Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:35

Arif Hacılının vəkili: «Bu, girovluqdur»


Tural Abbaslı, 31 iyul 2010
Tural Abbaslı, 31 iyul 2010
ÜST-ÜSTƏ ALTI AYLIQ HƏBS

«İstintaqı altı ay uzatmağın nə mənası var? Ya birdəfəlik cəzasını verin, ya da üzr istəyib buraxın. Camaatı niyə süründürürsüz?»

İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunmuş, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının anası Başxanım Abbasova belə deyir. Oğlu və daha iki nəfərlə bağlı həbs qətimkan tədbirinin ikinci dəfə, daha iki ay müddətinə artırılmasına etiraz olaraq.

T. Abbaslıdan başqa Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı və Xalq Cəbhəsi Partiyası ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidlinin də haqqındakı iki aylıq həbs müddəti uzadılıb.

Bakı şəhər Prokurorluğu bunu onunla izah edir ki, istintaq yekunlaşıb və həbs müddəti tərəflərin istintaq materialları ilə tanış olması üçün uzadılır.

T. Abbaslının anası isə istintaqın iki ay uzadılıb, oğlunun altı ay həbsdə qalmasını qanunsuz sayır. Bununla bağlı prezidentə müraciət etməyi düşünür:

Arif Hacılı, 31 iyul 2010
«İsti günlərdir. Turalın da boğazında problemlər var, həkim nəzarətində olmalıdır. Çox narazıyam. Bu gün də ərizə yazmışam. Yəqin sabah Bakı şəhər prokuroru ilə görüşəcəyəm. Axı məqsəd nədir ki, vəsatət qaldırıb vaxtı iki ay da uzadırlar? Sonra istəyirəm prezidentə yazam. Görüm adi bir maddəylə - 233-cü maddə ilə bağlı işi bu qədər niyə uzadırlar? Tapa bilmədikləri nə var axı?».

«BU, CƏZADIR, GİROVLUQDUR»

Arif Hacılının vəkili Əshabəli Mustafayev isə həbs müddətinin uzadılmasını, müdafiə etdiyi şəxsin 6 ay həbsdə saxlanmasını qanunsuz sayır. Onun fikrincə, istintaqın gedişinə hüquqi qiymət vermək çox çətindir. Dörd ayda istintaq hərəkəti aparılmadığı halda müddət yenidən uzadılır. Üstəlik də istintaq materialları ilə tanış olmaq üçün 10-15 gün də yetərlidir. Vəkilə görə, vaxtı uzatmaqda sadəcə siyasi məqsəd var:

«Ən böyük əziyyət qeyri-müəyyənlikdir. Nə istintaq gedir, nə iş məhkəməyə göndərilir. İş məhkəməyə getsə, onlar müdafiə olunacaqlar, yerli ictimaiyyət, beynəlxalq ictimaiyyət nəzarət edəcək».

Əshabəli Mustafayev
Ə. Mustafayevin dediyinə görə, müddətin artırılması Arif Hacılının da əsəblərini tarıma çəkib. O, məhkəmənin qərarına etiraz edib:

«Arif bəy də hesab edir ki, bu, həbs qətimkan tədbiri deyil. Bu cəzadır, girovluqdur. Bunu tək ona yox, həbsdəkilərə qarşı qərəz kimi, siyasi repressiya kimi qiymətləndirir. Hətta bir neçə dəfə təkrar etdi ki, hər şeyin həddi olmalıdır, qanun pozuntusunun da, repressiyanın da. Biz də məhkəmədən xahiş etdik ki, müstəntiqlər də intizamlı olsunlar. Həbs müddəti iki ay artırılır, onlar da oturub çay içirlər. Veclərinə də deyil ki, insanlar həbsdədir».

RƏSMİ MÜNASİBƏT

Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayevinsə deyilənlərə münasibəti belə oldu:

«Əgər doğrudan da narazıdırlarsa, məhkəmənin qərarı ilə bağlı apelyasiya şikayəti vermək hüquqları var».

Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə ittiham olunurlar.

2 aprel aksiyasına görə 13 nəfər həbs olunub. Onlardan bir neçəsinin məhkəməsi də başlayıb.
XS
SM
MD
LG