Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:02

Paşa Qəlbinur. Qara su (3)


Əvvəli

XI FƏSİL

Göydələnlər

Böyrəklərinin ağrısından üzünün keyimiş ifadəsi suç və əzab qarışığıydı Bəy Qasımın. Onun biznesinin bir qolu da hündürmərtəbəli evlərin tikintisiydi. Son bir-iki ildə Bakıda tikilən "göydələn"-lərin 30-40%-i Bəy Qasımınıydı. Söz-söhbət gəzirdi ki, bu bina konstruksiyalarında işlədilən poladın çox böyük əksəriyyəti təkrar emal olunmuş metaldandır ki, bu da qəti qadağandır. Qumu - duzludur, bu da yolverilməzdir. Bəziləri də radiasiyası yüksək olan neft buruqlarının yerində tikilir. Keyfiyyətsiz tikilən binalar hər an orada yaşayanlar və ətrafdakılar üçün təhlükə törədir. Arxitektur əhəmiyyətli binaların sökülüb, yerində "göydələnlər" tikilməsi mənəviyyata zərbələr vurur, tarixi yaddaşın itməsiylə nəticələnir, yayın boğanağında yelçəkənlərin - sərin hava axınlarının qarşısını alır, Nyu-Yorkun misalında günəş şüalarının qədərincə düşməsinə mane olur və sairə. Axı, həm də deyilənlərə görə, tarixi gözəl Bakımız XIX əsrin sonu - XX əsrin əvvəllərində dünyanın tanınmış arxitektorları tərəfindən dörd-beş mərtəbəli binalar üçün planlaşdırılmışdı (yeraltı və yerüstü relyefi nəzərə alınaraq).
...Təhlükə, allahsızlıq, cinayət! Bu üç şey Bakını "göydələn"lərlə bəzəyənlərin əməlləridi.
Bəy Qasım bir il əvvəl bir məclisdə qədərincə dəmlənəndən sonra demişdi ki, Bakının mərkəzindəki bütün evləri sökəcəm, ancaq Murtuz müəllimə yerində tikdiyim "göydələn"dən yer verəcəm. Qalanlarını qolamazdıyacam, hara düşərlər, düşərlər - Əhmədliyə, Günəşliyə... - belə deyib şaqqanaq çəkmişdi Qasım.
Aydının yadına qürbətdə otuz altı yaşında ağrılar və əzablar içində dünyasını dəyişən Məhəmməd Əsəd Bəyin son avtobioqrafik "Sevgidən bixəbər kişı" romanından Bakı Sevgisi düşdü: "Bakı - Xəzərin sahilindəki bu neft metropol şəhərində mənim uşaqlığım keçmişdi. Vətənsiz həyat boş və mənasızdır. Vətənimi itirmişəm. Bu əzab çox dəhşətlidir. Bu məni içimdən yeyir və gəmirir. Bəli, səhərin bu sübh çağında mənə əzab verən, incidən bu mərhəmətsiz ağrıların dözülməzliyindən uşaq kimi ağlamaq istəyirəm. Mən qürbətdə dəfn olunmaq istəmirəm! O şəhər hələ avropalaşmamışdı, amma artıq Asiya da deyildi. Qədim qala divarı, şərq sarayları mənim xəyallarımı səmaya ucaldır.
Bu gün mən dünyanın bütün zövq-nəşəsini görmüşəm, içkidən tutmuş morfiya qədər (Əsəd Bəy ağrılara yalnız morfilə dözə bilirdi). Amma ən gözəl həzz sehirli, sirli Bakının qədim qala divarlarının və sökülmüş qədim sarayın (Şirvanşahlar) darvazasını xatırlayaraq xəyallara dalmaqdır. Bu darvazanın yuxarısı əyri-oval, bu möcüzəli hərfləri, bu nazik sütunlar mənim həyatımın ilk böyük məhəbbəti, ilk sevgisi idi. O qala divarlarından bu ölüm yatağına qədər olan yol çox uzun idi.
Mən köhnə bir qala divarını sevirdim. O qala divarını ki, o, şəhərin mərkəzində, Bakının yarıdağıdılmış İçərişəhərində yerləşirdi. Mən qədim Qalanın xarabalığını sevirəm. O qədim Qala ki, onun qayğısına kimsə qalmırdı, o Qala mənim həyatımın ən böyük məhəbbəti olmuşdu və bu sevgi mənim həyatımı müəyyən etdi. Bu əsl sevgi idi."

