Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:46

Dilqəm Əhməd "Cəfər" (Hekayə)


Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.


Dilqəm ƏHMƏD

Cəfər

Bizim Cəfərlə dostluğumuz “Həzrət Əli məscidi”ndəki bir cümə günündən başlayıb. O zaman ikimiz də məktəbi bitirmək üzrə idik. Universitetə qəbul imtahanları yaxınlaşdıqca daxili narahatçılığım da get-gedə artırdı. Anam məsləhət gördü ki, bəlkə yeni tikilən məscidə gedəsən, həm bir az ürəyin yüngülləşər, həm də nəzir-niyazdan verərsən ki, - hazırlıq müəllimlərinə çox da güvənmək olmaz - işin uğurlu getsin. Mənim o zamanlar dinlə, dindarlıqla heç aram olmazdı. Dinin dini bayramlarda, mərasimlərdə yanıqlı səslə dilənən qaraçılardan, bir də əlində ələm bütün mikrorayonları gəzən qoca bir kişidən ibarət olduğunu düşünürdüm. Tanıdığım dindar uşaqlar da çox qəribə idilər. Hamımızın öz sinfimizdən, ya da ki başqa siniflərdən sevdiyimiz qızlar var idi, onlardan başqa. Ona görə də futbol xaric, həmin uşaqlarla heç bir münasibət qurmazdım. Ta ki Cəfərlə tanış olana qədər.
İyun ayı idi. Məhəlləyə səs yayıldı ki, Həzrəti Əli məscidindəki axundun xütbə deyərkən çəkdirdiyi fotonun arxasında ağappaq şəkildə nur topası aydınca düşüb. Hamı bu möcüzəni yaxından görmək üçün ora axışırdı. Təcili test bankını bağlayıb, məscidə doğru yüyürdüm. Məscidin həyətindəki qələbəlikdən birtəhər sivişib qapıya doğru irəlilədim. Müxtəlif ölçülü ayaqqabılar qarmaqarışıq şəkildə bir tərəfə atılmış, hamı özünə birtəhər yer tapıb içəri daxil olmuşdu. Qapqara əbasına bürünən Axund Əli məğrur şəkildə ətrafa baxır, çıxış etməsi üçün daha çox adamın gəlməsini gözləyirdi. Bu tarixi hadisəni fotoaparatının yaddaşına həkk edən fotoqraf da yanında əyləşmişdi. Hər kəs axundun bir azdan onları möcüzəylə tanış edəcəyinin intizarında idi. Bu müntəzir insanlar arasında kənarda dayanan yalnız bir nəfər var idi: Cəfər. Diqqətimi çəkdiyindən keçib onun yanında əyləşdim. Salamlaşıb, hal-əhval tutduqdan sonra sakitcə nələrin baş verəcəyini gözləməyə başladıq. Öncə axundun yanında əyləşən fotoqraf sözə başladı:
- Axund Əli mənim uşaqlıq dostumdur. Atasını burda olan ağsaqqallar yaxşı tanıyır, Məkkədə də, Kərbəlada da, Məşhəddə də olub. Namaz əhli olub, əlindən təsbeh, gözündən Quran əskik olmayıb. Bəzilərimiz seyid ocağı bilmişik onun evini. İndi bu ocağın davamçısı Axund Əli bu gün öz möcüzəsi ilə birlikdə qarşınızdadır. Əslində bizlər Allahın bir nişanəsi olan bu cür insanları görməyimiz, onların arxasında namaz qılmağımızla fəxr etməliyik. Allahın bizi sevdiyinə inanıram. Ona görə də bu sevgiyə səbəb olan Axund Əli buyursun öz hikmətli fikirləri ilə bizi feyzləndirsin.
Axund bəsmələ çəkdikdən sonra Allahın öz nurunu bir gün bütün insanlığa qovuşduracağından danışaraq, atasının əlilləri sağaltmasından, sonsuzlara övlad bəxş etdiyindən söz açmağa başlayanda Cəfər ayağa qalxdı. Mən də özümdən asılı olmayan səbəbdən onun arxasınca yüyürdüm.
Məscidin həyətinə çıxdıqda məni görüb yerişini yavaşıtdı. Ona yaxınlaşdım:
-Mənim də adım Əlidir. Amma möcüzəm yoxdur.
Güldü:
–Cəfər.
-Şad oldum.
- Mən də. Niyə çıxdın çölə?
-Ürəyim sıxıldı, o şəkli birinci görənlərdənəm, adicə fotoeffektdir. Bəzi anlarda lentaya qəribə rənglər düşə bilər. Mənim atam da namaz əhlidir, eləcə də mən. Hər cümə bu məscidə gəlirəm. Bu gün bu həngamə qopdu.
- Mən də imtahan sıxıntısını atmaq üçün gəlmişəm.
-Nə gözəl...
