Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:41

Alpay Azər "Örtüksüz mafə" (Hekayə - "Ədəbi Azadlıq-2011")


Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin razılığı onu "Oxu zalı"nda dərc edirik.


Alpay Azər

ÖRTÜKSÜZ MAFƏ

Evdən çıxanda gördüm ki, qonşu blokun ağzına mafə qoyublar. (“Görən kimdi?”).

Sonra təəccübləndim, həm də çaşdım, - ilk dəfəydi qabağıma çıxan mafənin üstünə nə qara (qoca), nə yaşıl (orta yaşlı), nə də qırmızı (cavan adamın öldüyünü bildirən) parça örtük salınmışdı. (“Görən yadlarından çıxıb, yoxsa evdə parça tapılmıyıb?”)

Onu deyim ki, mafəyə özünəməxsus, paradoksal, bir az da obrazlı münasibətim var. (Mafə Əzrayılın zənbilidir).

Məktəbdə oxuyanda, xüsusilə aşağı siniflərdə, boyum balaca olduğundan mafə mənə böyük görünürdü, yanından qorxa-qorxa keçirdim, sanki kimsə məni onun içinə soxacaqdı, ya itələyəcəkdi. İndi otuz altı yaşım var, mafəyə üstdən aşağı (yəni bu illər ərzində boy verdiyimə görə) baxıram, amma yenə azca da olsa qorxuram (nə qədər də olmasa Əzrayılın zənbilidir), eyni zamanda da öz-özümə fikirləşirəm: “Ay axmaq, onsuz da kimlərsə səni də əvvəl-axır xalçaya bürüyüb, qutuda onun içinə qoyacaqlar, sonra çiyinlərində qəbristanlığa aparacaqlar”...

Amma blokun ağzında gördüyüm mənzərədən çaşmışdım. Mafənin ətrafında hərləndim, bilmək istəyirdim görüm qonşulardan kim rəhmətə gedib. On dəqiqə içində nə bloka girən, nə də çıxan oldu. “Bu qonşular niyə gözə dəymir? Yaxşı, kişilər deyək ki, işdədi, bəs arvadlar hara yoxa çıxıb?” – öz-özümə fikirləşirdim.

Bloka girdim, qulaqlarımı şəklədim, ağlaşma səsi, ağı-filan eşitmədim. Az sonra, deyəsən, üçüncü mərtəbədə qapı açıldı, elə o dəqiqə də pişikdən bir myao çığırtısı qopdu, arxasınca “paşla tı atsyuda!” – zəhirmar sifət təqaüdçü Oqtayın boğuq səsi gəldi.

Blokdan çıxdım, yuxarı baxdım, həmin mərtəbədə blokun pəncərəsindən çölə tüstü çıxırdı.

Anladım ki, Oqtay pişiyə təpik vurandan sonra siqaret yandırıb. Istədim üçüncü mərtəbəyə qalxıb elə ondan ölənin kim olduğunu soruşum, tez də fikrimdən vaz keçdim, - daima sifətlərində zəhrimar olan adamlardan adi suala cavab almaq bəzən adamın ovqatını korlayır.

Az sonra təhqir olunmuş pişik məğrur-məğrur blokdan çıxdı, - yəni heç vecimə də deyil, - mənə baxmadan mafəyə tərəf getdi. Bir müddət baxdı, sanki duyuq düşdü, içinə girməyə cəsarət etmədi, ya istəmədi, tənbəl yerişi ilə ordan uzaqlaşdı.

Bəlkə zarafat edirlər. Kim? Belə də zarafat olar? İş dalınca getməliydim. Saata baxdım, on ikiyə qalırdı, birdə ya ikidə, uzağı üçdə dəfn edə bilərdilər. Mənimsə işim çox çəksəydi saat dördə gəlib çıxardım evə.

Amma çox heyif. Axı mən bilmək istəyirdim ki, bu mafədə son mənzilə gedən kim olacaq.

Həmin blokda yaşayanların ən azı beş-altısını tanıyırdım, salam-əleykümüm vardı, axırda nədənsə belə qərara gəldim ki, ölən qocalardan biridir.

Bu vaxt bizim blokdan üzbəüz mənzildə yaşayan qonşumuz Ərkinaz xala çıxdı, mafəni görüb həyəcanla soruşdu:

- A Qasım, kim rəhmətə yedif?

- Vallah bilmirəm, Ərkinaz xala, - çiyinlərimi çəkdim. – Mən də elə bayaqdan bunu fikirləşirəm, baş aça bilmirəm. On dəyqədi burdayam, hələ bir adam blokdan çıxmıyıb.

- Üstünə parça da sərmiyiflər, barı bilək ölən cavandı yoxsa qoja? – başı ilə mafəni göstərdi.

- Hmm.

