iştahayla gözləyən dostlardan biri-Sadiq, öz yaxın dostu Müşfiqə baxıb göz basdı və yaraşıqlı, gənc ofisiant qadına işarəylə dilləndi.

-Deyəsən, yaman xoşun gəlib?-Müşfiq soruşdu.

-Niyə də gəlməsin? Səncə biz kişi deyilik? Hər bir normal kişinin, hər hansı normal bir qadından niyə də xoşu gəlməsin ki?!

-Mənim də bu qadından çoxdan xoşum gəlib, amma mənə indiyəcən gözünün ucuyla da baxmayıb. Guya, elə bilirsən ki, sən məndən artıqsan, ya məndən yaraşıqlı, məndən pullusan?

-Mən sənə bir söz demədim ki, qadası. Pula gəldikdə isə ürək-könül məsələsində pul çürümüş xəzəl kimi bir şeydir. Məsələ pulda deyil. Məsələ ondadır ki, bu qadın, biz kafeyə daxil olduğumuz an öz ürəyinin açarını mənə verdi,-Sadiq gülə-gülə dedi və digər stollarda əyləşmiş qonaqlara yemək aparan ofisiant qadını baxışlarıyla izlədi. Bunu hiss edibmiş kimi qadın bir anlıq dönüb Sadiqin baxışlarını tutdu və eynən bir az əvvəlki tək mehribanlıqla gülümsədi. Sadiq bu an dostuna baxdı və fərəhlə dilləndi:

-Gördün?! Mən deyəndir. Heç o yan-bu yanı yoxdur. O, ikinci dəfə öz ürəyinin açarını verdi mənə.

-Nə açar-maçar salmısan, e? O özü səninlə məzələnir. Hanı, göstər görüm nə açardır elə?

-Biz burda əyləşəndən o, mənim üzümə mehribanlıqla gülümsəyir, tez-tez oğruncasına süzür məni. Daha bundan yaxşı nə ola bilər ki? Gərək nə qədər anlamaz olasan ki, bu təbəssümün mənasını anlamayasan!

-Burax, əşşi. Oğul ona deyərəm ki, bu gün yaxşı bir şot versin... Hardadı e, məndə o baxt ki, bircə dəfə, heç olmasa Sadiqin hesabına əməlli-başlı yeyib-içəm. Sən də durub mənə ağlına, ağzına gələni danışırsan. Əgər bu qız sənə yaxınlıq versə, mən heç adam deyiləm,-Müşfiq yarızarafat, yarıciddi dilləndi.

-Yox. Gəl belə danışaq; əgər mən deyən olsa, bu gün qonaqlığı mən verirəm, yox, əgər sən deyən olsa,..

-Onda qonaqlığı yenə də sən verirsən,-Müşfiq Sadiqin sözünün gerisini özünə xeyir etdiyi kimi tamamladı. Sadiq gülüb razılaşdı:

-Bir sözlə, hər iki halda bu günki qonaqlığın hesabını, söz verirəm ki, mən ödəyəcəm.

-Kişi kimi?.. Onda mən bu gün arın-arxayın, adam balası kimi, rahatca yeyib-içə bilərəm, hə?.. Hardadı səndə o cəsarət ki, əlli manat şot verəsən?

-Sən öl verəcəm, qorxma. Amma bir şərtlə.

-Nə şərtlə?

-Bu qadının telefon nömrəsini mənimçün al.

-Daha səninçün niyə? Alsam elə özümçün alaram də,-Müşfiq etiraz elədi.

-Onda özüm alaram,-Sadiq, ofisiant qadın stola yemək gətirəndə, görkəmindən azəri qızına bənzətdiyindən və onu bir azəri qızı zənn etdiyindən azəricə soruşdu:

-Qəşəng xanım, sizin telefon nömrənizi əldə etmək olar? - Qadın maddım-maddım gözlərini döyüb, gah Sadiqə, gah da Müşfiqə baxdı. Müşfiq bu an qarnını qucaqlayıb için-için güldü və Sadiqə dedi:

-O, gürcüdür, ay axmaq.