Cəfərlə o zamandan dostlaşdıq. Bir-birimizə həyatımızı danışdıq. Öyrəndim ki, Cəfərin valideynləri rayonda yaşayır, özü isə universitetə imtahan vermək üçün Bakıya gəlib. Valideynlərinin tək övladı idi. Onlar evləndikdən on üç il sonra doğulmuşdu. Anası uşağı olan gün nişan üzüyünü kəndlərindəki pirə nəzir verəcəyini niyyət eləmişdi. Pirə təkcə nişan üzüyü deyil, bir toğlu da qurban verilir. Atası Səməndər kişi kəndin ədəbiyyat müəllimi idi, oğluna da ona görə Cəfər Cabbarlının adını vermişdi. Həm atasının, həm də Cabbarlının üzünü qara eləməyəcəkdi Cəfər. Məlum oldu ki eyni qrupa hazırlaşırıq. Hədəfimiz Bakı Dövlət Universitetinə qəbul olmaq idi. Hədəfimizə çatdıq. Hətta eyni ixtisasa - sosiologiyaya daxil olduq. Cəfərin universitet həyatı bir anda parladı. Qrupumuzun ən aktiv tələbəsi oldu. Dərsdən sonra Cəfər tək qaldığından yaxın bildiyimiz dostlarla onun yaşadığı evə toplaşardıq. Təbiətcə çox narazı, obrazlı desək, çayın axarına qarşı üzən insan idi Cəfər. Bəzən dünyanın düzənini dəyişib öz bildiyi kimi qurmaq xəyallarına düşərdü. Savaşlara nifrət edərdi. Bəzən isə zorakı, alçaldıcı barışa da nifrət edirdi. Hər dəfə onun cəlbedici söhbətlərinin təsirinə düşürdüm. Bizim kimi düşünən kiçik bir qrupumuzla böyük işlər planlaşdırardıq. Cəfər yenə namaz qılardı, amma heç bir zaman bizim tanış olduğumuz məsciddəkilərə bənzəməzdi. İbadətini Tanrı ilə özü arasından kənara çıxarmazdı. Təkcə mən bilirdim onun Allaha necə bağlı olduğunu. Tanrını öz içində yaşayırdı Cəfər. Hərdən ona qibtə edirdim. Evdəki toplantılarımızdan kimsənin xəbəri olmazdı. Arada beş dəqiqə fasilə verməklə “Çevrə” adı verdiyimiz qrupmuzun üzvləri tək-tək mənzilə daxil olardılar. Qonşuları şübhələndirmək olmazdı. Yerdə əyləşər, gündəlik qəzetləri qarşımıza yığar, gündəmdə ağırlıq təşkil edən mövzuya uyğun söhbətimizə başlardıq. O vaxtlar çox çətin zamanlar idi. Gənclər, xüsusən tələbələr üzərində ciddi basqılar var idi. Universitetdə istədiyimiz şəkildə mövzular müzakirə edə bilmirdik. Həmin an düşmən ölkəyə işlədiyimiz barədə şayiələr yayılardı. Amma yenə də mücadiləmizi eyni əzmlə davam etdirərdik.
Bir dəfə, belə toplantılarımızın birində Cəfər dedi ki, sıx ünsiyyətdə olduğum partiyaların biri böyük aksiya təşkil edəcək. Bizim də qatılmamız önəmlidir. Həm qrupumuz üçün böyük irəliləyiş olar, düşüncələrimizi həyata keçirə bilərik, həm də ki bu tarixi şansdan yararlanmalıyıq. Üstəlik qrupumuzdan əlavə tanıdığım dindar gənclərə də xəbər edəcəyəm. Həmin vaxt bu dindar sözü məni açmasa da, hər halda Cəfərə böyük sayğım olduğundan onun yanlış bir iş görməyəcəyinə inandım.
Cəfərin dediyi böyük günə hələ üç gün var idi. Bu üç gün ərzində müntəzəm onun evinə gedirdim. Bir dəfə ondan nəyə görə bu qədər insanlar üçün çalışdığını soruşduğumda, öncə bir anlıq gözlərini qapadı və “sevgidən” cavabını verdi. Açıqlamasını istədim. Müdrik bir görkəm aldı. Onun bu halına bəzən gülərdik, amma bilirdik ki, bu, onun özündən asılı deyil. Elə ki ciddi söhbətlərə başladı, halı tamam dəyişərdi. Elə sualıma da müdrikcəsinə cavab verdi:
-Bilirsən, bu gün bir insan olaraq mənəvi baxımdan hansı mövqedəyiksə, bu nəticəni yaradan dünənki düşüncələrimizdir. Bu gün beynimizdən keçən düşüncələr isə, sabahkı yaşayışımızı bəlirləyəcəkdir. Ona görə də doğru düşünmək, düşündüyümüzü doğru ifadə etmək, bunu doğru şəkildə həyata keçirməyi bacarmalıyıq. Atdığımız bir yanlış addım bütünlükdə taleyimizə təsir edə bilər. Törədilən hər bir yanlış bu və ya digər şəkildə insana zərərlə qayıtdığı üçün suç etməkdən çəkinməliyik. Bir gölməçəyə atdığımız daşın yaratdığı dalğanın suyu üzərimizə sıçradığı kimi, yanlışlar nəticəsində kainata ötürdüyümüz mənfi enerji bütün hallarda yenidən özümüzə qayıdacaqdır. Əgər biz bu zaman müddətində dünyamızı dəyişəriksə, o zaman bunun zərərini övladlarımız, ondan sonrakı nəslin davamçıları çəkəcəkdir. Bizdən öncəkilər çox savaşdılar, amma yəqin ki səhvləri olub ki, biz bu gün gəncliyimizi istədiyimiz kimi özgür yaşamırıq. Özgürlük istəyi insanlara, xüsusən də əzilən insanlara qarşı sevgidən doğur. Bizim mücadiləmizin də söykənəcəyi ancaq sevgidir...
Qapı döyüldü. Cəfərin kirayə qaldığı evin sahibi gəlmişdi. Bir dəfə də görmüşdüm onu. Çox qəribə tipi var idi. Cəfər kimi adamın bunun evində necə qalması təəccüblü idi. Qapı ağzında söhbətləşdilər. Səslər getdikcə yüksəlirdi. Cəfər əsəbi şəkildə içəri qayıtdı. Niyə əsəbiləşdiyini soruşdum. Ev sahibinin artıq hər şeyi bildiyini söylədi:
-Evindən çıxarmaq istəyir məni. Eybi yox, üç gündən sonra çıxaram. Nə isə. Gərək pozitiv düşünək, ev məsələsi kiçik məsələdir. Nə çoxdur Bakıda ev.
Aksiya axşamı “Çevrə”nin yenidən toplantısı oldu. Bu, bizim sonuncu toplantımız idi. Cəfər yenə də eyni müdrik görkəmi almışdı. Sabah bizim üçün yeni gün doğacağını, rahatca küçələrdə “özgürlük” deyə qışqıracağımızı söylədiyi zamankı o səsi hələ də qulaqlarımdadır. Həmin gecəni çox işlədik, plakatlar hazırladıq, söyləyəcəyimiz şüarları seçdik, hansı istiqamətdə yürüş olacağını, bir-birimizi itirdiyimizdə harada görüşəcəyimizi planlaşdırdıq. Həmin gün hər birimiz dostlarımızdan birinin ad günü olacağı bəhanəsi ilə Cəfərgilə toplaşacağımızı demişdik. Amma axşam çağı qəflətən mənə evdən zəng gəldi və anamın xəstələndiyini, təcili yardım çağırdıqlarını bildirdilər. Dostlara sabah deyilən vaxtda deyilən yerə gələcəyimi bildirərək evə yüyürdüm.
Səhər açılanda planlaşdırdığımız yerə getdim, ancaq “Çevrə”mizdən heç kim yox idi. Bərk narahatlıq keçirdim. Cəfərin evinə doğru yüyürdüm. Evə yaxınlaşdığımda bir anda dondum. Evin qapısında bir neçə polis maşını, xeyli sayda da polis var idi. Az sonra blokdan bir nəfər polis əlində axşam hazırladığımız plakatları aşağı düşürdü. Sonra isə daha dəhşətli bir hadisə oldu. Blokdan çıxan polislərin birinin əlində xüsusi sellofana qoyduğu, ilk baxışdan narkotik maddə olduğu aydın olan xüsusi torbalar vardı. Bir qədər sonra isə ev sahibi də daxil olmaqla Cəfərgilin qolları bağlı aşağı düşürüldüyünü gördüm...
Aradan çıxmaq lazım idi. Bilirdim ki, işin sonunda məni də həbs edəcəklər. Bəzi dostların köməyi ilə Avropaya qaçdım. Dostlarımızın hər birinə səkkiz il iş vermişdilər. Bircə baxışlarını sevmədiyim ev sahibi sərbəst buraxılmışdı. Sonralar öyrəndim ki, Cəfərin qaldığı evin yiyəsi əvvəllər narkotik alveri etdiyi üçün həbs olunubmuş. Evindən çıxanlar da onun gizlətdiklərindən imiş. Öz azadlığı üçün məhkəmədə bizim toplantılarımıza qədər hər şeyi söyləmiş, evdən çıxanlarla heç bir əlaqəsi olmadığını bildirmişdi. Narkotik maddələr alverində və dövlətə xəyanətdə suçlandılar dostlarım. İndi mən azad bir ölkədəyəm. Təhsilimi də tamamladım. Cəfərin arzuladığı özgür bir Vətənə qovuşa bilmədik. Sivil bir ölkədə yaşasam da, qürbətdə yaşamağın və Cəfərsizliyin acısını hər gün hiss edirəm.

26.03.2011
XS
SM
MD
LG