Onu deyim ki, Ərkinaz xalagil Göyçə mahalının Zod kəndindəndirlər. Üç uşaq anasıdır, əri Becan bütün göyçəlilər kimi yeyib-içməyi xoşlayan, çox qonaqpərvər adamdır. “Bizim evə şəhərdən on adam qonaq gələydi, hamısına yorğan-döşək salıb on gün evimdə saxlamasam kor Hümbətin oğlu deyildim. Qabaqlarında inək, qoyun kəsdirirdim. Amba siz şəhərlilər bir gün məni evinizdə qonaq saxlamazsız...” (Düz deyirdi... Nəysə...)

Indi Ərkinaz xala bir əli ilə üzünü tutub təəccüblə gah mafəyə, gah da mənə baxırdı.
- Allah, sən saxla. Çörəy alım, qayıdıf, mamana da deyəjəm, gedək görək kim rəhmətə yedif?

Ərkinaz xala mağazaya tərəf götürüldü, mənsə öz işimin dalınca getdim.

Axşamüstü saat beşdə evə qayıtdım. Mafə yerində yox idi, naməlum “səbəbkarı” son mənzilə aparmışdılar. Hələ də yas üçün mağar qurulmamışdı. Hələ də deyəndə, saat beşdən sonra heç mağar qurmağın mənası da yox idi. Yenə də adam-zad gözə dəymirdi. Allahu Əkbər! Belə də şey olar?!

Çıxdım evə, məsələni anama danışdım. Sən demə, mən iş dalınca gedəndə Ərkinaz xala çörəyi alıb öz evlərinə girməmişdən qabaq bizim qapını döyüb, təngənəfəs içəri girib ki, a bajı, qonşuda kimsə ölüb, hazırlaş, getmək lazımdır. Anam deyib, ay qız, hələ tezdi, bəlkə istəmirlər, bunlar şəhər camaatıdı, öləni aparıb basdırsınlar sonra gedərik.

Qonşu əl çəkmiyib ki, nə danışırsan, elə indi getmək lazımdı, yaxın qonşudu, getməsək, ömürlük bizdən inciyərlər-filan. Qısası, Ərkinaz çörəyi evə qoyandan sonra, qara paltarını geyinib, qara yaylığını başına örtüb anamla gedib giriblər qonşu bloka. Mənzillərin qapısına baxa-baxa bir-bir mərtəbələrə qalxıblar.

Və beşinci mərtəbəyə çatanda Ərkinaz təəccüblə “Allah sən saxla,” – deyib.

Bütün qapılar bağlıymış, birdən anam deyib ki, ay Ərkinaz, fikir verdin, dördüncü mərtəbədə sol qapı bağlı olsa da qabağında beş cüt ayaqqabı varıydı, düşək bir qapını döyək, yas orda olsa girərik içəri, ya da ən azından soruşarıq ölən kimdir, harda yas verirlər? Aşağı düşüb qapını döyürlər, qapını həmin mərtəbədə Xarici Dillər Univerisitetinin ingilis dili filologiyasının dördüncü kursunda oxuyan, ata anasıyla tək yaşayan Fidan açır. Ərkinaz deyir ki, a qızım, biz qonşuyuq, bilmək istəyirik, kim rəhmətə gedib.

Qız sakitcə deyir, “Keçin içəri”. Anamla Ərkinaz dar dəhlizdən keçib böyük otağa girirlər.

Otaqda xalçanın üzərində kəfənə, üstündən də yaşıl parçaya bükülmüş arıq bir meyid, meyidin ətrafında isə beş qadın oturubmuş, üçü xısın-xısın ağlayır, ikisi isə kədərlə cənazəyə baxırmışlar. Ağlayan qadınlardan biri mərhumun anası, yəni bizim qonşu Ofelya xala, qalanları da yəqin xalaları, ya da bibiləriymiş.

Fransız aktyorlarına oxşayan cavan incəsifət bir oğlanın qara lentə alınmış çərçivədəki şəkli isə qıraqda jurnal masasının üstündəymiş. Bizimkilər otururlar. Anam yenə şəhərdə yaşayıb, Avropa filimlərinə baxıb, kitab oxuyub deyə az-maz Qərb mədəniyyətindən xəbəri olan qadındır.

Öz kəndlərində ömrü boyu doxsan-yüz yaşlı arvad, kişi yasında ağı deyən-eşidən, üz-göz cırmaqda, dəri qopartmaqda təcrübə qazanmış Ərkinazınsa təəccübdən az qala gözləri bərəlibmiş.

Təbii ki, hələ də kimin rəhmətə getməsindən bixəbər olan anam, Ərkinaz xala qonşu arvada “Allah rəhmət eləsin” deyirlər. Az sonra pıçıltılı söhbətlərdən məlum olur ki, şəkildəki arıq cavan oğlan qonşumuz Ofelya xalanın oğlu, öncə qapını açıb anamgili içəri buraxan, gələcəyin ingilis filoloqu Fidanınsa böyük qardaşıymış. Bir gün əvvəl Moskvada ürəktutmasından vəfat edibmiş, dünən gecə təyyarə ilə Bakıya gətiriblərmiş.
Sonra anamgilə məlum olur ki, ağlayan iki arvaddan biri mərhumun xalası, o birisi isə bibisiymiş. Bacısı armudu stəkanda anamgilə çay gətirir. Yerdə xalçanın üstündə qəndqabında qənd və karamel konfet, bir dənə nazik qabda halva varıymış. Bir də nəlbəkidə nazik kəsilmiş limon dilimləri.