-Sən allah!

-Allah haqqı.

-Həə. Deyirəm axııı... Bu lap yaxşı oldu. Ömrümdə gürcü qızlarıyla yaxınlığım olmayıb... Görəsən, rusca bir şey bilir?

-Niyə bilmir? Elə bilirsən ki, hamı sənin kimi fu-filodu?

-Zarafatı burax. Sən öl, onunla aramızı düzəltsən, bu günki qonaqlıq mənlikdir.

Ofisiant qız söhbətin ondan getdiyini çoxdan anlamışdı. O, aramsız olaraq, Sadiqi gözdən keçirir, bircə dəfə də olsa Müşfiqə tərəf baxmırdı. Hətta aşpaz qadın da arabir mətbəxdən çıxıb gəlir, Sadiqi seyr edib, təzədən mətbəxə qayıdırdı. Ardınca da ofisiant qadın mətbəxə keçib məhəbbətlə aşpaz qadına deyirdi:

-Tiya, doğrudan qəşəng oğlandır, hə?

-Maiko, sənə noolub, yoxsa aşiq olmusan?-aşpaz qadın Tiya bir dənə siqaret odlayıb dərindən sümürərək, dilləndi. Maiko da bir siqaret yandırıb “oxqayla” tüstüsünü ciyərlərinə çəkərək, təkrar soruşdu:

-Tiyacan, qəşəng oğlandır, hə?

-Dayan, bir də baxıb deyərəm sənə,-Tiya yenidən oğrunca Sadiqi süzüb geri qayıtdı və dilləndi:

-Pis oğlana oxşamır, amma bilmək olmaz. Kişilərə etibar yoxdur.

-Qəşəng oğlandır, Tiyacan, çox qəşəngdir! Bilirsən necə gözəl təbəssümü var?!-Maiko ehtirasla pıçıldadı.

-Mən nə deyirəm ki, allah ürəyincə versin.

-Arada heç bir şey yoxdur, Tiyacan, sadəcə, ondan çox xoşum gəlir. İndiyəcən bura gələn kişilərin arasında yeganə kişidir ki, mənim ürəyimə yatıb. İki ildir ki, buradayam, amma bu iki ildə üzümə kişi nəfəsi dəyməyib. Səhər iş, gecə də ev, yatmaq, yenə də səhər iş. Adamın belə bir sevgilisi ola, işdən sonra gecələr səni ala qoynuna, şirin-şirin oxşaya, lay-lay deyə. Pis olmaz, hə, Tiyacan?!

-Niyə də pis olsun ki!.. Ehh, hardadır, məndə o bəxt ki,.. Bəxtim olsaydı, mən də gözəl doğulardım. Bu boyda da burun olar, qadında? Hələ bura bir bax, belim də donqarıb. Amma sən,.. tfu, tfu göz dəyməsin, təzə-tər şamama kimisən. Səndəki görkəm məndə olsaydı, nəinki Gürcüstanın, hətta bütün Azərbaycanın altını üstünə çevirər, qəşəng kişilərin hamısını kamıma çəkərdim.

-Tiyacan, o oğlan, çox xoşuma gəlir. Amma sən allah bu haqda Suliko bir şey bilməsin, a. Bilsə qovar məni işdən.

-Maiko, doğrudan, bu iki ildə heç bir kişiylə yaxınlığın olmayıb?

-Allah haqqı, qardaşım Sosonun canına and olsun ki, olmayıb. Bura gələnlərin çoxundan təklif, istək olub, amma ürəyimə yatanı olmayıb. Açığı, bu günəcən, elə bilirdim ki, bütün qadınlıq hisslərim məhv olub, amma bu gün, sanki, içərimdə bir oyanış baş verib. İndi-indi hiss edirəm ki, mən qadınam.

