Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:36

Ağa Laçınlı. Şeirlər (1986-2006)

















MƏNDƏN PİSLİK GÖZLƏMƏ

Çox yerləri gəzmişik, yaxşı günlər görmüşük,
Bu göynəmli dünyada toy-düyünlər görmüşük.
Birliyə dil vermişik, dərdi inlər görmüşük,
Bunlar sözə sığışmaz... gəl heç burda söz demə.
O günləri yada sal... məndən pislik gözləmə.

O illərin qoynunu anımınla dolan gəz,
Urvatını unutdun... umacağın nədir bəs?
A yolundan sapanım, demədimmi mənciyəz –
Körükləyib hər kini ürəkləri közləmə;
Babalın öz boynuna, məndən pislik gözləmə.

Heç bilmirəm nə alıb belə uydun şeytana,
Lap maymaqlıq elədin, qol da çəkdin bir qana.
Kimi kimə toxudu sən qurduğun bu hana?
Yalanlara yalmanıb olmuşları gizləmə,
Mən özümdən dönmərəm, məndən pislik gözləmə.

Üyütdüyün çeynəmi yoğuran da çənəndi,
Gözəlliyi görəndə gözlərinə çən endi.
Get bu yolla girələn – girəvəndi, çəmindi;
Qazıdığın quyunu hap-gop ilə düzləmə.
Gümanlara güvəncəm, məndən pislik gözləmə.

Ona-buna yarındın. İncikliyim bir ondan.
Səni ala bilmədim tovlaqçının torundan.
O duz-çörək qan olub tökülməzmi burundan?
Bunlar üzə vurulmaz... bunları heç üzləmə.
Andımıza qurban ol, məndən pislik gözləmə.

1987



ORDUDA QULLUQ EDƏN OĞLUMA YAZDIQLARIM

Ayrılırıq

Oğul, yenə ayrılırıq, –
Boğuq bürkü ürəyimdə.
Üşütməmi heç isitmir
Güman kürkü ürəyimdə.

Ürəyimdə ağı daşır,
Qara gəlib ağı aşır.
Ayrılıqdan ağırlaşır
Ağrı yükü ürəyimdə.

Bu nə qoruq, bu nə hörgü?
Tilsim açar Tanrı görkü.
Bayırda qar, başda bürkü,
Odun kökü ürəyimdə.

Oğul, yandım için-için

Oğul, yandım için-için,
bax odumun sulusuna.
Gürşad yağdı qərib köçün
hohasına, holasına.

Dünya qəbir qəlibimi?
Yer qəmliysə Göy qəlbimi?
Sınıq qəlbə tül qəlbimi
sarıq edib dolasana.

İş ağırdı – eşit, dədə,
Hə demişik hər öyüdə...
Kişi gedə, qulluq edə
öz elinə, ulusuna.

Neyləmişəm yerim küncdü?
Ağlamağım lap gülüncdü.
Körpə quzum niyə düşdü
yad meşələr talasına?

Oğul, sən də duyan nərsən,
Yol döyərsən oğul versən;
Nəfəsini kürk edərsən
qəmi sənin olasına.

Qəmi kəsən qılınc olar,
Gücü azlar gülünc olar.
Ad-sanımız bürünc olar
ucalığın qalasına.

Mən çağlaram çağım kürsə,
Kiriyərəm itlər hürsə.
Adam deyil – kim dözmürsə
balasının bəlasına...

Bizdən çıxır

Oğul, bilir obaların,
Əsirisən qabaların.
Savaş salmış babaların
hayıfları bizdən çıxır.

Onda zaman özgəyimiş,
Dünya özü bizdəyimiş.
Kim kiminlə düz dəyilmiş,
hayıfları bizdən çıxır.

Güclülərə güc gəlmişin,
Süngülənib daş dəlmişin,
Buz qəbrində dirçəlmişin
hayıfları bizdən çıxır.

Çingizin də, Batının da,
Yurdu yurda qatanın da,
Türk adlanan atanın da
hayıfları bizdən çıxır.

Hamı bizə hayıl-mayıl,
Sən də baş ol, sən də sayıl.
Min yaşasın Şah İsmayıl,
hayıfları bizdən çıxır.

Oğul, girə biz keçmişik,
Haqqa yol çək, cana keşik.
Gəbəribsə bir it-pişik,
hayıfları bizdən çıxır.

Döl-döşüyük qorxmaz nərin,
Ad hayında azca ərin.
Hayıfqoymaz igidlərin
hayıfları bizdən çıxır.

İşini bil

Oğul, çox iş alınmadı, –
yalana bax, işini bil.
Ürək şumu alındadı,
alına bax, işini bil.

Söz sarıqlı bir dükcəsən,
İstəklərə bürüncəksən.
Yağı çoxdu, sən təkcəsən,
halına bax, işini bil.

Tor qulunun toyu yanar,
Eni yanar, boyu yanar.
Yolun yolda quyulanar,
yoluna bax, işini bil.

Qaya qopmaz sel artmamış,
Nər qanını yalatmamış.
Ağır daşa əl atmamış
qoluna bax, işini bil.

Bu biçinin bici bizdən,
Üç yağının biri bizdən.
Dilə tutub bizi bizdən
alana bax, işini bil.

Yurdu təpik döyənəyi,
Cibi qəpik döyənəyi,
Əli çəpik döyənəyi
olana bax, işini bil.

Öz elindi uman-küsən,
Doğmalarsız axı nəsən?
Sən diləklər dədəsisən, –
balana bax, işini bil...

Salam yetir

Oğul, orda qalanım var, –
məndən ora salam yetir.
Meşə demə, dağ-daş demə,
getsən hara salam yetir.

Necə dözsün bağrı bişən?
Yas yarası gec bitişən.
Qərib qula kəfən biçən
qalın qara salam yetir.

Buz altında bağban yatır,
Dərd evində loğman yatır.
Kölgəsində doğman yatır,
o küknara salam yetir.

