Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:46

NARINGÜL. Güzgüdəki qadın


Qadın hər şeyə çoxdan, lap çoxda tüpürmüşdü, təkcə qarşısında dayandığı bu qırağı haşiyəli, naxışlı güzgüdən başqa.

Onun həyata uzanan yolları bu güzgünün qarşısından başlanırdı, məhz bu güzgünün qarşısında o, hamıdan güclü, hamıdan qürurlu olurdu, varlığı bütünlüklə təsdiq olunurdu.

Bəzənmək həyatında ən çox ləzzət aldığı bir əyləncə idi.

Dəfələrlə üz-gözünü boyayır, xoşu gəlmədikdə silib təzədən boyaq çəkir, uzun qara saçlarını gah o, gah da bu çiyninin üstündən aşırır,öz-özünə vurulurdu.

Qara, uzun saçları doğrudan da lap qiyamət idi.

Kişi iri, kobud əlləriylə onun uzun saçlarını qarışdırır, üzünə səpələyir, dönə-dönə öpüb pıçıldayırdı:

- Aman allah, dəli olacağam. Heç bilirsənmi sənin həsrətini nə qədər çəkmişəm.Səni ilk dəfə görəndə dəli oldum.İnana bilmirəm, inana bilmirəm bu xoşbəxtliyə.
Sonra bic-bic gözlərini qıyıb qadının gözlərinin içinə baxdı:

- Bəlkə sən mənə cadu etmisən?

Qadın nazla yırğalandı:

- Bəs bilmirdin? Mən cadugərəm də...

Kişi tikinti idarələrindən birində çalışırdı.

Hər gün robort kimi dəqiqiliklə gedib-gəldiyi işindən, hər iki-üç gündən bir çənə- boğaz etdiyi bazar alverçilərindən , saatlarla içinə çökdüyü iri meşin divandan tamamilə bezdiyi bir vaxtda, az qala itməkdə olan kişilik qüruru özünə qayıtmış, həyatına rəng qatılmışdı.

Əgər xoşbəxtliyi ölçən cihaz olsaydı, demək olardı ki, bu an yüz faiz xoşbəxt olmuşdu.

Bütün bunların səbəbkarı qadın idi və o buna görə qadının ayaqlarına düşməyə hazır idi.

- Deyirəm tanrıya qurban olum, nə yaxşı səni yaradıb e...

Kişi güzgünün qarşısında qurdalanan qadına baxıb, səsini ucaltdı.

- Hə, tanrı məni kişilər üçün bəxşeyiş göndərib.

Qadının sözləri kişinin xoşuna gəlmədi, qaş-qabağını tökdü.

- Bəlkə bu axşam qalasan bizdə, səhər gedərsən.
Qadın dönüb ona baxdı.Kişinin gözlərində qorxaqlıq işartıları sezildi və tələm – tələs dilləndi:

- Yox, gedim. Səhər yenə gələrəm.Daha hər gün gələcəyəm.

Qadın öz fəhmi hesabına hiss etdi ki, kişinin ürəyindən bu an evdəki arvad uşağı keçdi

Adəti üzrə qapıya tərəf gedib, gözünün birini qıyaraq qapının gözlüyündən baxdı, onu yola saldı.

Sonra gəlib güzgünün qarşısında oturdu, heyranlıqla özünə tamaşa etdi.

Doğrudan da gözəl idi.Üzündə elə bir cazibə vardı ki, çətin ki, hansısa kişi bunun qarşısında tab gətirəydi.

Kişinin sabah gəlib- gəlməyəcəyi qadın üçün maraqlı deyildi.Əsas o idi ki, kişini öz cazibəsinə çəkə bilmişdi, kişi onun qurduğu torda çabalayırdı.

Bu qadının qələbəsi idi.

Qadın neçə dəfə həyatın lap dibinəcən baş vurmuşdusa da orada maraqlı, onu çəkəcək heç nə tapa bilməmişdi.

Uzun axtarışlardan sonra nəhayət qərara gəlmişdi ki, bu həyat çoxüzlüdür və onun heç birində yaşamağa meyli yoxdur, bəlkə də gücü çatmır.Təkcə həyatın bir üzü qadını sürətlə özünə çəkirdi, bu üzdə qadın özünü inamlı hiss edir, qaranlığın içində parlayaraq işıq saçır, asanlıqla kişiləri öz cazibəsinə cəkə bilirdi.

Bu üzdə qadın üçün heç bir qadağa, heç bir qayda-qanun yoxdu, ürəyi istəyən kimi yaşayırdı.Bu üzdə o, azad və xoşbəxtdi.

Bəlkə də, bunu tanrı özü onun üçün seçmişdi.

Qadın inanırdı ki, tanrı bütün əsirgədiklərinin əvəzində ona böyük bir cazibə qüvvəsi verib.

Qadına elə gəlirdi ki, onunla yaxınlıq edənlərin hamısı heç olmasa ömürlərində bircə dəfə əsil xoşbəxtliyin nə olduğunu duya bilirlər.Bu çox fərəhli idi..

Bu inam, bu duyğu onun bütün yaşamını, həyatını təşkil edirdi.

Necəliyindən asılı olmayaraq bu qadının həyatı idi.

Qadının növbəti sevgilisi şəhərin ən məşhur banklarından birində çalışırdı.

Onunla tanış olduqdan sonra tamamilə dəyişmişdi.

Hər gün təmasında olduğu pulun soyuq, əzəmətli ağırlığı, ətrafında fırlananların pula olan marağı, şişman arvadının, uşaqlarının var-dövlətə, pula hərisliyi onu bezdirmişdi.

Ətrafda zəhmli və sərt görünən, öz içində isə öləziyib itməkdə olan şəxsiyyəti yenidən dirçəlməyə başlamışdı.

Qadınla tanış olduqdan sonra anlamağa başlamışdı ki, həyatda puldan, var-dövlətdən daha önəmli,daha mərhəm olan şeylər də var.

O, saatlarla qadının qarşısında oturur,üzünü qadının dizlərinə sürtür, bəzən içkili olduqda isə nədənsə kövrəlib hönkür-hönkür ağlayır, qadının ayaqları altına səpələnən pulları göz yaşlarına qərq edərdi..

Belə hallarda qadının ona yazığı da gələrdi, lakin necə olursa - olsun öz rolunu oynayar, hündürdən şən səslə qəhqəhə çəkib gülərdi.

“Səninlə olanda əsil həyatı hiss edirəm, yaşayıram - deyirdi kişi - .sən demə həyat bitməyibmiş, səndən sonra hiss etdim bunları”. Bu anda qadının qanadı olsa göylərə uçardı.

Bank işçisindən sonrakı sevgili gənc bir tələbə idi.Qadın onu eləcə tələbə deyə çağırırdı.

Tələbə qadınla tanış olduqdan sonra özünü yetkin, qürurlu kişi kimi hiss edirdi.

Artıq əvvəlki tələbə yoldaşları ona hələ yetişməmiş, sadəlövh uşaq təsiri bağışlayırdılar,yerişində, hərəkətlərində bir ötkəmlik hiss olunurdu, tamamilə dəyişmişdi.

Tələbə qadının uzun - uzadı güzgüyə baxmasından xoşlanmazdı.İmkan tapan kimi güzgünün qarşısına keçib, uzun-uzadı orda qurdalanan qadını qucaqlayaraq güzgüdən kənarlaşdırardı.

”Bu güzgünü evdən götürmək lazımdır- deyərdi - mənə vaxt ayıranmırsan”.

Qadın onun sinəsimnə sığınaraq titrəyən əllərini,sevgidən od tutan sifətini ləzzətlə seyr edər: ”Sən məni güzgüyə qısqanırsan”, - deyə onun saçlarını qarışdırardı.

Sonra oğlanın məhəbbət və heyranlıq yağan gözlərində nəyi isə hiss edərək pıçıldayardı:”Bax sən məni heç vaxt unuda bilməyəcəksən, hamısı unutsa da sən unutmayacaqsan”.

Qadın başqalarından fərqli olaraq onun bütün şıltaqlıqlarına dözürdü.

Tələbəylə sevgi səhnələrindən sonra qadının ürəyindən etirafı özü üçün qorxulu olan bəzi şeylər də keçərdi.

Dərhal da özünü danlayar:”Həyatı qəlizləşdirmək nəyimə gərəkdir” - deyə sarsaq fikirləri başından qovaraq sakitləşərdi.

Tələbə qadından ayrıldıqdan sonra içi xoşbəxtlikdən lehlənmiş halda saatlarla küçələri dolaşır, gecə səhərədək gözlərini yummadan qadının cazibəli və şən,çox zaman da güzgüdən boylanan sifətini gözü qarşısında canlandırır, intizarla səhərki görüşü gözləyərdi.

Qadın getdikcə tələbənin həyatının əsas hissəsinə çevrilirdi.

O, bilirdi ki,tələbə ilə münasibətləri ötəri münasibətdir, bəlkə elə özü son qoyacaqdı bu münasibətə.

Lakin bu an xoşbəxt idi. qadın həyatda yalnız xoşbəxt olmaq üçün yaşayırdı və o bunu bacarırdı.

Ancaq bir dəfə qadına insafsızlıq edildi.Hər halda qadın bunu tanrı tərəfindən özünə edilmiş ədalətsizlik kimi qəbul etdi.

Deyəsən qadına imtiyaz kimi verilmiş bu xüsusi bəxşişi də ona qıymırdılar.
Hər şey təntənəli bir mərasimdən başlandı. Mərasiml köhnə tanışlarından biri hazırlamışdı.

Xeyli imkanlı, müəyyən dairədə yüksək nüfuz qazanmış bu adam bir vaxtlar ona nələri vəd etmirdi,hər əmrinə müntəzir dayanır, saatlarla yolunu gözləyirdi.

Bu xeyli əvvəl olmuşdu və qadın az qala onu unutmuşdu.İndi hardansa birdən –birə onun yadına düşmüşdü, bəlkə də elə işin tərsliyindəndi bu yada düşmə.