-Yaxşı, deyəsən, çox uzatdıq, get, qonaqlara bir şey lazım olar,-Tiya siqaret kötüyünü külqabıda, ilan başı əzirmiş kimi əzib söndürdü və tavada qızarmaqda olan kupatini o biri üzünə çevirdi...

Maiko, boydan bir qədər balaca olsa da, çox yaraşıqlı qadın idi. İyirmi doqquz yaşı hələ bu il tamam olacaqdı. Amma görünüşündən ona iyirmi üç yaş ancaq vermək olardı.

Müşfiq Maikonu işarəylə yanına çağırıb, ondan rusca soruşdu:

-Sizin telefon nömrənizi bilmək olar?

-Niyə olmur?-Maiko stoldakı zibil qabını götürüb mətbəxə qayıtdı və az sonra əlindəki vizit kartını Müşfiqə uzatdı,- buyurun, nə vaxt istəsəniz zəng edib, əvvəlcədən sifarişinizi verə bilərsiniz.

Müşfiq kartın o üz-bu üzünə baxdı və Maikoya dedi:

-Bizə sizin şəxsi nömrəniz lazımdır.

-Olmaz. İcazə yoxdur. İstəklərinizi ancaq bu nömrəylə bildirə bilərsiniz,-Maiko bilərəkdən inad etdi. Amma çox istəyirdi ki, dostlar təkid etsinlər və o, öz telefon nömrəsini gətirib Sadiqə versin. Belə də oldu və o, yenidən mətbəxə keçdi. Onun həddən ziyadə açıq olan ayaqlarına, ətli, ağappaq baldırlarına və tamamilə açıqda qalan dərisi qüsursuz, ləkəsiz, sızaqsız olan kürəyinə ehtirasla baxan Müşfiq Sadiqə baxmadan dedi:

-Keçiləsi şey deyil, aaa.

-Adam kişi olar, Müşfiq. Dost dostun malına göz dikməz.

-Ha-ha-ha. Deyəsən, sənin doğru sözündür! Nə deyirəm, bacarana baş qurban. Allah qüvvət versin,-Müşfiq qəh-qəhəylə dilləndi.-Al, bu da sənə nömrə. Sulikonun nömrəsidir.

-Suliko kimdir?

-Kafenin sahibi. Odur bax, o yekəpər gürcünü deyirəm. Görürsən necə yayxanıb oturub stulda?..

Suliko deyilən gürcü kişisi cüssəli, ortayaşlı, suyuşirin bir adam idi. Bir neçə il olardı ki, ailəsiylə birgə Gürcüstandan köçüb Bakıya gəlmişdi. Bakıda yaşayan imkanlı bir qohumunun köməyi, himayəsi sayəsində balaca bir kafeni icarəyə götürərərk, öz çax-çuxunu edirdi. Maikonu da Gürcüstandan o gətirmişdi Bakıya. Maikoya gündəlik beş manat pul verirdi. Təbii ki, əgər müştərilərin, əlavə olaraq, Maikoya könüllü verdikləri xırda-para pullar olmasaydı, bu pulla Maiko dolana bilməzdi. Bunu Suliko özü də yaxşı bilirdi və onunçün də Maikoya verilən əlavə pullarla maraqlanmırdı.

