Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:53

Samir Sarı "Zorbaların torbası" (Hekayə)


Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.


Samir SARİ
(Xalid Kazımlı)

ZORBALARIN TORBASI


125 saniyədən sonra başına torba keçiriləcək Jurnalist taksidən düşəndə gülümsədi. O, növbəti dəfə mənzil başına sağ-salamat çatmışdı.

Jurnalist daha bir günü xəta-bəlasız sovuşdurduğuna görə həzin-həzin sevinirdi. Onun mənzilə çatmasına təxminən 125 addım qalırdı.

Gecənin qaranlığında onu gözləyən və ümumi çəkiləri 675 kiloqram olan 6 cantaraq maskalıdan biri Jurnalistin başına keçirəcəyi torbanı gödəkçəsinin cibindən çıxardı.

Digər maskalıların hərəsi bir tərəfdə idi. Onlar Jurnalistin qaça biləcəyi bütün bənd-bərəni kəsmişdilər.

Jurnalist qorxaq adam deyildi, amma qarşıdakı qapısı açıq maşını görüb quşqulandı, ətrafa göz gəzdirdi.

O, 60 saniyədən sonra başına torba keçiriləcəyini bilməsə də, gecə saat 1-də qarşısında gördüyü maşının yanındakı iki cantaraq kölgədən üşəndi.

Jurnalist dedektiv filmlərdə adamların belə maşınlara basılıb aparılmasını çox görmüşdü.

O, yavaşca geri qanrıldı. Arxada daha iki zorba siluet vardı. Onlar yaxınlaşırdılar. Jurnalist sol tərəfə göz atdı - daha iki siluet də aram-aram ona tərəf gəlirdi.

Qara torbanın 30 yaşlı jurnalistin başına keçirilməsinə 30 saniyə qalırdı.

O, seytnotda idi, sürətlə çıxış yolu axtarırdı. Naməlum siluetlər hələ ona heç nə deməmişdilər, amma Jurnalist gecə saat 1-də 6 naməlum idmançının üç tərəfdən (dördüncü tərəf hasar idi) ona yaxınlaşmasının xeyirli əlamət olmadığını duymuşdu.

Onun analitik təfəkkürü də deyirdi ki, siluetlər burada balıq tutmağa gəlməyiblər.

Zorbaların ona çatmasına 10 addım qalanda Jurnalist onların üzündəki qara maskanı gördü.

Bu zaman torba ilə başın təmasına 7-8 saniyə qalırdı. Vaxt darlığı ona imkan vermədi ki, o, siluetlərin ondan nə istədiklərini soruşsun və qışqırıb kömək istəsin.

Jurnalist sadəcə olaraq bərk həyəcanlandı və torba başına keçiriləndə acı gerçəkliklə, zil qaranlıqla baş-başa qaldı.

Bundan sonra naməlum siluetlər Jurnalisti Çempionlar Liqasının kubokunu qazanmış baş məşqçi kimi əlləri üstünə götürdülər, amma atıb-tutmadılar, tutub atdılar. Jurnalist mikroavtobusun salonundakı döşəməyə yapışdı.

Qapılar bağlandı. Jurnalist naməlum siluetlərin ilk zərbələrini böyründə, kürəyində, sağrısında, qarnında hiss elədi.

O, özündən asılı olmayaraq, instinktiv şəkildə boğuq səslər çıxardı. Ancaq bu, siluetləri narahat etmədi.

Maşın tərpəndi. Jurnalistin üstündə profilaktik iş bir qədər də davam elədi. Sonra maskalı zorbaların böyüyü dedi ki, indilik bəsdir, sonra davam edərik.

Jurnalist artıq başa düşmüşdü ki, onu linç eləməyə aparırlar. O, öldürülməyəcəyini bilirdi. Naməlum siluetlərin elə bir qəddar planı olsaydı, bunu əməliyyatın 90-cı saniyəsində həyata keçirə bilərdilər.

Başı torbalı Jurnalist üzü üstə, maskalılardan birinin dizinin altında, naqolay vəziyyətdə uzanaraq mövcud rejimin qəddarlığı, azad sözə basqısı barədə qara-qara fikirləşirdi.

Maskalıların böyüyü, keçmiş cüdoçu mobil telefonunu sınıq qulağına yapışdıraraq kiməsə zəng vurub raport verməyə başladı:

- Uje vzyali. Gətirik. Necə lazımdı. Okey. Baş üstə. Oldu. Yes. Baş üstə.