Bəy Qasımın böyrəklərinin ağrısı anbaan artırdı. Birdən ağrılar daha da dözülməz dərəcədə şiddətləndi, qıvrılıb: "Aydın, ölürəm", - deyib bayıldı. Aydın cəld təyyarə bələdçisinin düyməsini basdı. Üç dəqiqə sonra Qasımın venasına iynə vurulurdu, yaxasının düymələri açığıydı, rəngi ağappağıydı, nəbzi seyrəlmişdi. Bir az da keçdi, Bəy Qasım yuxudaydı - dərin dərman yuxusunda...
Yuxuda kimisə danlayırdı: "Ay filan-filan şüdə, Türkiyə səfirliyinin təzə yerini deyirəm - "Güllüdərəni"... Bir az diribaş olsaydın, indi yetmiş milyon dollar irəliydim..."
Dərman yuxusunda Bəy Qasımın böyrəklərinin saz vaxtıydı. Aydın bir də gördü ki, Qasımın şalvarının balaqları islanıb, ayaqlarının altında su gölməçələnir. Öndəki kresloda oturan eynəkli əsəbi kişi ayaqqabılarını çıxarıb qəzet oxuyurdu, corabları islananda diksindi: "Kes köse?" - deyib arxaya cevriləndə məsələ aydın oldu. Kişi çaşdığından deyinə-deyinə, ayaqqabıları əlində tualetə tərəf götürüldü. Təyyarənin salonuna xəstə - üfunətli sidik iyi yayıldı...
Aydın düşünürdü: "Bir neçə il keçəcək, gözəl Bakımızdan heç nə qalmayacaq. Paris qalacaq, Münhen qalacaq, Venetsiya, Sankt-Peterburq qalacaq, dünyanın gözəl-ğözəl şəhərləri öz tarixi simasında qalacaq, Bakı qalmayacaq. Maykl Ceksonun üzündə aparılan uğursuz kosmetik əməliyyatlardan sonrakı üzə bənzəyəcək Bakımız. Içəri şəhəri, fontanlar bağı ətrafı gözəl tarixi binaları olan Bakı olmayacaq. Tək-tək binalar qalacaq. Məsələn, şəhər meriyasının binası, Alman səfirliyinin binası qalmayacaq. Onunla üzbəüz incəsənət universitetinin gözəl arxitektur binasının yerindəki "göydələn"in hündür mərtəbələrinin birindən nəvə babasından soruşacaq:
- Bu gözəl tarixi binaların yanında "göydələn"ləri kim tikib?
Baba kövrələcək:
- Bala, sən on beş-iyirmi il əvvəlki gözəl Bakımızı görsəydin... Axı, dünyanın yeddi möcüzəsindən biri qalıb. O möcüzələri yox edənlərə gözəl, tarixi Bakımızı dağıdanlar əlavə olunacaq. Bəlkə də, bir möcüzə baş verəcək, bir gözəl gün şəhərimizin bu yöndən sökülməsi dayandırılacaq!"
Bəlkə də bu fikir Aydının özünün-özünə təskinliyiydi... O, yaxasının düymələrini açdı, sinəsi od tutub yanırdı.

Salonun havasından hələ də Bəy Qasımın sidiyinin iyi gəlirdi...

