Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:51

Məmməd Araz "Paslı qılınc" (Poema)
















Hakimin qərarı qətidir demək!
-Qanun yazdığını yazıbdır o da!
-Hakim neyləyəydi bir söylə görək,
Arvad boşananda, ər boşayanda?!

-Çox qanun adından danışma sən də,
Qanunu yazan da insan əlidir.
Qanun ürəklərə işləməyəndə,
Əl öz yazdığını dəyişməlidir!

-Düz deyil, - cəzasız qaldı müqəssir!
Bu heç sığışarmı insan arına!
-Cəmiyyət çörəyi yeyən hər kəsi
Tabe et cəmiyyət qanunlarına!

-Çətin iş deyildir yaranı kəsmək,
Yaranı törədən səbəbi tap sən.
Qanun keşiyində dayandın, demək
Hər qəlbə qan kimi işləməlisən...

Uzanır yol boyu müzakirələr,
Gahdan gileylənən, gah gülən olur.
İttiham edənin özünə belə
Burda ittihamçı kəsilən olur.

Xalqın gözü iti, ağlı da dərin,
Ən böyük rəhbərin rəhbəri odur.
Ən ağır, ən böyük qələbələrin
Sərkərdəsi odur, əsgəri odur.

Onun eşqi ümman, qəzəbi ümman,
Sevsən-göz üstündə o saxlar səni.
Elə ki, qudurub çiyninə çıxsan,
Aşırıb, fil kimi ayaqlar səni...

Onun baxışları əzən dirilməz,
Onun alqışları ucaldan ölməz!

Eşidir yol boyu xalqın səsini,
“Demək kağızlarda qalmayır qərar.
Onun hər sözünü, hər kəlməsini
Vicdanın əliylə cilalayırlar.

Hər qərar doğulan bir körpədirsə,
Beşiyi mehriban ürəklər olur.
Qərar beyinlərə zorla gedirsə,
Yola salanı da küləklər olur”.

“-Düz deyil,- cəzasız qaldı müqəssir,
Bu heç sığışarmı insan arına?!
-Cəmiyyət çörəyi yeyən hər kəsi
Tabe et cəmiyyət qanunlarına!”.

“Mən necə- deyərək birdən dayandı-
Dərs ala bildimmi bu fəlsəfədən?
Yoxsa ər boşadı, arvad boşandı...
Bununla işimi qurtardımmı mən?

Baş-başa söykənən iki ağacı
Yandıran nə idi, söndürən nədir?
Sevgi ehtiyacı? Pul ehtiyacı?
Ehtiras tələbi?- duya bilmədim!

Bilmədim. Qəzəblə alışıb yanan,
Boşanan qadını anlamadım mən.
Ey qanun rəncbəri, üzdən şumlanan
Torpaqda alaqdan gileylənirsən?

İnsan taleyinin qapılarından
Neçə yol keçmisən gözü yumulu.
İndi, indi özün büdrəyən zaman
Görürsən yıxılan nə gündə olur!..”

Başına min fikir, min söz dolandı,
Dolaşdı ayağı neçə suala.
Özü də bilmədən birdən dayandı,
Özü də bilmədən qayıtdı dala.

...Məhkəmə zalında bir sükut, bir o,
Oturur bir xeyli sükutla qoşa.
İndi özü üçün müttəhimdir o,
Verir öz yerini vicdan yoldaşa.

-Mən burda oturum, sən ey vicdanım,
Keç otur, keç otur hakim yerində.
Büdrəyən, yol azan neçə insanın
Düyümlü işi var o əllərində.

Gəl, bu günkü işə yenidən baxaq,
Hər kəsin qəlbini oxuyaq da bir.
-Baxaq, oxuyaq da, bir sözü ancaq
Qulağın deyəsən eşitməyibdir.

Xalqdır toxum səpən, polad əridən,
Sevən bizləri də özündən artıq.
Biz isə badələr dalında bəzən
Onun taleyini imzalayırıq...

O səslər deyəsən deyirdi sənə
“Bu gün adi səhvin sabaha yükdür.
Qapılma, qapılma öz vəzifənə,
İnsan insan kimi daha böyükdür.

Yürüş mənzilinə uzaqları seç,
Kök atmamış haqla hər cinayəti.
Bəs yeddi saatlıq iş gününə heç
Sığarmı bir insan fəaliyyəti...

Bil ki, hər yoxuşun bir enişi var,
Sanma vəzifələr şöhrət üçündür.
Bütün vəzifələr, bütün qanunlar
İnsana, insana xidmət üçündür.

Biri dağ qaldırır çiyinlərilə,
Birinə misqaldan yüngül yük düşür.
Elə də olur ki, kül qabı ilə
Gül qabının yeri dəyişik düşür.

-Bu sözlər məktəbdir, keçdim mən bu gün,
El səsi ən böyük qərar deyilmi?
İnsan taleyinə qərar yazançün
Bir məhkəmə zalı çox dar deyilmi?

Yarır bir xəstəni həkim bıçağı,
Lazımsa, yenidən qoyulur ürək,
Bəs niyə, bəs niyə cərrah sayağı
Tutqun şüurları biz işləməyək?

-Tutqun şüurlara işləyəndə sən
Gərək hər ləkəni aydın görəsən.
Bəzən önümüzdə qaynayır bulaq,
Görürük, içirik, o suda ancaq-

Çamır da gizlənir, çox zaman onu
Görmürük, bilmirik nə olduğunu.
Çamırdan bir azar keçirsə qana-
Nur olsun-o sudan nə dad insana?

Bəli, müəllimin “iki” qiyməti
Gərək razı salsın şagirdi qəti,-
O qoysun özünü tərəziyə ki,
“Necə də vicdanla verilib “iki”.
Bu mənim qiymətim, bu mənim başım,
Bəs niyə, bəs niyə filan yoldaşım...”
Sən də müəllimsən, hökmün qiymətdir.
Elə ki, bu hökmü xalq qəbul edir,
Tutur alqışlardan yükünü vicdan,
Bu alqış ilə də sən ucalırsan.
Xalq narazı qalsa, qayıt sən belə
Həmişə özünü ittiham elə...
İndi ayağa dur, de görüm sən bir:
Hakim- müttəhim bəs nə etməlidir?
-Boşanan gəlini tapam mən gərək?
Ruhunu oxşayam, qəlbinə girəm,
Atam bir tərəfə işi, qanunu.
Bir yoldaş qəlbiylə dinləyəm onu,
Bəlkə vəzifənin elə zəhmi var-
Qoymur çərçivədən çıxa adamlar,
Üç addım yerinə beş addım ata,
Hisslər tabe olur zəngə, saata...
Zalda dillənmədi bircə kəs niyə?
İndi narazıdır hamı bəs niyə?
Nə səddir, kim çəkib bu divarı, kim,
Özümü mən özüm ki, seçməmişdim?
Xalq seçib. İnam nə, şikayət nədir?
Bu, bəlkə arifə bir işarədir,
İşarə-silkələ özünü bir sən,
Deyəsən balaca səndirləyirsən...
Rəmziyə...
-Burdayam, buyurun, hakim...
-Xoş gördük, hə necə...Sizi bura kim...
Hökmümüz düz deyil, yəqin, xanımlar,
Görürəm, deyəsən, gileyiniz var.
Sabahkı günü də düşünər adam...
Cavansan, yaş ötər...Qadın xaylağı...
Asanmı böyütmək iki uşağı?
Bir də ki, cavansan, bunu yaxşı bil
Ailə sağsağan yuvası deyil-
Burda uçursalar, orda tikəsən...
Eşqi dağıdasan, qəlbi sökəsən
Ya od ol, ya su ol, düşün, anla sən.
Gərək barışasan Musaxanla sən.
-Sən ki, qərar verib ayırdın bizi!
-Qərarmı qurmuşdu ailənizi?
Sizi bura çəkən bir qərardımı?
Nə onu, nə səni mən haqlı saydım.
Fəqət bir hakim tək haqqım vardımı
Sizin səsinizi tapdalayaydım?..
Bəli, ər boşadı, arvad boşandı.
Hakimin ürəyi alışdı, yandı.
Naillac qalaraq qərar yazmışam,
Mən də bir insanam, bir vətəndaşam,
Gəlin, söhbət edək qanundan kənar,
Görək kimdir haqlı, kimdir günahkar?
Əlçatmaz göylərə insan əl atır,
Ulduzdan-ulduza körpülər çatır,
Bizsə ər-arvadı barışdırırıq...
Buna haqqımız da, ərkimiz də var.
Qadınlar tez coşar, tez də soyuyar.
Ani bir güzəşt də-yadında qalsın-
Yıxılan bir evi ucalda bilər.
Ana sərtliyini yalnız və yalnız
Ana mərhəməti yumşalda bilər.
Sən barış, mən onu yola gətirrəm,
Əzərəm, sıxaram, hala gətirrəm...
Gəlinin dodağı titrədi bu dəm:
-Qoy sizə söyləyim açığını mən-
Kişi ayağından yuya bilmərəm
Özgə həyətinin palçığını mən.
Özümü ayağa salaram onda,
Astana şəlpəsi olaram onda.
Dəyişik paltarı deyildir qadın,
İki gün geyindin, sonra tulladın...
-Bəs eşqin baş-ayaq vuranda necə?
Onunla ailə quranda necə?
-Onu mən tapmadım, tapan atamdı,
Eşqimi başıma çırpan atamdı...
Dedi ki, şoferdir, addımı puldur...
Dedi ayağını atdımı - puldur...
Sonralar gördüm ki, atalıq haqqı
Qadınlıq haqqımı alıb əlimdən.
Sonralar ayıldım insan sayağı,
Gördüm həyatımı uduzmuşam mən.
Gördüm ki, barsızmış sevdiyim ağac,
Qış olsun, yaz olsun, ta nə ehtiyac...
Sanma ondan sevgi umub getmişdim.
Getmişdim - günahım, ayrıldım - cəzam!
Sanma bir mizrabsız, bir telsiz sazam.
Özüm yıxılmışam, duraram özüm,
Uçan həyatımı quraram özüm.
-Qəlbini ağılla silkələ bir də,
Güzəştə getməyi hökm elə bir də.
Mən onu...
-Yox, hakim, gəlmədim ki, siz
Yekə bir uşağa dərs keçəsiniz.
İstək top deyil ki, top deyil ki, sən
İstədiyin səmtə vura biləsən.
Çox çətin durular bulanan ürək,
Eşqi, məhəbbəti talanan ürək.
Daha dərs deməyi unudun tamam,
Həyatda kamımca mən dərs almışam.
Mən gəldim həm sizə təşəkkür edəm,
Həm də gileyimi eləyib gedəm.
Çıxdım dalınızca, yol boyu elə
Deyən danışırdız öz-özünüzlə.
Sonra qayıtdınız, qayıtdım mən də,
Məni görmədiniz zala girəndə...
Nə isə, təşəkkür deyirəm sizə,
İnsafla baxdınız ərizəmizə.
Ayrıldıq, razıdır hər iki tərəf.
Şərəfin nurunu görməz bişərəf.
Bişərəf, vicdanı,
Çörəyi tapdar,
Ona bağışlanan ürəyi tapdar.
Tapdar namusunu,
Tapdar arını,
Bir parça şöhrətçin uşaqlarını
Satar bazarda.
Bax burda gərək siz
Bir az dərinlərə gedə biləydiz.
Görəydiz bu lağım hardan atılıb,
Musaxan harada,
kimə satılıb.
Bunları deməkdə
bir məqsədim var.
Çalış Musaxanı özünə qaytar.
Mənə yox, özünə!
Qayıtsa əgər,
Sərxoş mənliyini
oyatsa əgər,
Çıxarsa qınından
çox “sirlərini”.
Töksə ortalığa
təqsirlərini.
Açılar düyünü hələ çox şeyin,
Elə, uşağın var,
barış deməyin...
Pis ata uşağın nəyinə gərək?!
Musaxan hardadır,
bir deyin görək?
Kimin sənətini oğurlayıbdır?
Kimin dövlətini oğurlayıbdır?
Bəs onun özünü kim oğurlayıb?
Ağlını, gözünü kim oğurlayıb?
Bilmirsiz, eləmi?
Biləydiz gərək!
Bunları duymadan bir mala çəkmək,
Hamarlıq axtarmaq istər-istəməz,
Hüquq qanununa sığışarmı bəs?
Burda narazıyam!
Bax burda düzü,
Ədalət cərrahı görmürəm sizi!
Mənim səhvim ancaq
Yıxar bir məni,
Sizin səhvinizlə
Yıxılar mini.
Cavansız. Bəlkə də yaşıdıq elə,
Düyünü tapılan səhvlər ilə
Həqiqət tapılır.
Özünüz baxın!
Baxın bu səfsəfəm
Yalanmı, haqmı?..

Qadın buxarlandı bir an içində,
İtdi xəyalı bir duman içində.
Bilmədi bu gəliş doğrudan idi,-
Yoxsa fikrindəki bir güman idi
Gəlib vicdanıyla üz-üzə durdu,
Məhkəmə sədrinə məhkəmə qurdu.
Bir bünü bildi ki, onun ürəyi
Bir az yüngülləşdi,
Bir az boşaldı.
Ancaq bunun fikri, bunun ürəyi
Yenə çalxalandı,
Yenə yük aldı.
Hakim bir daş kimi donub yerində,
Sanki daş asılıb kirpiklərindən.
Duymur sifətindən axan tərini,
Dikib döşəməyə nəzərlərini,

Düşünür: həqiqət necə dərində,
Necə qaranlıqda tapılır bəzən.
O bəzən gizlənir öz gözlərində,
Hardasa, kimdəsə onu gəzirsən...

Həqiqət insanla doğulub qoşa,
Onunla yaşayıb qarımalıdır.
Həqiqət vicdanla verib baş-başa
İnsan taleyini qorumalıdır.

Vicdan qəlbimizin dupduru qanı,
Ürəkdə od qalar vicdan qığılcım.
Sol əli qurd olub didər insanı-
Sağ əli olmasa vicdan qılıncı.

Vicdan tərəzidir əməllər üçün,
Yaşar Allahımız vicdan adında.
Bataqlıq gödənlər, bəd əllər üçün
Hərə bir pərsəngdir insan adında-
Bu gözdən o gözə atılmalıdır,
Bir cibə min tale satılmalıdır!..

(Fikirlər, fikirlər çörəyimizdir,
Gəmimiz, dalğamız, küləyimizdir.
Şair onda ölər, onda doğular,
Bəzən sinəmizə buz xəncər olar,
Bəzən boynumuza sarılan ilan,
Bəzən qoynumuzda yatan pəridir.
Fikir yaradanı yıxıb dağıdan
Yenə də insanın fikirlərdir.
Özü də bilmədən öz laylasilə
Ölümlə həyatı böyüdər də bir.
Fəzalar fəth edən fikrimiz hələ
Özündə çox sirri kəşf etməyibdir.)

O qalxıb silkinir, dağılır fikir,
Ürəkdən beyinə yığılır fikir.
Gəlinin son sözü dili ucunda,
Durur fikirlərin yol ayrıcında.
Bir yol öz evinə, öz ünvanına
O biri-şübhələr burulğanına...
Bir yolda bu işdən əl çəkməlidir,
Bir yolda yeni bir yol çəkməlidir...

***

Hakim ayrılıb gedir,
Gedir evinə sarı.
Xəyalı geri dönür
O getdiyi yolları.
Meydansinə küçələr
Elə bil ona dardır.
Ayaq onu bir yana,
Ürək bir yana dartır.
Qızının gülüşləri,
Arvadın bişmişləri
İndi gözləyir onu.
Atasız ev, deyirlər,
Bağbansız bağ kimidir.
Ərsiz arvad, deyirlər,
Yetim uşaq kimidir.
Gedir, yel kimi gedir,
Görən evəmi gedir?
Külək də yaxasını
Açıb, xəbəri yoxdur.
Qalstuku döşündən
Qaçıb, xəbəri yoxdur.
O bəlkə bir güllədir,
Gedir hədəfə dəyə.
Bir zərbəsi az olsa,
Gedir, min dəfə dəyə.
Dayanır birdən-birə
Dönüb baxır harasa.
“Yox, daha görünməyir,
Onu gizlətdi hasar.
Gizlətdi ilk eşqini
Bir vaxt gizlədən kimi.
Gizlətdi bir ürəyi
Gizlədən bədən kimi.
Birinin şıltağına,
Birinin tamahına
O nişangah qoyuldu.
Eşq, ailə binası
Təməlindən oyuldu.
Yox, dovşan qorxaqlığı
Sədaqətdə yaramaz!
Kəklik küsəyənliyi
Məhəbbətdə yaramaz!
Onun da taleyi var,
Hissi var, ürəyi var...
Mən çaşan bir şüura
İşıq olmasam əgər,
Bəs kim mənə bir insan,
Kim mənə hakim deyər!..
Hər ikisi barışmır,
Barışmır, nə deyəsən!
Rəmziyənin ürəyi
Yumşalmışdı deyəsən.
Yumşalmışdı? Nə bilim!
Yox, o mənlik, o vüqar
Onu təhqir edənə
Çətin, çətin uyuşar.
Bəs üzümə çırpılan
Tənə daşı nə idi?
Onun əsil nifrəti
“Barış” sözünə idi.
“Musaxanı mənə yox,
özünə qaytar!”
Bəs hardadır Musaxan?
Nə idi o eyhamlar?
Camaatın dediyi
Ünvansız ittihamlar!..
Duruxur, yavaşıyır,
Yenə yel kimi gedir...
Görən evəmi gedir?
Unudubdur özünü,
Aparır ürək onu,
Gedir Musaxangilə,
Gəlin izləyək onu...
Döydü qapını
Qəfil bir qonaq,
Sanki qəlbinin
Qırdı sapını
Qəfil bir qonaq.
“Bu saat gəlib
Suddan Musaxan.
Kimdir görəsən
Gəlib dalıncan?
Bəlkə heç mənə
Düz danışmadı,
Gəlib apara
Onu arvadı?!
Arvadı mənəm!
Nə olsun ondan
On yaş böyüyəm!
Durna maşınım
Altında süzür,
Mən gecəsiyəm,
Maşın gündüzü”.
Döyür qapını
Qəfil bir qonaq.
Sanki qəlbinin
Qırır sapını
Qəfil bir qonaq.
-Kimsən, ay adam?
-Tanış adamam!
(Açır qapını)
-Yox, tanımıram,
Kimsən, ay adam?!
(Təklif gözləmir,
İçəri girir
Bu qəfil qonaq).
-Sən hələ bunda
Üzlülüyə bax...
Baxır gözucu
Boy-buxununa.
Otuz-otuz bir
Yaş verir ona.
Nazik bığı var.
Açıqdır başı,
Yaxası qalxıb
Qara plaşın.
Təklif gözləmir,
Keçib oturur,
“Qonağın gəlib,
A qadası, dur”.
Deyə çağırır
Arvad ucadan.
Yanki otaqdan
Çıxır Musaxan.
Gözünü silir,
Yuxudur, nədir?
Müqəssirgilə
Hakim gəlibdir...
Baxır göz altınca dörd bir yanına,
Evlər bər-bəzəkli, evlər xalıdır.
Elə bil ki, bura Yekaterina
Tikdirən sarayın filialıdır.
Hakim gözlərinə inana bilmir,
Rəmziyənin sözü yer edir indi.
Düşünür: “Qoy basım hövsələmi bir,
Əsil yuristliyin yeridir indi.

Seyr edim gözaltı, baxım gözucu,
Hər sözdən bir məna qopara bilim.
Bir gizli sirr adlı paslı qılıncı
Dartıb öz qınından çıxara bilim”.

Musaxan duruxub, göz qoyur ona,
“Bəlkə peşimandır öz qərarına.
İndicə gələcək milis adamı,
Zalım yandıracaq yəqin atamı,
Deyəcək (titrəyir dovşan sayağı),
Deyəcək atıbdır arvad-uşağı”,
Özü də işləmir beş-altı ildir,
Qazandın, Musaxan! Buyur dama gir”.
-Salam, ay Musaxan, salam əzizim.
Elə taleyimiz yaxındır bizim.
Dalından dəymişəm mən də arvadın,
Elə eyni döşək, eyni bir qadın...
İyrənir, bezikir doğrudan adam,
Səni qınamıram, heç qınamıram.
Kişi bal arısı gərəkdir olsun,
Uçub istədiyi çiçəyə qonsun...
-Gəl məni dolama, yoldaş məhkəmə,
Məqsədin başqadır, daha gizləmə.
İstəsən - var-yoxum, istəsən - pulum...
Qoy məni dolanım, qurbanın olum.
Beş günlük dünyadır, qoy ömür sürək,
Gərək ata olaq, uşaq böyüdək?
Bir də partiyaçı deyiləm ki, mən
Belədir, vəssalam!- məcbur edəsən...
-Əzəl siyasi səhv etmə, ayıbdır,
Partiya insanı yaratmayıbdır,
İnsan partiyanı yaradıbdır, bu bir
Yaşa öz ürəyin necə istəyir...

-Bağışla, nöqsan...
-Yaxşı, bağışladım!
-İnanım?
-İnan!
Gərəksiz yumağı çözləməz adam,
Mənim də ağzım var, mən də insanam,
Nəyin var bəri çək, stolu bəzə,
Belə yazılıbdır taleyimizə...
-İnanım?
-İnan!
Arvad əndamını silkələyərək
Fırlanır, otaqdan otağa girir.
Ən yaxşı şokolad, ən dadlı yemək,
Bir də ən bahalı qablar gətirir.

Baxır qonağa da gözaltı hərdən,
“Cavandır, pis deyil boyu, görkəmi.
Ancaq sərraflığı yoxdur deyəsən,
Gözləri qaynamır bir kişi kimi...”

Əli mətbəxdədir qulluqçu qızın,
Nə desən, süfrəyə düzülüb, buyur!
Büllur qədəhlərin parıltısını
Qızıl haşiyəli nimçələr udur.

-Sənin sağlığına, qadası, sənin!
Mənim ərciyimə qonaq gələnin
Elə qadasını mən özüm allam,
Qızıl çarpayıda yerini sallam.

Özü də aparat adamı ola!..
Dünya sizinkidir gəlinli, qızlı,
Elə bu sudyalar əzəldən, vallah,
Bizim dədə-baba qonağımızdı...

Danışır, səsindən ev silkələnir,
Duzsuz qəhqəhədir ağzından daşan,
Musaxan lal kimi danışmır, dinmir,
Arvad geyimində ərdir danışan.
Danışır, hakimdə “qalmır dərd, qada”,
Qadası qəsd edir şirin canına.
Gözaltı araqdan, konyakdan o da
Süzür Qadasının stəkanına...

Sağlıqlar deyilir qədəmbəqədəm,
Hakim də tutarlı bir sağlıq deyir.
Divardan asılan bir şəkil bu dəm
Onun gözlərini hədəf eləyir...

Üzündə duyulan tutqunluq sanki
Süzülüb süfrəyə çökəcək indi.
O elə seyr edir, elə baxır ki,
Deyirsən nəyisə çəkəcək indi.

Şair əli gərək bu hissi yaza,
Az qalır gözündən şerlər yağa.
Elə bu saat deyəcək: yoxsa,
“Qanun əl veribdir qanunsuzluğa!”

Hər söz qulağına çatır deyəsən,
Rənglər tutqunlaşır üzündə onun.
Onlara baxdıqca artır deyəsən
Qəzəbi, nifrəti gözündə onun...

Hakim yenə baxır, baxır şəkilə,
“Görəsən əvvəlki əri deyilmi?
Girib qılığına, gətirib dilə,
Qəlbini sökməyin yeri deyilmi?”
-Nə qaşqabaqlıdır, ciddidir yaman!
Oxşamır ömründə gülən adama.
Bəlkə yanılıram: baxışlarından
Sadə olduğunu duyuram amma...

Sonra da şəkilə hey baxdı, baxdı,
Sanki bir sükunət selinə düşdü.
Suallı baxışda bir şimşək çaxdı,
Qoru Qadasının dilinə düşdü:
“Rəhmətlik özüdür, ərimdi, bəli,
Rəssamdı, çəkməkdi işi, peşəsi.
Fikirdəydi gözü, işdəydi əli.
Buydu əyləncəsi, buydu nəşəsi.
Ancaq hər çəkdiyi bəyənilərdi,
Başından yağardı pul yağış kimi.
Əlimdən on minlər uçub gedərdi,
Dinməzdi, bir sərçə uçurmuş kimi.
Amma uşağımız olmadı, neynim.
Son günlər bir qədər ətiacıydı.
Bir şeyə, bir şeyə arxayın idim:
Boşaya bilməzdi, partiyaçıydı!
Yeməyi, içməyi bəzən unudar,
Nə çoxdu işləmək həvəsi onun.
Vaxt olar, günlərlə, deyim bunu da.
Məni isitməzdi nəfəsi onun...
Bir gün də...ürəyi partladı bir gün,
Getdi... Yaşamalı deyilikmi biz?!
Onun gəncliyini yad etmək üçün
Qoy bir cingildəsin qədəhlərimiz.
Musaxan özünü yaman unudub,
Bir də o nəçidir, sahibi mənəm,
Çox da baş aparsa qolundan tutub
İt kimi küçəyə ata bilərəm.
Fərqi yox, Musaxan, İsaxan olsun,
Mənim yatağımı qızdıran olsun...
Hər söz hakimə bir zəhərli bıçaq,
Dözür ağrısına, qımışmır ancaq.
Dözür ağrısına, o iş üstədir.
İttiham olunan hər bir müqəssir
Gərək sərbəst ola, açıla düyün.
Sədası, qadının üyütdüyünün
Çatır qulağına Musaxanın da.
Sanki elektrik gəzir canında.
Fərqinə varmayır. “Olar belə də,
Arvaddır, keflidir, valaylayır də...
Bir də uxajora oxşamır oğlan”.
Düyümlü sözlər o çəkir ağızdan:
-Hə, sonra, sonra...

***

Daha nə sonra,
Od düşür şairin şerinə sonra,
Salır xatirinə böyük rəssamı,
Bir bulud xəyalı, gurşad ilhamı...
Hər insan baxışı əsəri olan,
Bir Xəzərdən neçə Xəzəri olan,
Neçə otaqlarda qəlbi asılmış,
Neçə yazılmamış, neçə yazılmış
Tablosu Muğana sərilmiş olan,
Vicdanı ipəkdən hörülmüş olan
Dəniz dərinlikli, bulaq durulu
Bir rəssam, bir insan, bir sənət oğlu...
On bir-on iki yaş özündən kiçik
Bir qızın şəklini çəkmişdi rəssam
Sadəlik, ülvilik, ta nə gözəllik...
Alışar yaddaşım, yadıma salsam!

Özü də bilmədi hissi, duyğusu
Canlı boyalara çevrildi nə vaxt.
Ona bağışlandı şirin yuxusu,
Yalnız dincliyini onda tapacaq.

Bir şəklə can verdi, dil verdi insan,
Başının üstündən asdı gecələr.
Onu sevdiyini qız bilən zaman
Çiçəyi çırtladı, necə deyərlər.

Dəyişildi qızın görkəmi, donu,
Düşündü: “Şöhrətli gələcəyi var”.
Elə ilk gündən də duymadı onun
Çox incə, çox nazik bir ürəyi var.

Evə ətək-ətək pul gətirəndə,
Rəssamın yadına gəldi anası:
Qara gün selində, qamçı dilində,
Ehtiyac əlində öldü anası...

Əli də, dili də dedi rəssamın
«Anam görməyəni onda görüm mən.
Döyülən, söyülən yazıq anamın
Azadlıq payını ona verim mən».

Ona könül verdi bir inam ilə,
İnamsız bir həyat həyat deyildir.
Hasara salınan bağ görsə belə
Deyərdi təbiət azad deyildir...

Qız gəzdi, getdi də istəsə hara,
Dünya gözlərində toydu, düyündü.
Azadlıq, sərbəstlik çevrildi sonra
Rəssamın qolunda zəncirə döndü...

Gec idi. O dönüb əsərə baxdı
Qəlbində bir sükut, gözündə bir qəm.
“Sən niyə o zaman demədin axı,
Demədin həyatda əsər deyiləm?..”

***

-Sonra, hə, sonra!
-Daha, nə sonra?!-
Şoferlə evləndik, ağıllı-başlı,
Qarsinə bir arvad, gəlin bir maşın...
Daha nə istəyir? Bu da yaşamaq!
-Bəs evli bir kişi...Bəs arvad-uşaq?
-Ev, uşaq...nə bilim...Arvad, mən nəyəm,
Birinin alnına yazılıb bəyəm?
Dünən onunkuydu, bu gün mənimdir,
Atalar deyib ki, at minənindir.
-Bəs sonra?
-Sonra bir emalatxana
Rəssamdan vərəsə qalıbdır ona...
Bircə dam şəkildir: dağ, insan, dəniz...
Küçəyə çıxardın səssiz, səmirsiz
Birisi yüzlüyü basır ovcuna.
Öləndə dedi ki, emalatxana
Nə bilim, nə bilim çatacaq hara...
Xəbər yetişincə çatacaqlara
Olanı-qalanı silib-süpürdüm,
Son günlər xəstəydi, çəkmirdi dedim.
İçək sağlığına, mal-dövlət nədir...
-Hələ sağlığımız irəlidədir!..

Süfrəyə qırmızı bir onluq atdı,
Sonra getmək üçün ayağa qalxdı.
Arvad da, kişi də dondu yerində,
Nə deyir qonağın bu hərəkəti?
-Ə, donma, Musaxan, mal kimi sən də,
Gədə bərk keflidir, qaç qatıq gətir.
Ağlını başından çıxarıb andır,
Yəqin elə bilir restorandır.
Çıxarıb pul verir...

Hakim məhəl qoymur danışıqlara
Ani tufan kimi çıxır qapıdan.
Yalvara-yalvara qaçıb bu ara
Onun dalısınca düşür Musaxan:
-Hakim, özünə gəl!
-Mən özümdəyəm!
-Məni öz evimdə təhqir edəndə,
Yararmı bu hala uşaqlıq deyəm?
-Bir uşaq ağlı da olsaydı səndə
Uymazdın bu evdə yal artığına,
Batmazdın bu şöhrət bataqlığına...
-Kefli olmasaydın deməzdin bunu.
-Bəli, zəhər içən bir kefliyəm mən,
Sən isə çamırla bulaq suyunu
Ayıra bilməyən bir sərsərisən.
-Sərsəri! Evimə-eşiyimə bax,
Arvad da baxtımın aynası kimi...
-Başa düşürsənmi, sən ona ancaq
Gərəksən bir kürsək tulası kimi!
“Fərqi yox, Musaxan, İsaxan olsun,
Mənim döşəyimi qızdıran olsun”.-
Bunu eşitdimi kar qulaqların?
-Kefliydi...keflisən...bir də bunların...
-Kefliydi, kefliyəm, sən də ölüsən,
Yuyulub kəfənə bükülməlisən!
-Hakim!
-Hakim deyil, bir cavan kimi,
Bir vətəndaş kimi, bir insan kimi
Batdığın quyuya ip ata billəm,
Səni var gücümlə mən darta billəm.
Çıxsan, iradəni mən alqışlayaram,
Bir hakim kimi də bağışlayaram.
Bir düşün, bir düşün, nə deyər buna
Kişi mənliyimiz, kişi arımız.
Namusla, zəhmətlə yaşamayana
Kişi deməyibdir babalarımız!

Musaxan alındı, dondu, qurudu,
Qırmızı sifəti ağappaq oldu.
Sanki alçaq boyu xeyli alçaldı,
Külək papağını başından saldı.
Heyi çatmadı ki, dalınca qaça,
Qaça, bu adamın əlindən qaça.
Bu nə zəhər idi qanına axdı,
Bu nə tufan idi canına axdı...
“Hakim, bir dayaq ol, səndirləyirəm”.
Soyuq bir divara söykəndi bu dəm.
O qəfil ildırım çaxıb keçmişdi,
Yandırıb keçmişdi, yaxıb keçmişdi.

***

(Əl-ayaq çəkilmiş küçələrlə tək
Bir adam evinə gedir püfərək...
Fikrində bir ali “qonaqsevərlik”,
Oğurlanmış olan bir bəxtəvərlik,
Bir duzsuz qəhqəhə, bir yoluq vicdan,
Bir də Rəmziyənin dilindən qopan,
Ünvanını tapan son eyhamları,
Özünün sabahkı ittihamları...)

***

Atılan güllələr dəydi hədəfə,
Musaxan yarımcan evə qayıtdı.
Bu evə gələndən birinci dəfə
Qadası xanımdan o ayrı yatdı.

Yatır, yatağına od düşür gecə,
İnləyir, alışır o inlədikcə.
O qalxmaq istəyir, bir dəstə adam
Onu dövrələyib odlayır tamam.
O yanır, qaralır, saralır, solur,
Gahdan torpaq olur, gahdan kül olur...
Bu zaman hardansa nərildəyərək
Gəlir qol-qanadlı acı bir külək,
Qatıb qabağına onu hey qovur,
Dənizə ələyir, göyə sovurur.
Birdən adam olur bu qara külək,
Baxır acı-acı gülümsəyərək...
Külək daş-torpağı yığır, ələyir,
O külü bir tanış adam eləyir...
Musaxan qışqırır: xozeyin, rəssam!
Bir kömək, bir nicat mən qanmamışam.
-De görüm, pisliyim nə olub sənə?
-Heç nə!
-Yaxşılığım necə?
-O...o...birə beş...
Mənə ev almısan unutmaram heç,
Elə toyumu da sən eləmisən,
Yaxşılıq yüz deyil, min eləmisən...
-Öləndə...o sözlər gəlirmi yada?-
Demişdim o üzü yanmış arvada
Maşın Musaxanın,
Ev-eşik sənin,
Budur kişiliyin üstəlik sənin?-
Uyub o iblisə bir iblis kimi
Eldən gizlətmisiz əsərlərimi...
Sən ona, sən ona çox uydun hələ,
Mənim yastığıma baş qoydun hələ.
Bir də ki, atasız o iki uşaq
Ruhumu qarğıyır,
Qarğıyır hər vaxt...
-Bağışla, qanmadım...

Bu ara külək
Alova çevrilir nərildəyərək,
Ona dil uzadır dörd bir yanından,
Qışqırıb yuxudan qalxır Musaxan.

Sanki pəncərələr od-alov saçır,
Səhəri olmayıb bu səhər kimi.
Zarıya-zarıya gözünü açır
Bıçaq altındakı xəstələr kimi.

Ora-burasına baxıb deyir ki:
“Deyəsən bir yara izi görünmür”.
Bəli, söz gülləsi elə dəyir ki,
Ağrısı görünür, özü görünmür.

Sevinir: yox, sağam!
Qalxır yataqdan.
Baxır, elə bil ki, bu evə yaddır,
Görür Qadası da yankı otaqda
Bəzək-düzəyinin harayındadır...

O qalxır, qapıdan sivişir səssiz,
Maşını tərpədib çıxır küçəyə,
Şəhəri dolansın, sahili gəzsin,
Azarı-bezarı dağılsın deyə.

Düşünür: “Xamırım belə yoğruldu,
Çağrışla məzardan qalxan olmayıb.
Sinəm ki, tənələr hədəfi oldu-
Minmək bir ayıbdır, düşmək bir ayıb...”

O çıxır küçəyə...Maşını görən
Baxır nömrəsinə, baxır rənginə.
“Xəbərsiz yatmışam bu neçə gündən,
Bəlkə bir vəzifə veriblər mənə?”.

Yaman qəzet alır, görür, adamlar
Qaçır “istiqraz olasıdır bu”.
Deyirlər tutarlı bir məqalə var:
Sənətkar oğrusu, sənət oğrusu.
-Balam, yazan kimdir?
-Yazan hakimdir.
-Nə yazır, bir oxu!
-Nə yazacaqdır.-
Yazır hakimlərin hakimi xalqdır,
Onları verirəm xalq divanına,
Od bassın, dağ çəksin qoy canlarına.
-Bir əməlli oxu,
Kimlərdir, axı?
-Budur birincinin siri-sifəti.
Deyir yeriyəndə yeri tərpədir.
Nehrəbel, qızıldiş, meşşan, daha nə...
Gözlə, bənd olarsan gözəlliyinə.
Ləqəbi Qadası, Adı Gülsura.
Daha nə deyirsən?
-Elə bu, sonra?
Sonrası odur ki, rəssammış əri,
Öləndən sonra o, şah əsərləri
Səndən də, məndən də gizlədib deyir,
Yığıb öz altına xırıd eləyir...

Burda dözə bilmir daha Musaxan,
“Adım çəkilməmiş əkilim barı.”
O qaçmaq istəyir, lakin arxadan
Onu yaxalayır şofer “dostları”.
-Salam, ə!
-Təbrik, ə!
-İtil, gözümüzə görünmə artıq.
-Biz səni yaxından tanımamışıq.
-Şeytan sirri varmış canında sənin,
Yüz tülkü yatarmış qarnında sənin,
-Ə, arvad başına qəhətdi məgər?
Adam xozeyinə xəyanət edər?
-Hə, söylə necədir Qadası xanım?
-Axırda başının xatası xanım?
-Deynən ki, bir gün də tutub qolundan
Səni küçələrə atası xanım...

Şoferlər gülüşür, laldır Musaxan,
İstəyir bir təhər çıxa aradan.
Bir kişi ehmacla ona deyir: “Dur!”
Al, bu da açarı, öz maşınımdır!
Maşınçün nakişi olursa adam-
Keç otur, mən sənə bağışlayıram!”

Şoferlər gülüşür,
Laldır Musaxan.
Bir təhər sürüşüb
Çıxır aradan.
Səslər qanadlanıb haqlayır onu,
Səslər divar olub saxlayır onu.
Sürəti artırır,
Səslər yel olur,
Yetişir ona.
Maşını saxlayır
Səslər sel olur,
Alır ağzına...
Heç bilmir küçədir,
Evdir, haradır,
Maşını saxlayır,
Açarı atır.
Qaçır, adamların gözündən qaçır,
Özündən bezikib,
Özündən qaçır.
Qaçır, nə qədər ki, gücü var, qaçır,
Sanki cəmiyyətdən qovurlar qaçır.
Qaçır, dalısınca bir səs də gəlir.
Bir əl də, bir dəmir qəfəs də gəlir.
-Hara? Buraxmaram,
Buraxmaram mən
Sümüyün əlimdə çürüyənəcən!
Durur, qarasına lənət oxuyur.
-Get, itil, əlində ərisəm belə,
Qaza çevrilərəm, tuta bilməzsən!
Kirpi yerişiylə yerisəm belə,
Sən mənə bir daha çata bilməzsən!..
Qaçır, elə bil ki, heç yanı görmür,
Duymur, özünü də duyanı görmür.
Gözünü tapmağa qaçır deyəsən,
Özünü tapmağa qaçır deyəsən.
Qaçır, arxasınca bir əl uzanır,
Dartınır, tövşüyür, əsir dayanır:
-Ey, burax!
-Haraya qaçırsan, de bir?!
-Bilmirəm, mənzilim bəlli deyildir!
Hakim...
Əl çək yaxamdan!
-Ölsən məzarından, qalsan canından
Əl çəkən deyiləm,
Hara qaçırsan?
-Mən itmiş başımı, uçuram, tapam!
Ağlımı-huşumu, qaçıram, tapam!
-Atalıq borcunu yadına salsan,
Elə öz-özünə tapılacaqsan!
Uçursan? Bu sözü gətirmə dilə,
Yuvasız, balasız uçmaq çətindir.
Qaçırsan?! Ən nazik tük olsan belə
Cəmiyyət gözündən qaçmaq çətindir!
Yenə də dartınır:
-Ey, məni burax!..
Qaçır. Kimdən qaçır? Hara qaçacaq?
Bəlkə də özünə gələnə kimi...
Bəlkə də, bəlkə də ölənə kimi...

1965-1966

http://www.memmedaraz.az/?menu=228
XS
SM
MD
LG