Sulikonun kafesindəki spirtli və spirtsiz içkilərin əksəriyyəti Gürcüstandan gətirilirdi. Burda keyfiyyətli olan bir şey vardısa o da həmin içkilər idi. Yeməklərdən isə yalnız xaçapurini, nisbətən dadlı və keyfiyyətli hesab etmək olardı. Dana bağırsağının içərisinə, bir çox ədviyyatlarla qarışdırılaraq, doldurulan ətin keyfiyyətindən danışmağa isə heç dəyməz. Əvvəla bu ətin mənşəyi bəlli deyildi. Dondurularaq, qaxaca dönmüş bu əti Suliko çox ucuz qiymətə əldə edir və gürcü mətbəxi yeməklərinə sonsuz həvəs göstərərək, bu kafeyə gələnlərə sırıyırdı. Bir qədər içib sərxoş hala gələn müştərilər bunun fərqinə varmasalar da, içki qəbul etməyənlər də olur və burdakı yüksək xidmətə, səliqə-səhmana baxmayaraq, yeməklərin çox keyfiyyətsiz ətlə hazırlandığını həmən anlayır, bir daha bura gəlmirdilər. Əgər gəlirdilərsə də bunun səbəbi yarıçılpaq, xoş təbəssümlü, yaraşıqlı, cazibədar, ehtiraslı Maiko idi. Maikonun bu cazibədarlığı fonunda, sanki yeməklər də dada gəlir, içkilər, şərablar da şirinləşirdi.

Maiko bilirdi ki, Suliko az pulla, az maya ilə çox gəlir əldə etmək üçün kələkbazlıq edir, təzə, keyfiyyətli ət əvəzinə keyfiyyətsiz və ucuzunu alaraq, baha qiymətə müştərilərə sırıyır. Hətta bir neçə dəfə Suliko etirazını da bildirmişdi. Amma Suliko ona bircə kəlməylə cavab vermişdi: “Belə etməsək, acından məhv olarıq!”

Maiko beş il idi ki, dul qalmışdı. Onun əri öz yaxın qonşularının oğlu Aliko adında bir oğlan idi. Evliliklərinin altıncı ayında o, Maikonun atasıyla birgə Kazbek dağlarındakı yoxuşlarda, dolaylarda avtomobil qəzasında həlak olmuşdu. Və elə Suliko özü də həmən oğlanın-Maikonun nakam ərinin yaxın qohumu idi.

Maikonun Soso adında bir qardaşı da vardı ki, hazırda Moskvada yaşayır, musiqiçilik edir, ayda-ildə bir dəfə anasına, maikoya zəng çalır, hal-əhval tuturdu. İmkan düşəndə də onlara bir qədər pul göndərirdi.

Maiko, gözəl olmasına baxmayaraq, olduqca sadəlövh, hamıya, hər kəsə inanan, tez aldana bilən bir qadın idi. Anasıyla tək qalmış Maikonu-onları, guya bir növ ağır vəziyyətdən, çətin dolanışıqdan xilas etmək üçün Suliko çəkib Bakıya-öz yanında işləməyə gətirmişdi. Birdən-birə yad və onun doğulub boy atdığı Kaxetiyadan qat-qat böyük olan Bakıda yaşamaq, baş çıxarmaq bu sadəlövh qadın üçün elə də asan deyildi.

Suliko Maikonu Bakıya gətirib, öz yanında işə düzəltdikdən bir neçə gün sonra onu təhrik etmişdi ki, müştərilərin qarşısına açıq-saçıq geyimdə çıxsın. Bu yolla müştəriləri tez-tez və daha çox kafeyə cəlb edəcəyini düşünmüşdü və heç bu düşüncəsində yanılmamışdı da. Az vaxtda, az qala ki, bütün şəhər Maikonun gözəlliyindən danışmağa başlamışdı. Bu gözəlliyi çox –çox kişilər oğurlamaq istəmişdilərsə də, Maiko indiyəcən kimsəyə yaxa tutdurmamışdı. Bunun ilk səbəbi onun nakam ərinə olan sönməz sevgisi olmuşdusa, ikinci səbəb də Sulikonun qorxusu idi. Lap bu qorxu olmasaydı belə, həddən ziyadə sadəlövh bir kənd qızı-Kaxet gözəli olan Maiko Sulikonun diqqətindən bir an da yayınmırdı. Hətta işdən də birlikdə çıxırdılar və Suliko Maikonu kirayə yaşadığı evəcən ötürüb, sonra öz evinə yollanırdı. Bununla kifayətlənməyib evindən də Maikonun yaşadığı evə zəng vurur, onun bir yana gedib-getmədiyini bilməyə çalışırdı.

