Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:05

Miyatoviçin səfərindən gözləntilər


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatovic) mayın 9-da Bakıya gəlib.

Mayın 10-da Miyatoviçin rəsmi görüşləri başlanır. ATƏT-in Bakı Ofisinin sözçüsü Rəşad Hüseynov AzadlıqRadiosuna nümayəndənin mayın 11-də «Qanunvericilik islahatları vasitəsilə Diffamasiyanın dekriminallaşdırılması» mövzusunda konfransda çıxış edəcəyini bildirib. Həmin konfransda media nümayəndələri, Prezident Adminstrasiyası, Milli Məclis və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Bu günlərdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, yaxın vaxtlarda parlamentin «Diffamasiya haqqında» Qanunu qəbul edəcəyi gözlənilir. Layihə artıq Milli Məclisə təqdim edilib.

Miyatoviçin belə bir vaxtda Bakıya gəlməsi və bütün tərəflərin iştirakı ilə uzun müddətdir müzakirə obyektinə çevrilən bir məsələyə dair konfransın düzənlənməsi qanunun qəbulunu tezləşdirə bilərmi? Bununla bağlı media mütəxəssislərinin fikirlərini təqdim edirik:

ARTIQ BAŞQA MƏQAM YETİŞİB
Mətbuat Şurasının üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid:
Rəşad Məcid

- Konfransda hakimiyyət nümayəndələri də diffamasiya haqqında qanunun qəbul edilməsini istədiklərini büruzə verəcəkləri istisna deyil. Ancaq əslində bu qanun 10 il də olmasa, ən azı 3-4 il əvvəl qəbul olunmalı idi.

Qəzetlərdə artıq diffamasiya məsələləri arxa plana keçib və çox az hallarda müşahidə olunur.

Çünki kimsə böhtan yazmaq, kimisə təhqir etmək fikrinə düşürsə, artıq baş redaktoru, hüquqi ünvanı olan qəzetlərdən daha çox virtual aləmdə, qeyri müəyyən imzalarla və heç bir məsuliyyəti olmayan saytlardan istifadə edir. Ona görə, məncə, indi bizim bunu müzakirə etməyimizin məqamıdır».

GERİYƏ YOX, İRƏLİYƏ ADDIM

«Yeni Nəsil» jurnalistlər birliyinin rəhbəri Arif Əlivev:
Arif Əliyev

- Azərbaycan Qafqazda diffamasiyaya görə cinayət məsuliyyətini saxlayıb buna görə jurnalistləri həbsxanaya salan yeganə ölkədir. Bu da hökuməti qanunun qəbuluna məcbur edən yeganə faktordur. Ancaq bu qanunun Azərbaycan mediasında hansısa ciddi dəyişikliklərə səbəb olacağını düşünmürəm.

Çünki biz şahidik ki, Azərbaycanda həbs prosesi çox zaman diffamasiya ilə bağlı olaraq yox, tam başqa əsaslarla, ittihamlarla həyata keçirilir. Digər tərəfdən son bir-iki ildə Azərbaycan media qanunvericiliyinə daha təhlükəli maddələr salınıb. Amma istənilən halda bu qanunun qəbulunu alqışlayardıq.

Çünki birincisi, bunun üçün çox böyük zəhmət sərf etmişik. İkincisi, hər halda bu jurnalistlərin həbsinə yol açan müddəalardan birinin də aradan qaldırılmasında geriyə yox, irəliyə doğru addım olacaq.

Üçüncüsü isə, bu müddəanın mövcudluğu jurnalistlərə psixoloji cəhətdən mənfi təsir göstərir. O istər- istəməz düşünməli olur ki, istənilən çıxışını diffamasiya adı ilə gündəmə gətirib onu həbs edə bilərlər. Jurnalistlərin öz üzərlərində hiss etdikləri bu gərginlik də aradan qalxmış olar».
Eynulla Fətullayev

MİYATOVİÇ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞƏCƏKMİ?

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin həbsdə olan jurnalist Eynulla Fətullayevlə görüşəcəyi barədə də məlumatlar var.

ATƏT-in media azadlığı üzrə nümayəndəsinin Azərbaycana səfəri mayın 13-də başa çatır.
XS
SM
MD
LG