Qəmli dastan bilirəm mən
Saz gəzdirən bir əsgərdən...
Yiyəsiynən yerə girən
saza, tara salam yetir.

Yağı kafir, döyüş dinsiz,
Ruh eşidən, Allah kinsiz;
Gör nə umur o yasinsiz,
batan gora salam yetir.

Batıb gedən boz gəmiyə,
Yüz dayıya, yüz əmiyə,
Zülüm verən zirzəmiyə,
beton tora salam yetir.

Heç ərinmə sən, ay oğlan,
Qarış-qarış gəzib-dolan;
Başdaşısı kol-kos olan
tək məzara salam yetir.

Elin kimi, oban kimi

Oğul, yağı dustağısan, –
atan kimi, baban kimi.
Çağın çəkmə darlığında
insan şişir daban kimi.

Yanır qəlbin çır-çırpısı,
Dinir dərdin çığırtısı.
Çox diləyin çırpıntısı
soqquldayır çiban kimi.

Kaş tərpənib incə-incə,
Tay olaydıq dinməz dincə.
Çox eşilib çərləyincə
yaşayaydıq çoban kimi.

Dizlərinə azca buda,
Birliyimiz çatsın dada.
Duyacaqmı desən yada –
bağrım yanır soban kimi?!

Qazanmazsan qatı açsan,
Qayğı çökər sən qatlaşsan,
Üzə durub qatılaşsan,
qaba cumar qaban kimi.

Gözlə güdük çəpərində,
Toxtaqlıq gəz təpərində,
Qılıncı da təp yerində
elin kimi, oban kimi.

Qutarmadı

Oğul, bu da bir oyundu, –
odlu bürkü qutarmadı.
Yerlə Göyün arasında
hərki-hərki qutarmadı.

Ləçək yuxa, külək şillə,
Dolu yedi keçəl kəllə.
Kəsən gorda, yıxan güllə,
yonan kərki qutarmadı.

Çox qurğular pozulsa da,
Qışın qızı yaz olsa da,
Qorxudanlar azalsa da,
qorxu-ürkü qutarmadı.

At oynatdıq dərd gözündə,
Çiçək bitməz sel izində.
Çox çalxanan dənizin də
çirki-mirki qutarmadı.

Oğul, demə sözüm ötdü,
Biri yeyir, beşi lütdü.
Ağıçılar ha üyütdü,
ağı türkü qutarmadı.

Yol qılıncı, addım qısa,
Yeridikcə batdıq yasa.
Dünya necə yapıldısa,
bəndi-bərki qutarmadı.

Qoy qayğılar yüz cür olsun,
Doğmalar da lap kür olsun.
Tanrımıza şükür olsun,
Tanrı görkü qutarmadı.

Taptanıbdı

Oğul, bu da sənin işin, –
Çox sorulub ballı nişin.
Gül-çiçəyi biçilmişin
kolu-kosu tapdanıbdı.

Kim bizləri hərləmədi,
Kim acıqdan çərləmədi?
Torpaq nədi, tarla nədi,
dumduru su tapdanıbdı.

Oğul, düşün dərin-dərin,
Yağır olub gözəl yerin.
Bizi bizcən sevənlərin
saf duyğusu tapdanıbdı.

Qoy sönməsin könül cığın,
Öz canındı – öz acığın.
Tulası çox talacığın
son tovusu tapdanıbdı.

Diləyimiz diliklənib,
Mənliyimiz iliklənib.
Başdaşılar ciliklənib,
gor quyusu tapdanıbdı.

Yağır olub ayın, ilin,
Dil altında qalıb dilin.
Ad qorumuş ulu elin
ar-namusu tapdanıbdı.

Tapdanıbdı düz qanmışlar,
Oyanırkən o yanmışlar.
Qar çölünə yappanmışlar
lap urusu tapdanıbdı!..

Sovdan salma ovxarlığı

Oğul, geniş ürəyinlə
genişləndir o darlığı.
Səni səndən almasın heç
çərənçinin çodarlığı.

Demə çəpər nə hündürdü,
Atan onu azmı gördü?
Məni yaman düşündürdü
dərdin dərdə oxşarlığı...

Soyuq məni kəsə-kəsə,
Sümüklərim əsə-əsə,
Yığvalımdan küsə-küsə
çox söymüşəm o qarlığı.

Sürgün düşüb elim-obam,
Buz bağlayıb dədəm-babam.
Boşaldılmış quru qabam,
dolub yadın doyarlığı.

Dinlə məni sözüm haxsa,
Güc yeriməz meydan yoxsa.
Ahı dağa qalacaqsa,
nəyə lazım ov varlığı.

Oğul, bilir qoca dərviş,
Ömrümüzü özgə dərmiş.
Dərdimizə boy gətirmiş
gəlmələrin boyarlığı.

Sən yaxşı bax can bağına,
Kin bəsləmə hər yağına.
O pislərin acığına
sovdan salma ovxarlığı...

İllər boyu

Oğul, dərdə mən bələdəm,
Dərd əkibdi mənim dədəm.
O dərdləri ürəyimə
çinləmişəm illər boyu.

Sən yediyin o yarma da
məndən ötrü bişib suda.
Sən yatdığın qazarmada
inləmişəm illər boyu.

Çəmkirəndə çəpin biri
can çəkirdim diri-diri.
Qan-qan deyən komandiri
dinləmişəm illər boyu.

Diş qıcasam sarı kinə,
qatılardım soyuq hinə.
Yığdığımı töküb yenə
dənləmişəm illər boyu.

Kim tapmazsa öz tayını,
dünya dinlər ah-vayını.
Demirəm ki, ağ ayını
gönləmişəm illər boyu.

Dəhmərlənib dərd ağlıynan,
yürü yolun ağırıynan.
İşlərimi yüz ağrıynan
yönləmişəm illər boyu...

Bacarığı

Oğul, ağı bozdan ayır,
Tağ hərləsin ağıl çayır.
Çox igiddə çatışmayır
arvad seçmək bacarığı.