Kafe axşamçağı müştərilərlə dolub-daşırdı. Hələliksə axşama çox vardı. Buna baxmayaraq, bir neçə stol qonaqlarla dolu idi.Suliko da bir tərəfdə stula yayxanıb, televizora baxır, peyk antennayla tutduğu rus telekanallarından birinin verilişlərini izləyirdi. Bir tərəfdə isə maqnitofonda hansısa bir gürcü müğənnisinin xoş ovqat yaradan şən nəğmələri ucadan səslənir, kafedə bir qədər romantik ab-hava yaradırdı.
Bir azdan Suliko bayıra çıxdı. Maiko isə daxılın dalında dayanıb nə iləsə məşğul olurdu. Onun əllərini görmək mümkün deyildi. Bu an Müşfiq ona işarəylə hesabı gətirməsini bildirəndə, Maiko sağ əlinin şəhadət barmağını dodaqlarına yapışdırıb, ona susmaq işarəsi verdi. Onun barmaqları arasındakı qələmi görüncə, Müşfiq Sadiqə dedi:

-Deyəsən, telefon nömrəsini yazır.

Elə bu cür də oldu. Az sonra Maiko əlində kitabça onlara yaxınlaşanda Müşfiq ilkin olaraq, əlini Maikoya sarı uzatdı:

-Bura ver görüm!

-Yoox. Mənə ver kitabçanı. Hesabı mən verəcəm,-Sadiq əlini cibinə salıb dilləndi.

-Sənlik deyil, nömrəni mən götürməliyəm, hesabı isə sən verməlisən,-Müşfiq zarafatyana etiraz etsə də ürəyi kitabçanın arasındakı telefon nömrəsində qaldı. Onun inadkarlığına baxmayaraq, Maiko kitabçanı Sadiqə uzatdı. Sadiq kitabçanı açdı və orda kiçik bir kağız parçasında yazılmış telefon nömrəsini görüncə, şadlığından qışqırmaq istədisə də özünü tez ələ alıb, digər kağız parçasına baxdı. Sonra cibindən bir əllilik çıxararaq, kitabçanın arasına qoydu və Maikonu işarəylə çağırdı. Maiko əllilikdən qırx yeddi manat çıxıb, pulun qalığını qaytaranda isə Sadiqlə Müşfiq kafeni tərk etmişdilər...

...-Nə içəcəksən?-Sadiq Maikonun yaraşıqlı gözlərinə baxıb soruşdu.

-Sən nə içsən, mən də ondan!-Maiko gülümsədi.

-Mən araq içirəm.

-Yox. Araq içməyi xoşlamıram.

-Bəlkə konyak, çaxır-hansından istəsən varımdır.

-Yox. Baxmayaraq ki, araqdan xoşum gəlmir, amma zəhər də olsa səninlə içməyə hazıram,-Maiko bildirdi.

-Niyə mənə görə?

-Mən səni sevirəm, Sadiq,-Maiko nazlandı.

-Mən də. Elə isə içək sevgimizin şərəfinə,-Sadiq yarıyacan araq süzülmüş, üstündən də koka-kola əlavə olunmuş fujeri qaldırıb Maikonun badəsinə toxundurdu.

-Sadiq, hara tələsirsən?

-Heç yana.

-Elə bil bir şüşə arağı içib tezliklə qurtarmaq istəyirsən?

-Yoox. Niyə ki? Qurtarar, ikincisinin də işinə baxarıq.

-Bu sənin öz evindir?

-Yox. Bura mənim ayrıca istirahət üçün kirayələdiyim mənzildir.

