Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:08

Balaş Azəroğlu. Məcnun söyüd


Belində yağışlı payız günləri,
Bulud göz yaşıyla yuyur şəhəri.
Küçələr bomboşdur, nə səs, nə adam.
Mənsə tək otaqda darıxmışam.
Çıxıram şəhərə...
Sısqa yağışda
Göz yaşı axıdır ağac da, daş da.
Kiçik bir meydandan keçdiyim zaman,
Görkəmi pərişan, özü pərişan
Bir məcnun söyüdü görürəm birdən.
Onun qabağında dayanıram mən.
Bir arxın üstündə o durmuşdu tək,
Sakitlik içində fikrə gedərək...
Saçları qarışmış zəmanə kimi.
Özüsə hər şeyə biganə kimi.
Səhradan, günəşdən, qumdan uzaqda,
Bu soyuq, rütubət, qərib torpaqda,
Gəlib gedənlərə baxır həsrətlə.
O odlu, o qaynar, coşğun xislətlə,
Bu soyuq şəhərdə necə dözür o?
Burda nə axtarır, kimi gəzir o?
Məcnun söyüdmüdür belə lal durur?
Yox, o Məcnun deyil,
Bir xəyal durur...
Məcnuna oxşayır görkəmində o,
Olmamış Məcnunluq aləmində o.
Məcnun zəmanəylə girmədi dona,
Dövrünün ən qəti qanunlarına
O nə “bəli” dedi, nə də baş əydi.
Sanki iki dünya baş-başa dəydi.
Sonra da deyingən qarı sayağı,
Böhtana açıldı dövrün dodağı.
Nə hökmü, nə zoru dada çatmadı,
Fəqət o susmadı, aram tutmadı,
Yanıb “Məcnun” dedi eşqin oğluna.
Qeysə bax, fəxr etdi məcnunluğuna.
Açıq sinəsini verib qabağa,
Yalın ayağıyla odlu torpağa
Yeni çığır salıb obadan çıxdı.
O dedi:”Məcnuna yollar açıqdı...”
Qılınc da, nizə də, ox da, zəncir də
Saxlaya bilmədi onu bir yerdə.
Gəzdi iqlim-iqlim o gənc yaşında,
Məhəbbət, sədaqət, haqq savaşında
Neçə hökümdarı saldı taxtından.
Neçə cəngavər də küsüb baxtından
Məcnunla duranda qabağ-qabağa
Qanlı qılıncını atdı torpağa.
Ram etdi çöllərin pələngini də,
Ceyranın qorxulu ürəyini də
Insana isidən bəlkə o oldu.
Dağların döşündə məclis quruldu.
Çölün sakinləri yığılıb gəldi,
Qaçan da, qovan da burda dincəldi.
Nə güclü bəlləndi, nə də ki, aciz.
Hakim qulsuz oldu, qullar hakimsiz.
O yığdı hamını öz süfrəsinə,
Ülvi bir məhəbbət dairəsinə.
Bu üns məclisində hörmətə meyar
Bir məhəbbət oldu, bir də etibar.

Bəs indi gördüyüm bu nə aləmdir?
O Məcnun hardadır?
Bu Məcnun kimdir?
Saçları tökülmüş çiyinlərinə,
O inam, o təmkin, o qəm yerinə
Onun gözlərindən axan yaşdırmı?
O öz keçmişindən ayrılmışdırmı?
Birdən Məcnun Söyüd gələrək dilə
Dedi:- Elə demə, bir insaf elə.
O yazıq, kimsəsiz Məcnun mənəm, mən!
-Yox,-dedim,-bu fikir əsla düz deyil
Məcnun yazıq deyil, kimsəsiz deyil.
Bir yerdən gəlmişəm odlu, atəşli,
Qumu hərarətli, göyü günəşli.
Leyli də ordadır.
Bəli özüdür...
Məcnun olduğun o şərq qızıdır.
Gözləri Dəməşqin gecələri tək,
Saçları Fəratdan bir qədər gödək,
Qaşları çatılmış qılınc tək qoşa,
Sanki Nofəl özü çatmış baş-başa.
Nəxlə bərabərdir boyu, qaməti
Dəclə nəğməsidir sözü, söhbəti.
Yerişi, duruşu elə Leyli tək.
Əynində ətəyi həşyəli köynək.
Hicranın odundan gələrək dilə,
Hər axşam səsini çəkəndə zilə
Xəzərin sinəsi qabarır, enir,
O qızın səsindən səhralar dinir.
Dağlarda əks olur “Ya Qeys!” kəlməsi.
Onun məhəbbəti, dərdi, nəğməsi
Sənin həsrətindir, sənin fəraqın.
İnsanın, dövranın, bir də torpağın
Min illik dərdini danışır bizə.
Sanki Füzuli də qarışır bizə
Ona qulaq asır.....
“Ey xoş ol məst ki, bilməz
qəmi – aləm nə imiş.
Nə çəkər aləm üçün qəm,
nə bilər qəm nə imiş.”

Gördüm ki, düşünür məcnun söyüd də.
Bayaqdan göz yaşı tökən söyüddə
İndi başqa hal var, başqa görkəm var.
Sanki onu ondan ayırmışdılar.
Haçandan – haçana gələrək dilə
Dedi: - Heç bilmirəm bu gəlişinlə
Mənə sevinc verdin, yoxsa da kədər.
(Bağışla, qəlbinə toxunsam əgər... )
Arayıb, axtarıb məni tapmısan,
Bunu bir dünyaya dəyişməz insan.
Nə qədər sıxsa da bu qürbət məni.
Sənin sözündəki hərarət məni
Min il də yaşadar, bəli, min il də
Leylidən uzağa düşdüm eldə...
- Gəl gedək deyirsən?
Hara gedək biz!
Siz mənə Leylini vəd edirsiniz.
Məni atəşlərə çəkirsiz yenə.
Yox! Dözə bilmərəm vəslin dərdinə.
Yox, dözə bilmərəm! Bu dərdim bəsdir!
Min illik fəraqdan qaçmaq əbəsdir.
Bir də Leyli özü danlayıb deyər:
- Səni Məcnun bilib sevirdi ellər.
Səninsə dözümün, hünərin buymuş?
“Məcnun dizə çöküb, o təslim olmuş...” –
Deyib danlamazmı görənlər məni!
Yox! Vəslə çağırmaz ərənlər məni.
Gedəsi deyiləm, doğrusu, burdan.
Mən vəslə yetişsəm, kim çəkər hicran!
Elə bir adamı göstərin, hanı?!
Mən ona tapşırıb gedim hicaranı.
“...Məcnun köçüb getdi sinəsində qəm,
İndi bu dövranın Məcnunu mənəm...” –
Deyən aşiqlərin arzusu, qəmi
Dövrünün Məcnunu olmaq deyilmi?
Özün de, eşqdə bu da hünərmi?
Mən necə inanım ona dərdimi.
Axı mənim dərdim hind dəryasıdır.
Leyli o dəryanın bir damlasıdır.
Təkcə eşq olsaydı cahanda dərdim
Onu piyaləyə töküb içərdim.
İçib məst olardım.
Bəlkə o zaman
Nə Leyli olardı, nə mən, nə hicran.
Yox! Yox! Məstliyin də olmaz imdadı.
Əgər Ömər Xəyyam yaranmasaydım
Bəlkə inanardım.
Mahaldır indi.
Təqsir bizim deyil, zəmanənindir.
Ən böyük günahkar o əyyam oldu,
Məni Məcnun etdi, o Xəyyam oldu.
İndi elə aşiq istəyirəm mən
O yüksəkdə dura eşqdə məndən.
Sən belə aşiqdən gətirsən xəbər
Leyliyə demirəm, dünyaya dəyər...
Dedim: - Tarix oldu sən doğan illər,
Min tufan içindən keçsə də bəşər
Səni unutmadı yenə heç zaman.
Istəyirəm budur ki, səni bu dövran
Yenidən doğaraq öz oğlu kimi,
Yaşatsın Nizami, Füzuli kimi.
- Yaşatsın deyirsən! Qəribədir bu!
De nə vaxt müqəddəs bir eşqin oğlu
Yenidən yaşamaq fikrinə düşdü!
Bir də ki, Məcnunu kim öldürmüşdü?
Dünən qəbilədən çıxan bir nəfər
Bu gün şöhrətlənmiş bu dünya qədər.
İndi mən hər eldə, hər diyardayam.
Həyatda, torpaqda, xəyallardayam.
Burda bir ağacam, Şərqdə dastanam,
Kitabam, nəğməyəm, şeirəm, insanam.-
Neçə ad vermişdin mənə hər ustad
Qərbdə Otelloyam Şərqdəsə Fərhad.
Bir vaxt Sənan idim, şeyxlərin başı,
Sonra Hamlet oldum saraya qarşı.
Mənsuram, Yusifəm, Romeoyam mən,
Yox, heç kəs deyiləm, onlar mənəm, mən...
Sənsə bu halımı bilərək yenə
Gəl gedək deyirsən nə haqla mənə!
“Gəl gedək deyirsən!”
Hara gedim mən?
De, necə ayrılım özüm özümdən.
Leylidən söz açdın, Leyli məndədir.
Onun eşq atəşi bədənimdədir.
Bu qəmim, həsrətim, dərdim Leylidir.
Eşq oduna yana hər kim Leylidir.
Günəşsiz yaşaram min il də bütün.
Leylisiz qalmadım ömrümdə bir gün.
Bir vaxt başım üstdə o günəş oldu.
Onun atəşindən yanıb qovruldu
Xeymə ağacı tək, dərim, bədənim.
Bir insan tüstümü görmədi mənim.
İndi də bu duman, bu çiskin, bu çən
Leylidir, bulud tək başımın üstdən
Asılıb göz yaşı axıdır mudam.
Mən bu göz yaşıyla ülfət tutmuşam.
“Gəl gedək deyirsən!”
Hara gedim mən?
De, necə ayrılım özüm özümdən.
Ən böyük sevincim bu dərd, bu qəmdir.
Hicrandan vüsala bircə qədəmdir.
Ancaq qorxum budur vüsala yetsəm,
Leylini itirəm, qəmi itirəm.
Gəl sən də çox görmə hicranı mənə.
Bil, dözə bimərəm vəslin dərdinə....
Deyərək astaca əydi başını,
Mən gördüm Məcnunun ilk göz yaşını.
Düşündüm qəlbinə toxunmuşam mən.
Danışa bilməzdim xəcalətimdən.
Çəkildim.
O söyüd tək qaldı yenə,
Qərq olub dərdinin dərinliyinə
Tək qaldı yenə.

Berlin, 1963
XS
SM
MD
LG