Sən yoldaş ol bir düz ada,
Yuva gərək hər azada.
Gərək ömrü çox uzada
candan keçmək bacarığı.

Gözdən salma gözəl dərdi,
Bələdçimiz diləklərdi.
Yoxsula da çörək verdi
yeyib-içmək bacarığı.

Kürləşməyən sağılacaq,
Birləşməyən boğulacaq.
Dilbirlikdən doğulacaq
yadı biçmək bacarığı.

Vasqı itlər tək-tək hürər,
Yol gedəni bezikdirər.
Diləklərə don tikdirər
ölçüb-biçmək bacarığı.

Oğul, demə qayıq batmış,
Qorxuluqda qayğı artmış.
Yaşamağa qayıtmaqmış
yaxşı köçmək bacarığı.

Tapşırıram

Oğul, səni Yerə, Göyə,
Göydə Aya tapşırıram.
Təki cana qıymasınlar, –
Oda, suya tapşırıram.

Tapşırıram yaşıl yaza,
Kürkü yoluq boz payıza.
Dümağ qışa, gömgöy buza,
Solğun yaya tapşırıram.

Tapşırıram yola, izə,
Daş dəyməsin qumrov dizə.
Kömək duran haqdı bizə, –
haqqı-saya tapşırıram.

Tapşırıram dönə-dönə,
Hər kəs yansın öz ömrünə...
Məni mənə, səni sənə,
Oxu yaya tapşırıram.

Kişi gərək dərdi xınca,
Dərd gözünə sevinc sanca.
Oğul, səni sevib bunca,
Bir Tanrıya tapşırıram.

1988



İLAHİ, SƏN MƏNİ O KƏNDƏ YETİR

İlahi, sən məni o kəndə yetir, –
O kəndin diləyi dildə göyərən.
O kəndin yığvalı oğuldan yetim,
O kəndin qızları qarğış əyirən.

Qocası bürünüb his çuxasına,
Qarısı ah çəkib qapıda bitir.
İlahi, bağışla el duasına,
İlahi, sən məni o kəndə yetir.

Bağışla dəhrənin paslı yasına,
Bağışla cəhrənin qəm havasına;
Bağışla köhlənin yatan tısına,
Bağışla məhlənin tor hanasına;

Bağışla, bağışla bu əkilmişi,
Bağışla bucağın boş qalmasına;
Bağışla yollara baxış əkmişin
Qarıyıb-quruyub daş olmasına.

İlahi, coş gələ mən bağrıdaşa,
Sarınam bir axşam yağış kəndirə;
Yaylaq yalvarsına, bulaq barışa,
Düşəm dan yerindən dədə kəndinə.

Ya da diləklərin qolu açıla,
Qayğı boxçasını biryolluq atam.
Arılar tel vura bu arıçıya,
Üzür kağızını üzümə tutam.

Gedəm eşitmədən hədə-hədyanı,
Malımı maralla otara biləm.
Qulunun qurd yemiş dəli madyanı
Qayanın qaşından qaytara biləm.

Sökülə canımın ağrı sırığı,
Duyğum bozalaşa gobud ağılnan.
Yetimi-yesiri, könlü sınığı
Yedirdib-içirdəm noğul-nağılnan.

Qayıda dünyanın bu dolaşanı,
Varlığım yoxluğun dibindən çıxa.
Çıxardam ağzımdan çullu dovşanı,
Nallı qarışqa da cibimdən çıxa.

Çıxa xurcunumdan çitin bahası,
Bəzənə bir evin köhnə kəfrəmi.
Bacı-qardaşımın beçə balası
Qomara bir anda ballı süfrəmi.

İlahi, əlimə girəvə düşə,
Ayrılıq külünü yollara səpəm.
Söykəyib alnımı ana göyrüşə,
Görüşlü anları gözümə təpəm.

İlahi, köməyim gör necə itir,
İlahi, sən məni o kəndə yetir.
Yetir biçiləsi biçənəyinə,
Yetir Gün qovuran boz güneyinə.
Yetir bulaqdakı axşam neyinə.
Yetir dan yelinə, çay küləyinə.
Yetir qış qarına, yaz çiçəyinə.
Yetir kom ulduzun göbələyinə.
Yetir can havalı yan tütəyinə.
Yetir yal-yamacın göy ipəyinə, –
Yaşıl bələyinə, ağ bələyinə,
Gülünə, gölünə, daha nəyinə...

İlahi, sən mənim izimi yetir
Dağılmış qəbirin son köməyinə;
Ağsaqqal çağımda özümü yetir
Ağlayan bir evin ağbirçəyinə.

İlahi, sən məni o kəndə yetir,
İlahi, sən məni o kənddə bitir!..

1988



GƏLƏNDƏ AĞRINI ÖZÜNLƏ GƏTİR

Gələndə ağrını özünlə gətir,
Sənə bir sözüm var incədən incə.
Təkliyi tək qoyub can evimə gir,
Könlümə yoldaş ol köçüm gedincə.

Allah çox görməsin ağ günlərini,
Gətir qayğını da qara düyündə.
Bəslərəm mən sənin dərd güllərini
Qanımla sulanan can dibçəyində.

Dərdi də öldürən dərd kötəyidi,
Dərdinə dərd olum... çox da üzülmə.
Çox da ki, ürəyin od pətəyidi,
Atıb ürəyini yanıma gəlmə.

Səni duya-duya deyirəm bunu,
Gözünün gölü də gözəldi, gözəl.
Təzə geyimini, təzə donunu
Təzə dağ-düyünlə düymələyib gəl.

Özünü tanımaz dərdini danan,
Bir də olanına belə yox demə.
Ay məni dost bilib başa dolanan,
Gizli yaranı da məndən gizləmə.

Ya dərdi yarı böl, ya da üzülüş,
Qoy ömrün xalçası önə sərilsin.
Duzlu göz yaşıyla bal sızan gülüş
Birlik xamırına qoy əndərilsin.

