Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

Flora Kərimova: «Şuşanın uçan quşları qarşısında xəcalətliyəm...»


Flora Kərimova
Flora Kərimova
Mayın 8-i Şuşanın işğal günüdür. O üzdən AzadlıqRadiosunun həmin gün efirə çıxan «İz» proqramında Şuşanın izinə düşməyə qərar verdik. Bələdçimiz Flora Kərimovadır. Verilişi bu səhifədən dinləyə də bilərsiniz. Həm Şuşanın salınma tarixindən xəbər tutar, həm də Yusif Vəzir Çəmənzəminlinin Şuşa xatirələrindən parçalar eşidərsiniz.

ANA VƏTƏNİM ŞUŞA...

--Flora xanım, Siz güclü xanımsınız, ah-uf xoşlamazsınız. O səbəbdən Şuşanı məhz Sizinlə anmağa, uzaqdan-uzağa olsa da, gəzib-dolaşmağa qərar verdik. Nədən başlayaq? Şuşanı necə xatırlayırsınız? Uzaqdan-uzağa necə dindirib-necə oxşayırsınız Şuşanı?

--Allah-Allah, mən heç vaxt özümü uzaqdan-uzağa hiss eləmirəm. Çox yanıram, çox əziyyət çəkirəm. Dünənki uşaqlığımı, gəncliyimi Şuşada keçirmişəm. Həmişə deyirəm ki, ana Vətənim Şuşa, ata Vətənim Qəbələdir. Çünki atam Qəbələdəndir. Bir böyük dünyam var—o da Azərbaycandır. Çox gözəl, buludsuz, aydın səmalı bir Şuşam var. Var idi yox, var! Və mən inanıram ki, orada hələ səsim eşidiləcək. Dahi Üzeyir bəyin, Bülbülün və bütün sənət incilərinin izi qalıb Şuşada. Təzədən o inciləri eşitmək imkanımız mütləq olacaq.

ŞUŞA MƏNİMDİR!

--Flora xanım, o dinc çağlarda, deyəsən, yalnız istidə-bürküdə Şuşanı yada salardılar. Külli Azərbaycan köç edərdi Şuşaya! Onlar Şuşaya nəsə verirdilər, yoxsa yalnızca Şuşadan almağa-qoparmağa gedirdilər?

--Təəssüflər olsun ki, olduğu vaxt qədrini bilmirik. İtirdiyimizdə hiss edirik ki, nə itirmişik... «Şuşa mənimdir!»—deyib gedirdik,--«Kim mənim əlimdən ala bilər ki?»—deyə düşünmürdük də... Çox yaddaşsız millətik! Məni yandıran budur. Sabah biz yenə hər şeyi unuda bilərik. Aran xalqı o qədər təbiəti zəngin, sözü zəngin, dili zəngin bir xalqdır ki, içində kin yoxdur. Mən başa düşürəm—çörəklə bölüşmək olar, amma torpaqla yox! Düşmən bunu başa düşmədi. Çörəyimizi yeyəndən sonra dedi qoy torpağını da əlindən alım. Mən niyə qonaq olum? Mən ev sahibi ola bilərəm! Mən inanıram ki, xalqın iradəsi özündən asılı olsaydı, biz Zəngəzuru da itirməzdik, ondan sonrakıları da. Hər şeyi qaytarardıq. Təəssüf ki, siyasi şərait elə gətirirdi ki, hansısa bir individi nədəsə aldada bilirdilər və bu individin etdiyi çox böyük faciəyə səbəb olurdu. O individ bu ölkənin, xalqın qədərini, qismətini kəsib-doğrayıb öz istədiyi kimi biçirdi. Hərdən bilərək, hərdən bilməyərək, inanaraq və aldadaraq... Amma hər ikisi bir faciənin önündə gedən insanlardır və düşünürəm ki, bu iki bir-birinə oxşamayan insanlar
Şuşada mərkəzi hakimiyyətə qarşı nümayiş, 1 iyul 1989
cinayətkardır.

ANAMIN SİMASINDA ŞUŞANI İTİRDİM...

--Kimdir şuşalılar? Şuşalı olmayanlardan nəyi fərqlidir onların? Bəlkə bir xatirələrə baş vurub onların danışığını, gəlişini-duruşunu xırdalayasınız?

-- Şuşalılar azərbaycanlılardır. Ürəkcə böyük Azərbaycanın, ərazicə böyük Azərbaycanın sakinləridir. Şuşalıların digər bölgələrdə yaşayanlardan heç bir fərqi yoxdur. Ancaq ləhcə fərqi var. Evdə anam mənimlə həmişə «gələjəm-gedəjəm» -deyə danışardı. O ləhcəyə çox öyrəşmişdim. Qəbahətim böyükdür. Torpağımın nə qədər əziz olduğunu hiss eləmədiyim kimi, ləhcənin də əzizliyini hiss eləmirdim. Ləhcənin əzizliyini 1978-ci ildə--anamın itkisindən sonra anladım. Torpağın əzizliyini Şuşanı itirəndən sonra... Mən həmişə deyirəm ki, ölümə sevinmək olmaz. Ancaq inandırım sizi, anamın dünyasını dəyişməyinə mən sevinirdim. Düzdür, anamın yoxluğunu hiss etdiyim illəri çox faciəli yaşadım, çox qovuruldum. Amma hiss edəndə ki, anam gəzdiyi küçələri gəzə bilməyəcək, eşitdiyi ləhcəni eşidə bilməyəcək, mənə üçqat-beşqat əziyyət verirdi. Çünki anamın simasında Şuşamı itirmiş oldum, Şuşamın simasında anamı... Şuşa mənim üçün Qarabağın rəmzidir. Vətənimin rəmzidir. Yaralı yerimdir, bıçaq soxularaq burxulmuş ürəyimin qanıdır... (Kövrəlir) Ona görə də, Şuşa mənim üçün həm bayraqdır, həm Vətəndir, ağrı-acımdır və 1915-ci ildən bu yana gələn şəhidlərimizdir...

