Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:01

Vidadi Babanlı. Yetimçələr


Həyatda yetimlər cürbəcür olur,
Var atadan yetim, anadan yetim.
Doğmalar yoxluğu ciyər qovurur,
Ürək yarasıdı hər ölüm-itim.

Az deyil hər eldə iblisxasiyyət
Atalı-analı yetimçələr də.
Qarınları qurdlu, xəbis, pis niyyət,
Üyüdür dilləri böhtan da, şər də.

Şirin məclislərdə namus-qeyrətdən
Bol-bol dəm vurular, usanmaq da yox.
Boşboğazlar salıb bizi hörmətdən,
Sürtülmüş yalandan utanmaq da yox!

Eh, dözümlü xalqım, başına xeyir,
Yolunda can qoyan mərdlərin hanı?
Sənin haqq sözünü özgələr deyir,
Görüm, qara geysin belə zamanı!

Yetimçələr bu gün əl - ayaqdadı,
Amalı rüşvətdi öndə gedənin.
Cibgirin kefi kök, damağı çağdı,
Nə çoxmuş, ey vətən, çürüyün sənin!?

İyun 1994-cü il
XS
SM
MD
LG