Qayğı bostanında hər dilək bitir,
Verib qazancını yana çəkilmə.
Gələndə ağrını özünlə gətir,
Səndən inciyərəm, əliboş gəlmə.

1989


KARIXMAYIN, BALALARIM

And içibsiz bir ananın saf südünə,
Yaman gündə arxa durun ad güdənə.
Küyə basan küləklərin öyüdünə
heç baxmayın, balalarım, heç baxmayın.

Sustalmayın sel dağlara güc gəlirsə,
Meşə olun, – meşə belə gec ölürsə.
Yetən gedib göydə bostan becərirsə,
duruxmayın, balalarım, duruxmayın.

Qoca dünya pay diləyir qonağından,
Borcu verin, can qurtarın qınağından.
Yaxşılığın ağır-ağır sınağından
pis çıxmayın, balalarım, pis çıxmayın.

Yarıtmaza yanı baxıb yan dururlar,
Bərkləri də boş yerindən yondururlar.
Karıxanı yanlışında yandırırlar,
karıxmayın, balalarım, karıxmayın.

Var deməyin əriyənə, çürüyənə,
Can atmayın köz tamahın körüyünə.
Diləklərin uğur yüklü dirəyinə
qan yaxmayın, balalarım, qan yaxmayın.

Bu dünyada mən duruşlu adam varsa,
Aydan arı, sudan duru adım varsa,
Qəbrim varsa, mahnım varsa, odum varsa,
siz qorxmayın, balalarım, siz qorxmayın.

Su olmasa, torpağıma söz çilərsiz,
Ruhuma da el sevgisi elçilərsiz.
Allahlıqda atasız da keçinərsiz,
darıxmayın, balalarım, darıxmayın.

1989


GƏL OYUN OYNAYAQ

Uşaqlıq yoldaşım Məsci oğlu Qələndərə

Gəl dərdi axıdaq sevinc selinə,
Gəl oyun oynayaq elə bu yaşda.
Güləşək, gülüşək, mələşək yenə
Günümüz süd əmən günlü yamacda.

Mən ölüm, gəl yenə bir ağız deyək,
Ağrıya içirdək şadlıq balını.
Dadlı tikəmizlə yenə yemləyək
Yuvada yalvaran ətcə balanı.

Ay saqqal qarında üşünən qoca,
Oyunla su verək can ləkliyinə.
Çiçək uşaqların arasındaca
Sərilək uşaqlıq çiçəkliyinə.

Göllərdə qaz olaq, çöllərdə günəş,
Qataq dovşanı da zağa damına.
Payızın kürkündən yolunan küləş
Alovdan don biçsin yaz bayramına.

Dəyişsin ömürün ağrı qabığı,
Qayğı süngüləri qəlbdən sürüşsün.
Qışın buz gözlüyü, sırsıra bığı
Ocaq havarında əriyib düşsün.

Eşit ürəyimin cızhacızını,
Çullu çubuğu da çapaq yüz yerə.
Oyun cığırını, oyun cızını
Bir çidar eləyək qaçan ömürə.

Min il yaşasaq da küt uşaqlarıq,
Pay-pürüş umarıq dünya babadan.
Gəl oyun oynayaq neçə ki varıq,
Şirinə şirniksin acını dadan.

İllər bıçağını çəpinə çərtib,
Canda cızıltı var, qanda vəlvələ.
Başımız, ay qardaş, çox oyun çəkib,
Bəzi oyundan da qorxuram hələ.

O “Gizlən-paç”dan da qorxuram artıq,
Gəl oyun oynayaq qəlbə dəymədən.
Döyülə-döyülə cızdan çıxmırıq, –
Axı nə danışım “Dirə-döymə”dən?..

Çiliyi sınmasın “Çilik-ağac”ın,
Hələ “Süddü-sülük”, südlücə gecə.
“Beş-daş”da toqquşan beş qohum daşın
Yolu yolumuza bənzədi necə.

Necə də sürüşdü ömür balığı,
Gəl dərdin başını oyunla qataq.
Kəfəni yellənən qış qocalığı
Yaza yuvarladaq, yaşıla tutaq.

Gəl mahnı köpürdək saxsı küpədə,
Gəl ovu qaçırdaq – görən gülüşsün.
Tacı ocaq olan qarlı təpədə
Soyuğun ağ gözü tüstüyə düşsün.

Biz bu dəyirmanın quru dəniyik,
Qoy sevinc ovlatsın çalıb-oxumaq.
Onsuz da hərəmiz bir az dəliyik,
Bir az ağıllıyıq, bir az da axmaq.

Onsuz da bağlıdı çıxış yolları,
Gəl qodu gəzdirək qara yağışda.
Gəl yada salmayaq çox sualları,
Gəl oyun oynayaq bu yarı yaşda.

1990


ŞƏHƏRLİ AĞAC

Şəhərli ağacı ağ bıçaq soyar,
Buşqu da yeriklər uca boyuna.
Külək ağ kağızdan kəfən dolayar
beli bükülmüşün saplaq boynuna.

Dinməzcə quruşar yol qırağında,
Üzünə tüpürər palçıqlı təkər.
Barından üst-başa boyaq yağanda
budağı baltalar şilləyib-tökər.

Əsən yarpaqdan da qorxu sallaşar,
Quşlar sığnacağı quş olar birdən;
Yaralı-yaralı mayallaq aşar
yaraq anbarının üstündə bitən.

Tanklar çinarın da bağrını yarar,
Qan damar söyüdün un ağlığına.
Gəlmə akasyalar tikan batırar
yerli qovaqların yumşaqlığına.

Şəhərli ağaclar bic-bic öskürər,
Sağa göz gəzdirər, sola marıtlar;
Boylanıb evlərdə gözəllik görər
baldırı əhəngli qoca palıdlar.

Qışda başqalaşar yazın oyunu,
Başlanar kaktusun dibdən eşimi; –
Hər gələn bir yerdə bitirər onu
bizim buyruq qulu başçılar kimi.