XII FƏSİL

Niyə Qasım bəy yox, Bəy Qasım

Bəy sözü Qasımın adının əvvəlində niyə gəlirdi? Bunun qəribə bir tarixçəsi var. Bildiyimiz kimi, bəylik nəsilliklə olur. Məsələn, Üzeyir bəy Hacıbəyov, Mustafa bəy Topçubaşov, Əlimərdan bəy Topçubaşov, Qasım bəy Zakir və sairə. Qasımın nəsil-səcərəsində bəy olmamışdı. Hal-qəziyə belə olmuşdu ki, Azadlıq meydanındakı mitinqlər vaxtı Qasım çadırlarda yandırmağa iki maşın dizel yanacağı gətiribmiş. Ilk dəfə orada uşaqlardan kimsə ona Bəy Qasım deyib. Odu-budu adı qalıb Bəy Qasım. Sonralar Qasımgilin qonşusu - Yetim Əlinin oğlu Şahmərdan mənə danışdı ki, onu Bəy Qasım çağıran öz doğma əmisi oğlu Məmməd idi. Məmmədi də özü öyrədibmiş belə desin. Əlqərəz, Cəbhənin vaxtında Bəy Qasım yanacağın gecələr gizlicə benzin çənləri dolu qatarlarla Qazaxdan o tərəfə satılmasının əsas təşkilatçılarından biriymiş. Hakimiyyət dəyişiləndən dərhal sonra o, mətbuatda, televiziyada Cəbhə hakimiyyətini söyməyə başladı. Bu yöndə müxtəlif aşkar, ya gizli tədbirlər silsiləsini istiqamətləndirib həyata keçirdi. Bir sözlə, zirək oğulun ağlı başında, əli cibindəydi. Adının əvvəlindəki təyinin izahı belə oldu ki, guya o, keçmiş hakimiyyət dövründə hakimiyyətdəki məmurlardan biri ola-ola, Cəbhəyə müxalif olub. Xülasə, nadir nüsxələrdən biri kimi Bəy Qasım dəyişilən hakimiyyətlərin Bəy Qasımı olaraq qaldı.
Şahmərdan deyirdi ki, güclü şahmatçılar kimi Bəy Qasımın da bundan sonrakı on-on beş təzə hakimiyyətə ehtiyat gedişləri, tədbirləri var...
"Sən saydığını say, gör fələk nə sayır", - deyib babalar.
Bəy Qasım dostlarına vəfasız çıxmışdı, böyrəkləri də ona...

XIII FƏSİL

İşıq haqqı

Neçə illər əvvəl Qasımın uşaqlıq dostlarından biri türmədən bir gözlə qayıtmışdı. Səbəbini soruşanda Navrız (onu uşaqlıqdan belə çağırardılar): "Sol gözüm hər dəfə səyriyəndə başıma bir iş gəlirdi. Iki dəfə oğurluq üstə tutdular, bir dəfə də (heç danışılası döyül)... Bu dəfəki srokumda bir ömürlük yatanla dalaşdım, az qaldı öldürə məni, yenə gözüm səyriməyə başladı. Bir paslı mismar götürüb, oyub tökdüm yerə... Yoxsa bir gün məni əllim-ayaq güdaza verəcəkdi, bu..."
Bu əhvalat hardan düşdü yadına Qasımın - bilmədi. Ancaq dostunun özü oyduğu gözü, böyrəklərinə və Qasıma çox oxşayırdı... Bu fikir içinnən keçən kimi əti ürpəşdi, canına titrətmə düşdü, əl-ayağı buzdadı, Şahin, Şahin, - deyib huşu qaraldı.
Aydın başının üstündəki yardım düyməsini basdı.
Qasımın sol dirsəyinin iç bükümündən venasına yerıdilmiş iynənin düyməcik qapağını qaldırıb dərman yeritdilər, oksigen borusuyla nəfəs aldırdılar, alnının, üzünün tərini nəm məndillə sildilər. Özünə gəldi, yavaş-yavaş baxışları aydınlaşdı, rəngi-rufu duruldu...
Aydının da üzündən narahatçılıq izləri hələ də tamam çəkilməmişdi. Qasım Aydına yuxusunu danışmağa başladı:
"Indicə yuxuda Şahin iki əliylə boğurdu məni. Nə illah eləyirdim buraxmırdı hulqumumu, yalvarırdım, yaxarırdım, nələr-nələr boyun olurdum buraxmırdı. Azca, lap azca da boğazımı sıxsaydı ölmüşdüm, ölmüşdüm, ay Allah! Birdən yadıma düşdü, yadıma düşdü Şahinin andı - Işıq haqqı! Şahinin atası bir günün içində gənc yaşlarında qlaukomadan (el arasında "Qara su" xəstəliyi deyirlər) gözlərinin nurunu itirmişdi. Şahin, səni and verirəm Işığa, burax məni, - deyən kimi buraxdı əllərini.

Aydın, axırımıydı, əllərini çəkməsəydi. Ay Allah, bu nə yuxuydu!..."
Sonra xeyli müddət ikisi də dinməz-söyləməz oturdular. Aydın hərdən gizlicə gözlərinin qulağıynan Qasıma baxırdı, Qasım xəyallarda, öz aləmində idi.
Şahinlə dostluğunun ilk günlərindən düz otuz üç ili nağıl-dastan sürətiylə üzü bəri gəlirdi. Şahin həmişə dost kimi, qardaş kimi ona sadiq olmuşdu. Şahin həmişə (son bir neçə ili çıxmaq şərtiylə) Qasımdan imkanlı, adlı-sanlı olmuşdu. Qasım həmişə kasıb halıyla Şahinin süfrəsində əyləşmiş, eldə deyildiyi kimi, onun tonlarla çörəyini kəsmişdi. Hətta bir dəfə, uzaq gənclik illərində Şahinin arvadı abortdan yenicə evə gəlib, yatağa uzanıbmış, Qasıma görə Şahin ona bir şillə vurub, yataqdan qaldırıb ki, dur, dostum gəlib bizə, layiqli süfrə açmalıyıq. (Şahin uzun illər sonra arvadından buna görə üzr istəyibmiş.)
Dostluqda üç alma olur: ikisi birində, biri birində. Bu dostlarda üçü də birindəydi - Şahində. Xülasə, dastan dili yüyrək olar, deyirlər. Düz iyirmi səkkiz ildən sonra Qasımın əli gətirir - vəzifəsi, pulu, imkanları... Və Qasım Şahindən üz döndərib, uzaqlaşır.
Indicə Qasımın Şahinlə dostluq illərindən bir xatirə yadına düşdü. Qasım o vaxtlar tez-tez məclislərdə tay-tuşlarına danışardı ki, bir dəfə şəhərdə pul qabımı, içində də olan-qalan yenicə aldığım məvacibimi itirmişdim. Ürəyimdə üç dəfə: "Ya Şahinin cəddi, kömək ol", - dedim. Heç üçcə dəqiqə keçməmişdi ki, küləkli Bakı havasında, Əlyazmaları Institutunun üzbəüzündə, ağacın dibində bir kağız bağlama gördüm. Sağımda-solumda, o həndəvərdə heç kim yox idi. Nə isə... Allah özü yetirmişdi. Götürüb açdım, düz iki dəfə itirdiyim puldan çox idi...
Dostlar bir-birindən (Qasımın günahınnan) ayrı düşəndən bir il sonra o, bu ağır xəstəliyə düçar oldu. Xəstələnəndən sonra Qasım yenə dəyişdi: qardaşıgildə qəfəsdən quşları açıb azadlığa buraxdı, bir dostunun bağındakı itə bir günün içində insana layiq şərait düzəltdirdi, tabeliyindəki işçisinin atasıgildə kənddə qonaq olanda hovuzdakı balıqları yaxınlıqdakı çaya buraxdırdı və sairə, və ilaxir.
Qasım öz genetik naqislikləri ilə və onun törətdikləri mənfiliklərin Tanrı dərgahındakı qeydiyyatıyla mübarizəyə başlamışdı. Görəsən, gec deyildi ki?..
Indi bu dəqiqə, ömründə Qasıma xəyanət etməyən dostu Şahin onu - Qasımı, yox, yox, Bəy Qasımı yuxuda boğurdu. Və bir Allah bilir ki, "Işıq andı" Qasımın yadına düşməsəydi, vəziyyət necə olacaqdı...

