Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:22

Nüsrət Kəsəmənli. Kirayə çarpayı


Bu ipək örtük altda
zolaqlı döşəyin
qırçın ləpələri var,
Neçə qadın kürəyinin
neçə qız ürəyinin
ləpirləri var...
Bu çarpayı hop-hop kimi
oxuya bilir,
Bu çarpayı
taksi sayğacıtək
saya bilir,
Qadınların ağırlığından
onların firavanlığını
duya bilir.
Bu çarpayı
qoşa ovuca bənzər,
dilənçi ovcuna,
Qadınlar pul kimi
atılırlar bura;
Çırpınırlar balıq kimi
polad torlarını qıra-qıra...
Balışın içindən
qarət olmuş toyuqların
libası hönkürür.
Çarpayıdan döşəməyə
ipək libas tökülür.
Divardan Cakonda gülümsünür
Çılpaq Afroditaların
yalançı hay-küyünə,
Bu çarpayı ağrı çəkir
deyinə-deyinə...
Cakonda qadına baxır,
Elə bil qəhqəhəylə güləcək;
Bu qadın hər şeydən xəbərsizdir,
İndi...
hər şeyi biləcək...
XS
SM
MD
LG