Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:00

YAP Minsk Qrupu həmsədrlərinə etiraz məktubu göndərib


ETİRAZ MƏKTUBU

Yeni Azərbaycan Partiyası ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və ATƏT-in Parlament Assambleyasının sədrinə etiraz məktubu göndərib.

YAP məktubda Azərbaycanın işğal olumuş ərazilərinə xarici ölkələrdən erməni ailələrinin köçürülməsi və məskunlaşdırılması ilə bağlı etiraz edir.

Məktubda Qırğızıstanda yaşayan 200-dən artıq erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsinə hazırlıq getməsi barədə mətbuatda yayılan məlumatlara diqqət yönəldilib. Bildirilib ki, işğal olunan Azərbaycan ərazilərinin Ermənistanın himayəsi və dəstəyi ilə qanunsuz olaraq məskunlaşdırması məsələsi dəfələrlə BMT- də və digər beynəlxalq təşkilatlarda müzakirə olunub. ATƏT-in bununla bağlı fəaliyyət göstərən faktaraşdırıcı missiyası ötən il yaydığı rəsmi hesabatda işğal altında olan Azərbaycan ərazilərində 15 minədək erməninin məskunlaşdığını bildirib.

«DANIŞIQLARIN SƏMƏRƏLİLİYİNƏ ZƏRBƏ VURA BİLƏR»

Məktubda qeyd olunur ki, münaqişəsinin sülh yolu ilə aradan qaldırılması istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların getdiyi bir vaxtda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə yeni «erməni köçünün» təşkil olunması bu danışıqların səmərəliliyinə ciddi zərbə vura bilər.

Həmsədrlər
YAP-ın etiraz məktubunda bir daha nəzərə çatdırıb ki, erməni tərəfinin bu hərəkəti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Şurası və ATƏT-in Parlament Assambleyasının müvafiq qərarlarına ziddir.

Azərbaycan xalqı Azərbaycan torpaqlarına kənardan köç edilməsi siyasətini qətiyyətlə rədd edir və onun heç bir hüquqi nəticəsini qəbul etmək niyyətində deyil.

YAP ATƏT-in Minsk Qrupunun həmsədrlərini sülh danışıqlarının nəticələrini heçə endirən və münaqişənin dinc vasitələrlə həllinə dair konstruktiv səylərə mane olan «köçürmə siyasətini» birmənalı şəkildə pisləməyə və onun mənfi nəticələrinin qarşısını vaxtında almaq üçün müvafiq addımlar atmağa çağırıb.

Həmsədrlər - ABŞ-dan Robert Bradtke, Fransadan Bernard Fassier və Rusiyadan İqor Popov bu il martın 25-də Azərbaycanın işğal olunmuş ərazilərinə dair Sahə Qiymətləndirmə Missiyasının məruzəsini açıqlayıblar. Həmin sənəddə də qeyd edilib ki, «münaqişədən əvvəl mövcud olan şəhərlər və kəndlər boşalıb və demək olar ki, tamamilə xarabalığa çevrilib. Dəqiq sayı bəlli olmasa da, Laçın və Kəlbəcər şəhərlərində və eləcə də kiçik yaşayış məntəqələrində təxminən 14 minə yaxın adam yaşayır».

Hakim YAP-nın həmsədrlərə etirazı mayın 12-də göndərilib. Hələlik onların bir reaksiyası məlum deyil.

ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiun da mayın 12-də Azərbaycana səfərə gəlib. Rəsmi məlumata görə Qarabağ münaqişəsinin həlli yollarını Bakı onunla da müzakirə edəcək.
XS
SM
MD
LG