Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:46

Radiasiya təhlükəsinin yayılması realdırmı?


İCTİMAİYYƏTİN DİQQƏTİ...

Yaponiyada baş verən 9 ballıq dağıdıcı zəlzələ və onun ardınca sunami Gürcüstanda fəlakətin yaxından izlənməsinə səbəb olub. İctimaiyyətdə fəlakətlərin mümkün təsiri müzakirə olunmaqdadır. Yerli mütəxəssislər təhlükənin minimal olduğunu hesab edirlər.
Əvvəlcə zəlzələdən başlayaq. İlya Universitetində Yer haqqında elmlərin tədqiqi institutunun direktor müavini, geofizik Mixail Elaşvili Yaponiyada baş verənləri və zəlzələnin yaranma səbəblərini izah edir:

«Yaponiya iki platformanın - Şimali Amerika və Sakit Okeanın sərhədində yerləşir. Sakit okean platforması tədricən Şimali Amerika sularına dalır. Bu elmi dildə subduksiya adlandır. Məhz həmin yerdə güclü zəlzələ baş verib. 1900-cü ildən bəri mövcud statistikaya görə, indiyə kimi 4 belə güclü zəlzələ olmuşdu. Və bu təbii fəlakətlərdən sonra yer kürəsində dəyişiklik olmayıb».

Mixail Elaşvilinin sözlərinə görə, Gürcüstan tektonik cəhətdən başqa platformaya məxsusdur. Gürcüstan Ərəbistan və Avrasiya platformalarının qovuşduğu yerdə yerləşir. Seysmoloji cəhətdən dəyişikliklər ehtimal olunur. Elaşvili hesab edir ki, yer kürəsində bu cür təbiət prosesləri daima baş verir.

ZƏLZƏLƏDƏN SONRA YARANAN PROBLEM


«Fukuşima» 1 atom elektrik stansiyasında yaranan vəziyyətə gəlincə, zəlzələdən sonra onun soyutma reaktorunda problem yaranıb. Gürcü mütəxəssisləri bildirir ki, eyni problem bir vaxtlar Çernobıl atom elektrik stansiyasında da olmuşdu, partlayışla nəticələnmişdi.

Ancaq alimlər yapon reaktorlarının keçmiş sovet reaktorlarından kəskin fərqləndiyinə də diqqət çəkirlər. Yaponiya reaktorları müdafiə örtüyü ilə təchiz olunub ki, bu da reaktoru qoruyur, partlayış ehtimalını minimuma endirir.

Ətraf mühit və təbii sərvətlər nazirliyində nüvə və reaktiv təhlükəsizlik xidmətinin baş mütəxəssisi Qriqol Basiliya deyir ki, Yaponiyanın atom elektrik stansiyasında hələlik nüvə partlayışı olmayıb, sadəcə tektogen fəlakət qeydə alınıb. Nüvə partlayışı təhlükəsi ehtimalı barədə Qriqol Basiliya bunları bildirir:

«Təbii ki, partlayış nəinki Yaponiyada, eləcə də bütün dünyada qarşısıalınmaz proseslərə səbəb ola bilər. Güclü şüalanma atmosferin yuxarı qatlarına çata, bütün yer səthinə yayıla bilər. Biz Yaponiyadan çox uzaqdayıq və radiasiyanın bizə çatması nəzəri cəhətdən mümkün olsa da, praktiki cəhətdən mümkünsüzdür».

KÜLƏK VƏ YAĞIŞLAR VASİTƏSİLƏ RADİASİYA

Qriqol Basiliya qeyd edir ki, atmosferin yuxarı qatlarında radiasiya təbəqəsi yaranarsa belə, bunun Gürcüstana təsiri azdır. Energetika və telekommunikasiya fakültəsinin dekanı, professor Qiya Arabidze də bu fikirdədir. Ancaq o, radioaktiv maddələrin yayılmasında küləyin istiqamətinin də əhəmiyyətli olduğunu deyir. Rusiya, Belarus və Ukraynadan sonra Gürcüstan külək və yağışlar vasitəsilə az da olsa radiasiyaya məruz qalıb.

«Birbaşa şüalanmanın Gürcüstana təsiri olmayacaq. Ancaq külək bizim istiqamətdə əsərsə Gürcüstanda nöqtəvi çirklənmə mümkündür, bu isə insan sağlamlığı üçün ziyanlı deyil».

Baxmayaraq ki, nüvə və reaktiv təhlükəsizlik xidmətinin rəsmisi Qriqol Basiliya birbaşa radiasiya təhlükəsinin minimal olduğunu ehtimal edir, o bildirir ki, əgər Yaponiyada reaktor partlayarsa radioaktiv çirklənmə Yaponiyanın qonşularına – Çinə, Koreya və hətta Rusiya Federasiyasının Sibir ərazisinə yayılacaq. Bu isə Rusiyada istehsal olunan məhsullara təsirsiz ötüşməyəcək. Nəticədə çirklənmiş ölkələrin istehsal etdiyi məhsullar digərləri üçün təhlükə mənbəyi olacaq.

Bu ölkələr siyahısına Gürcüstan da daxildir. Qriqol Basiliya deyir ki, radiasiya çirklənməsinə nəzarət zəifdir:

«Hətta Çin və Koreyada istehsal olunan kompüter texnikası çirklənməyə qarşı ciddi yoxlama tələb edəcək. Yəni, fiziki təsirlə yanaşı iqtisadi amil də var. Bu ölkələrdən gələn hər bir əşya uşaqlar, eləcə də böyüklərin sağlamlığı üçün yoxlamadan keçirilməlidir. Məsələn, oyuncaqlar çirklənməyə nə qədər məruz qalıb və s. yoxlanmalıdır».

Qriqol Basiliya deyir ki, radiasiya çirklənməsi müxtəlif maddələrin təsirindən yarana bilər. Onlardan ən təhlükəlisi urandır ki, yarım parçalanması 50 il davam edir və xərçəng, həzm yolu xəstəliklərinə səbəb olur.
XS
SM
MD
LG