Jurnalist qara gününü qabladı. Son günlərdə nə yazdığını, nədən yazdığını, yazılarında kimlərin adını çəkdiyini sürətlə beynindən keçirməyə başladı.

Bəlkə də qəfildən qapaz dəyməsə, o, sifarişçinin kimliyini bir az gec tapacaqdı. Amma onun gərgin beyin analizlərini yarımçıq saxlayan qapazdan bir saniyə sonra eşitdiyi səs Jurnalistin işini yüngülləşdirdi.

- Alçaq, sənə neçə dəfə deyilib ki, şefdən yazma. Deyilib, yoxsa deyilməyib?
Bu sualların hərəsi bir qapazla müşayiət olundu.

Jurnalistin yadına düşdü ki, doğrudan da ona şefdən yazılmaması barədə bir neçə dəfə xəbərdarlıq olunub. Anonim oxucular zəng edərək demişdilər ki, şefdən yazmasın.

Jurnalist qapazla müşayiət olunan suallara cavab verə bilmədi. Bu vəziyyətdə ən düzgün variant sualları cavabsız qoymaq idi.

Əgər jurnalist “deyilib, deyilib” deyə cavab versəydi, ona “bəs niyə yazırdın, alçaq” deyəcək və daha bir qapaz ilişdirəcəkdilər. Yox, əgər “deyilməyib” desəydi, faktı həyasızcasına inkar etdiyinə görə yenə qapazlanacaqdı.

Di gəl, jurnalistin aydın sualı cavablandırmaması maskalıların böyüyü tərəfindən pis qarşılandı. Jurnalist 4 və 5-ci qabırğalarının üstündən təpik yedi. Maskalı siluet çımxırdı:

- Cavab ver də. Səndən söz soruşmuram?

Jurnalist hiss elədi ki, suala cavab verərək qapazlardan birini yemək qabırğanın üstünə dəyən təpikdən daha asan həzm oluna bilərdi.

Media mənsubu əlinə qələm götürüb qəzetçiliyə başlayandan bəri mitinqlərdə, piketlərdə şillə, təpik, dürtmə, itələtmə və sair zərbə vahidlərini çox dadmışdı. Amma bu vəziyyətə ilk dəfə düşürdü.

Avtomobil tam sürətlə irəliləyirdi. Təxminən 10 dəqiqə bu minvalla getdilər və Jurnalistə dəyib-toxunan olmadı. Bundan ürəklənən jurnalist soruşdu:

- Məni hara aparırsız? Bandotdelə, yoxsa MTN-ə?

Gərək o konkret ünvan soruşmayaydı. Böyrünə növbəti təpik zərbəsi dəydi. Basqınçıların başçısı vədverici intonasiya ilə dedi:

- Nə o birisinə, nə bu birisinə. Səni kinoya çəkməyə aparırıq.

- Nə kino? – torbanın altında Jurnalistin qulağının dibi qızışdı. Heç bayaq qapaz dəyəndə belə olmamışdı. Onun ən qorxduğu şey də məhz bu idi. Bir daha soruşdu: - Kino nədir?
Mikroavtobusdakılar maskalarının altından hırıldaşdılar. Başçı bəyan etdi:

- Kino də. Film. Triller. Erotik triller. Ola bilər, pornoqrafik film olacaq.

Hırıldaşma mikroavtobusu bürüdü. O dəmdə başıtorbalı Jurnalistə bıçaq vursalar, qanı çıxmazdı.

Qulağı sınıq cüdoçu davam etdi: - Adını da ya “Jurnalistin sındırılması” qoyacağıq, ya da “Yazarın pazlanması”. Diskə yazıb həmkarlarına da paylayacağıq. Qoy sənin aktyorluq qabiliyyətini görsünlər.

Hırıldaşma mənzil başına qədər davam elədi. Jurnalist vəziyyətdən necə çıxacağını bilmirdi.
Yalvarmaqla canını qurtara bilməyəcəkdi. Aqressivlik göstərsə, daha pis vəziyyətə salacaqdılar.

Nəhayət, mikroavtobus dayandı. Jurnalisti maşından endirib 20-30 metr aparandan sonra bir otağa saldılar. Altına stul qoyub oturtdular.

Başından torbanı çıxardılar. Jurnalist 5 maskalı baş gördü. Altıncı maskalı sürücü idi. O, maşında qalmışdı.

Jurnalist bu sayaq davranışın insan haqlarına, söz və mətbuat azadlığına zidd olduğu barədə tezis səsləndirdi.

Əvəzində ona qurduğu cümlədəki sözlərin toplam sayının iki misli qədər yumruq, təpik dəydi.

Ancaq onun üzünə, başına zərbələr endirilmirdi. “Qorxurlar ki, izi qalar” – deyə Jurnalist bu humanist rəftarın məğzini tutmağa çalışırdı.

Arada dizinə dəyən təpik zərbəsi necə ağrı verdisə Jurnalistin huşu sözün birbaşa mənasında başından çıxdı.

Bir müddətdən sonra huş yerinə qayıdanda Jurnalistin ilk işi əynindəki şalvarın çıxarılıb-çıxarılmadığını yoxlamaq oldu. Şükür ki, şalvar yerindəydi.

Onu yerdən qaldırıb təzədən stula oturtdular, söyə-söyə, bağıra-bağıra hədələdilər.

Basqınçıların başçısı dedi ki, səni qurban olasan ölkənin demokratik imicinə, yoxsa bir zərbəylə onurğanı sındırardıq, başına bir güllə çaxıb, Masazır gölünün qırağına atar, itlərə yedirdərdik.

Arada başçı onu qorxutmaq məqsədi ilə yumruğunu zərblə stulun kənarına çırpdı.

Zərbə anında onun əli sürüşdü və baş barmağı sıyrılıb yaralandı. Başçı ufuldaya-ufuldaya Jurnalistə bir-iki təpik tutuzdurdu və yan otağa keçib barmağını sarıtdırdı.

Maskalılardan biri otaqda baş verənləri toy operatorları kimi səliqə ilə videokameraya çəkirdi. Jurnalist görürdü ki, operator-əməliyyatçı onu eyzən iri planda götürür, zərbəçilərin isə yalnız əl-ayağını çəkir.

Onun analitik beyni dəqiq işləyirdi: “Aparıb sifarişçilərə göstərəcəklər”.

Jurnalistin qorxduğu baş vermədi. Onun şalvarını çıxarmaq təşəbbüsü göstərilmədi. Bu da elə-belə olmadı.

Basqınçıların başçısı yenə kiminləsə telefonla danışdı, 4-5 dəfə “baş üstə, baş üstə” deyəndən sonra telefonu söndürüb Jurnalistə dedi:

- Na etot raz şef proşal tvoyu zadnitsu. Amma yazdığın kimi yazmağa davam eləsən, səni pe... eliyəcəyik. Özün bil.

Bu dəqiqəyədək təxminən 100-ə qədər müxtəlif şiddətdə zərbələr yemiş Jurnalist sevincini güclə boğdu. Bu məsələdə ona aldığı zərbələrin ağrıları kömək elədi.

Yoxsa o, qol vurmuş futbolçular kimi “yess” deyə qışqıracaqdı.

Onun ağzını skotçla bağladılar, başına yenə torba saldılar və maşına basıb 20 dəqiqə hədə-qorxu gələ-gələ apardılar, düşürüb yolun kənarına atdılar.

Jurnalist 5-6 dəqiqə çabalayandan sonra əvəlcə əllərini açdı, torbanı başından çıxardı, ağzının skotçunu götürdü. O, magistral yolun kənarında olduğunu gördü.

***

Ertəsi gün bütün saytlar bu hadisədən yazdı. Jurnalist mətbuat konfransı keçirib başına gələnləri danışdı.

Siyasi partiyalar bəyanat yaydılar. Hüquq müdafiəçiləri hesabat hazırladılar, “Sərhədsiz Reportyorlar”a xəbər verdilər.

Həkimlər Jurnalisti müayinə etdilər. Mətbuat Şurası hüquq-mühafizə orqanlarına müraciət ünvanladı.

***

İctimaiyyət nümayəndələrinin təzyiqi ilə Daxili İşlər Nazirliyi Jurnalisti oğurlayıb döyənləri tapmaq üçün operativ qrup yaratdı. Operativ qrupa kapitan Hacıməmmədovu rəhbər təyin etdilər.

Kapitan Hacıməmmədov rəisindən naməlum maskalıları tapmaq əmri alarkən ayaqlarını cütlədi, baş barmağı sarğılı olan əlini sınıq qulaqlarına aparıb iki dəfə “baş üstə” dedi.
XS
SM
MD
LG