-Hə. Aydındır. Deməli, istədiyin qadınları bura gətirib kef çəkirsən hə?-Maiko qısqanclıqla soruşdu.

-İstədiyim deyəndə ki,.. Axı sənə niyə yalan deyim ki, gərəkəndə belə olur. Bəs həyat, yaşamaq nə üçündür? Gün axşama qara qul kimi işləyib can çürütmək olmaz ki!

-Mən getmək istəyirəm,-Maiko qəfil ciddiləşdi.

-Hara?

-Evə.

-Dəlisən?

-Dəli niyə oluram? Səninçün nə fərqi! Mən olmayım, bir başqası olsun, zəng elə həmin qadınlardan birinə, gəlsin bura, səhərəcən kef çəkin!

-Vallah sənin ağlın çaşıb. Guya desəydim ki, mən heç bir qadınla, indiyəcən yaxınlıq etməmişəm, inanacaqdın?.. Heç sən özün də and-aman eləsən ki, indiyəcən,..
-Suss!-Maiko əliylə Sadiqin ağzını qapadı.-Mən indiyəcən ərimdən savayı bir özgə kişi tanımamışam-and olsun Allaha, and olsun sənin canına... Anamın, qardaşım Sosonun, Maikonun canına and olsun ki, mən təmiz qadınam. Həmişə də ürəkdən sevmək, sevilmək arzusuyla yaşamışam... İnanmırsansa, özün bil.

-Hə. Yaxşı. İnandım. Dur keçək o biri otağa,-Sadiq üst paltarlarını çıxarıb ehtirasla Maikoya baxdı və ehmalca onun qolundan tutub dartdı.

-Hara?.. Niyə tələsirsən?.. Mən hələ kinoya baxmaq istəyirəm. Görürsən, necə maraqlı kinodur?-Maiko gözlərini televizora zilləyib inad etdi və yerindən tərpənmədi.

-Onda özün bil, mən getdim yatmağa,-Sadiq sərxoş addımlarla yan otağa keçib tamam soyundu və ikiadamlıq çarpayıya sərildi. Uzanmağıyla yuxulu, mürgülü, sərxoş gözlərinin qapanmağı bir oldu. Onun həqiqətən yatıb yuxulayacağından ehtiyatlanan Maiko araq dolu son badəsini, üz-gözünü turşudaraq, başına çəkdi və o da dəmbəziyərək, yan otağa keçib soyundu və çarpayıya uzanmamışdan öncə hamama girib yuyunmağa başladı. Sonra qayıdıb çarpayıda Sadiqin yanında oturub ona tamaşa etməyə başladı. Sadiq əməlli-başlı xorna çəkirdi. Maiko nazik örtüyü qaldırıb ehmalca altına girdi və dodaqlarını uzadıb Sadiqin sinəsini, boyun-boğazını, sonra dodaqlarını öpməyə başladı. Bu hərarətli öpüşlər, axır ki, Sadiqi oyatdı və o, bir anda Maikonu öz kamına çəkdi...

-Gözümə birtəhər dəyirsən, Maiko. Xəstələnməmisən ki?-Suliko Maikonu tez-tez sorğu-suala tutur, onun qəribə hərəkətlərindən, qayğılı, fikirli görünüşündən rahatsız olurdu. Üstəlik Maiko geyim tərzini də dəyişmişdi; artıq açıq-saçıq yox, tamamilə örtülü geyinir, yad kişilərin diqqətini cəlb etməməyə çalışırdı. Bu da Suliko heç xoşuna gəlmirdi.

-Mənə heç nə olmayıb, Sulikocan, narahat olma,-Maiko özünü şən göstərməyə çalışdı. Sonra daxılın dalına keçib bir siqaret yandırdı. Bir neçə qullab vurduqdan sonra stulda əyləşib mesaj yazmağa başladı. Bir-birindən gözəl sevgi mesajları cavabsız qalmır, Maikonun telefonu tez-tez səslənir, Sulikonu diksindirirdi.