XIV FƏSİL

Qara qıllı meymun

Bəy Qasımın Bakıdakı həkimi Mirsəlim Əhmədzadə həm də çox inanılan seyid ocağının oğludu. Yola salanda əlini Qasımın başına çəkib demişdi ki, cəddim haqqı, sağ-salamat geri dönəcəksən, bu dəqiqədən xəstəliyini yadından çıxart, vəssalam. Inşallah, bir də səni sappasağ Bakıda qarşılayacağam.
Ancaq Qasım heç bir dəqiqə də olsun xəstəliyini yadından çıxarda bilmirdi, Aydın da oğlunu - dəmir barmaqlıqlar arasından gecə-gündüz ona sarı boylanan qara qaşlı, qara gözlü Orxanı. Axı, böyük hesabla, onun günahı yox idi. Günah çoxlarındaydı - bəy qasımlarda, məmmədlərdə, Orxanın anasında, lap elə Aydında, kimlərdə, kimlərdə, ancaq Orxan günahsızıydı. Aydın günahsız ciyərparasını qazamatdan çıxarmaq üçün böyrəyini verəcəkdi, bir də qara ciyərinin bir hissəsini, lazım gəlsə, canını da verərdi, təki oğlu azadlığa çıxsın. Aydın min bir əzaba, əziyyətə dözmüşdü, arzuların qanadında böyütmüşdü Orxanı, ürəyi istədiyi kimi yeməmişdi, geyməmişdi, neçə-neçə keflərdən qalmışdı, ömründən, günündən, işığından kəsib boya-başa çatdırmışdı, indi də ki, belə... Dərindən köks ötürdü Aydın.
Qasım dirsəyiylə yüngülcə dümsüklədi onu: "Aydın, Aydın, yadındadı həkim Miri bizi yola salanda dedi ki, xəstəliyini yaddan çıxart, sappasağ geri dönəcəksən? Heç cürə xəstəliyimi yaddan çıxara bilmirəm. Düşəcəyimiz vaxt azaldıqca, darıxma tutur məni, daha da ümidsizləşirəm." Aydın son günlər bir az da büzüşüb, balacalaşan Qasıma bacardığı qədər ürək-dirək verdi. Araya yenə sükut çökdü. Qasımın beynində Miri həkimin "xəstəliyini yaddan çıxart" sözləri dalbadal əks-səda verirdi. Axı Qasım nəfəsini kəsən, onu ölümün ağuşuna sürükləyən, saatbasaat ağırlaşan xəstəliyini necə yaddan çıxara bilərdi?
Aydının yadına anasının çox sevdiyi, hərdən yeri düşəndə danışdığı bir rəvayət düşdü: "Keçmiş zamanlarda ucqar dağ kəndindən cibində xeyli pulu olan bir kişi, ömründə ilk dəfə böyük şəhərə gəlir. Şəhərdəki qələbəlik - hündür binalar, bazar-dükanlar, çeşid-çeşid yeməklər, parçalar, paltarlar, məscidlər, bir sözlə, görmədiyi qəribəliklər kişini heyran edir. Bazarda toxumsatana yaxınlaşıb deyir ki, qardaş, bax, onu görürsən (məscidin gümbəzini göstərir), toxumundan varsa, sat mənə. Toxumsatan əvvəlcə bir an duruxur, sonra tövrünü pozmadan deyir ki, var, qardaş, onun toxumundan, var. Ancaq bu toxumu əkəndə, qara qıllı meymunu yadına salsan, o gördüyün tərsinə bitib yerin təkinə gedəcək. Ucqar dağ kəndinin ayrımı sevincək toxumu alıb kəndə dönür. Toxumları əkəndə nə illah eləyirsə, qara qıllı meymunu yadından çıxara bilmir. Əkdiyi də turp toxumuymuş. Məhsul yığılanda, toxumsatanın dediyi vaxt torpaqdan məscid gümbəzinin cırtdan boydaları çıxır.
...Toxumsatanın atasına rəhmət oxuya-oxuya özünü söyürmüş o kişi."
Bu dərdin, ağrının içində Aydını gülmək tutdu. Aydın durduğu kreslosunda isti palçıq vulkanının pıqqıltılarıyla xırda-xırda titrəyirdi.
Bir an da olsun Aydın oğlunu, Bəy Qasım böyrəklərini, o kəndli də qara qıllı meymunu unuda bilməzdilər, bilmədilər də...

XV FƏSİL

Güllü müəllimə

Artıq necə saatdı ki, havadaydılar. Saatlardı təyyarə kreslosuna pərçimlənən Aydının qurşağından aşağı ayaq barmaqlarınacan qan göllənmişdi. Eldə deyildiyi kimi, ayaqları şişib kündələnmişdi. Elə bil başının, köksünün, qollarının qanı axıb-sürüşüb qurşağına, oradan da aşağılara yığılmışdı... Qurşaqdan aşağı ilıq naftalan vannasındaydı Aydın, dərdlərin içində - qara torpaqdakı peyinlikdə bitən xiyar koluydu elə bil. Bu qarışıq, özünə tanış gələn-gəlməyən əhvalı onu çəkib kəndlərinə, uşaqlıq illərinə və əslində, qonşuları Güllü müəlliməgilə aparırdı. Güllü müəllimə otuz-otuz beş yaşlarında, kənd arvadlarının diliylə desək, qartımış qızıydı. Sol yanağının üstündəki balaca qara xalını bir az da qaralayıb böyüdər, sürməsi, ənliyi-kirşanı artıq kimi görünərdi. Bəstəboylu, ağbəniz, əndamı dolu, baldırları təzəcə sudan çıxan ağ balığa oxşayırdı, yeriyəndə titrəşərdilər. Müəllim yoldaşlarıyla danışanda, başqa kənd qızlarından fərqli, bir neçə saniyə adamın düz gözlərinin içinə baxardı, azca əyilib başını aşağı salsa da, projektorun vurduğu dovşan gözü kimi həmsöhbətlərinin gözləri işıqlanar, sonra azca qaralar və bu işıq-qaranlıq effektində ətraf xeyli müddət görünməz olardı... Əlqərəz, Güllü müəllimə, deyilənlərə görə, qonşuları Mustafadan kəsirdi. Kənd deyimində "kəsmək" - bir adamın birindən xoşu gəlməyi, bir az da seksual tərəfə xəyali meyillənməyidi. Mustafa da boylu-buxunlu, cantaraq bir kişiydi. Təxminən əlli-əlli beş yaşlarında dörd uşaq atasıydı. Uzun qara kiprikləri, şəvə kimi saçları varıydı, qaşları hənəm-mənəm kişinin bığından uzunuydu. Nazik siçan quyruğu bığ saxlayırdı, alma boyda ağlı-qaralı gözləri varıydı.
Güllü müəllimə qoca anasıyla bir evdə yaşayırdı. Məktəbdə nəğmə dərsi deyirdi, babat da tar çalmağı varıydı. Kənddə danışırdılar ki, Güllü uşaq ikən, anası bir axşam inək sağanda, heyvan hürküb uşağı ayağıyla başından vurubmuş. Ona görə də Güllü şəhərdə bir müddət hətta xəstəxanada da yatıbmış. Bu hadisədən sonra qızda elə bil şeirə, musiqiyə həvəs birə min artıbmış. Elə bu həvəs də sonralar onu Asəf Zeynallı adına musiqi məktəbinə gətirib... Xülasə, Güllü müəllimə kimi qayıdandan sonra düz iki dəfə nişanlanmışdı. Birinci nişanlısını ovda dostlarından biri təsadüfən güllə ilə vurmuşdu. Bir neçə ildən sonra qonşu kənddən Qasımalı kişinin oğluna nişanladılar Güllünü. O, oğlan da həmin il Rusetə sezona getmişdi ki, toy tədarükü görsünlər. Orada soyuqlarda bir qıza ilişib qal oğlu qal oldu...
Bu uzun tarixi qısa keçib gəlib çataq Güllü müəllimənin qonşusu Mustafagilə. Onların həyətlərinin ara çəpəri nə Mustafa kimi boylu-buxunlu, nə də Güllü müəllimə kimi əndamlıydı. Adi kənd evlərinin çör-çöpdən, tikandan hörülmüş arakəsməsiydi. Bu iki həyətin şərikli çəpərinin tən ortasında bir şərikli su quyusu da varıydı, gecələr ay işığı başından düşüb ta dibinəcən nurlandırardı.
Bu kəndin uşaqlarının oynadığı bir oyun varıydı - "yeddi şüşə, qəcəmə daş" (Yeddi şüşə qırığı - ləpiyi, üst-üstə düzülərdi. Uzaqdan növbəylə uşaqlar bir əlçim daşı bu şüşə qalağına atardılar. Kim daşı bu qalağın düz təpəsinə atıb, hamısını çilikləsəydi, o, oyunu udardı.).
Güllü müəllimə Mustafayla yay gecəsinin düz ortasında, ilk dəfə gözləri yumulu öpüşəndə ona elə gəldi ki, gözlərinin içində yeddi şüşə qəcəmə daşın şüşələri çilikləndi... Şüşələr işıqdanıydı, bu Işıq beynindən, ürəyindən axıb, ruhuna yayıldı...
Ay - ilahi bir narıydı. Iki gözəgörünməz əl sıxırdı onu. Ayın işığı - maye işığıydı, maye nur isladırdı Mustafanı, Güllünü. Ay gecəyə nur sıxırdı. O maye nur ətrafda olan hər şeyi nurlandırır, hətta insanların da içinə nüfuz edirdi, ürəklərdən işıq axırdı qan qarışıq... Ayın işığı gecənin tən yarısı həyətdəki dərin su quyusunun da başından düşüb dibinəcən nurlandırdı...
O quyuya boylanan, özünü dumduru bulaq suyunda güzgülənən bir əlçim ayın içində görərdi...

Yarpaqların titrəyişi bir şəlalə yaraşığıydı, dağlar da çimirdi, köynəyində işıldaquş düymələri, çay bir gümüş kəmər kimi qurşamışdı ormanı... Dünya başdan-başa nur içindəydi.
Bu kəndin Güllü müəlliməylə Mustafagilin həyətindəki Ay, bu Ayın maye işığı haldan-hala, rəngdən-rəngə düşürdü, günü-gündən nurlanırdı. Ağaclarda son payız narları təkəm-seyrək sallananda, sallanıb da allananda Mustafanın arvadını bir qəribəlik heyrətə saldı. Əvvəl hec nə anlamadı, xəyalına min cür fikir gəldi. Iki gündən sonra ona elə gəldi ki, bu dərdini heç olmazsa bacısı Vahidəyə deməsə, ürəyi partlayacaq:
- Ay bacı, vallah, bu qəribə işdən hec başım çıxmır. Mustafanın alt paltarını hər dəfə yuyanda zəfəranlı olur, - deyib pörtən kimi oldu.
Validə yaşca bacısından kiçik olsa da, onnan xeyli ayıq idi:
- Aaa, başıma xeyir, bə bilmirsən, arvadlar kişiləri özlərinə cəlb etmək üçün şeylərinə zəfəran çəkirlər. Deyirlər ki, bu məsələ o məsələni də gücləndirir, hallandırır... O kişi bir də o arvaddan ömürlük əl cəkmir.
Aydının xəyallarının bu şirin yerində təyyarə bərkdən silkələnməyə başladı. Bələdçinin elanından məlum oldu ki, təyyarə böyük bulud kütləsinə daxil olub, kəmərləri bağlamaq lazımdır...

davamı

XS
SM
MD
LG