Şəhərli ağaclar yaman darıxar,
Qırın dar buxovu qırılar yenə.
Şəhərli ağaclar çəpərdən çıxar,
qaçar öz yerinə, öz meşəsinə...

1990


YAZDIĞIN KAĞIZ

Yarama sarıqdı yazdığın kağız,
Yazdığın kağızın gəlişi gözəl.
Yazdığın kağızda yaxşı dil-ağız,
Yazdığın kağızda könül yapan əl.

Yazdığın kağızda muncuq düzümü,
Həriflər qolboyun, sözlər sökülməz.
Yazdığın kağızın andı düzdümü? –
Bunu sən bilərsən, başqası bilməz.

Yazdığın kağızı dualar üflər,
Dil açan dilək də can dirəyidi.
Üsküklü həriflər, şan-şan həriflər
Duyğu yuvasıdı, bal pətəyidi.

Yazdığın kağızın adı utancaq,
Yazdığın kağızın yanğısı dərin.
Könlüm arasında uyuyur, vallah,
Yorğanlı-döşəkli alt-üst sətirin.

O nöqtə xalların kağızında var,
Kağızın şəklindi – bilmir çoxusu.
Könlü doyuzdurar, kini yumşaldar
Köynəkli kağızın nərgiz qoxusu.

Sənin qələminin göz yaşı qara,
Qara gül bitirib qapqara yağış.
Söz gülü əkmisən bu kağız qara,
Bəs necə olub ki, qar alışmamış?

Dağ-düyün demərəm yazı cizginə,
Vergüllər son qoymaz təklik yasına.
Üşünən ürəyim sığınar yenə
Yazdığın kağızın söz yuvasına...

1990



QƏRİB AXŞAMLAR

Burda qəm içirəm. Qəribəm, qərib.
Yol açıq olsa da dil açıq deyil.
Üstümə örtülən bu kölgə qəlib
Ata yurdundakı alaçıq deyil.

Dünya göz ovudan, adam otaran,
Payına nə düşür yeri genişin.
Kəfəni sarı tül, tabutu toran,
Qəbiri göy evdi batan günəşin.

Bu da uzaqların üzə durması,
Külək də gəmişər gəlmə gülüncə.
Qərib axşamların köçkün durnası
Çəkər qatarını dan sökülüncə.

Axşamın alnında solğun parıltı,
Buludda ələnər tutqunca şamlar.
Niyə sumağıdı, niyə palıdı,
Niyə də qaradı qərib axşamlar?

Qərib axşamların qəmi bir şələ,
Yenə yurd ağısı köməyə gələr.
Ayağın ilişsə bu şax-şəvələ,
Otlar da üstünə barmaq silkələr.

Yolun quyulanar meşə qoynunda,
Təkliyin tuş olar asıb-kəsənə.
Kol qaban donunda, ayı donunda,
Kötük qurd donunda görükər sənə.

Qəriblik güvəsi gümanı yeyir,
Yurduna gərəksən ömür daşıynan.
Bir qız sığalıynan doğmalaşan yer
Atılır bir elin çağırışıynan.

Ödənci ödənmir gedib itənin,
Yalana büküldü qərib ismarıc.
Qocanı sevməyən o ifritənin
İlk payı qoğaldı, son payı qaxınc.

Görürəm, sənin də cızdağın çıxır,
Yığval dəyişirmi yer dəyişəndə?
Ürək sınıq olur, dilək qıvrıxır,
Ömür ucuzlaşır qərib düşəndə.

Of! necə dönükdü, necə qorxuncdu,
Kötəyi pulsuzdu, köməyi ciblik, –
Halalca haqqıma deyir ki, borcdu,
Of! saymaz qəriblik, qıymaz qəriblik.

Uçmuşam. Gəlmişəm. Qonmuşam ona.
Adı şəbədəli, yolu şüşəli.
Uzanır Gün donlu o Gündoğana
Qərib axşamların üşüyən əli...

1990



AYRILIQ GÜNÜNƏ AZCANA QALIR

Ayrılıq gününə azcana qalır,
Mənə güc gələcək məndən qoçaqlar.
Yağacaq ömrünə təkliyin qarı,
Düşəcək yadına kimsəli çağlar.

Ağı döyəcəksən yalda-yamacda,
Könlünü sıxacaq ev adlı pətək.
Közü baş qaldıran köhnə yanlışda
Gizli yanacaqsan gor evinədək.

Hərənin sevgisi birinə bağlı,
Ağrılar sevincə bürünüb gəlmiş.
Sonra biləcəksən... dayan, sən canın,
Bizim qayğılar da qara deyilmiş.

Sonra görəcəksən... a qaşqabaqlı,
Bizim sevgimizi saflıq suvarmış.
Taxçası boş olan yoxsul kumanın
Sıralı diləkdən dirəyi varmış.

Varmış yuvamızın bala quşları,
Qoymazdıq bir gül də bizdən inciyə.
Alanda boynuna bu olmuşları
Varlığın hopacaq lal düşüncəyə.

Yanğın boy verəcək yalqız anında,
Kimsəli çağları çox anacaqsan.
Dodağım qoxulu istəkanın da
Nəzik dodağından maç alacaqsan.

Dərdin yellənəcək belədən-belə,
Tüstü əyirəcək könül ocağın.
Çərçivə sığnaqlı doğma şəkilə
Umudlu olacaq son umacağın.

Gecən gündüzünü sonra yamsılar,
Yuxuna tikilər tikanlı qayğın.
Təklik yastığını göz yaşın sular,
Batar duz çayında istək qayığın.

Hələ qabaqdadı sorğu-suallar,
Niyə ağlayırsan axı, ay dəli?
Yenə də kəsişər küsülü yollar,
Yaxına gələrəm uzaq gedəli.

Ölüm görüşü var ömrün sonunda,
Axı qalasıyam yadında sənin.
Bir ağac donunda, çiçək donunda
Yenə bitəsiyəm yanında sənin...