-Maiko, deyəsən, özünə təzə sevgili tapmısan?.. Sevən qızlara oxşayırsan!-Suliko səbrini basa bilmirdi.

-Yox. Heç kəsi sevmirəm, Sulikocan.

-Bəs geyimini niyə dəyişmisən? Çox qapalı geyinmisən. Yəqin xəstələnmisən, hə? Yoxsa, qorxursan ki, yayın bu cırhacırında sənə soyuq dəyər?

-Yox.

-Onda sabahdan əvvəlki tək geyin. Əvvəlki geyimində daha qəşəng görünür, işıq saçırdın. Artıq neçə gündür ki, müştərilərimiz azalıb. Görünür, sənin bu qapalı geyimin onların da ürəyincə deyil. Onlardan ötrü hər yerdə bir qarın yemək tapılar, amma Maikonun gözəlliyi heç yanda görünməz. Belə getsə sən bizi acından qıracaqsan... Bəlkə pul azlıq edir sənə?

-Niyə ki, yaxşıdır.

-Bəs onda,..

-Yaxşı, sabahdan yenə mini yubka geyinərəm.

Kafenin müştəriləri son bir neçə gündə, doğrudan da azalmışdı. Deyəsən, həqiqətən anlamağa başlamışdılar ki, burda yedikləri ət xörəklərinin heç bir keyfiyyəti yoxdur. Amma Suliko bütün günahı Maikonun qapalı geyimində görürdü. Hətta qərara gəlmişdi ki, Maiko tezliklə əvvəlki geyimində işə gəlməsə, onun zəhmət haqqını bir qədər azaltsın.

Səhəri gün Maiko işə yenə də qapalı geyimdə gəldi. Həmin gün axşama kafenin, cəmisi dörd müştərisi oldu. Bu isə Sulikonu həddən ziyadə qəzəbləndirdi. Bütün hirs-hikkəsini Maikonun üstə tökməkdən özünü zorla saxladı. Və qəti qərara gəldi ki, Maikonun iş gününü yarıbayarı azaltsın.

Yəni bundan sonra Maiko iki gün işləyəcək, iki gün isə evdə oturmalı, ayda cəmisi yetmiş beş manat pul almalı olacaqdı. Altımış manat kirayə haqqı ödəyən Maiko üçün isə bu çox dözülməz idi. Amma buna baxmayaraq, Maiko bir daha açıq-saçıq geyinmədi.

Ona bir kimsə deməmiş, göstəriş də verməmişdi ki, o, qapalı geyinsin. Sadəcə o, ürəkdən bağlandığı, ürəkdən sevdiyi Sadiqlə birgə keçirdiyi ilk gecədə ondan sevdiyi qadını hansı geyimdə görmək istədiyini soruşmuşdu: açıq-saçıq, mini yubkalı, yoxsa əsil müsəlman qadını kimi.

Sadiq də onun neyləmək istədiyindən xəbərsiz halda, mini yubqalı, açıq-saçıq geyimli qadını öz həyatının qadını kimi görmədiyini və belə birisini qəbul etmədiyini yarızarafat, yarıciddi söyləmişdi. Və elə bu da Maiko üçün yetərliydi ki, o, ürəkdən, candan, qandan sevdiyi Sadiq üçün öz əzəlki açıq-saçıq geyimiylə vidalaşsın.

O, həqiqətən sevirdi və sevgisi oğrunda ölməyə hazır olduğuna inanırdı. Bu an ondan ötrü Suliko kimilərinin bir həşərat qədər də dəyəri yox idi. Ən əsası o, sevirdi və doğrudan-doğruya Sadiqin də sevgisinə inanırdı.Bu sevginin xətrinə Sadiq üçün hər şey eləməyə hazır idi. Hətta bu saflığa o qədər inanırdı ki, anasıyla telefon əlaqəsi zamanı fərəhlə bunu anasına da bildirmişdi: “Anacan, mənim qəşəng bir sevgilim var. Darıxma, biz yaxın vaxtlarda onunla birlikdə, tezliklə sənin görüşünə gələcəyik!.. Ana, bilirsən, o necə yaraşıqlıdır?..