Əslində onun bu kişiyə heç bir marağı yox idi.

Tərk etdiyi kişiyə geyiinilib köhnəlmiş, çoxdan dəbdən düşmüş və dolabın bir küncünə atılmış paltar kimi mənasız baxırdı.

Geri qayıtmaq onun prinsiplərinə uyğun deyildi.

Amma rədd etməmişdi kişinin təklifini.

Özündən yaşca kiçik olan rəfiqəsiylə gəlmişdi mərasimə.Evdən çəxarkan son dəfə güzgüyə baxaraq arxayınlaşmışdı ki, ondan gözəli yoxdur.

Yoxsa elə bu vəzifəli adam aradan neçə il keçəndən, öz ac hisslərini yetərincə doydurduqdan sonra onu bu qədər israrla yenidən görmək istəməzdi ki, Məclisə daxil olan kimi dərhal məclisdəkilərin, daha doğrusu məclisdəki kişilərin diqqətini cəlb etnişdi

Onu xüsusi rəğbətlə qarşılayan kişi bir qədər keçmiş qulağına pıçıldamışdı:

- Qurban olum sənə, nə olar yanındakı rəfiqəni mənimlə tanış et, nə istəsən verərəm .

O andaca qadının içindən nələrsə qırılıb töküldü.

Sonra növbəti haqsızlıq, yanlarında əyləşmiş başqa bir kişinin ona məhəl qoymadan rəfiqəsini rəqsə dəvət etməsi...

Küçədəki laqeyd baxışlar, etinasızlıq.Qadın hiss edirdi ki, nə isə baş verir.

O, dibi görünməyən bir boşluğa yuvarlanırdı. Fərqinə varmadan yaşadığı həyatın bu qədər bəsit olduğunun açıqca hiss edirdi..

Evə qayıdıb həmişə həvəslə, şövqlə qarşısında dayandığı güzgüdə özünü seyr etdi.

Üzündə o qədər dəyişiklik hiss etməsə də, içində nə isə qırılıb tökülməyə, inamı, qüruru əriməyə başladı.

Sonra isə növbəti, daha növbəti uğursuzluq.

Küçədə qadını gözdən qoymayan, ona tərəf acgözlüklə boylanan kişilər artıq onun yanından laqeydliklə ötüb keçirdilər.

Bu qadını yandırıb tökürdü.

O, bu laqeydliyə özünü rəva bilmirdi.Onun həyat fəlsəfəsində belə bir maddəyə yer ayrılmamışdı.

Qadın özünü təhqir edilmiş və alçaldılmış hiss edirdi.

O, axır vaxtlar evdən çıxmır, saatlarla güzgünün qarşısında oturub bir çıxış yolu axtarırdı.

Hər dəfə güc, ilham aldığı güzgüdən sifətində lazımsız xətlər,diqqət yetirdikdə nəzərdən qaçmayan yeni qırışlar kəşf edir, əsəbiləşirdi.

Qadın demək olar ki,yaşamırdı. heç kəslə əlaqə saxlamırdı.

Təkcə tələbənin cavabsız qalan israrlı zəngləri, saatlarla qapının ağzında dayanmaları nəzərə alınmasa heç onu axtaran da yoxdu.Tələbə günlərlə gəlib evin qarşısında gəzir, dəfələrlə qapını döyür, lakin heç bir faydası olmurdu.

O, fikrində qəti idi, heç kimi görmək istəmirdi..

Qadın evdə, ətrafdan təcrid olunmuş şəkildə sürətlə qocalmağa başlamışdı., demək olar ki, güzgüyə baxmırdı və bu onu həyatının bitdiyinə dəlalət edirdi.

Deyəsən o, tanrının da yadından çıxmışdı.

Və çox keçmədən qadın öz evidəcə adi bir təhlükəsizlik üzündən vəfat etdi.Bəlkə də bu belə deyildi, ancaq rəy verməli olan ekspertlər belə qərara gəldilər..

Dəfndə çox az adam, demək olar ki, yalnız dəfn bürosunun işçiləri iştirak edirdi.

Onları bura tələbə gətirmişdi.

O, qapının ağzına qoyulmuş güzgünün qarşısında dayanaraq yanıqlı-yanıqlı siqaret çəkirdi.

Dəfn üçün bütün hazırlıq işləri görülmüş, hər kəs tələbənin üzünə baxaraq onun əmrini gözləyirdi.

Tələbə gözlərini güzgüdən ayırmadan nə isə bir söz demək, tutarlı, lap elə təsəlli verici bir söz söyləmək istəyirdi.

Ancaq beynindən sürətlə keçən fikirlərin heç biri tutarlı sözə çevrilmək iqtidarında deyildi.

Və son dəfə əlindəki siqaretin tüstüsünü acgözlüklə içinə çəkərək, daha çox özünə bəyan edirmiş kimi hüznlü səslə .astadan dilləndi:

- O, həyata bu güzgüdən baxırdı... .
XS
SM
MD
LG