YORULMUŞAM İTİRMƏKDƏN

--Mən Sizi güclü qadın kimi təqdim elədim, axı...

--Yox, mən bu ağrının qarşısında dizi çökmüş gəzirəm, beli bükülmüş gəzirəm. Çünki Şuşanın o daşlı küçələrini gəzmişəm. Hərdən elə adamlar var ki, mənə deyirlər ki, Flora xanım, mən Şuşanı görməmişəm, amma o ağrını ürəyimdə hiss edirəm. Dəqiq bilirəm ki, Vətənimizin içində olan Vətən itkisi ayıltdı bu milləti. Bu dəfə də yaddaşımız bizə düşmən olsa, çəkdiyimiz müsibəti yaddan çıxarsaq, millət kimi yaşamaq haqqını itirə bilərik. Bilirsiniz, yorulmuşam itirməkdən. İnanmaq istəyirəm, görmək istəyirəm, səsini eşitmək istəyirəm. O daşların üstündə gəzmək istəyirəm. (Kövrəlir). Xəcalətliyəm. Şuşanın uçan quşlarının qarşısında, axan sularının, bulaqlarının qarşısında, hər daşının-kəsəyinin qarşısında--- babalarımızın ruhu qarşısında xəcalətliyəm. Yaşamaq üçün ölmək mənim üçün böyük şərəfdir.

HÖNKÜRƏ-HÖNKÜRƏ OXUDUM

Şuşa qaçqınları
--Flora xanım, inşallah, bu qovğa bitəndən sonra Cıdır düzündə oxuyarsınız... Amma deyirəm, bəlkə Şuşanı bir ağız burada yad edəsiniz, nisgiliniz dağılsın?


-- Taleyi faciəli bir mahnı var. Sədaqət xanımın mahnısıdır. Sözləri Nüsrət Kəsəmənlinindir. Onda hələ Nüsrət bəy dünyasını dəyişməmişdi. Hər şeydən xəbərsizdik. Bu mahnını hönkürə-hönkürə ağlayaraq studiyada yazdırdıq. Səsim batırdı, fasilə verirdik, oturub Sədaqət xanımla baş-başa verib sakitləşmək əvəzinə təzədən hönkürürdük. Bax, belə əziyyətlə, müsibətlə bu mahnını oxudum. Qismət elə oldu ki, o mahnı ilk dəfə Nüsrət Kəsəmənlinin dəfn günündə səsləndi. Özü eşidə bilmədi mahnını. Qarabağ Nüsrət Kəsəmənli üçün böyük dərd idi. Xahiş edirəm, mümkünsə, hətta mənim danışığımdan kəsib verilişdə o mahnını səsləndirin.

--Son sual, Flora xanım, inşallah, gələcəkdə Şuşanın mədəni həyatını necə canlandıracağıq? Sizcə, bunu indidən düşünməyə dəyərmi?

--Təbii ki, dəyər! Həyat davam edir. Düşünürəm ki, Tanrı üzünü bizim tərəfə çevirib. Təki əlimiz çatsın, ünümüz yetəcək! Qüvvəmiz çatacaq! İstedad özü tənzimləyəcək. Millət mətin olsa, hər şey yaxşı olacaq.

SƏSİM VƏTƏNİN ANASI, ÖZÜM...

--Təşəkkürlər, Flora xanım! Səsinizi-nəfəsinizi belə yaxından duyub biz də kövrəldik. Elə bu izə düşüb, inşallah, Şuşadan birgə reportaj hazırlarıq. Bir daha sağ olun!

--Mən kövrəltdiyim üçün üzr istəyirəm. Axı, müğənniyəm, səsim kələ-kötür gəldi. Bilirsiniz ki, mən iradəsi zəif insan deyiləm. Səsim bu Vətənin anasıdır, özüm bu Vətənin balasıyam. Həm ana dərdi çəkirəm, həm bala dərdi. Odur ki, göz yaşlarım üçün, keçirdiyim hislər üçün üzr istəmirəm. Çünki mən Qarabağım üçün ağlayıram, Qarabağım üçün oxuyuram, millətim üçün oxuyuram. Demək istəyirəm ki, əcəl tələsməsin, tanrı qıymasın ki, biz Şuşamızda addımlaya bilək, ağızdolu «vətəndaşam» --deyə bilək. Ağızdolu «Şuşa mənimdir, Laçın mənimdir, itirdiyim torpaqları mən qaytarmışam» -- deyə bilək. Yaşamaq, mətin olmaq, mübarizə aparmaq lazımdır! O da mənim millətimdə var. Öpürəm sizləri.
XS
SM
MD
LG