Bizimkilər çaylarını içirlər, çaylar nəinki təzələnmir, heç bizimkilərdən soruşan da olmur ki, bəlkə yenə çay gətirək. Bu ingilisfason yas yerini halvadan başqa bir az milli edən kişilərin olduğu qonşu otaqdakı buxara papaqlı molla olur.

Az sonra (mini)-hüzr yiyəsi, yəni mərhumun atası içəri keçib arvadını dəhlizə çağırır, nəysə pıçıldaşırlar. On dəqiqə sonra otağa kişilər girir. Molla dua oxumağa başlayır, qadınların xısın-xısın ağlamaları altında mərhumu götürüb aşağı düşürlər, örtüksüz mafəyə qoyub maşına mindirirlər...

Blokdan çıxıb evə qayıdana qədər Ərkinaz dayanmadan deyinirmiş. “Aaz, bu başıbatmışlar hardan gəliflər. Nemes uşağı, nemes... Elə bil yas yeri yox, nemesxanadı. O boyda cavan, göyçək oğlan. Anası elə ağlıyır, elə bil hind kinosuna baxıf ağlıyır.

Dayılarıydı, nə zibiliydi, gözündən bir qram yaş deyilən şey çıxdımı, yox. Hələ bacısına bax bunun, o qapiyi (qapını) açanı deyirəm... Elə bil buna elçi gəliflər, durub, camahata qulluq eliyir ki, oğlan tərəfin xoşuna gələ”. Anam da bir tərəfdən qonşusunun, həm də yerlisinin sözünə qüvvət verir: “A bajı, qulluq da bir qulluq ola, rəhmətdiyin bajısı bir stəkan çay gətirir.

Ta sora ağlı kəsmir ki, bir stəkan da gətirə, ya heç olmasa soruşa ki, yenə çay gətirimmi... Onnarın çayına qalmamışıq e, amma mədəniyyət deyilən şey olmalıdı axı”. Sonra yenə Ərkinaz başlayır: “Fikir verdin, qabaqlarımıza qoyduqları kanfetə? O vaxt kətdə yas düşəndə Şıntresə (təsərrüfat, ərzaq mağazalarının olduğu Zod kəndinə bitişik qəsəbənin adıymış) gedib qırılmış ermənilərdən kilolarla şakalad alıb qoyurduq gələnnərin qabağına.

Bunnar da guya şəhərridi.” Anam yenə deyilənə qüvvət verir “Nə şakalad, heç qoğal da yoxuydu, sənin sözün olmasın, indi bunnar şəhərri hesab eliyir özlərini. Axı, qoğal nə olan şeydi ki, ondan beş dənə alıb ortaya qoymayasan”. “Aaz, tamam yadımdan çıxmışdı deyəm, a bajı, həyətdə mağar qurmuyuflar.. Biabırçılıq, ta nə deyim,” – bunu sonda Ərkinaz sanki sevinc içində deyibmiş.

Cavan oğlanın üçündə Ərkinaz əriylə (ətiniz tökülməsin!) iki kilo doğranmış kəllə qənd, kilo yarım çay alıb gedirlər, özü demişkən, nemesxanaya. (Anam, eləcə də atam bu dəfə ora getməkdən vaz keçirlər).

Göyçəli qonşularımız zəngi basırlar, qapını “ingilis” Fidan açır, donuq baxışlarını qonşularımızın sifətinə zilləyir, sonra mədəni şəkildə, yüngül rus ləhcəsiylə “Sizə nə lazımdır?” - soruşur.

Göyçəlilər özlərini itirir, birtəhər Ərkinaz xala özünü ələ alıb “A qızım, bə üş vermirsiz?” - soruşur. “Necə? – əvvəlcə sualın mənasını anlamadığından çaşan, az sonra “üş”ün nə olduğunu yadına salan Fidan: “Mama evdə yoxdur, kajetsya, xalamgilə gedib. Papa da işdədi”, - deyir. Axırda lap çaş-baş qalan Ərkinaz xala aldıqları şeyi zənbildə qıza uzadır ki, götür qızım, ehsanlıqdı. Fidan zənbili aralayıb içindəkilərə baxıb “A yox, çox sağ olun, bizdə saxar da var, çay da. Lazım deyil, sağ olun,” – deyib zənbili zorla qaytarır. “Mamagil düz başa düşməz,” – sonda əlavə edir.
XS
SM
MD
LG