İnanmıram ki, o, məni aldada, mənə yalan danışa. Çox sevirəm, anacan, çox sevirəm onu! Bağışla ki, dediyim vaxtda gələ bilmədim...” Bu vaxtacan hər dəfə telefonda ağlayan, “Maykocan, ətrini sənin paltarlarından alıram. Daha sənsiz dözə bilmirəm, qayıt gəl evimizə”-deyən anası yalnız “Allah sizi xoşbəxt eləsin, qızım! Sənə xoşdursa, mənə də xoşdur!” sözlərini deyib susmuş, bu dəfə deyəsən, sevincindən için-için ağlamışdı.

Sulikonun qərarından, yəni onun Maikonun iş gününü azaltmasından dərhal sonra Maiko işdən çıxmaq məcburiyyətində qaldı.

Yaxşı bilirdi ki, bütün bu həngamələrin başlıca səbəbi onun açıq-saçıq geyinməməsidir. Bundan sonra harda, kimin yanında işləmək, pul qazanmaq məsələsi isə çox müşkül idi. Başqa bir ölkənin vətəndaşı olduğu üçün hansısa bir kafedə, bir müəssisədə işləyib-çalışması,-,kafe, müəssisə sahibləri üçün rəsmi orqanlar tərəfindən baş ağrısına çevrildiyinə görə,-çətin ki, baş tutaydı.

Hələlik, bu bir o qədər də Maikonu qorxutmurdu. Uzaqbaşı çıxıb öz vətəninə gedəcəkdi. Amma Sadiqdən heç cür ayrılmaq istəmirdi. İki gündən, bəzən üç gündən bir bütün gecəni birgə olduğu Sadiqə o, daha çox bağlanır, ondan ayrıla biləcəyini ağlına belə gətirmirdi.

O, hər şeyə hazır, hər şeyə razı idi, təki, Sadiq ondan üz döndərməyəydi. Gündəlik zənglər, mesajlar bircə an ara verəndə Maikonun başına dar gəlirdi dünya... Görüşləri zamanı tez-tez Sadiqə xatırladır, and içirdi ki, o, heç öz mərhum ərini Sadiq qədər sevməyib...

Maiko, işdən çıxarılmasına səbəb olan açıq-saçıq geyimlərini bir axşam götürüb qayçıyla doğram-doğram elədi və sanki bu paltarlara köz kimi yapışıb qalmış neçə-neçə naməhrəm gözləri, baxışları da dəlik-deşik edib tökdü. Sonra ümidlə telefonu götürüb, Sadiqin nömrəsini yığaraq, düyməsini basdı.

Heç gözləmədiyi halda Sadiqdən cavab gəlmədi. Uzun-uzadı, saysız-hesabsız zənglərə baxmayaraq, o təkrar-təkrar Sadiqə zəng etdi. Bütün zənglər cavabsız qaldı. Sonra saysız-hesabsız sms-lər, gah qınaq, gah sevgi mesajları, lap sonrası da saysız-hesabsız göz yaşı damlaları...

Günlər ötürdü. Maikonun zəngləri ara vermir, Sadiqdən də cavab gəlmirdi. Və yalnız Tanrı, bir də Maiko özü bilirdi, Maikonun nələr çəkdiyini. Gecələr çox ağlayırdı Maiko. Bəlkə də ağlayırdı ki, alovlanmaqda olan sevgisini söndürsün, amma əksinə onun sevgisi daha da alovlanır, göz yaşları isə bu sevgi ocağına neft kimi calanırdı...
XS
SM
MD
LG