1990


ÖMRÜNDƏ BİRCƏ YOL

Ömründə bircə yol gözəl olmusan, –
Yoluma çıxmışdın çiyni güyümlü.
Ay buta sevgimə su verib susan,
Söylə sənmisənmi o ağ geyimli?

Düzdə dağ bitmişdi bir bölük çəndən,
Göy Yerdə gəzirdi itmiş Ayını.
Biyanlı, küləkli, kefli çəmənnən
Evə aparırdın kəhriz payını.

Ay şehli yarpaqda şəkli yuyunan,
Tayını tapmışdı bu könlü küskün.
Güyümdən ovcuma süzülən suynan
Duyğun ürəyimə dammışdı o gün.

Dilin gül atırdı diləyi aca,
Çəpliyin ortaya çəpər gərirdi.
Sənin doqquz yaşın elə ordaca
Mənim on yeddimə doqquz gəlirdi.

Ay özü yan ötüb göznən çağıran,
Yeriyən yolum da yetmirdi sona.
Hərrənib-fırranıb kəsə cığırnan
Qarşına çıxırdım on addım sonra.

Ruhum girov kimi, sevgim and kimi,
Qanıma hopurdu hallıca him-cim.
Dolaşıb hörüyə qalan at kimi
Bir ovsun cızığı keçə bilmirdim.

Çiçəyin pörtmüşdü, ay orda əsən,
Lalə qızartmışdı başındakı şal.
Bundan yanımlıydın onda deyəsən,
Bundan çox dadlıydı sözündəki bal.

Necə yaraşırdın biyanlı çölə,
Necə ilahiydin – sevəndən soruş.
Hər Allah bəndəsi deyəsən elə
Ömründə bircə yol gözəl olurmuş...



ANALI GECƏ

Biz yola düşəndə saat yatıbmış,
Hələ qabaqdaymış bağrıqan gecə.
Yaxın yoncalıqda bala batıbmış
Uzaq buludluqda bağıran gecə.

Evə qayıdırdıq Ocaq suyundan,
Könül at çapırdı üzü dünyaya.
Qayada qaynayıb ağrını udan
Yenidən doğmuşdu bizi dünyaya.

Çığnanıb dinirdi çınqıllı yamac,
Başı hərrənirdi bayılan ovun.
Təpə qaşqasında pul-pul yanan daş
Üzürdü gölündə işıq alovun.

Yanırdı uzağın şimşək damarı,
Bulaq ney tuturdu öz öyüdüynən.
O muncuq düzümlü ilham dağları
İşıq yoğururdu zirvə südüynən.

Bunlar yazmalıdı – deyirdin mənə,
Quzeyi qucurdu qalaylı qanad.
Yaş almas çiləyib yay güneyinə
Bizə pay verirdi gecə adbaad.

Yuxu bişirirdi yaylaq durnası,
Havanı yaran quş bala pəriydi.
Ürəkdən carranan ana duası
Könül çırağıydı, can çəpəriydi.

Görkəmi başqaydı o tunc gecənin,
Gecəni gözüylə yonmuşdu anam.
Fil duman uçurdan qorxunc gecənin
Lap Aydüşməzində yanmışdı anam.

Ağ-ala geyimli qara gecənin,
Uçqundan asılmış qala gecənin,
Özümə bənzəyən qaba gecənin
İncə anasına dönmüşdü anam.

Uğurum minmişdi ulduz atına,
Harda duyanım var orda da xoşdu.
Qoyub qol balıncı başım altına
Anam gecəyə də ana olmuşdu.

Mənə qol açmışdı o sığnaq ada,
Ac ayı işini bilib qaçırdı.
Sülənib-sümsünən ağzıqara da
Ana hənirindən silib qaçırdı.

Demirdim yel iynə, yelpik soyuqdu,
Ana olan yerdə güc qəmi boğur.
Ana olan yerdə qaranlıq yoxdu,
Ana olan yerdə Yer işıq doğur.

Saat bərk yatıbmış an uda-uda,
Hər kəs bir yanlışın yol yoldaşıdı.
Balanın çaş-başlıq ağrısını da
Hamıdan birinci ana daşıdı.

Gəl məni başa düş, ay mənəm deyən,
Elə ata kimi ana da birmiş.
Ana ətəyindən tutub yeriyən
Tanrı evinəcən gedə bilirmiş...



EVDƏ OLMADIN

Dünən sizə gəldim, evdə olmadın,
Ölüm son köçünü gora göndərib.
Gördüm var-gəldədi bir günə qadın,
Gördüm doğma yerdə qəribəm, qərib.

Gördüm çiyni düşüb ana-bacının,
Torpaq him elədi səni gəzənə.
Saqqız pöhrəsinin, tut ağacının
Ağladı hər biri öz əvəzinə.

Qazmaqdan fəs qoydu aşlı qab-qacaq,
O silə süfrə də könül açmadı.
Közü köpəciyən o gurrah ocaq
Gözü qəm içənə heç yapışmadı.

Quyu da quruyub o sən gedəli,
Külək balta çalıb dirəyi kəsə.
O saman tayası, o bəlim təli
Payız tülküsünə bənzədi nəsə.

Yarpaqda xıncılan boz xışıltını,
Bulaqda incələn ağ pıçıltını,
Qəbrinə sancılan göy sızıltını
Ağıya çevirib yoxluğun sənin.

Xıxıbdı, çökübdü o çardaq dəvə,
Dəhlizdə yuva yox, yuvada cik-cik.
Fırça barmağından kül dərmiş evə
Sınıq mahnı səpir qara sənsizlik.

Kişi, səndən sonra söz sözü boğur,
Bəhməzə neyləməz balı acıdan?
Bu başsız komada öyüd kin doğur,
Tüstü əyri çıxır dümdüz bacadan.

İllər sınaq yeri, işlər çəlpəşik,
Mənlik heç soluxmur suçu yuyanda.
Çal-çəpər çığnadan çuğulçu pişik
Çox yumaq hellətmiş sən olmayanda.

