Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Rafiq Əliyev: «Qarabağın qara günü ATƏT-in yarandığı gündür»


Rafiq Əliyev
Rafiq Əliyev
Akademik Rafiq Əliyevin «İşdən sonra» verilişinə müsahibəsinin bir hissəsini təqdim edirik:

- Dinləyici yazır: Avropa Birliyi və ABŞ-dakı problemlər böhrandan xəbər verirmi? Demokratik ölkələr xəstə adammı olacaq? Dollar yerini yuana təmsil edəcək, yoxsa Çinin də taleyi Sovetlər kimi olacaq?

- Mən bu barədə öz müsahibələrimdə demişəm. Apardığım tədqiqatların nəticəsində yazmışam ki, ALLAH BİZİ İKİNCİ DALĞADAN SAXLASIN. Mötərizədə də yazmışam ki, düşünmürəm saxlaya bilsin. Bu maliyyə böhranının ikinci dalğasıdır. Mən düşünürəm ki, çox çəkməyəcək. Bu yaxınlarda dünyada ikinci maliyyə böhranı başlayacaq. Birinci növbədə Avropa ölkələrində olacaq və dünyanın elə bir nöqtəsi ola bilməz ki, o nöqtəyə o krizis toxunmasın.

- Hətta Azərbaycanda da?

- Sarkazmı başa düşdüm. Dünyanın elə bir yeri ola bilməz ki, bu böhran ora toxunmasın. Azərbaycana necə toxunmasın ki, işsizlik səviyyəsi, təqaüdlər, məvaciblər burda aşağıdır. Bu elə bir böhrandır ki, hansısa ölkəyə baxan deyil, ümumi bir prosesdir... Böhran ona görə baş verdi ki, dünyada iqtisadi əlaqələr artdı. Amma bu dünya iqtisadi birliyində koordinasiya getmədi. Koordinasiya səviyyəsi o artımlara cavab verə bilmədi. İkincisi də əxlaq və tamah məsələsidir. İnsanlar qazandıqlarından çox xərcləmək istədilər. Düşünürəm ki, əsas səbəb budur. Bir adamın 17 villası ola bilər? Kimin nəyinə lazımdır? Mən «Qurani-Kərim»i dünyanın ən böyük mənəviyyat sistemi sayıram. Düzdür, bəzi atributları yerinə yetirə bilmirəm, amma mənim daxili senzorum imkan verir ki, hacılardan geri qalmayım. O baxımdan demək istəyirəm ki, gərək insanın içindəki özü bu məsələləri həll edə bilsin, bunun qarşısında dayana bilsin. Gərək qazandığından çox xərcləməyəsən. Bu krizisin kökü odur ki, indi iqtisadi nəzəriyyə işləmir. İqtisadi nəzəriyyə iflasa uğrayıb. Onun kökündə bir şey dayanır. Deyir bütün insanlar varlı olmaq yox, o birisindən varlı olmaq istəyirlər. Bunu iqtisadçı alimlər deyirlər. Birdə deyirlər ki, İNSANLAR HAMISI EQOİSTDİR, ALTRUİST DEYİLLƏR. Yəni, hamısı mənim üçün ideyası ilə yaşayırlar. İstehlakçıdırsa deyir ki, təki mənim villalarımın sayı çox olsun, amma qonşumda nə olur, necə olur, qoy olsun. Bu istehsalçıdırsa, deyir ki, mənim maksimum gəlirim olsun. Burda üçüncü məsələ də var. Mən Allahın nizamının pozulduğuna inanıram.

- Rafiq müəllim, Qarabağ danışıqlarının gedişatını izləyirsiniz yəqin ki? Nə düşünürsünüz?

- Heç nə.

- Sizcə heç nə baş vermir, yoxsa nəsə pis şey baş verir?

- Mən belə düşünürəm ki, Azərbaycanda demokratikləşmə, islahatlar daha tez gedəcək, nəinki Qarabağ münaqişəsinin həll olunması.

- Bəzi konfliktoloqlar hazırda müzakirə masasında olan prinsipləri təhlükəli məqam adlandırırlar. Bəzi siyasətçilər isə sülh tərəfdarı olduqlarını, güzəştə getməyə hazır olduqlarını bildirilər. Sizcə, hökumət xalqı necə eşitməlidir? Hansı şəkildə qərarlarını cəmiyyətlə razılaşdırmalıdır?

- QARABAĞIN TALEYİNİN QARA GÜNÜ ATƏT-İN YARANDIĞI GÜN, DƏQİQƏDİR. Mən belə hesab edirəm. Çünki bu problem beynəlxalq müstəviyə çıxdı və o qədər də ağırlaşdı. O ki qaldı bu məsələdə xalqın iştirakına, mənim bir yazım vardı. Yazmışdım ki, Azərbaycan dünyada ona görə təkləndi ki, xalqın səsi olmadı. Qarabağ məsələsi neçə dəfə parlamentdə müzakirə olunub? Həmişə deyirlər ki, niyə parlament? Xarici İşlər Nazirliyi məşğul olur. Bu heç kimin monopoliyasında olmamalıdır. Xalqın səsi olmalıdır, Amerika da, Fransa da, Rusiya da bilməlidir ki, bu Qarabağ probleminin arxasında xalq durub. Onlar bu gün onu eşitmirlər. Bağışlayın, bir qədər emosional danışdım. Birinci mənim doğulduğum komadır ora, ikinci də mənim ən yaralı yerimdir.

- Bu problemin həllini indiki parlamentə etibar edərdinizmi?

- Təbii ki, yox. Özü də bu gün mən o problemin həll yolunu görmürəm. Gərək Azərbaycanda islahatlar getsin, demokratik təsisatlar olsun, ondan sonra ümumdünya dəyərləri bərpa olunsun. Bundan sonra Qarabağ məsələsi həll oluna bilər. İndi həll oluna bilməyəcək. İndi ancaq bu görüntülər yaranacaq.

- Niyə daha əvvəl bunlar olmalıdır?

- Ona görə ki, demokratik ölkələrin cazibə qüvvəsi çox böyükdür. Bizim ölkələrdən olan insanların çoxu Avropaya, Amerikaya gedirlər. Məvacibin yüksək olmasına görə? Yox. Mən belə düşünmürəm. Ərəb inqilablarını götürək. Onların səbəbi bəyəm məvacibin az olması, çörək olmaması idi? Yox. BU GÜN DÜNYA ƏDALƏTƏ HAMİLƏDİR. Bütöv ədalətə, yarımçıq doğulmuş ədalətə yox. Bəyəm Qəddafi camaatı çörəklə təmin edə bilmirdi? Edə bilirdi. Sadəcə, dünya ədalət istəyir bu gün. Ədalət, əxlaq olan yerdə də bu məsələlər daha asan həll olunacaq. Birdə əzilməmiş xalq çox vacib qüvvədir.

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG