Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:26

Əsgərin boynu niyə sındırılıb?


Foto: Arxiv
Foto: Arxiv
«DÖYÜBLƏR, BOYNUNU SINDIRIBLAR»

«Hərbi hissədə vurublar, boynunu sındırıblar. Gətiriblər Bakıya, «Papanin»dəki hospitala. Mənə hərbi hissədən heç bir məlumat vermirlər».

Sabirabadın Xankeçən kənd sakini Rizvan Əliyev deyir ki, oğlu İxtiyar Əliyevi xidmət etdiyi Goranboydakı N saylı hərbi hissədə əsgər yoldaşları döyüb, boynunu sındırıblar:

«Uşağın vəziyyəti ağırdır. Nə görməyə icazə verirlər, nə də bir məlumat vermirlər ki, vəziyyəti necədir. Boğazını deşiblər, süni hava ilə saxlayırlar reanimasiyada. Bildiyimiz odur ki, boyun fəqərəsi sınıb, həkimlər yalnız onu deyirlər ki, əməliyyat etmişik».

TƏSADÜFİ ZƏNG VƏ PİS XƏBƏR

İxtiyar Əliyev 2010-cu ilin oktyabr ayında Sabirabad rayon Hərbi Komissarlığından hərbi xidmətə gedib. Ailə üzvləri onun döyülərək hospitala yerləşdirilməsindən iyulun 16-da - 3 gün sonra təsadüfən xəbər tutublar:

«Zəng eləmişəm, komandiri deyib dalaşıblar, boynu sınıb. Onu da özüm zəng eləmişəm, ondan sonra bilmişəm. Yəni, hərbi hissə özü məlumat verməyib».

MÜDAFİƏ NAZİRLİYİ DEYİR ARAŞDIRMA APARILIR

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev deyir ki, yaralı reanimasiyada olduğundan valideynlərinə onunla görüşə icazə verilmir. Hadisəyə gəlincə isə, Teymur Abdullayev deyib ki, bu barədə açıqlama araşdırma aparılandan sonra verilə bilər.

Foto: Arxiv - Azərbaycan ordusu Orta Asiyada təilmlərdə, 2000
TABOR KOMANDİRİSƏ DANIŞDI

Hərbi hissədənsə bir zabit AzadlıqRadiosuna hadisə ilə bağlı bunları dedi:

- Əsgər yoldaşıyla dalaşıb.

- Cinayət işi qaldırıblar?

- Qaldırıblar. 15 əsgər aparıblar, iki zabit. Dünən Tərtərin hərbi prokuroru Mehdi Hüseynzadə də gəlmişdi bura, bir nəfər ekspert də gəlmişdi. Hadisə yerini çəkdilər, ölçdülər, biçdilər, getdilər.

- Niyə dalaşıblar?

- Bu, çavuş olub. Dediyinə görə, əsgəri acılayıb, söyüb. Əsgər də söyüşü qaytarıb, bir-birləri ilə dalaşıblar.

- Çavuş hansı olub?

- İxtiyar.

- Onu birlikdə döyüblər?

- İzahat verənlər deyir guya ikisi dalaşıblar. Heç kim demir ki, kimsə üstünə düşüb.

- Boynunu konkret kim sındırıb?

Üzeyir Cəfərli
- Orda yerdə beton plitələr var, yıxılıblar ikisi də onun üstünə. Əliyev İxtiyar yıxılıb, hərbçi yoldaşı da üstünə. Deyir ağırlıq düşüb, ondan olub, mən onu vurmamışam.

HƏR ŞEY KOMANDİRDƏN BAŞLAYIR

Hərbi ekspert Üzeyir Cəfərli deyir ki, hərbi hissələrdə belə hallar komandirlərin əsgərlər üzərindəki nəzarətsizliyindən baş verir:

«Hər il hərbi prokurorluq keçirdiyi müşavirələrdə qeyd edir ki, cinayətkarlığa qarşı mübarizə aparılır. Ancaq bu mübarizə nədən ibarətdir, açıqlanmır. Belə hallara yol verən komandirlər sərt cəzalandırılsa, yerdə qalanlara da görk olar, onlar da öz vəzifə borclarına məsuliyyətlə yanaşarlar».

Ekspert hesab edir ki, bu nəzarətə ictimaiyyət nümayəndələri də cəlb olunmalıdır.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (JHAM) müəyyən edib ki, il ərzində Silahlı Qüvvələrdə hərbçilər arasında dava-dalaşla nəticələnən insidentlərin sayı artıb. 2010 və 2011-ci illərdə 10-dan artıq belə hadisə baş verib.

Hadisə baş vermiş Goranboydakı hərbi hissə Bərdə Hərbi Birləşməsinin tabeliyindədir. Bu Hərbi Birləşmənin komandiri general-mayor Nizam Osmanov iyunun 25-də Silahlı Qüvvələr Günü münasibətilə prezidentin sərəncamıyla «Vətən qarşısında xidmətlərinə görə» ordeni ilə təltif edilib.
XS
SM
MD
LG