Bu kirpi kollar da hədə pıçıldar,
İtilər yol daşı til tiyəsini.
Quşa dodaq verən ağzı paçal nar
Qanıyla çağırar bağ yiyəsini.

Bostanın boş ləki əzgindi, əzgin,
Tənək qış salxımı saxlayıb sənə.
O qaymaq üsküyü sələli əzgil
Pay olmaq istəyir şin əkəninə.

Çinarın cır səsi dibini oyur,
Təndirə kül tökür içi yanan yas.
Qızıl gürzə kimi qar-qabıq qoyur
Çırpılan gilənar, çırpılan gilas.

Yeddi haça sinir bir yel əsəndə,
Ruhuna qanad tək kömək et, kömək.
Elə sən qayanın sal kölgəsində
Yatıb havxırırmış hər yallı köpək.

Ölüm yol ayıran, bizlər dağ-aran,
Birlik çuxasıydın – yoxa dönmüsən.
İşığa dad verib könül doyduran
Sənmisən, sənmisən, elə sənmisən.



AZƏRBAYCAN

Sən deyirsən
aran səni darıxdırır dar quyucan, –
Mən deyirəm
səhrada da ucalıqdı Azərbaycan!

Soruşursan
hansı adla cinaslıdı dilək hecan? –
Mən deyirəm
Azərbaycan, Azərbaycan, Azərbaycan!

Sən deyirsən
təklənəndə Göyə baxır könül bacan, –
Mən deyirəm
and yerimdi, qund yerimdi Azərbaycan!

Soruşursan
hansı azlıq çoxluqlardan çoxdu saycan? –
Mən deyirəm
Azərbaycan, Azərbaycan, Azərbaycan!

Sən deyirsən
qurdları var... heç qurtulmur yurdu qucan, –
Mən deyirəm
ağrısıyla dərd sağaldar Azərbaycan!

Soruşursan
hansı yolda candan keçib tökərdin qan? –
Mən deyirəm
qoy güvənsin, qoy çağırsın Azərbaycan!

Sən deyirsən,
çox öyünmə, odda üzür ulu qocan, –
Mən deyirəm
öz külündən diri çıxar Azərbaycan!

Sən deyirsən
üz görmədin göstərdiyin haqqı-saycan, –
Mən deyirəm
sevəninə bir heykəldi Azərbaycan!

2006


MƏNİMKİ

Bir əkdiyim duzda yandı, birisi buzda,
Bir səpdiyim toz artırdı quraq payızda.
Bir bitəsim çürüyübdü bu ötən yazda,
Necə deyim gələn yaya qaldı mənimki?

Bax könlümdən axan qana – çiçəyim budu,
Bax gözləri can satana – göyçəyim budu.
Toyuma da toy tutdular, gerçəyi budu, –
Qarşıdakı qara vaya qaldı mənimki.

Çox didildim içəridən mən didim-didim,
Durum kimə gileylənim, ya hara gedim?
Verdiyimi bu dünyadan ala bilmədim,
O dünyaya, o dünyaya qaldı mənimki.

2005


YERİDİ

Suvanıb dörd yanı asma saatın, –
Ürəyim divarda saat yeridi.
Sənsiz gizli-gizli ağlayan gecə
Uyumuş diləyin yuyat yeridi.

Bu talan könlümü tamah şaşırdıb, –
Deyə də bilmirəm inad yeridi.
Suçum mələyimi məndən qaçırdıb,
Çiynimin çalası qanad yeridi...

2006


OLDU QURTARDI

Qurulu yuvanı dağıdıb sökdük,
Ağrı bayramıdı bu kefiköklük.
Bir sıyıq sirdaşlıq, dəli dönüklük
Məndən "yox" payını aldı qurtardı, –
Oldu qurtardı.

Satdı, gözü satdı üzü göyçəyi,
Çoxdu bic ürəyin dal girəcəyi.
Yazı bəyəndirən bəyaz çiçəyi
Payızın boz yeli yoldu qurtardı, –
Oldu qurtardı.

Ayrıldıq çox dərdi az duya-duya,
Hanı bir elə su suçları yuya?
Tar-qaval gərəkməz qurduğun toya,
Şeytan şırtığını çaldı qurtardı, –
Oldu qurtardı.

Küsülü ruhumuz göydə lallaşar,
Danışan yuxumuz ha nağıllaşar.
Bu acı ahımız çətin ballaşar,
Təkliyin boş evi doldu qurtardı, –
Oldu qurtardı.

Ta könlüm sığınmaz gözəl gözünə,
Ta qaçıb girmərəm köz dənizinə.
Bir gün canıyanan döyüb dizinə
Deyər bu yazıqlar öldü qurtardı, –
Oldu qurtardı.

2001



SONEVDƏ

Yerimiz bir kolun batıq dibində,
yan-yana yatmışıq bu daşlar kimi.
İndi gaplaşırıq ölü dilində
ayrılıb tapışan sirdaşlar kimi.

Nə gələn, nə gedən, nə bir səs-səmir,
dünyadan böyükmüş yoxluq ölkəsi.
Əsmir üstümüzdə, ta çoxdan əsmir
ovulan yarpağın ölü kölgəsi.

Bu qara sarayda heç kim savaşmır,
heç kim də qarğımır andı pozana.
Ancaq nədəndisə uçub yovuşmur
bu külüm külünə, tozum tozuna.

Damır göz camına bu yorğan qumu,
ta qolun uzanmır dadlı çimdiyə.
Qonub damımıza o qoşa qumru
nəsə qur-qurlaşır dimdik-dimdiyə.

Öpüşün, ötüşün, sevgi qulları,
ağ yalan sizi də yalqız qoyacaq.
Özüm çox oynadım bu oyunları,
yerini yandırdı mən adlı ocaq.

Ölməzdim and içən sözündə dursa,
mən qoltuq verdiyim yadı qorudu.
Ürəklər imana güzgü tutmursa
tükənməz heç harda bu dedi-qodu...

