Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:29

Tələbələr təhsil haqqı artımına etiraz edir


Arxiv foto
Arxiv foto
NAZİRLİYƏ TƏKLİFLƏR GÖNDƏRİLİB

Tələbələrin Beynəlxalq Əməkdaşlığı Təşkilatı 2011-2012-ci tədris ili üçün universitetlərdə təhsil haqqının qaldırılmasına etiraz kampaniyasına başlayıb.

Gənclər kampaniyanın ilk tədbirlərində öz təkliflərini də hazırlayıb Təhsil Nazirliyi və digər uyğun qurumlara yollayıblar.

Tələbələrin Beynəlxalq Əməkdaşlığı Təşkilatının sədri Elnur Məmmədli deyir ki, təhsil haqqını artıran zaman bunun səbəbi rəsmi şəkildə açıqlanmaması təəssüf doğurur.

Qiymət artımı məsələsi mediada müzakirə edilən zaman isə Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov açıqlamışdı ki, təhsil haqqının artırılmasında əsas məqsəd təhsilin səviyyəsinin qaldırılmasına nail olmaqdır. Onun sözlərin görə, universitetlər bu yolla özlərinin maddi-texniki bazasını, tədrisin keyfiyyətini yüksəltmək istəyir.

KEYFİYYƏTSİZ TƏHSİL ÜÇÜN KEYFİYYƏTLİ TƏHSİLİN PULUNU ALMAQ...

Elnur Məmmədlinin fikrincə, bu absurddur:

«Keyfiyyətsiz mal satıb, alıcıdan keyfiyyətli məhsulun pulunu alıb əsaslandırmaq olmaz ki, biz sənə gələcəkdə keyfiyyətli mal satacağıq. Keyfiyyətsiz təhsilə görə keyfiyyətli təhsilin pulunu almaq absurd məsələdir».

Təşkilatın başqa bir təmsilçisi Xalid Qarayev isə hesab edir ki, təhsil haqqının xəbərdarlıq edilmədən və qəfildən artırılması siyasi məzmun daşıyır:

«Bunu demək istəyirlər ki, bu ölkədə kasıb təbəqəyə təhsil almaq imkanları tanınmır. Bu, xalqın cibinə girməkdir. Təhsil haqqı qaldırılanda universitet rəhbərliyi dinləmələr keçirməliydi, valideynlərlə məsləhətləşməliydi, bunun maddi, elmi əsasını ortaya qoymalıydı».

Növbəti dərs ili üçün təhsil haqqında ən çox artım Azərbaycan Tibb Universitetinin «Müalicə işi»nin ödənişli bölməsinin əyani şöbəsində olub. Bu fakültədə illik təhsil haqqı 1000 manatdan 2500 manata qaldırılıb.

Azərbaycan Müəllimlər İnstitutu, Texniki Universitet, İqtisad Universiteti, Neft Akademiyası, Pedaqoji Universitet, Dillər Universiteti və daha bir sıra ali təhsil müəssisələrin bir çox fakültələrində illik təhsil haqqı 300 manatadək artırılıb.

İndi Azərbaycanın ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı 900, ən yuxarı təhsil haqqı isə 4500 manatdır.

Gənclərin «14-24»-də müzakirəsini və rəsmilərə təkliflərini buradan dinləyin:

XS
SM
MD
LG