Yerimiz bir kolun batıq dibində,
yan-yana yatmışıq bu daşlar kimi.
İndi ağlaşırıq ölü dilində
ayrılıb tapışan sirdaşlar kimi.

2001


ZƏLZƏLƏ AXŞAMINDA

Qaçan yıxılanı bastayıb keçdi,
Özüllər titrədi dayaq altında.
Axarlı yollarda özüm görmüşəm,
Su belə yarılır qayıq altında.

Ölümün nə günü, nə günortası,
Göyə göbək atdı yerin ortası.
Kük yatan dağların daş yumurtası
Çalxanıb-çaqqışdı toyuq altında.

Çaşdı pilləkəndə ağbirçək pirim,
Çiynimə almağa çatmadı girim.
Çökdüm yalınına şap-şap geydirim,
Əllərim yeridi ayaq altında.

2000


ÖLDÜ VAR, DÖNDÜ YOXDU

Bu ömür Tanrı payı, pis-yaxşı yaşanacaq,
Bu başdan basan ağrı ayaqdan aşınacaq.
Bu sırtıq sıldırımda dırnağım daş yonacaq,
Bu qışdan isti çəkib dondu yox, söndü yoxdu, –
Öldü var, döndü yoxdu.

Götürməz içim-çölüm dar-danlaq kötəyini,
Çağırmaz yanmış dilim and pozmuş itiyini.
Yalamaz yalın əlim yaraqlı ətəyini,
Harda mənlik sınırsa orda göründü yoxdu, –
Öldü var, döndü yoxdu.

Özü daş-qaş əridən dən gəzənə kiş deyir,
Yolu inam çürüdən düz işimə yaş deyir.
Yüz köhləni yürüdən bir yabıdan düş deyir,
Küsüb kürlük bicindən yana küründü yoxdu, –
Öldü var, döndü yoxdu.

O nə uca ulduzdu – minbərinə minəcəm,
O nə dərin dənizdi – anbarına enəcəm.
Düşünmə hər hürəndən mən qorxub-çəkinəcəm,
Göydə ev tikməyincə yeri büründü yoxdu, –
Öldü var, döndü yoxdu.

Bu dala dartanlardan qabağa ötməyincə,
Bu kinli kilidlərin gözündə bitməyincə,
Bu çəpər zincirindən açar düzəltməyincə,
Bu dərdi ütməyincə kefə süründü yoxdu, –
Öldü var, döndü yox.

2000


GƏLMİŞƏM O ŞƏHƏRƏ

Gəlmişəm o şəhərə, –
Yatmış olar acığın.
Qırxından qırx il keçib
Görüşsüz ayrılığın.

Telefonun dəyişib,
Ünvanın da gizdənib.
O buzlaqda ev şişib,
O təpəcik düzdənib.

Dəyir "yoxdur" gülləsi
"Vardır" uman sorğuma.
Qoy sovruq qar püfləsin
Caniçi soyuğuma.

Ah, bu bəyaz çöl-bayır,
Ayın süddü-sülüyü.
Çatıldayır, sızlayır
Şiv söyüdün sümüyü.

Bax beləcə bir anda
Birdən gəlib üz-üzə,
Sarı işıq altında
Dayanırıq göz-gözə.

Evin bizə toy qurur,
Ay sevgimin yaşdaşı.
Çal bığıma od vurur
Gileyinin göz yaşı.

Evin kiçik bir qutu,
Örtülmüşük yorğana.
Qoşa qollar tabutu
Layla deyir yorğuna.

Bir yerdəyik indi biz,
Köçmüşük kef gününə...
Bürünmüşük ikimiz
Bir nəfəs kəfəninə.

2003

KİMSƏSİZ

Hər ağrımın yüz yaşı,
arvad pisdi uşaqdan.
Kimsənəm bir başdaşı,
o da baxır uzaqdan.

Özgələşib öz qağam,
qohum belə, yad belə.
Qopub düşən yarpağam,
qonaq getdim odgilə.

Göyü qarsdı yaş ahım,
quşlar dedi günaydın!
Neyniyənəm, Allahım,
olanı da alaydın.

Alaydın bu var-yoxu,
süpürəydin min kərə.
Çıxardığım çax-çuxu
sovuraydın yellərə.

Qurudaydın quyumu,
sən ay məni ləhlədən, –
Dirrik-mirrik suyumu
kəsəydin lap dəhnədən.

Kəsəydin hər tutamı,
qalaydım mən lap nəsiz.
Almayaydın atamı,
olmayaydım kimsəsiz.

2004


HEÇ NƏ

Varlıq, varlıq deyib çox guruldama, –
O dəniz heç nədi, buxarı heç nə.
Yoxluq var olanın tükənməz varı,
Aşağı heç nədi, yuxarı heç nə.

Sonu vaya düşür bu şən toyların,
Balı ağulaşır dadlı payların.
Səsində şam yanan şimşək çayların
Çaxarı heç nədi, çıxarı heç nə.

Artar az savabın dərdlə dalaşsan,
İlana-çayana sümük balıncsan.
Ha yüz də qovrulsan, yüz də alışsan
Ocaq küllüyündü, buxarı heç nə.

Öyünmə bir belə, sən özcə canın,
Düzünü söylərəm, qaralar qanın.
Hamını öldürən diri dünyanın
Axarı heç nədi, baxarı heç nə.

Çoxalır yağısı çox üyüdənin,
Kəsilir hərdəmi qara hədənin.
Bəndləri bərkiyən bu mis bədənin
Qalayı heç nədi, paxırı heç nə.

Yaman goplanırsan yaxşı anında,
Utanır ağrılar sənin yanında.
Daşı qızıl doğan o kalanın da
Sürüsü heç nədi, naxırı heç nə.

Yeri yox yad elə çox uyanların,
Özləri halsızdı o həyanların.
Yuvası yurdunda olmayanların
Axırı heç nədi, axırı heç nə.

2005
XS
SM
MD
LG